Məhkəmə qərarları › İş №2(001)-892/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-892/2021

25.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-892/2021 25.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilmiş pulun qaytarılması və ya telefonun yenisi ilə əvəz edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-yə ödənilmiş 260 manat məbləğində pulun ona qaytarılması və ya eyni markalı yeni telefonun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “İddiaçı iddianı müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Baku Electronics” MMC-nin nümayəndəsi X2 iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi telefon aparatı nisyə alqısatqı müqaviləsinə əsasən qüsursuz halda ona təqdim edilmiş, yalnız 9 aydan sonra iddiaçı onlara müraciət edərək, telefonun işləmədiyini bildirmiş və yaranmış qüsurların aradan qaldırılmasını xahiş etmişdir. Bununla bağlı həmin telefon aparatına texniki baxış keçirilmiş və telefonun mexaniki təsir nəticəsində deformasiyaya uğradığı müəyyən edilmişdir. Mexaniki təsir nəticəsində yaranan qüsurlar isə zəmanət şərtlərinə daxil deyil. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verib, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 14.10.2019-cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən iddiaçı cavabdehdən 12 ay müddətinə ayda 28 manat (sonuncu ay 27 manat) ödəmək şərti ilə ümumi qiyməti 335 manat olan **********23003 İMEİ kodlu “Mobile Huawei” 32 GB Black markalı telefonu nisyə almışdır. Həmin telefon aparatı cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş, həmçinin bu əşyanın keyfiyyəti üçün 1 illik qarantiya müddəti müəyyən edilməklə ona bu barədə zəmanət talonu verilmişdir. Bundan bir neçə ay sonra iddiaçı cavabdehə müraciət edərək, telefonun işləmədiyini bildirmiş və yaranmış qüsurların aradan qaldırılmasını tələb etmişdir. Bununla bağlı cavabdehə bu sahədə xidmət göstərən "xxxx" MMC tərəfindən həmin telefona keçirilmiş texniki baxış nəticəsində telefonun mexaniki təsir aldığı və deformasiyaya uğradığı müəyyən edilmiş, eyni zamanda mexaniki təsir nəticəsində yaranan qüsurların zəmanət şərtlərinə daxil edilmədiyi qeyd edilərək, bu barədə rəy verilmişdir. İddiaçı qeyd edilən rəylə razılaşmır, telefon aparatına hər hansı mexaniki təsirin göstərilmədiyini, telefon aparatının istehsalçı qüsuru səbəbindən işləmədiyini iddia edir və həmin əşyaya görə tərəfindən ödənilmiş pul məbləğinin geri qaytarılmasını və ya əşyanın yenisi ilə əvəz edilməsini tələb edir. Məhkəmənin müvafiq qərardadının icrası qaydasında "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən telefon aparatına keçirilmiş baxış nəticəsində onda mexaniki təsir (telefonda deformasiya, əsas platada qoruyucuda əzik), habelə daxilində maye izləri aşkar edilmiş və bu barədə texniki rəy tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur; 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır; 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir; 586.1-ci maddəsinə əsasən qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər; 586.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır; 586.3-cü maddəsinə əsasən əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bu baxımdan iddiaçı cavabdeh tərəfindən ona keyfiyyəti nisyə alqı-satqı müqaviləsinə uyğun gəlməyən, qüsurlu əşyanın verildiyini sübut etməli idi. Lakin iddiaçı bunu iddia etsə də, tələbini təsdiq edən nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə cavabdehə bu sahədə xidmət göstərən "xxxx" MMC tərəfindən həmin telefona keçirilmiş texniki baxış nəticəsində telefonun mexaniki təsir aldığı və deformasiyaya uğradığı müəyyən edilmişdir. Həmçinin, məhkəmənin müvafiq qərardadının icrası qaydasında "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən telefon aparatına keçirilmiş baxış nəticəsində onda mexaniki təsir (telefonda deformasiya, əsas platada qoruyucuda əziz), habelə daxilində maye izləri aşkar edilmişdir. Başqa sözlə, cavabdeh tərəfindən iddiaçıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gəlməyən, yəni keyfiyyətsiz əşya verilməmiş, əşyada hazırda mövcud olan nasazlıqların isə istehsal qüsuru hesab edilməsi üçün hər hansı hal müəyyən edilməmişdir. Hər bir halda, iddiaçı həmin əşyadan 9 aydan artıq müddət ərzində istifadə etmiş və həmin vaxt ərzində ondan olan hər hansı nasazlıqdan şikayət etməmişdir. Mövcud olan sübutlar isə əksinə həmin cihazda olan nasazlıqların mexaniki təsir (daxilində maye də aşkar edilmişdir) nəticəsində yaranmasını təsdiq edir. Bu da öz növbəsində həmin əşyada olan nasazlığın iddiaçının ondan düzgün istifadə edilməməsi nəticəsində yaranmasına dəlalət edir. Bu da öz növbəsində iddianın rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilmiş pulun qaytarılması və ya telefonun yenisi ilə əvəz edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilmiş pulun qaytarılması və ya telefonun yenisi ilə əvəz edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar