Məhkəmə qərarları › İş №2(001)-8921/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8921/2021

26.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8921/2021 26.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 985 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir; Həmin Məcəllənin 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində cavabdehin rəsmi qeydə alındığı ünvanı göstərərək, cavabdehin hazırda həmin ünvanda yaşamadığını qeyd etmişdir. Belə olan halda isə, iddiaçı mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehin həm yaşayış yerinin həm də olduğu yerin ünvanını (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) tam şəkildə iddia ərizəsində göstərməlidir. Belə ki, iddia ərizəsində cavabdehin ünvanının düzgün göstərilməsi iddiaçının vəzifəsidir və düzgün ünvan göstərilmədikdə, çəkişmə prinsipinə əməl edilməsi üçün iddia ərizəsinin surətinin cavabdehə göndərilməsi qeyri-mümkün olur. Bundan başqa, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi cavabdehin əvəzinə zamin kimi “Merkuri” Bank Olmayan Kredit Təşkilatına ödədiyi 985 manat pulun iddiaçıdan tutulması olsa da, lakin iddiaçı zaminliklə bağlı sübutların siyahısını iddia ərizəsində göstərməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən iddia ərizəsində ondan asılı olmayan səbəblərə görə bununla bağlı sübutu iddia ilə birgə təqdim edə bilməməsi də göstərilməmişdir. Bunlardan əlavə, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməli olsa da, iddiaçı tərəfindən mülki prosessual qanunvericiliyinin bu tələbinə də riayət edilməmiş, ərizəyə əlavə edilmiş sənədlərin surətləri əlavə edilməmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etməlidir. Bu isə o halda mümkündür ki, iddiaçı cavabdehə qarşı öz tələbininin əsası kimi istinad etdiyi faktı və halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, cavabdehin həm yaşayış yerinin həm də olduğu yerin ünvanını (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstəməklə, habelə iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətlərini cavabdehə təqdim edilməsi üçün əlavə etməklə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar