Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-880/2023 20.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC-dən onun tərəfindən ödənilmiş 23450 manat, dövlət rüsumu kimi ödənilmiş 161 manat olmaqla, ümumilikdə 23611 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh MMC ilə onun arasında bağlanan təmir xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən sifarişçi İddiaçı təmir xidmətlərinin göstərilməsini sifariş verib, icraçı isə sifarişçinin Xırdalan şəhəri, 28 məhəllə, ev 7, mənzil 1 ünvanında yerləşən mənzildə müəyyən etdiyi qaydada təmir xidmətləri göstərməyi və sifarişçiyə təhvil verməyi öhdəliyinə götürmüşdür. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən göstərilən xidmətin dəyəri olaraq 11800 manat qiymət barədə razılığa gəlmişlər. Həmin məbləğ onun tərəfindən icraçı işə başlayan zaman ilkin olaraq 20%, işə başladıqdan sonra 60 % və mənzil təhvil verildikdən sonra isə geriyə qalan 20 %-lik hissənin ödənilməsi təmin edilməli idi (Müqavilənin 4.4-cü bəndi). 05 yanvar 2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş kassa mədaxil orderindən məlum olur ki, 7500 manat dəyərində pul məbləği "xxxx" MMC-yə ödənilmişdir. Buradan da aydın olur ki, xx.xx.2021-ci il tarixli müqavilənin 4.4-cü maddəsində göstərildiyi kimi onun tərəfindən cavabdeh MMC işə başladıqdan sonra razılaşdıqları vəsaitin 80 %-i onun tərəfindən ödənilmişdir. Həmin Müqavilənin 5.2-ci maddəsinə əsasən, təmir müddəti 3 ay ərzində davam etməli və bitməli idi. Lakin müddətdən uzun vaxt keçməsinə baxmayaraq, cavabdeh MMC tərəfindən göstərilən öhdəliklər yerinə yetirilməmiş və ondan daimi olaraq əlavə vəsaitlər alınmışdır. Hətta 14 avqust 2022-ci il tarixində ondan 500 manat pul götürdüyünü və həmin vəsaiti 15 avqust tarixində geri qaytaracağını bildirsə və həmin sözlərini öz imza və möhürü ilə təsdiqləsə də, MMC tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Toplamda isə bu zamana qədər onun tərəfindən 18950 manat pul məbləği evin təmir edilməsi üçün ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, 500 manat məbləğində pulu qaytarılmaq şərtilə cavabdehə borc versə də, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş borcu ona qaytarmamışdır. Bununla bağlı dəfələrlə cavabdeh müraciət etsə də, nəticəsi olmamışdır. 3.500 manat məbləğində pulu isə cavabdehə ona görə vermişdir ki, cavabdeh onun istədiyi modeldə olan televizoru alıb ona təhvil verəcək. Lakin cavabdeh onun tapşırığına əməl etməmiş, pulu alsa da televizoru alıb ona təhvil verməmişdir. Tələb etdiyi qalan pullar isə mənzilin təmiri ilə bağlı olmuşdur. Tələb etdiyi 161 manatın 61 manatı məhkəməyə ödədiyi dövlət rüsumu, 100 manat isə mediasiya xərcidir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: 21 dekabr 2021-ci il tarixli 01 №-li “təmir xidmətlərinin göstərilməsi haqqında” Müqavilədən görünür ki, sifarişçi İddiaçı və icraçı Cavabdeh MMC-nin direktoru Nümayəndə arasında bağlanmış müqaviləyə əsasən, “Sifarişçi” təmir xidmətlərinin göstərilməsini sifariş verib, icraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada təmir xidmətləri göstərməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən “İcraçı” “Sifarişçinin” Xırdalan şəhəri, 28ci məhəllə, ev 7 ünvanında yerləşən və ümumi sahəsi 53,8m2 olan 1 saylı mənzildə sifariş verdiyi təmir xidmətlərini həyata keçirir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən,hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq. Xidmətin dəyəri 11800 AZN-dir. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, müqaviləyə əsasən “Sifarişçi” sifariş olunan xidmətin dəyərini “İcraçı” ya əvvəlcədən 20 %, işə başlayandan sonra 60 %, tam təhvil verildikdən sonra 20 % “İcraçı”nın nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə ödəməlidir. Həmin Müqavilənin 5.1 və 5.2-ci bəndlərinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. Bu müqavilədə nəzərdə tutulan təmir xidməti 3 ay müddətində həyata keçirilməlidir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, “İcraçı” müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. Cavabdeh MMC tərəfindən tərtib edilmiş 05 yanvar 2022-ci il tarixli 1 №-li kassa məxaric orderindən görünür ki, İddiaçı Xırdalan şəhəri, 28 məhəllə, ev 7, mənzil 1 (53,8 m2) təmiri üçün 7500 manat ödəniş etmişdir. Nümayəndə tərəfindən tərtib edilmiş və imzalanmış və Cavabdeh MMC-nin möhürü ilə möhürlənmiş əlyazmadan görünür ki, 14 avqust 2022-ci il tarixdə Şəhla xanımdan 500 AZN pul götürür. 15 avqust 2022-ci ildə 800 manat pulu geri qaytaracaq. Nümayəndə tərəfindən tərtib edilmiş və imzalanmış əlyazmadan görünür ki, o, Şəhla xanımdan 3500 AZN pul götürür, onun qarşılığında Samsung model 3-108 ekran televizor gətirəcək. Təhvil verilmə müddəti 12 sentyabr 2022-ci il. Əgər ödənilmədiyi təqdirdə bütün məsuliyyəti öz üzərinə götürür. 18 oktyabr 2022-ci il tarixli və 16 noyabr 2022-ci il tarixli İddiaçı tərəfindən CavabdehMMC-yə ünvanlanmış 18 oktyabr 2022-ci il tarixli pretenziyalardan görünür ki, 21 dekabr 2021-ci il tarixli müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə əlaqədar İcraçıya xəbərdar edilmişdir. Abşeron Rayon Polis İdarəsi tərəfindən İddiaçı Şahin qızına ünvanlanmış 05 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı Şahin qızının Daxili İşlər Nazirliyinin “102” xidmətinə etdiyi müraciətinə Abşeron rayon Polis İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar bildirilmişdir ki, Daxili İşlər Nazirliyində “Vətəndaş müraciətlərinə baxılma qaydası” haqqında qərarda müraciət X2 səlahiyyətlərinə aid olmadığı zaman və eləcə də müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda müraciət müəllifinə məhkəməyə müraciət etməsi tövsiyə olunur. Odur ki, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən mülki ittiham qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Bakı 5 saylı Mediasiya Təşkilatının “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 18 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şahin qızı və Nümayəndə 23 sentyabr 2022-ci ildə saat 12:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. 100 manat məbləğində mediasiya xərci İddiaçı Şahin qızı tərəfindən ödənilmişdir. 02 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 23 fevral 2023-cü il tarixli İddiaçı Şahin qızına məxsus Xırdalan şəhəri 28 məhəllə, ev 7, mənzil 1 ünvanı üçün, natamam görülən təmir işlərinə dair usta rəyindən görünür ki, 50 ədəd astar kiperin qiyməti - 200 manat, 17 ədəd alcipanın qiyməti - 150 manat, 70 metr alcipan profilinin qiyməti - 80 manat, 5 qutu alcipan şurupun qiyməti - 50 manat, 150 metr kabelin qiyməti - 50 manat, 150 metr kabelin qiyməti - 200 manat, 50 metr santexnik borusunun qiyməti - 60 manat, 100 metr isti döşəmənin qiyməti - 130 manat, 60 kisə atsepin qiyməti - 50 manat, fəhlə pulu - 100 manat, 50 kisə styajka və qumun qiyməti - 40 manat və usta pulu 2000 manat olmaqla, görülən təmir işlərinin dəyəri cəmi 3060 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 10/2419 №-li ekspert rəyindən görünür ki,rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Xırdalan şəhəri, 28-ci məhəllədə inşa edilmiş 7 nömrəli evin 1 saylı mənzilin 1 saylı dəhliz, 4 və 5 saylı yaşayış otaqları tikililərinin divarlarına şpaklyovka çəkildiyi, 4 və 5 saylı yaşayış otaqları tikililərinin döşəməsinə sement-qum-çınqıl qarışığından beton (styaşka) töküldüyü, mənzildə yarımçıq vəziyyətdə elektrik və santexnik işlərinin görüldüyü müəyyən edilmişdir. Xırdalan şəhəri, 28-ci məhəllədə inşa edilmiş 7 nömrəli evin 1 saylı mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 3710 manat məbləğində olduğu müəyyən edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 21 dekabr 2021-ci il tarixli 01 №-li “təmir xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmış, cavabdeh iddiaçıya məxsus mənzili təmir etməyi öhdəsinə götürmüş, iddiaçı isə bunun müqabilində cavabdehə əvvəlcədən 20 %, işə başlayandan sonra 60 % və tam təhvil verildikdən sonra 20 % olmaqla, cəmi 11800 manat ödəməyi öhdəsinə götürmüşdür. 05 yanvar 2022-ci il tarixdə həmin podrat müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə ilkin olaraq 7500 manat məbləğində ödəniş edilmişdir. Eyni zamanda iddiaçıya məxsus mənzildə təmir işləri aparılan zaman cavabdeh şirkətin direktoru tərəfindən 14 avqust 2022-ci il tarixdə geri qaytarılmaq şərti ilə 500 manat, 12 sentyabr 2022-ci il tarixdə isə iddiaçıya televizor təhvil veriləcəyi şərtilə 3500 manat pul vəsaiti iddiaçıdan alınmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir; həmin Məcəllənin 386.1ci maddəsinə görə isə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. İşin mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında ilkin olaraq podrat müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, cavabdeh 21 dekabr 2021-ci il tarixli podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi müvafiq qaydada icra etməmişdir. Belə ki, həmin müqavilə ilə cavabdeh mənzilin tam təmir edilməsi öhdəliyini öz üzərinə götürsə də, həmin öhdəliyini pozmuşdur. Bunu iş materiallarına əlavə edilmiş fotoşəkillər və ekspert rəyi də təsdiq edir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə 7500 manat məbləğində ödəniş edildiyi müəyyən edilsə də, məhkəmənin təyin etdiyi məhkəmə-tikinti texniki ekspertizasının rəyi ilə Xırdalan şəhəri, 28-ci məhəllədə inşa edilmiş 7 nömrəli evin 1 saylı mənzilin 1 saylı dəhliz, 4 və 5 saylı yaşayış otaqları tikililərinin divarlarına şpaklyovka çəkildiyi, 4 və 5 saylı yaşayış otaqları tikililərinin döşəməsinə sement-qum-çınqıl qarışığından beton (styaşka) töküldüyü, mənzildə yarımçıq vəziyyətdə elektrik və santexnik işlərinin görüldüyü və həmin işlərin dəyərinin 3710 manat məbləğində olması öz təsdiqini tapmışdır. Belə olan halda 21 dekabr 2021-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş 7500 manat məbləği ilə ekspert rəyi görüldüyü müəyyən edilən işlərin dəyəri olan 3710 manat məbləği arasındakı fərq kimi 3790 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin direktoru tərəfindən iddiaçıdan 14 avqust 2022-ci il tarixdə geri qaytarılmaq şərti ilə 500 manat, 12 sentyabr 2022-ci il tarixdə isə iddiaçıya televizor təhvil veriləcəyi şərti ilə 3500 manat pul vəsaiti alındığı da işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edilən pul məbləğlərinə münasibətdə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmasını məqsədə müvafiq hesab edir. Məhkəmənin qənaətinə görə, “cavabdehin direktoru tərəfindən iddiaçıdan geri qaytarılmaq şərti ilə alınan 500 manat pul məbləğinin cavabdehdən tutulması” tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin borc müqaviləsinə dair müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsinə görə bir tərəf pulu verməli, qarşı tərəf isə həmin pulu qəbul edərək borc verənə qaytarmağı öhdəsinə götürməlidir. Qeyd edildiyi kimi, cavabdehin direktoru Nümayəndə 14 avqust 2022-ci il tarixdə geri qaytarılmaq şərti ilə 500 manat pulu iddiaçıdan aldığı mübahisə mövzusu deyildir. Bunu həmin şəxs tərəfindən tərtib edilmiş, imzalanmış və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş əlyazma da təsdiq edir. Bununla belə həmin pulun iddiaçıya geri qaytarıldığı sübuta yetirilmir. Buna görə də, məhkəmənin qənaətinə görə, həmin məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Cavabdehin direktoru tərəfindən iddiaçıya televizor təhvil veriləcəyi şərti ilə alınan 3500 manat pul vəsaitinin cavabdehdən tutulması” tələbinə gəldikdə isə, məhkəmə hesab edir ki, həmin tələbin hüquqi əsası kimi Mülki Məcəllənin tapşırıq müqaviləsinə dair müddəaları nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 777.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh tapşırıq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi də lazımınca icra etməyərək iddiaçıdan aldığı pulun əvəzində ona alıb verməli olduğu televizoru ona təhvil verməmişdir. Belə olan halda isə, həmin müqavilə üzrə aldığı 3500 manat pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla belə məhkəmə hesab edir ki, iddiaçı cavabdehə (onun direktoruna) verdiyini iddia etdiyi digər pul məbləğlərinə münasibətdə mötəbər sübutlar təqdim etmədiyindən iddia tələbi qalan hissədə əsaslı deyildir və təmin oluna bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının “Cavabdeh MMC-dən onun tərəfindən ödənilmiş 23450 manat məbləğində pul vəsaitinin tutulması” barədə iddiası qismən təmin edilməli, cavabdehdən ümumilikdə 7790 manat (3790 manat + 500 manat +3500 manat) iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumunun 21 manatı, cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməli, o cümlədən ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin 20 manatı cavabdehdən, 30 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə tələb olunan 100 manat mediasiya xərci ilə bağlı isə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi, hazırki mübahisə üzrə tərəflərin ilkin mediasiya sessiyasında iştirak edilməsi məcburi olmamış, iddiaçı öz arzusu ilə bunu etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən mediasiya xərcini tələb etməsi əsassız olduğundan, iddia tələbi bu hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 7790 (yeddi min yeddi yüz doxsan) manat məbləğində pul vəsaiti və 21 (iyirmi bir) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7811 (yeddi min səkkiz yüz on bir) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaitinin 20 (iyirmi) manatı Cavabdehndən, 30 (otuz) manatı isə İddiaçı tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-880/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-880/2023
20.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver