Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-86/2021 04.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (eyni zamanda X9 vərəsələri qismində) və İddiaçı4 vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” MTK-nın nümayəndəsi X4, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (eyni zamanda X9 vərəsələri qismində) və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı əmlakların həbsdən azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (eyni zamanda X9 vərəsələri qismində) və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı əmlakların həbsdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçılar iddia ərizəsində xahiş etmişlər ki, məhkəmə tərəfindən onlara məxsus aşağıdakı əmlakların həbsdən azad edilməsinə dair qətnamə qəbul edilsin: X6 adına “xxxx” MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 615B saylı mənzil; X6 adına “xxxx” MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsi; X6 adına “xxxx” MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi; X6 adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 60 saylı evin 9 saylı mənzil; 47.169 manat dəyərində olan X6 adına qeydiyyata alınmış AZ**-NK-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X31” markalı avtomaşın; cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan Ülviyyə Seyidovanın yaşadığı İddiaçı2 adına olan, faktiki olaraq İddiaçı1 məxsus mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3.215 avro, 5.400 ABŞ dolları, 26.500 manat; İddiaçı1 adına “X25” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsi; müqavilə qiyməti 615.280 manat olan və 204.207 manat hissəsi ödənilmiş İddiaçı1 adına “X25” kompleksində 609A saylı mənzil; İddiaçı2 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan 0,94 ha torpaq sahəsi; İddiaçı4 adıa olan AZ**-CD-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X29” markalı avtomaşının; İddiaçı4 məxsus “xxxx” ASC-dəki ******************** nömrəli kart hesabındakı 3.032,26 manat; X9 adına “X25” kompleksində 37 nömrəli avtomobil dayanacaq sahəsi; X9 adına “X25” kompleksində 38 nömrəli avtomobil dayanacaq sahəsi; müqavilə qiyməti 607.986 manat olan və 407.126 manat hissəsi ödənilmiş X9 adına “X25” kompleksində 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat olan və 407.406 manat hissəsi ödənilmiş X9 adına “X25” kompleksində 1201A saylı mənzil. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əliyev X20 Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yüksək məbləğlərdə gəlirlər əldə edir. Rusiya Federasiyası vergi orqanına təqdim edilmiş və vergi orqanı tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin gəlirləri haqqında” arayışlardan görünür ki, İddiaçı1 2007-ci ildə 23,294,743 rubl (məzənnə ilə 931790 ABŞ dolları), 2008-ci ildə 23499972 rubl (məzənnə ilə 979166 ABŞ dolları), 2009-cu ildə 23490296 rubl (məzənnə ilə 783010 ABŞ dolları), 2010-cu ildə 24700015 rubl (məzənnə ilə 823334 ABŞ dolları), 2011-ci ildə 26599986 rubl (məzənnə ilə 886666 ABŞ dolları), 2012-ci ildə 29699615 rubl (məzənnə ilə 989987 ABŞ dolları) olmuşdur. Göründüyü kimi, İddiaçı1 illik rəsmi gəlirləri 2007-2012-ci İllər arası hər il üçün 1 milyon ABŞ dolarına yaxın olmuşdur. Qeyd edilən faktlar müvafiq rəsmi arayışlarla təsdiq edilir və onun adına olan əmlakların qanuni gəlirlər hesabına əldə edilməsini sübut edir. Bundan əlavə, cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan Ülviyyə Seyidovanın həyat yoldaşından ayrılması ilə bağlı müvəqqəti yaşadığı İddiaçı2 adına olan, faktiki olaraq İddiaçı1 məxsus mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3.215 avro, 5.400 ABŞ dolları, 26.500 manat pul vəsaitləri də İddiaçı1 məxsusdur. Bundan əlavə, "X25" kompleksindəki 1.759.500 manat dəyərində olan X6 adına yazılmış “xxxx” MTK-nın Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 615B saylı mənzil və həmin kompleksdəki 40 və 236 saylı dayanacaqlar İddiaçı1 məxsus olan, nağd formada atasında saxladığı pul vəsaitləri və onun “xxxx” ASC-də olan hesabından onun verdiyi etibarnamə ilə 742684 ABŞ dolları məbləğində pul vəsaiti məxaric edilməklə əldə edilmiş və həmin mənzillərin faktiki sahibi İddiaçı1dur. Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 615B saylı mənzil, həmin kompleksdə olan 63.000 manat dəyərində qiymətləndirilmiş 40 nömrəli avtomobil dayanacaq sahəsi və 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi İddiaçı1 məxsus olan, nağd formada atasında saxladığı pul vəsaitləri və onun “xxxx”ASC-də olan hesabından onun verdiyi etibarnamə ilə 742684 ABŞ dolları məbləğində pul vəsaiti məxaric edilməklə əldə edilmiş, həmin mənzillərin faktiki sahibi İddiaçı1dur, Əliyeva (Seyidova) Ülviyyə Akif qızının həmin əmlaklara aidiyyatı yoxdur. 515.200 manat dəyərində olan X6 adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 60 saylı evin 9 saylı mənzil isə 2000-ci ildən əvvəl alınmışdır. Həmin mənzilə tələb yönəldilməsinə dair ittiham aktında heç bir qeyd olmamışdır, bu, Ağır Cinayətlər məhkəməsinin hakimi tərəfindən səhv olaraq, hökmə daxil edilmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan Ülviyyə Seyidovanın (Əliyevanın) yaşadığı İddiaçı2 adına olan, faktiki olaraq İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev İİ, C bloku, 1-ci giriş, 33 nömrəli mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3,215 avro, 5.400 ABŞ dolları, 26.500 manat pul vəsaitləri də İddiaçı1 məxsus olmuşdur. Həmin mənzilə münasibətdə məhkəmə tərəfindən haqlı olaraq müsadirə tətbiq edilməmişdir. Bununla bağlı məhkəmə hökmündə də xüsusi olaraq qeyd edilmişdir ki, “Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X9 mülkiyyətində olan ... Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, C bloku, 1-ci giriş, 33 nömrəli mənzilin mülkiyyət kimi əldə edilmə dövrləri 2005-2007-ci və 2011-ci illərə təsadüf etdiyindən, həmin dövrdə X16 müstəqil əmək fəaliyyəti ilə məşğul olduğundan və adı çəkilən daşınmaz əmlakların cinayət yolu ilə əldə edilmiş pul və ya digər əmlak hesabına əldə edilmələri ilə bağlı mötəbər sübutlar olmadığından həmin əmlaklar üzərinə qoyulmuş həbs götürülməli və həmin daşınmaz əmlaklara münasibətdə xüsusi müsadirə tətbiq edilməməlidir”. Göründüyü kimi, qeyd edilən mənzil xüsusi müsadirəyə məruz qalmadığı halda, ümumiyyətlə, İddiaçı3 həmin mənzilin mülkiyyətçisi, nə sahibi olmadığı halda, həmin mənzildən götürülmüş pul və zinət əşyalarının İddiaçı3 məxsus olmadığı aşkardır. 47.169 manat dəyərində qiymətləndirilmiş X6 adına qeydiyyata alınmış AZ**-NK-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X31” markalı avtomobil X12 özünə məxsus olmuş “Lexus RX-300” markalı avtomobilin satışından əldə etdiyi vəsait hesabına almışdır. İddiaçı4 məxsus 48.217,20 manat dəyərində olan AZ**-CD-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X29” markalı avtomaşın və onun “xxxx” ASC-dəki ******************** nömrəli kart hesabındakı üzərinə həbs qoyulmuş 3.032,26 manat İddiaçı4 xüsusi mülkiyyəti olmaqla, cinayət işinə heç bir aidiyyatı yoxdur və yuxarıda istinad edilən məhkəmə hökmü və qərarında da bu hal sübut edilməmişdir. X9 adına olan əmlaklara münasibətdə qeyd olunmalıdır ki, İddiaçı2 mərhumun arvadı, İddiaçı1 mərhumun oğlu, İddiaçı3 isə mərhumun qızı olmaqla X9 hüquqi varisləridir. xx xxxxxxxx 2017-ci il tarixdə X16 vəfat etmişdir. Bu barədə 3 saylı “ASAN xidmət” Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixli, AZ-İ 897182 saylı “Ölüm haqqında Şəhadətnamə” verilmişdir. X1 vərəsəsi olmaları həmçinin Bakı şəhəri 29 saylı notariat kontorunun xx xxxxxx 2019-cu il tarixli, 1 saylı Arayışı ilə də təsdiq edilir. İddiaçı2 mərhum əri X16 ilə rəsmi nikahda olmuşdur və mərhumun adına olan əmlaklar onların birgə nikahı dövründə əldə edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. İddianın əsası kimi təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğu qeyd edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Göründüyü kimi qanunvericilikdə müraciət etmək hüququ olması üçün mütləq şəkildə səhvən həbs qoyulması məsələsi araşdırılmalıdır. Lakin qeyd edilən əmlaklar barəsində əvvəlki məhkəmələrdə həmin əmlakların qeyd edilən şəxslərin adına olması müəyyən edilmiş, lakin bununla belə həmin əmlakların borc məbləğlərinə yönəldilməsi qənaətinə gəlinmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(102)-300/2020 nömrəli qanuni qüvvəyə minmiş qərarından da göründüyü kimi, müsadirə edilən əmlakların Ü.A.Seyidovanın cinayət yolu ilə əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə qohumları - X13, İddiaçı1, İddiaçı2, İddiaçı4 və Seyidov X11 adına sənədləşdirməsi məhkəmə araşdırmaları zamanı tamamilə sübuta yetirilmişdir. Məhkəmə qərarından da göründüyü kimi həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bu məsələ əvvəlki məhkəmə proseslərində müzakirə edilmiş, həmin əmlakların digər şəxslərə aid olmasını əsas gətirərək həbsdən azad edilməsi istənilmiş, lakin məhkəmə tərəfindən bu dəlillər əsassız hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi- partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Bundan başqa Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Prosessual Məcəllənin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə uyğun olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Bundan başqa Cinayət Prosessual Məcəlləsinin 254.2-ci maddəsinə uyğun olaraq məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir. Barəsində xüsusi müsadirə tətbiq edilmiş daşınar və daşınmaz əmlakların həbsdən azad edilməsinin heç bir hüquqi əsası yoxdur. Qeyd edilən cinayət işi üzrə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin mülki iddiası təmin edilmişdir. Lakin icra orqanı tərəfindən mülki iddianın təmin olunmuş məbləğin alınması ilə bağlı tədbirlər əmlakların həbsdən azad edilməsinə dair iddia ilə əlaqədar dayandırılmışdır. Belə ki, İcra haqqında Qanunun 17.1.6-cı maddəsinə əsasən icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Qeyd edilənlərdən göründüyü kimi iddiaçılar tərəfindən indiki iddia ərizəsi heç bir əsas olmadan və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda verilmiş və əsas məqsədin icra sənədinin icra olunmasının uzadılması və məhkəmə qərarının icrasının bilərəkdən gecikdirilməsi məqsədi daşımışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (eyni zamanda X9 vərəsələri qismində) və İddiaçı4 vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçıların vəkili eyni zamanda məhkəməyə bildirdi ki, “X25” kompleksində yerləşən 609A, 1201A və 1202A saylı mənzillərin ümumiyyətlə hələ dəyəri tam ödənilməyib, həmin mənzillər üzrə müqavilələr X16 və İddiaçı1 ilə “xxxx” MTK arasında bağlanmış və həmin şəxslərin MTK qarşısında hələ də müqavilə öhdəlikləri mövcuddur. Qeyd olunan dəyəri ödənilməmiş mənzillərin üzərindən həbs götürülmədiyi halda, X16 və İddiaçı1 üzərinə düşən müqavilə öhdəliklərinin kimin tərəfindən icra olunacağı sual doğurur. Belə ki, hal-hazırda da üç müqavilə üzrə borc ödənilmədiyi üçün cərimə hesablanır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” MTK-nın nümayəndəsi X10 izahatında göstərdi ki, “X25” kompleksində yerləşən 609A, 1201A və 1202A saylı mənzillərin dəyəri tam ödənilməmişdir və bu günə kimi həmin mənzillər üzrə “xxxx” MTK-ya olan borc aşağıdakı kimidir: 609A saylı mənzil üzrə - 291343 manat əsas və 210552 manat cərimə borcu, cəmi 501895 manat; 1201A saylı mənzil üzrə - 200853 manat əsas və 205407 manat cərimə borcu, cəmi 406260 manat; 1202A saylı mənzil üzrə - 200853 manat əsas və 205407 manat cərimə borcu, cəmi 406260 manat olmaqla ümumilikdə üç mənzil üzrə cəmi ******* manat borcu ödənilməmiş qalmışdır. Həmin mənzillərlə bağlı müqavilələr X16 və İddiaçı1 ilə imzalanmışdır. Yuxarıda sadalanan mənzillərin dəyəri tam ödənilmədiyi üçün həmin mənzillər X16 və İddiaçı1 mülkiyyətinə keçmiş hesab edilə bilməz. Borc ödənilmədiyi təqdirdə “xxxx” MTK tərəfindən borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcək. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X8 etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəməyə bildirdi ki, cinayət işi üzrə mülki iddiası təmin edilmiş Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi üçün üzərinə həbs qoyulmuş konkret olaraq hansı əmlakların realizə olunması nəticəsində mövcud olan borcun ödənilməsinin heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ odur ki, qanuni qüvvəyə minmiş hökmə əsasən dövlət büdcəsinə ödənilməli olan məbləğ ödənilsin və iddiaçılar tərəfindən buna törədilən suni maneələr aradan qaldırılsın. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(101)-61/2018 saylı hökmünün hökm etdi hissəsində qeyd olunmuşdur ki, “... cinayət işi üzrə ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş 1.759.500 manat dəyərində olan X6 adına “xxxx” MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 615B saylı mənzil; 63.000 manat dəyərində olan X6 adına “xxxx” MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan X6 adına “xxxx” MMCdən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan X9 adına “X25” kompleksində 37 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan X9 adına “X25” kompleksində 38 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan İddiaçı1 adına “X25” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsi; 1.081.000 manat dəyərində İddiaçı2 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan 0,94 ha torpaq sahəsi; 3.212.600 manat dəyərində olan X9 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan 1709 saylı bağın 0,04ha hissəsi; 626.400 manat dəyərində olan İddiaçı4 adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 58 №-li evin, 9 nömrəli mənzili; 515.200 manat dəyərində olan X6 adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 60 saylı evin 9 saylı mənzil; 47.169 manat dəyərində olan X6 adına qeydiyyata alınmış AZ**-NK-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X31” markalı avtomaşın; 50.313,60 manat dəyərində olan Seyidov X11 adına qeydiyyata alınmış AZ**-XG-*** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı “Porsche Cayenne” markalı avtomaşın; 134.169,60 manat dəyərində olan Seyidov X11 adına qeydiyyata alınmış AZ**-FE-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı “X33” markalı avtomaşın; 48.217,20 manat dəyərində olan İddiaçı4 adına qeydiyyata alınmış AZ**-CD-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X29” markalı avtomaşın barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin daşınar və daşınmaz əmlaklar xüsusi hərrac vasitəsilə satılsın, əmlakların satışından olanan pul vəsaiti Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilsin. Cinayət işi üzrə İddiaçı4 Mirmehdi oğlunun “xxxx” ASC-dəki ******************** nömrəli kart hesabındakı üzərinə həbs qoyulmuş 3.032,26 manat və Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan Ülviyyə Seyidovanın yaşadığı mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3.215 avro, 5.400 ABŞ dolları, 26.500 manat, eləcə də Rəhim Hacıyevin istintaq zamanı ödədiyi 104.600 manat pul Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilsin. Cinayət işi üzrə ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş müqavilə qiyməti 607.986 manat olan və 407.126 manat ödənilmiş X9 adına “X25” kompleksində 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat dəyərində olan və 407.406 manat ödənilmiş X9 adına “X25” kompleksində 1201A saylı mənzil və müqavilə qiyməti 615.280 manat olan və 204.207 manat ödənilmiş İddiaçı1 adına “X25” kompleksində 609A saylı mənzil barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin mənzillər xüsusi hərrac vasitəsilə satılsın, mənzillərin satışından əldə olanan pul vəsaitindən müvafiq olaraq 407.126 manat, 407.406 və 204.207 manat cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilsin, yerdə qalan məbləğlər isə “X25” kompleksinin mülkiyyətçisinə ödənilsin”. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 1(103)-708/2018 saylı qərarından görünür ki, həmin qərarla maraqlı şəxslər İddiaçı4, İddiaçı2, İddiaçı1, eləcə də X9 hüquqi varislərinin (İddiaçı1, İddiaçı2 və X6) nümayəndəsinin apellyasiya şikayətlərinin baxılmasına xitam verilmiş, apellyasiya protesti, mülki iddiaçının nümayəndəsinin, zərər çəkmiş təşkilatların nümayəndəsinin və məhkumun müdafiəçisinin apellyasiya şikayətləri təmin olunmamış; Bakı Ağır Cinayətlər Məhkəməsinin X5 haqqındakı xx xxxx 1018-ci il il tarixli hökmü dövlət ittihamçısı apellyasiya protestinə, mülki iddiaçının nümayəndəsinin, zərər çəkmiş təşkilatların nümayəndəsinin və məhkumun müdafiəçisinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(102)-1087/2019 saylı qərarından görünür ki, həmin qərarla məhkum X12 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, zərərçəkmiş şəxslər “AMEC Services Limited” şirkəti, “AMEK X26.Limited” şirkəti, “AMEC” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X14 tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 1(102)-300/2020 saylı qərarından görünür ki, həmin qərarla Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193-1.3.2, 213.2.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X6 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından məhkum Ülviyyə Seyidovanın müdafiəçisi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193-1.3.2, 213.2.2 və 313- cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş X6 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cinayət Prosessual Məcəlləsinin XXXİİ fəsli cinayət mühakimə icraatında əmlak üzərinə həbs qoyulmasının və əmlakın həbsdən azad edilməsinin şərtlərini, əsaslarını və qaydalarını müəyyənləşdirmişdir. Belə ki, Azərbaycan Respublikası X3 248.1.1-ci maddəsinə görə əmlak üzərinə həbs mülki iddianın və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədilə tətbiq edilir. X7 şərh olunan maddəsində əmlak üzərinə həbs qoyulmasının iki məqsədi müəyyən edilir: birincisi mülki iddianın təmin edilməsi, ikinci cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsinin təmin edilməsi. Qanunun mənasına görə mülki iddianın təmin edilməsi məqsədilə əmlak üzərinə həbs o halda qoyula bilər ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmiş olsun. X3 183-cü maddəsi cinayət mühakimə icraatı zamanı mülki iddia verilməsinin qaydalarını tənzimləyir. Həmin normanın mənasına görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. X3 248.1.1-ci maddəsinin əmlak üzərinə həbs qoyulmasını şərtlərindən ikinci tələbi isə ondan ibarətdir ki, bu tədbir cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsinin təmin edilməsi məqsədi ilə həyata keçirilir. Qanunun mənasına görə əmlak müsadirəsinin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs yalnız o hallarda qoyula bilər ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında əlavə cəza növü qismində əmlak müsadirəsinin tətbiqi nəzərdə tutulmuş olsun. Əmlak üzərinə həbs qoyulmasının faktiki əsası qismində mülki iddiaçının və ya əmlak müsadirəsinin təmin edilməsi məqsədilə üzərinə həbs qoyula bilən əmlakın gizlədilməsinə, özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə dair əsaslandırılmış ehtimalların olması çıxış edir. Belə ehtimallar cinayət təqibi üzrə konkret faktlar, məsələn əmlakın satılması üçün cəhdlər edilməsi, vurulmuş zərəri ödəməkdən imtina edilməsi və sair əsasında formalaşa bilər. Əmlak üzərinə həbs qoymanın hüquqi əsasını isə təxirəsalınmaz hallarda müstəntiqin, digər bütün hallarda isə məhkəmənin qərarı təşkil edir. Azərbaycan Respublikası X3 248.3-cü maddəsində üzərinə həbs qoyula biləsi əmlakların dairəsi müəyyən edilmişdir: a) təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyətindəki payı; b) təqsirləndirilən şəxsin digər şəxslərlə mülkiyyətindəki payı; c) cinayətin törədilməsində alət kimi istifadə edilən əmlak; ç) cinayətin predmetləri; d) cinayət yolu ilə əldə edilmiş vəsait hesabına alınmış və artırılmış əmlak. Əmlak üzərinə həbs qoyulması barədə məsələ həll edilərkən həmin əmlakın mövcud olub-olmaması, əmlakın mülkiyyətçisinin və ya sahibinin müəyyənləşdirilməsi vacib şərtdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(101)-61/2018 saylı hökmündə qeyd edilmişdir ki, “ ... Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət işi üzrə ibtidai istintaq zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına əldə edilməsi əsası ilə aşağıdakı daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulmuşdur: - 1.759.500 manat dəyərində olan X6 adına “xxxx” MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 615B saylı mənzil; - 63.000 manat dəyərində olan X6 adına “xxxx” MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsi; - 63.000 manat dəyərində olan X6 adına “xxxx” MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi; - 63.000 manat dəyərində olan X9 adına “X25” kompleksində 37 nömrəli avtomobil dayanacaq sahəsi; - 63.000 manat dəyərində olan X9 adına “X25” kompleksində 38 nömrəli avtomobil dayanacaq sahəsi; - Müqavilə qiyməti 607.986 manat olan və 407.126 manat ödənilmiş X9 adına “X25” kompleksində 1202A saylı mənzil; - Müqavilə qiyməti 608.260 manat dəyərində olan və 407.406 manat ödənilmiş X9 adına “X25” kompleksində 1201A saylı mənzil; - Müqavilə qiyməti 615.280 manat olan və 204.207 manat ödənilmiş İddiaçı1 adına “X25” kompleksində 609A saylı mənzil; - 63.000 manat dəyərində olan İddiaçı1 adına “X25” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsi; - 1.408.000 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən 185 nömrəli binanın 1-ci yarımzirzəmisində 176 m2 ölçüdə qeyri yaşayış sahəsi; - 509.200 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Nəsimi rayonu Şamil Əzizbəyov küçəsində yerləşən 185 nömrəli binada 134,3 m2 qeyri yaşayış sahəsi; - 664.200 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən 185 nömrəli binada 246 m2 ümumi sahədən ibarət olan 2 nömrəli mənzil; - 234.900 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, C bloku, 1-ci giriş, 32 nömrəli mənzil; - 650.700 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, C bloku, 1-ci giriş, 33 nömrəli mənzil; - 650.700 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, 1-ci giriş, 36 nömrəli mənzil; - 372.600 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, 2-ci giriş, 8 nömrəli mənzil; - 461.700 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, 1-ci giriş, 31 nömrəli mənzil; - 1.081.000 manat dəyərində İddiaçı2 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində mülkiyyətində olan 0,94 ha torpaq sahəsi; - 966.299 manat dəyərində olan X9 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dəniz yolu ünvanında mülkiyyətində olan 0,84026 ha torpaq sahəsi; - 3.212.600 manat dəyərində olan X9 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1709 saylı bağ sahəsinin 0,04 ha hissəsi; - 702.000 manat dəyərində olan X9 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1708A saylı bağ sahəsinin 0,06 ha hissəsi; - 626.400 manat dəyərində olan İddiaçı4 adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 58 №-li evin, 9 nömrəli mənzili; - 515.200 manat dəyərində olan X6 adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 60 saylı evin 9 saylı mənzil; - 47.169 manat dəyərində olan X6 adına qeydiyyata alınmış AZ**-NK-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X31” markalı avtomaşın; - 50.313,60 manat dəyərində olan Seyidov X11 adına qeydiyyata alınmış AZ**-XG- *** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı “Porsche Cayenne” markalı avtomaşın; - 134.169,60 manat dəyərində olan Seyidov X11 adına qeydiyyata alınmış AZ**- FE-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı “X33” markalı maşın; - 76.518,60 manat dəyərində olan X9 adına qeydiyyata alınmış AZ**-BR-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Porsche Cayenne” markalı maşın; - 48.217,20 manat dəyərində olan İddiaçı4 adına qeydiyyata alınmış AZ**-CD-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X29” markalı maşın. Həmçinin, İddiaçı4 Mirmehdi oğlunun “xxxx” ASC-dəki ******************** nömrəli kart hesabındakı 3032,26 manat vəsaitin üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş əmlakların siyahısından görünür ki, Ülviyyə Seyidova ilə yanaşı onun atası Akif Əliyev və anası İddiaçı2 mülkiyyətində olan daşınmaz əmlakların da üzərinə həbs qoyulmuşdur. Lakin məhkəmə istintaqı zamanı təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs Ülviyyə Seyidovanın atası X16 uzun müddət (hazırki dövrədək) əmək fəaliyyəti ilə məşğul olmuş və öz ixtisası üzrə bir çox nailiyyətlər əldə etmiş şəxs olmuşdur. ... Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəyə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası»nın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna mialikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya başqa rüsum və ya cərimlərin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. ... Sadalanan hüquq normalarının məzmunundan görünür ki, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində konkret olaraq hansı əmlakların xüsusi müsadirə əsasında məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alına bilinməsi göstərilmişdir və həmin maddənin tələbinə əsasən yalnız və yalnız cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və əmlakın xüsusi müsadirə edilməsindən bəhs olunur. ... Həmçinin, ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş müqavilə qiyməti 607986 manat olan və 407126 manat ödənilmiş X9 adına “X25” kompleksində 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat dəyərində olan və 407.406 manat ödənilmiş X28 loğluıiun adına “X25” kompleksində 1201A saylı mənzil və müqavilə qiyməti 615280 manat olan və 204207 manat ödənilmiş İddiaçı1 adına “X25” kompleksində 609A saylı mənzil barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin mənzillər xüsusi hərrac vasitəsilə satılmalı, mənzillərin satışından əldə olanan pul vəsaitindən müvafiq olaraq 407.126 manat, 407.406 və 204.207 manat cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməli, yerdə qalan məbləğlər isə “X25” kompleksinin mülkiyyətçisinə ödənilməlidir”. Göründüyü kimi, hökmdə mülkiyyət hüququnun qorunması ilə bağlı milli və beynəlxalq qanunvericiliyin müddəalarına istinad edilsə də, dəyəri ödənilməmiş mənzillərin üzərinə həbsin qoyulması ilə hüquqları məhdudlaşdırılmış hüquqi şəxsin hüquqlarının bərpa edilməsi həmin mənzillərin xüsusi hərrac vasitəsilə satılaraq mənzillərin satışından əldə olanan pul vəsaitindən müvafiq olaraq 407126 manat, 407406 və 204207 manat cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldildikdən sonra hər hansı məbləğin qalıb-qalmaması ilə şərtləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə müvafiq olaraq, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır... Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. İşin mübahisəsiz halı ondan ibarətdir ki, “X25” kompleksində yerləşən müqavilə qiyməti 607986 manat olan 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat olan 1201A saylı mənzil və müqavilə qiyməti 615280 manat olan 609A saylı mənzillərin dəyəri tam ödənilməmiş (1201A və 1202A saylı mənzillərin dəyərinin ~66%, 609A saylı mənzilinin isə dəyərinin ~33% ödənilmişdir) və belə olan halda mənzillərin alıcıları olan X16 və İddiaçı1 həmin mənzillərə mülkiyyət hüququ əldə etməmiş və onların mənzillərin satıcısı – “xxxx” MTK qarşısında öhdəlikləri icra edilməmiş qalmışdır. Belə olan halda həmin mənzillərin üzərində həbsin saxlanılması bir tərəfdən mənzillərin alıcılarının həddən artıq əsassız yüklənməsinə (icra olunmamış müqavilələr üzrə cərimələrin ödənilməsi və s.), digər tərəfdən isə işə ümumiyyətlə heç bir aidiyyəti olmayan hüquqi şəxsin əhəmiyyətli dərəcədə zərər çəkməsinə səbəb olacaq. Hökmdə qeyd olunan mənzillərin xüsusi hərrac vasitəsilə satılaraq, mənzillərin satışından əldə olanan pul vəsaitindən müvafiq olaraq 407126 manat, 407406 və 204207 manatın cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməsi, yerdə qalan məbləğlərin isə “X25” kompleksinin mülkiyyətçisinə ödənilməsi nəzərdə tutulmaqla əslində müqavilə hüququnun təsir dairəsində olan məsələlər birtərəfli olaraq həll olunmuş, alıcıların icra olunmamış öhdəlikləri və satıcının hüquqları qeyri-müəyyən vəziyyətdə saxlanılmışdır. Məhkəmə bunu qanuni hesab etmir. Belə ki, hüqunun qanunun aliliyi və bərabərlik təməl prinsiplərinin tələblərindən çıxış edilərək, dövlətin mülkiyyət münasibətlərinə müdaxiləsi özbaşına olmamalı və cəmiyyətin mənafeyinin tələbləri ilə əsas hüquqların qorunması üçün zəruri şərtlər arasındakı tarazlıq pozulmamalı, vasitələr və hədəflər arasında məqbul bir mütənasiblik qorunmalıdır. Cinayət nəticəsində dəymiş maddi ziyanın ödənilməsinə dair mülki iddialar - mülki və ya cinayət prosesində baxılmasından asılı olmayaraq - mülki hüquq normalarına uyğun olaraq həll edildiyi üçün, məhkəmələr cinayət mühakimə icraatında mülkiyyət hüququ ilə bağlı məsələləri həll edərkən, xüsusi mübahisələrin həlli mexanizmlərinin cinayət prosesinin ictimai-hüquqi hədəflərinə çatmağa yönəlmiş cinayət prosessual vasitələri ilə əvəz edilməsinə imkan verməməlidir. Hökmün mülki iddia hissəsində icrasının təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulması müvafiq əmlakın mülkiyyətçisi üçün sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır və buna görə qeyd olunan məhdudlaşdırma ağlabatan və hüquqi cəhətdən əsaslandırılmış olmalıdır - bu, konkret bir şəxsin cinayət fəaliyyətində iştirakı və ya konkret əmlakın mənşəyinin iddia edilən cinayət xarakteri ilə şərtləndirilməli və ya mülkiyyətçinin şübhəli və ya təqsirləndirilən şəxsin hərəkətləri üçün maddi məsuliyyətini müəyyənləşdirən qanuna əsaslanmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 1(103)-708/2018 saylı qərarından görünür ki, İddiaçı4, İddiaçı2, İddiaçı1, eləcə də X9 hüquqi varisləri (İddiaçı1, İddiaçı2 və X12) maraqlı şəxslər qismində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(101)-61/2018 saylı hökmündən apellyasiya şikayətləri vermişlər, lakin sonradan onların nümayəndəsi və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək nümayəndəsi olduğu yuxarıda qeyd olunan şəxslərə aid hissədə vermiş olduğu apellyasiya şikayətlərinin geri götürdüyünü bildirmiş və həmin qərarla göstərilən apellyasiya şikayətlərinin baxılmasına xitam verilmişdir. Göründüyü kimi, mülkiyyətlərində olan əmlakın üzərinə əsassız olaraq həbs qoyulması iddia edilən şəxslərin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(101)-61/2018 saylı hökmünü mübahisələndirmək imkanı olmuş, lakin onlar həmin imkandan əvvəl istifadə etsələr də, sonradan apellyasiya şikayətlərini iş materiallarından aydın olmayan səbəblərdən geri götürmüşlər. Onlardan fərqli olaraq, üzərinə həbs qoyulmuş mənzillərin hal-hazırda mülkiyyətçisi olan “xxxx” MTK cinayət işi çərçivəsində hər hansı mərhələdə işə cəlb olunmamış və hüquqi şəxsin hüquqlarını məhdudlaşdıran hökmü mübahisələndirmək imkanı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi “X25” kompleksində yerləşən 609A, 1201A və 1202A saylı mənzillərə münasibətdə əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. İş materiallarında olan ərizədən görünür ki, X9 hüquqi varislərinin (İddiaçı1, İddiaçı2, X12) nümayəndəsi və vəkili Vəkil əmlakların həbsdən azad edilməsi barədə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” x xxxxxx 2011-ci il tarixli Qərarı). Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx xxxxxx 2007-ci il tarixli Qərarı). Məhkəmə işin şərh edilən hallarını və sadalanan maddi hüqüq normalarını nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “X25” kompleksində yerləşən 609A, 1201A və 1202A saylı mənzillər həbsdən azad edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “X25” kompleksində yerləşən 609A, 1201A və 1202A saylı mənzillər həbsdən azad edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-86/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-86/2021
04.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver