Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-878/2022 01.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, cavabdehin üzərinə üzr istəməsi vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tibbi müalicə ilə əlaqədar və digər xərclər üzrə vurulmuş maddi zərərin əvəzi olaraq 900 manat məbləğində pulun, vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun, cəmi 5.900 manat məbləğində pulun tutularaq, ona ödənilməsi və “cənab İddiaçı üzr istəyirəm, xahiş edirəm bağışlayın, bu hallar bir daha təkrar olunmaz” məzmunda təkzib verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, bildirmişdir ki, o, iddiaçını tanıyır, onun iddiaçı ilə hər hansı ədavəti yoxdur və heç vaxt olmamışdır. O, daim iddiaçıya hörmətlə yanaşmışdır. Onların arasında söz-söhbət iddiaçının Günay adlı şəxslə ünsiyyətdə olması səbəbindən yaranmışdır. Belə ki, Günay adlı şəxsin valideyni hər hansı bir problemin yarandığı halda Günaya dəstək olmağı ona tapşırmışdır. O da iddiaçı ilə Günayın ünsiyyətini düzgün hesab etməyərək, onların münasibətlərinə müdaxilə etmiş və iddiaçıdan Günayla münasibət saxlamamağı xahiş etmişdir. Lakin iddiaçı onun bu müraciətinə məhəl qoymamış və bu zəmində aralarında mübahisə yaranmışdır. Lakin o, iddiaçının təhqir etməmiş, onun ünvanına hər hansı nalayiq ifadə işlətməmiş və ona bədən xəsarəti yetirməmişdir. Bu səbəbdən iddia tələbini maddi və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində qəbul etmir. Hər bir halda bundan sonra da ümumiyyətlə iddiaçı ilə Günayın ünsiyyətinə müdaxilə etmək niyyətində deyil. Müdaxilə etdiyi üçün və ümumiyyətlə aralarında baş vermiş mübahisəyə görə iddiaçıdan üzr istəməyə hazırdır. Göstərilənlərin nəzərə alınmasını və qanunvericiliyin tələblərinə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh bir birini tanıyan şəxsdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin 17-ci Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, təxminən bir ay əvvəl yaşadığı evin həyətində taksi sürücüsü kimi tanıdığı cavabdehin onu söyüb təhqir etdiyini, daha sonra isə onun qolunu dişləyərək, ona xəsarət yetirdiyini bildirmişdir. Bununla bağlı aparılmış araşdırma zamanı iddiaçı öz izahatında təxminən bir ay əvvəl yaşadığı Ə.Əliyev küçəsində yerləşən modern məktəbin yaxınlığında olarkən əvvəllər tanıdığı taksi sürücüsü Cavabdeh ona söz atıb söyüş söyməyə başladığını, səbəbini soruşanda ondan Günay adlı qızdan əl çəkməsini tələb etdiyini, bundan sonra onun sinəsindən vurub itələdiyini, sol əlini dişləyib ona xəsarət yetirdiyini bildirmişdir. Cavabdeh isə öz izahatında iddiaçıya zəng edərək, Günay adlı şəxslə əlaqəsinin olub-olmaması ilə maraqlanadığını, lakin iddiaçını təhqir etmədiyini və onu döymədiyini bildirmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarına əsasən vətəndaş İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, vətəndaş İddiaçı qarşı xırda xuliqanlıq etmiş Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə inspektoruna göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin 17-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən vətəndaş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati qaydada 50 manat cərimə edilmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin ondan Günay adlı şəxslə ünsiyyətini dayandırmağı tələb etdiyini, bununla bağlı 2020-ci ilin yay aylarından başlayaraq 2021-ci ilin avqustsentyabr ayları da daxil olmaqla dəfələrlə onu təhqir edərək, ünvanına şərəf və ləyaqətini ləkələyən ifadələr işlətdiyini, sonuncu dəfə yaranmış mübahisə nəticəsində isə onu itələdiyini, həmçinin onun qolunu dişləyərək, ona xəsarət yetirdiyini, həmin vaxt qonşuların xahişi nəticəsində cavabdehin bu hərəkətlərindən polis orqanlarına şikayət etmədiyini, lakin cavabdehin onun ünvanına şərəf və ləyaqətini alçaldan ifadələr işlətməyə, hətta onu telefon vasitəsi ilə hədələməyə davam etməsi səbəbindən ondan polis orqanlarına şikayət etdiyini, nəticədə onun inzibati qaydada cərimə edildiyini, buna baxmayaraq, cavabdehin ona psixoloji təsir göstərməkdə davam etdiyini, bunun nəticəsində səhhətində problemlərin yarandığını və 2020-ci ildən hazırki vaxtadək bir neçə dəfə tibbi müayinədə olduğunu, göstərilən bu xidmətlərə görə, habelə tibbi müayinəyə və polis orqanlarına getmək üçün 900 manat civarında pul xərclədiyini, həmçinin, bu hərəkətlər nəticəsində mənəvi sarsıntı və iztirab keçirdiyini, bu zərəri 5.000 manat məbləğində qiymətləndirdiyini bildirir və bu məbləğlərin cavabdehdən tutulmasını, habelə ona qarşı yol verilmiş bu hərəkətlərə görə cavabdehin üzərinə ondan üzr istənilməsi öhdəliyinin qoyulmasını tələb edir. Cavabdeh iddianı qismən qəbul edir, iddiaçı ilə hər hansı ədavətinin olmadığını, onların arasında sözsöhbətin iddiaçının Günay adlı şəxslə ünsiyyətdə olması səbəbindən yarandığını, bu şəxsin valideyninin hər hansı bir problemin yarandığı halda qızına dəstək olmağı ona tapşırdığını, o da iddiaçı ilə Günayın ünsiyyətini düzgün hesab etməyərək, onların münasibətlərinə müdaxilə edərək, iddiaçıdan Günayla münasibət saxlamamağı xahiş etdiyini, lakin iddiaçının onun bu müraciətinə məhəl qoymaması səbəbindən bu zəmində aralarında mübahisənin yarandığını, lakin iddiaçını təhqir etmədiyini, onun ünvanına hər hansı nalayiq ifadə işlətmədiyini və ona bədən xəsarəti yetirmədiyini, bu səbəbdən iddia tələbini maddi və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində qəbul etmədiyini, bundan sonra isə ümumiyyətlə iddiaçı ilə Günayın ünsiyyətinə müdaxilə etmək niyyətində olmadığını, müdaxilə etdiyi üçün isə iddiaçıdan üzr istəməyə hazır olduğunu bildirir və qanunvericiliyin tələblərinə uyğun qətnamə çıxarılmasını xahiş edir. İddiaçının uşaqlıqdan görmə qabiliyyəti yoxdur, o, 1-ci qrup gözdən əlildir. Azərbaycan Respublikasının Konsitutsiyasının: 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır; 46-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz; 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin; 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsulla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Həmin qərarın 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, mənəvi ziyanın tutulması bir qayda olaraq vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində tətbiq edilir. Mənəvi ziyanın miqdarı pul ilə ölçülməlidir. Mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, məlumatın yayılma dairəsini, iddiaçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını, habelə mənəvi ziyanın ödənilməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə almalıdırlar. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarın 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qərarın 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qərarın 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Qərarın 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə, ilk növbədə iddia tələbinin “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsinə hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir və bu tələblə bağlı qeyd edir ki, cavabdehin iddiaçıya qarşı hüquqa zidd əmələ yol verməsi, o cümlədən ictimai yerdə və başqa şəxslərin yanında onu təhqir edərək, hədələməsi öz təsdiqini tapır. Məhz bu əməllərinə görə o, Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin 17-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən inzibati qaydada 50 manat cərimə edilmişdir. Bununla belə, cavabdeh bu hərəkətləri ilə, o cümlədən iddiaçının ünvanına işlətdiyi və təhqir kimi qiymətləndirilmiş ifadələri ilə digər şəxslərin yanında iddiaçının şərəf və ləyaqətini ləkələmişdir. Bununla da iddiaçıya mənəvi sarsıntı yaşatmışdır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı gözdən əlildir, onun görmə qabiliyyəti yoxdur və bu hal cavabdehə məlumdur. Bu halın mövcudluğu ona qarşı törədilən qanunsuz hərəkətin onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmasını artıq şübhəsiz edir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı fiziki və mənəvi sarsıntı keçirmişdir. Bu səbəbdən onun əvəzi cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə, vurulmuş mənəvi zərərin əvəzini müəyyən edərkən belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə 250 manat məbləğində pul tutulmalıdır. Məhkəmə, iddia tələbinin “vurulmuş mənəvi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı qənaətini əsas götürüb hesab edir ki, hazırki vəziyyətdə mənəvi zərərin əvəzi yalnız pulla ödənilməməli, həmçinin, cavabdehin üzərinə iddiaçıdan üzr istəməsi vəzifəsi də qoyulmalıdır. Məhkəmənin bu qənaəti cavabdehi iddiaçı ilə gələcəkdə də mübahisə etməkdən çəkindirmək və cavabdehin digər, xüsusilə də iddiaçı kimi qüsuru olan insanların şərəf və ləyaqətinə hörmətlə yanaşmasını təmin etmək, habelə cavabdehin ictimai, digər şəxslərin də olduğu yerlərdə bu qaydada davranmasının qarşısını almaq məqsədi daşıyır. Hər bir halda, cavabdehin qarşısında gözdən əlil olan və yaşadığı müddət ərzində bu qüsurdan əziyyət çəkən bir şəxs olmuşdur (iddiaçının gözdən əlil olmadığı halda cavabdehin ona qarşı belə bir hərəkətlərə yol verib-verməməsi özü də sual doğurur). Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh yalnız maddi itkiyə məruz qalmaqla (vurulmuş mənəvi zərərin əvəzini pulla ödəməklə) deyil, həmçinin mənəvi səviyyədə iddiaçıya qarşı etdiyi hərəkətlərin hüquqa zidd olduğunu anlamalı və dərk etməlidir. Bu səbəbdən cavabdehin iddiaçıdan üzr istəməsi zəruridir. Digər tərəfdən cavabdeh özü də məhkəmə iclasında iddiaçı ilə Günay adlı şəxsin ünsiyyətinə müdaxilə etdiyi üçün və ümumiyyətlə aralarında baş vermiş mübahisəyə görə iddiaçıdan üzr istəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə, hesab edir ki, cavabdeh tərəfindən iddiaçıdan üzr istənilərkən istifadə ediləcək sözlər və cümlələr işin hallarına, o cümlədən tərəflər arasında yaranmış mübahisənin mahiyyətinə uyğun olmalıdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, bu məsələ ilə bağlı cavabdehin iddiaçıya müraciəti “Hörmətli İddiaçı, Sizinlə mübahisə yaratdığım və mübahisə zamanı ünvanınıza şərəf və ləyaqətinizi ləkələyən ifadələr işlətdiyim üçün üzr istəyirəm” məzmununda olmalıdır. Məhkəmə, iddia tələbinin “vurulmuş maddi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının bu tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqedən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı”, “Qavazov Bolqarıstana qarşı” və sair). Bu baxımdan iddiaçı cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində səhhətində problemlərin yarandığını və 2020-ci ildən hazıradək bir neçə dəfə tibbi müayinədə olduğunu, göstərilən bu xidmətlərə görə, habelə tibbi müayinəyə və polis orqanlarına getmək üçün 900 manat civarında pul xərclədiyini sübut etməli idi. Lakin iddiaçı bununla bağlı hər hansı sənəd, o cümlədən ödəniş qəbzləri məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi tibbi sənədlər və ödəniş qəbzləri isə hadisədən əvvəlki dövrə aiddir. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir; 223.3-cü maddəsinə əsasən həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə 250 manat məbləğində pul tutulmalı, Cavabdeh üzərinə “Hörmətli İddiaçı, Sizinlə mübahisə yaratdığım və mübahisə zamanı ünvanınıza şərəf və ləyaqətinizi ləkələyən ifadələr işlətdiyim üçün üzr istəyirəm” məzmununda üzr istənilməsi vəzifəsi qoyulmalı, üzr istənilmə ilə bağlı hərəkətlər Cavabdeh tərəfindən məhkəmənin qətnaməsi qanuni qüvvəsini aldığı gündən etibarən 20 gün ərzində İddiaçı iştirakı ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsində yerinə yetirilməli, iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 223-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə 250 (iki yüz əlli) manat məbləğində pul tutulsun. Cavabdeh üzərinə “Hörmətli İddiaçı, Sizinlə mübahisə yaratdığım və mübahisə zamanı ünvanınıza şərəf və ləyaqətinizi ləkələyən ifadələr işlətdiyim üçün üzr istəyirəm” məzmununda üzr istənilməsi vəzifəsi qoyulsun. Üzr istənilmə ilə bağlı hərəkətlər Cavabdeh tərəfindən məhkəmənin qətnaməsi qanuni qüvvəsini aldığı gündən etibarən 20 (iyirmi) gün ərzində İddiaçı iştirakı ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsində yerinə yetirilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-878/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-878/2022
01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver