Məhkəmə qərarları › İş №2(001)-886/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-886/2023

02.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-886/2023 02.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borca görə 2720 manat, dövlət rüsumuna görə 49 manat olmaqla cəmi 2769 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı borca görə 2720 manat, dövlət rüsumuna görə 49 manat olmaqla cəmi 2769 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, hərbiçi kimi yüksək pensiya aldığından, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan qardaşı ona maddi köməklik etdiyindən o da, kömək məqsədi ilə ondan borc istəyən şəxslərə borc verir. O, cavabdehi hərbçi kimi tanıdığından, aralarında dostluq münasibəti yarandığından, Beyləqan rayonunda xidmət edərkən cavabdeh ondan dəfələrlə borc alıb qaytardığından o, cavabdehin səmimiliyinə inanaraq cavabdehə 2016-cı il aprel ayında 3000 manat borc vermişdir. Cavabdeh ondan 2016-cı ildə aldığı borcdan 2017-ci ildə 130 manat, 2020-ci ildə 150 manat qaytarsa da, qalan 2720 manatı hazırkı vaxtadək qaytarmamışdır. Cavabdehin ondan borc almasını şahidləri təsdiq edə bilərlər. Cavabdeh aralarında yaranmış dostluq münasibətlərindən sui-istifadə edərək onu aldatmış, qalan 2720 manatı tezliklə qaytaracağı barədə dəfələrlə yalan vədlər verərək aldığı pulu qaytarmamışdır. O, dəfələrlə cavabdehin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, cavabdeh ona cavab verməyərək bilərəkdən yayınmışdır. Sonuncu dəfə o, Abşeron rayon Güzdək qəsəbə ərazisində yerləşən hərbi şəhərciyə gedib cavabdehlə görüşmək istəsə də, cavabdeh bilərəkdən borcu qaytarmamaq üçün onunla görüşməkdən təkrar yayınmışdır. Hazırda cavabdeh yüksək məbləğdə pensiya almasına baxmayaraq ona olan borcunu qaytarmır. Onun cavabdehin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə və cavabdehin oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zənglərinə cavabdeh cavab verilməmiş, o, 2720 manat borcun qaytarılması ilə bağlı həmin nömrələrə sms göndərib borcun qaytarılmasını xahiş etsə də heç bir nəticə əldə etməmişdir. Bu hal smslərin foto çıxarışları ilə təsdiq olunur. Daha sonra o, tanışı Vüqar Qasımovu cavabdehin evinə göndərmiş, həmin vaxt cavabdehin oğlu X10 işləməsini demişdir. Ona görə də, Cavabdeh borca görə 2720 manat, dövlət rüsumuna görə 49 manat olmaqla cəmi 2769 manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil İddiaçı izahatını təsdiq etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı hərbi qulluqçulardan maaş kartını alıb qeyri-rəsmi olaraq sələmə pul verən şəxs kimi tanıyır. Bəzi hərbiçilər sələmi verə bilmədiyi halda iddiaçı sələmin üstünə də sələm gələrək tələb edir. Hərbçilər artıq iddiaçının bu əməllərindən bezmişlər. O, heç vaxt İddiaçı borc almamışdır. Ona pul lazım olsaydı hərbiçilərə güzəştli şərtlərlə kredit verən banklara müraciət edərdi. İddiaçı ona borc vermiş olsaydı onunla müqavilə bağlayar, ya da ki, maaş kartını ondan alardı. Belə ki, maaş kartını almadan İddiaçı heç kimə borc vermir. İddiaçı lisenziyası olmadan sələmə pul verməsinin məsuliyyət yaratmasını bildildiyindən iddia ərizəsində sələmə pul verdiyini qeyd etməmişdir. Sələmə borc verdiyi hərbiçilərin bir neçə nəfəri şəhid olduğundan iddiaçı ala bilmədiyi pullarını borc vermədiyi hərbiçilərdən tələb edir. İddiaçı bir neçə şəxsə qarşı borc tələbinə dair iddia ərizələri ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı onun yüksək pensiya aldığını bilib hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. 2016-cı ildə ona 3000 manat borc verdiyini iddia edən iddiaçının 2022-ci ildə həmin pulu tələb etməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi də, onun tələbinin əsassız olmasını təsdiq edir. O, heç vaxt iddiaçıdan borc almamış, heç vaxt da, borc qaytarmamışdır. Ümumiyyətlə onun kiminsə puluna ehtiyacı olmamışdır. 2022-ci ilin sentyabr ayında o, Laçında olarkən İddiaçı öz dəstəsi ilə onun ailəsinə hədə-qorxu gələrək onun oğlundan telefon nömrəsini almış, həmin şəxslər atası borcunu qaytarmasa başını əzəcəklərini onun oğluna demişlər. Həmin vaxt oğlu qorxusundan keçirdiyi stresə görə 210-220 təzyiqlə xəstəxanaya aparılmışdır. Bundan sonra iddiaçı onun oğlunun telefonuna sms göndərmişdir. İddiaçının şahid qismində məhkəməyə dəvət etdiyi şəxsləri o, tanımır, şahidlərin ifadələrində olan ziddiyyətlər də bir daha iddiaçının tələbinin əsassız olmasını təsdiq edir. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı məhkəməyə təqdim etdiyi fotoşəkildən görünür ki, Samsung markalı telefondan xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə aşağıdakı məzmunda sms göndərilmişdir: “Salam bala. Vəlyəddin dayındır. Beyləqandan. Atana deki zənglərimə niyə cavab vermirsən? Niyə görüşməkdən yayınırsan? Sənə kömək etdiyimə borca pul verdiyimə görə hörmətsizlik edirsən? Atan Emilə deki artıq dərəcədə xahiş edirəm zənglərimə cavab versin və 2720 manat borcunu gətirsin versin. Gözləyirəm.” İddiaçı məhkəməyə təqdim etdiyi fotoşəkildən görünür ki, Samsung markalı telefondan xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə aşağıdakı məzmunda sms göndərilmişdir: “Salam Emil. Vəliyəddin dayındır. Beyləqandan. Zənglərimə niyə cavab vermisən? Niyə görüşməkdən yayınırsan? Sənə kömək etdiyimə, borca pul verdiyimə görə hörmətsizlik edirsən? Səndən artıq dərəcədə xahiş edirəm zenglərimə cavab ver və 2720 manat borcunu gətir ver. Gözləyirəm.” Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, o, N saylı hərbi hissədə xidmət etmiş, 2008-ci ildən etibarən İddiaçı tanıyır. İddiaçıla yaxın münasibətləri olduğundan bilir ki, Vəlyəddin çox adama kömək edib borc vermişdir. Belə ki, uşağı və ya digər ailə üzvü xəstə olan hərbiçilər Vəlyəddinə müraciət edərək borc almışlar. Vəlyəddin borcu faizlə vermir. O, Emili tankçı kimi tanıyır. 2016-cı ilin aprel ayında o, Beyləqanda Vəliyəddinin evinin eyvanında Vəlyəddinlə çay içərkən Emil Vəlyyədinin evinə gəlmiş, Vəlyəddin Emili həyətinin küçəyə açılan qapısının qarşısında qarşılamışdır. Emil getdikdən sonra Vəlyəddin eyvana qayıdaraq Emilin ondan 3000 manat borc istəməsini və o, 3000 manatı Emilə verməsini demişdir. Bundan sonra Vəlyəddin stolun üstündə olan dəftərə Emilə borc verməsi barədə qeyd aparmışdır. Vəlyəddin pulu küçə qapısında verdiyindən o, şəxsən pulun Emilə verilməsi anını görməmiş, Emillə Vəlyəddinin nə danışdıqlarını eşitməmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsi ilə bağlı İddiaçı izahatında göstərmişdir ki, onun evinin eyvanı ilə həyətinin küçə qapısı arasındakı məsafə təxminən 15-20 metr təşkil edir. S.S.Talıbov baxsaydı pulun verilməsi anını görə bilərdi. Həmin gün o, eyvanda Səfa ilə çay içərkən Emil gəlmiş, o, Emili küçə qapısında qarşılamış pulu verdikdən sonra o, S.S.Talıbovun oturduğu eyvana qayıtmış, S.S.Talıbova Emil 10 gün əvvəl ondan borc pul istədiyindən o, pulu tapıb Emilə verdiyini demiş və verdiyi borc barədə 3-4 nəfərin adı olan borc dəftərində qeyd aparmışdır. Həmin vaxt o, Emilə borc dəftərində imza etdirməmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o, 20 ilə yaxındır Vəlyəddini Beyləqan sakini kimi tanıyır, yaxın münasibətləri vardır. Əvvəllər hərbiçi olan Vəlyəddin hazırda təqaüddədir. Cavabdeh o, 1-2 dəfə gördüyündən tanıyır. Təxminən Cavabdeh 2017-ci ilin may ayında Vəlyəddinin evinə gəlmiş, həmin vaxt X6 evin həyətində ondan 2-3 metr aralıda dayanıb söhbət etdiklərindən o, küçə qapısına tərəf olan istiqamətdə dayanıb gözləmiş, həmin vaxt Cavabdeh həyətə daxil olmuş, Vəlyəddin Cavabdeh yaxınlaşmış, Cavabdeh ehtiyacının olmasını, tez bir zamanda qaytaracağını deyib borc istəmiş, Vəlyəddin evinə gedib, qayıtdıqdan sonra onun yanında həyətdə sayaraq Cavabdeh 3000 manat borc vermişdir. Bütün bu vaxt ərzində Səfa Talıbov evin eyvanında oturub çay içməmiş, həyətdə dayanaraq Vəlyəddini gözləmiş, Vəlyəddin pulu verdikdən sonra heç bir qeyd aparmamış, İbadovdan sonra, Talıbov da getmişdir. 2020-ci ildə Cavabdeh onun yanında Vəlyəddinin evində aldığı borcdan 150 manatı Vəlyəddinə qaytarmışdır. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, o, Vəlyəddini 2009-cu ildən Beyləqan rayonundan tanıyır. Hərbiçi kimi Vəlyəddinin evinə gedib-gəlir. 2020-ci ilin yay fəslində, iyul-avqust aylarında Vəlyəddin Bakı şəhərinə gəlmişdir. Həmin vaxt ona məxsus avtomobildə Vəlyəddin Emillə söhbət edərkən, ona Emilin Vəlyəddindən 3000 manat borc alması məlum olmuşdur. Onun avtomobilində Emil borcundan Vəlyəddinə 130-150 manat qaytarıb qalan məbləği də qaytaracağını demişdir. X9 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində İddiaçı Beyləqan rayonunda hərbi qulluqçulara qeyri-rəsmi, sələmə pul verərək əvəzində maaş kartlarını almasını, borc müqaviləsi bağlamasını, özünün də İddiaçı dəfələrlə sələmə pul götürməsini, pulun məbləğindən asılı olmayaraq İddiaçı məcburi qaydada ondan maaş kartını götürərək borc müqaviləsi bağlamasını, Cavabdeh heç vaxt İddiaçı borc almadığını göstərmişdir. İddiaçı Əzizov X1 Ruslan Əli oğlunun ərizəsi ilə bağlı izahatında göstərmişdir ki, o, Ruslan adlı iki nəfəri tanıyır. Ruslanın birinə həyat yoldaşının müalicəsi ilə bağlı borc verərək köməklik etmiş, ikinci Ruslanı isə dələduz kimi tanıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). İddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehə 2016-cı ilin aprel ayında 3000 manat borc verdiyini, həmin məbləğin bir hissəsinin cavabdeh tərəfindən qaytarıldığını, borc qalığının 2720 manat olmasını iddia etsə də, iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə iddiaçının yazdığı smslərlə bağlı qeyd edir ki, iddiaçı istədiyi nömrəyə, istədiyi məzmunda sms yazmaq imkanı olduğundan bu hal borcun verilməsi və qaytarılmaması faktını təsdiq edə biləcək sübut növü kimi qiymətləndirilə bilməz. Məhkəmə iddiaçının vəsatəti əsasında dindirilən şahid ifadlərinə münasibət bildirib qeyd edir ki, bir-biri ilə zidiyyətli ifadələr verən, iddiaçının sözlərindən borc verilməsi faktını bilən, borcun alındığı, qaytarıldığı vaxtları dəqiq bilməyən, uzun müddət iddiaçı ilə yaxın münasibətlərdə olan şahidlərin ifadələri iddiaçının cavabdehə borc verməsi faktını müəyyən edə biləcək mötəbər sübut növü olaraq qəbul edilə bilməz. Bundan başqa özünə yaxın şəxslərin yanında cavabdehə borc verən və ya verdiyi borcun bir hissəsini geri alan iddiaçı bu müddət ərzində borc müqaviləsini sadə yazılı formada tərtib etmək imkanı da olmuşdur. Belə ki, iddiaçının özünün də izahatı ilə müəyyən olunmuşdur ki, o, müxtəlif şəxslərə borc verməklə məşğuldur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə borc verməsi faktı öz təsdiqini tapmadığından iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı borca görə 2720 manat, dövlət rüsumuna görə 49 manat olmaqla cəmi 2769 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar