Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-882/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi barədə iddia ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə 10 iyul 2020-ci il tarixdə kredit müqaviləsi bağlayaraq 30 ay müddətinə, illik 22 faiz olmaqla 2300 manat məbləğində kredit götürmüşdür. Müqavilənin bitmə müddəti xx.xx.2023-cü il tarixinə müəyyləşdirilmişdir. İddiaçı 8 ay müddətində hər ay 103 manat olmaqla 824 manat ödəniş etmiş, pensiya kartından tutulmalar olmuş, daha sonra pensiya məbləği Kapital Bank tərəfindən verildiyindən tutulmalar dayandırılmışdır. Banka ümumilikdə, 2186 manat borcunun olmasına baxmayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti icra qeydinin verilməsi ilə bağlı Bakı şəhəri 11 saylı Notariat Ofisinə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə həmin ofis tərəfindən icra qeydi verilmiş, icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. İcra qeydində ödənilməmiş 2547 manat 29 qəpik məbləğində pulun tutulması qeyd edilmişdir. İddiaçı icra qeydinin verilməsi barədə yalnız icra şöbəsinə çağırılarkən məlumat almış, ona nə kreditor, nə də ki, notariat ofisindən xəbərdarlıq və bildiriş göndərilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, borcun ödənilməsindən heç vaxt boyun qaçırmayıb. Səhhətində yaranmış müəyyən problemlərə görə borcun ödənilməsi gecikdirilmişdir. Hal-hazırda da borcunu ödəmək fikrindədir, lakin borcu birdəfəlik olaraq ödəyə bilməz. İcra qeydinin ləğvini borcunun ödənilməsi üçün müəyyən vaxt qazanmaq üçün istəyir. Bank tərəfindən bildirişin göndərildiyi ünvanda yaşayır. Bildirişin məzmunu ona aydın olmamışdır. Hesab edir ki, icra qeydinin verilməsi üçün əsas yox idi, Bank müqavilənin müddətinin bitməsinə qədər gözləməli idi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında məhkəməyə bildirdi ki, iddiaçı ona hər hansı bildirişin göndərilməməsini qeyd etsə də, bu həqiqətə uyğun deyil. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə müvafiq bildiriş göndərilmiş və həmin bildiriş İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsən qəbzə imza edilməklə qəbul edilmişdir. Hazırkı vəziyyətdə icra qeydinin ləğvi iddiaçının özünə ziyandır. Belə ki, icra qeydi verildiyinə görə xx.xx.2022-ci il tarixdən faizlərin hesablanması dayandırılıb və icra qeydi ləğv edildiyi təqdirdə keçən aylar üçün də faizlər hesablanacaq. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixədək İddiaçı Banka 1932,55 manat əsas borc və 614,34 manat faiz borcu mövcud olmuşdur (+25,40 dövlət rüsumu üzrə tələb edilən məbləğ). İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bakı şəhəri 11 saylı Notariat Kontorunun İcra qeydində İddiaçı BPM**********64 nömrəli müqavilə üzrə vaxtında ödənilməmiş 2547 manat 29 qəpik məbləğin tutulması qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 850/2022 saylı bildirişdən görünür ki, İddiaçı borcun 20 gün müddətində ödənilmədiyi təqdirdə “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumatlandırılmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən, “ ... borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. ... Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısından görünür ki, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısına aiddir. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Beləliklə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən kredit götürməsi (xx.xx.2020xx.xx.2023), sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ödəniş etməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona xx.xx.2022-ci il tairxə bildiriş göndərilməsi və onun həmin bildirişi xx.xx.2022-ci il tarixdə alması, Bankı xx.xx.2022-ci il tarixdə icra qeydinin verilməsi barədə ərizə ilə notariat ofisinə müraciət etməsi işin mübahisələndirilməyən hallarındandır. Bankn müqavilənin müddətinin bitməsinə qədər gözləməli olmasına dair iddiaçının dəlili qanunvericiliyin tələbləri ilə uyğun gəlmir. Belə ki, o, Banka olan borcunu müddətin sonunda deyil, 30 ay müddətində hər ay ödəməli olması barədə öhdəliyi üzərinə götürmüşdür, Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilmədiyindən, icra qeydi qanuni və əsaslı olmuşdur. Odur ki, iddia əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı vəziyyətdə iddia ərizəsinin təmin edilməsi və icra qeydinin ləğv edilməsi üçün hər hansı qanuni əsas mövcud deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-882/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-882/2023
28.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver