Məhkəmə qərarları › İş №2(001)-8560/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8560/2021

05.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8560/2021 05.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdehnə qarşı sosial sığorta hesabına yığılan vəsaitin qaytarılması tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında araşdırıb, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı sosial sığorta hesabına yığılan vəsaitin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizə tələbin məhkəmədə baxılmalı olmaması əsası ilə yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarında qeyd edilmişdir ki, “ ... İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən hesab edirəm ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, hazırkı iddia ərizəsinə mülki məhkəmə icraatı çərçivəsində baxılmalı olsaydı belə, iddia ərizəsinin icraata qəbul edilməsi iddiaçı tərəfindən Mülki Prosessual Məcəlləsinin 149-151-ci maddələrinin tələblərinə riayət edilməməsi səbəbindən mümkün olmazdı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı sosial sığorta hesabına yığılan vəsaitin qaytarılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, sosial sığorta hesabına yığılan vəsaitin qaytarılması tələbini müvafiq inzibati orqana qarşı inzibati məhkəmə icraatı qaydasında irəli sürə bilər. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar