Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-866/2021 11.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 1 saylı Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialı və “Azəriqaz” İstehsalat Birliyinin Bakı X9 Departamenti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzildə olan otaqların yerinin layihəyə uyğun bərpa edilməsi, qanunsuz çəkilmiş qaz xəttlərinin və quraşdırılmış istilik sisteminin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binada baş verə biləcək yanğın və partlayış təhlükəsinin qarşısının alınması üçün həmin binada yerləşən 48 və 52 saylı mənzillərdə rəsmi icazə olmadan yeri özbaşına dəyişdirilmiş mətbəx və digər otağın, əlavə çəkilmiş daxili və xarici qaz xəttlərinin, qapalı məkanda qanunsuz olaraq quraşdırılmış kombilərin ləğv edilərək, sakinlərin öz vəsaiti hesabına layihədə nəzərdə tutulduğu kimi əvvəlki təhlükəsiz vəziyyətinin bərpa edilməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 13 noyabr 2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və həmin məhkəmə iclası bir sıra prosessual hərəkətlərin yerinə yetirilməsi məqsədi ilə təxirə salınmışdır. Lakin növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsi X10 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən 48 və 52 saylı mənzillər üzrə ümumi qaz xəttlərinə qanunsuz qoşulma halının baş verməsi barədə müraciətinə əsasən Agentliyin müfəttişləri və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən həmin mənzillərin daxili qaz xətlərinə və quraşdırılmış qaz cihazlarına baxış keçirilmiş və nəticədə bu mənzillər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın aidiyyəti müddəalarının pozulduğu müəyyən edilmiş və həmin pozuntuların aradan qaldırılması üçün hər iki mənzilin sahibinə müvafiq məzmunlu məktub və “göstəriş” verilmişdir. Göstərişlərin icra olunması vəziyyətinin müəyyənləşdirilməsi üçün bir müddət sonra həmin mənzillərə yenidən baxış keçirilmiş və bu zaman 52 saylı mənzildə qaz xətti üzərində elektromaqnit bağlayacı klapan və qaz sızmasının və dəm qazının müəyyən edilməsi üçün detektorun quraşdırıldığı, lakin kombi tipli su qızdırıcısında qazdan istifadə olunması üçün müvafiq qaydada sənədləşmənin aparılmadığı müəyyən edilmiş, 48 saylı mənzilin isə qapısını açan olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və qanunvericiliyin tələblərinə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 habelə üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 1 saylı Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh məhkəmə iclasında iştirak etməmiş, üçüncü şəxslər isə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, mübahisənin bu quruma hər hansı aidiyyətinin olmadığını bildirərək, qurumun üçüncü şəxslər sıyahısından çıxarılmasını xahiş etmişdilər. Məhkəmə, işə cavabdeh X3 və qeyd edilən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 1B saylı evin, 50 saylı mənzili İddiaçı, həmin binanın 48 saylı mənzili cavabdeh X4, 52 saylı mənzili isə Cavabdeh1 məxsusdur. İddiaçı cavabdehlər tərəfindən öz mənzillərində rəsmi icazə olmadan, dövlət və sahə standartlarının tələblərini kobud şəkildə pozaraq mənzildaxili və mənzilxarici qaz xətlərinin yerinin özbaşına dəyişdirilməsinə, mənzillərə layihədən kənar qaz xəttinin çəkilməsinə, səlahiyyətli qurumlarla razılaşdırmadan və bu qurumların icazəsi alınmadan qapalı məkanda qanunsuz olaraq istilik sisteminin quraşdırılmasına istinadən aidiyyəti dövlət qurumlarına, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə şikayət ərizəsi ilə müraciət edərək, bu halların aradan qaldırılmasını xahiş etmişdir. Həmin müraciətlərə əsasən görülmüş tədbirlər çərçivəsində Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, “Azəriqaz” İstehsalat Birliyinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyəti struktur qurumlarının əməkdaşları tərəfindən qeyd edilən mənzillərin qaz xəttlərinə və qaz qurğularına baxış keçirilmiş və bu zaman qeyd olunan mənzillərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.1-ci bəndinin, 3.4.1-ci və 3.2.12-ci yarımbəndlərinin tələblərinin pozulması halı aşkar edilmişdir. Bununla bağlı müvafiq aktlar tərtib edilmiş və 48 saylı mənzilin sahibi X5 və 52 saylı mənzilin sahibi Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsinə (Təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulması) əsasən müvafiq olaraq 24.01.2020-ci il tarixli, MN ******* nömrəli və 24.01.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün 28.01.2020-ci il tarixli, 18/20Q-004 nömrəli və 28.01.2020-ci il tarixli, 18/20Q-005 nömrəli icrası məcburi olan göstərişlər verilmişdir. Bundan sonra həmin göstərişlərin icra olunması vəziyyətinin müəyyənləşdirilməsi üçün həmin ünvanlara yenidən baxış keçirilmiş və bu zaman 52 saylı mənzildə qaz xətti üzərində elektromaqnit bağlayıcı klapan və qaz sızmasını, dəm qazını müəyyən etmək üçün detektorun quraşdırıldığı, lakin kombi tipli su qızdırıcısında qazdan istifadə olunması üçün müvafiq qaydada sənədləşmənin aparılmadığı müəyyən edilmişdir (mənzil sahibi göstərişi həmin hissədə Koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər səbəbindən icra edə bilmədiyini və yaxın zamanlarda məsələ ilə bağlı müraciət edəcəyini bildirmişdir). Həmin göstərişin 48 saylı mənzil üzrə icrası vəziyyətini isə yoxlamaq mümkün olmamışdır (mənzilin qapısı açılmamışdır). İş üzrə məhkəmə tikintitexniki ekspertizasının keçirilməsi barədə məhkəmənin müvafiq qərardadının icrası qaydasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02.06.2021-ci il tarixli, 10/892 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 1B saylı evin 52 saylı mənzilinin otaqları texniki pasporta (layihəyə) əsasən 3 saylı mətbəxlə 8 saylı yaşayış otağının yeri dəyişdirilərək otaqların təyinatı dəyişdirilmiş, pilləkən qəfəsi ilə texniki pasportda göstərilən 8 saylı yaşayış otağının hazırda mətbəx kimi istifadə olunan otağın qarşısında yerləşən balkonun daxilində kombi quraşdırılaraq istilik, qaz və otağın daxilində su xətləri çəkildiyi müəyyən olunmuşdur. Eyni zamanda, 52 saylı mənzilin mətbəx və eyvanın arasında olan pəncərə altı arakəsmə, qapı və pəncərələr sökülərək mətbəx və yaşayış otağının sahəsinə əlavə olunmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 1B saylı evin, 48 saylı mənzilinin sakini mənzilə baxış keçirilməsi üçün buraxılmadığından həmin mənzil üzrə tədqiqat aparılmamışdır. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 226.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir; 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır; 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir; 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.1-ci bəndinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 3.4.1-ci və 3.4.2-ci bəndələrinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq və qaz qurğusunun quraşdırıldığı yerin quruluşunu (planını) müvafiq razılaşma olmadan dəyişdirmək istehlakçıya qadağandır; 3.2.12-ci maddəsinə əsasən qazdan istifadə edən istehlakçılar tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdır. Bununla belə, məhkəmə bu sahəni tənzimləyən, o cümlədən yuxarıda göstərilən qanunvericiliyin tələblərini rəhbər tutub, aparılmış araşdırmanın nəticələrini əsas götürüb, qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər X5 və Cavabdeh1 sahibləri olduqları müvafiq olaraq 48 saylı və 52 saylı mənzillərin daxilində və xaricində özbaşına qaz xəttinin çəkilişini aparmış, istilik sistemi, o cümlədən qapalı məkanda (bağlı balkonda) kombi quraşdırmış, habelə mətbəxin yerini dəyişdirilmişdir. Başqa sözlə, cavabdehlər tərəfindən görülmüş bu işlər və nəticədə həyata keçirilmiş dəyişikliklər yaşayış sahəsinin texniki pasportunda və digər aidiyyəti sənədlərdə nəzərdə tutulmamış və aidiyyəti səlahiyyətli qurumlarla razılaşdırılmamışdır. Bu səbəbdən onların bu əməlləri qanunsuz hesab edilmiş və onların barəsində inzibati xəta haqqında protokollar tərtib edilmiş, yol verilmiş pozuntuların aradan qaldırılması üçün göstərişlər verilmişdir. Məhkəmə iddia tələbinin “əlavə çəkilmiş daxili və xarici qaz xəttlərinin ləğv edilməsi və bu xəttlərin layihəyə uyğun bərpa edilməsi” tələbi ilə bağlı qeyd edir ki, cavabdehlərə (istehlakçı olaraq) bu sahəni tənzimləyən qanunvericilik səviyyəsində sahibləri olduqları mənzillərə özbaşına qaz xəttinin çəkilişinin aparılması qadağan edilməsinə baxmayaraq, onlar bu işi görmüşlər, bununla da mülki hüquq pozuntusu (delikt) törətmişdilər. Belə ki, müvafiq qaydada rəsmiləşdirilmə aparılmadan, o cümlədən bu sahədə ixtisaslaşan və texniki təhlükəsizlik qaydalarını gözləyən aidiyyəti səlahiyyətli qurumlardan icazə alınmadan çəkilmiş belə xəttlərin mövcudluğu qaz sızmasının və yanğınların yaranmasını, habelə digər bu kimi hadisələrin baş verməsini istisna etmir və bu baxımdan həmin binanın sakinlərinə, o cümlədən binada yaşayan sakinlərin, o cümlədən iddiaçının özünə və onun mənzilinə zərər vurulması təhlükəsi törədir. Belə bir halın mövcudluğu da öz növbəsində bilavasitə iddiaçının maraqlarına toxunur və onun ən azı təhlükəsiz şəraitdə yaşamaq hüququnu pozur. Hər bir halda, qaz xəttlərinin çəkilməsindən əvvəl bu sahədə ixtisaslaşan aidiyyəti qurumlar tərəfindən layihələrin tərtib edilməsi, habelə icazələrin verilməsi prosedur baxımından texniki baxışın keçirilməsi və rəylərin hazırlanması ilə müşaiyət olunur və məhz təhlükəsizliyin və düzgün istismarın təmin edilməsinə xidmət edir. Bu sahədə özbaşına işlər görən şəxslər isə istismar nəticəsində həm özlərinin, hə də digər insan fərdinin həyat və sağlamlığına hər hansı təhlükə yaranmayacağına təminat verə bilməzlər. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir və belə qənaətə gəlir ki, cavabdeh X3 mülkiyyətində olan ünvan 1, 48 saylı mənzildə və Cavabdeh1 mülkiyyətində olan ünvan 1, 48 saylı mənzildə özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttləri ləğv edilməli və həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsi həmin mənzillərin mülkiyyətçiləri olan cavabdehlər X3 və Cavabdeh1 üzərinə qoyulmalıdır. Məhkəmə iddia tələbinin “mənzildə olan otaqların yerinin layihəyə uyğun bərpa edilməsi və quraşdırılmış istilik sisteminin ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, cavabdehlər tərəfindən mətbəxin yerinin dəyişməsi ilə bağlı əsas problem, təhlükə və iddiaçının mənafeyini pozan hal məhz özbaşına qaz xəttinin çəkilməsidir. İstilik sistemi dedikdə isə yalnız kombi tipli avadanlığın özü başa düşülmür. Cavabdehlərin mənzillərində olan kombi tipli avadanlıqların da fəaliyyəti hazırda özbaşına çəkilmiş qaz xətti hesabına təmin edilir. Bununla belə, özbaşına çəkilmiş qaz xəttinin ləğv edilməsi kombi tipli avadanlığı istimarını da qeyri-mümkün edəcəkdir. Qaz xəttləri istisna olmaqla, kombi tipli avadanlığın olması, habelə mətbəxin yerinin dəyişməsi iddiaçını hər hansı qanunla qorunan hüququnu pozmur. Bu səbəbdən məhkəmə bu tələbləri əsasız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Layihəyə uyğun qaz xəttlərinin bərpa edilməsi isə kombi tipli avadanlığın fəaliyyətinin təmin edilməsi üçün layihəyə uyğun qaz xəttinin çəkilməsi zərurətini yatatmış olacaqdır ki, bu halda da cavabdehlər həmin kombi tipli avadanlıqların istismarı üçün nəzərdə tutulmuş qaydalara riayət etmək məcburiyyətində qalacaqlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, cavabdeh X3 mülkiyyətində olan ünvan 1, 48 saylı mənzildə və Cavabdeh1 mülkiyyətində olan ünvan 1, 52 saylı mənzildə özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttləri ləğv edilməli və həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsi həmin mənzillərin mülkiyyətçiləri olan cavabdehlər X3 və Cavabdeh1 üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyində İddiaçı aid edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər X2 və Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 mülkiyyətində olan ünvan 1, 48 saylı mənzildə özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttləri ləğv edilsin. Həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsi cavabdeh X3 üzərinə qoyulsun. Cavabdeh1 mülkiyyətində olan ünvan 1, 52 saylı mənzildə özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttləri ləğv edilsin. Həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsi Cavabdeh1 üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər X2 və Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-866/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-866/2021
11.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver