Məhkəmə qərarları › İş №2(001)-8817/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8817/2021

19.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8817/2021 19.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abbasova Günel Məhərrəm qızı, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq, qapısı cavabdeh tərəfindən bərpa edilərək əvvəlki vəziyyətdə təhvil verilməsi və s.” tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq, qapısı cavabdeh tərəfindən bərpa edilərək əvvəlki vəziyyətdə iddiaçıya təhvil verilməsi, cavabdehin qanunsuz sahibliyində olduğu vaxt ərzində yəni, 2021-ci ili oktyabr ayından əmlak boşaldılıb əvvəlki vəziyyətdə təhvil verilənə qədər hər ay 450 manat pulun, pozulmuş hüquqlarının bərpası ilə bağlı xərclənmiş 1100 manat pul və 100 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin formasına və məzmununa əməl edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. - 152-ci maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. - 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Məhkəmə iddia ərizəsində sadalanan iddianın qeyd edilən maddələrə uyğunluğu yoxlayaraq qeyd edir ki, hazırki iddia ərizəsi üç tələbdən ibarətdir. Sadalanan tələblərin ikincisi, yəni “cavabdehin qanunsuz sahibliyində olduğu vaxt ərzində, yəni 2021-ci ilin oktyabr ayından əmlakın boşaldılıb əvvəlki vəziyyəti bərpa edilərək iddiaçıya təhvil verilənə qədər Cavabdeh hər ay 450 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbində iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, iddia ərizəsində əmlakın cavabdeh tərəfindən qanunsuz sahiblikdə olmasının iddiaçıya 2021-ci ilin oktyabr ayında məlum olmuş və həmin vaxtdan qeyd edilmiş şərtlərə uyğun təhvil verilənə qədər cavabdehdən hər ay obyektin ümumi sahəsinə mütənasib olaraq icarə haqqı olan 1800 manatın 450 manatını tələb edir. Lakin iddiaçı 450 manat pul məbləğinin tələb edilmə əsasını əsaslandırmamış, bunu təsdiq edən sübutların siyahısını iddia ərizəsinə əlavə etməmiş, həmçinin ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilməməsini iddia ərizəsində göstərməmişdir. Həmçinin qeyd edilən tələbdə iddiaçı tərəfdən istənilən “icarə haqqı” qeyri-müəyyən müddət üçün - əmlakın boşaldılıb əvvəlki vəziyyəti bərpa edilərək iddiaçıya təhvil verilənə qədər istənilmiş, nəinki birinci tələbin təmin edilməsindən, habelə iddia təmin edildiyi halda onun icra edilməsindən də asılı edilmişdir, yəni tələb qeyri-müəyyən hallardan və məhkəmə qətnaməsi ilə hesablanması mümkün olmayan zaman aralığından asılıdır. Belə olan halda iddianın qiymətləndirilməsi və s. məsələlərin həllində bir sıra çətinliklər yaranır. Bundan başqa Məhkəmə iddia ərizəsinin qiyməti və dövlət rüsumunun ona uyğunluğu və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə edilməsi məsələlərini araşdırıraq qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddia ərizəsinin həqiqi qiymətinə mütənasib deyildir. Belə ki, bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Hazırki iddia ərizəsi üç tələbdən ibarətdir. Onlardan birincisi qiymətləndirilməyən tələb olduğundan Azərbaycan Respublikasının Dövlət X1 8.2 –ci maddəsinin tələbinə əsasən ödənilməli olan dövlət rüsumunun məbləği 100 (bir yüz) manat, ikinci və üçüncü tələb isə müəyyən qiymətə malikdir və buna görə də həmin məbləğlərin cəminə əsasən iddianın tam qiymətini müəyyən etmək mümkün olar. Lakin ikinci tələb, yəni “cavabdehin qanunsuz sahibliyində olduğu vaxt ərzində, yəni 2021-ci ilin oktyabr ayından əmlakın boşaldılıb əvvəlki vəziyyəti bərpa edilərək iddiaçıya təhvil verilənə qədər Cavabdeh hər ay 450 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbi qeyri-dəqiq olduğundan onun dəqiq qiymətini müəyyən etmək mümkün deyil. Məhkəmə əlavə olaraq qeyd edir ki, ikinci tələb qiymətləndirilməyən iddia olsa idi belə, üçüncü tələb, yəni pozulmuş hüquqların bərpası ilə bağlı iddiaçı tərəfindən çəkilmiş xərclər olan 1100 manat tələbi üzrə Dövlət X1 8.1.2–ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumunun məbləği 41 manatdır(30+1100*1%). Yəni iddiaçı tərəfindən ödənilən rüsumun məbləği (100 manat) hər bir halda hazırki iddianın qiymətinə mütanasib deyildir. 152-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forması və məzmununa riayət edilməlidir. Qanunvericiliyin göstərilən tələblərinə riayət edilmədikdə isə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır, ərizənin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər, qərardad ləğv edildikdə isə iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmçinin iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bununla da, məhkəməyə daxil olmuş ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının tələbləri, tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, həmçinin onları təsdiq edən sübutların siyahısı iddia ərizəsində ifadə edilmədiyindən, iddiaçının ondan asılı olmayan hansı səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilməməsi iddia ərizəsində göstərilmədiyindən, həmçinin iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq, qapısı cavabdeh tərəfindən bərpa edilərək əvvəlki vəziyyətdə təhvil verilməsi və s.” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar