Məhkəmə qərarları › İş №2(001)-8924/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8924/2021

26.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8924/2021 26.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Binəqədi rayonu Enerji Təchizatı və Satış İdarəsinə qarşı “elektrik dirəyinin yerinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Binəqədi rayonu Enerji Təchizatı və Satış İdarəsinə qarşı “elektrik dirəyinin yerinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evinin qaraj qapısının qarşısına qonşusu X1 qeyri-qanuni basdırdığı köhnə dəmir dirəyinin çıxarılıb yerinin dəyişdirilməsi barədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qaldırdığı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edildiyinə görə ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir; 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir; 151.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İlk növbədə qeyd edilməlidir ki, iddia ərizəsinin giriş hissəsində iki cavabdeh - "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Binəqədi rayonu Enerji Təchizatı və Satış İdarəsi qeyd edilsə də, tələbdə cavabdeh Binəqədi rayonu Enerji Təchizatı və Satış İdarəsinə qarşı ümumiyyətlə hər hansı tələb irəli sürülməmiş, bununla yanaşı iddia ərizəsinin “xahiş edirəm” hissəsində cavabdeh qismində cəlb edilməyən başqa şəxsə, yəni X2 qarşı tələb yönəldilmişdir. Bununla da, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbləri pozulmuşdur. Eyni zamanda iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməli olsa da, lakin iddiaçı tərəfindən mülki prosessual qanunvericiliyinin bu tələbinə də riayət edilməmiş, ərizəyə əlavə edilmiş sənədlərin surətləri əlavə edilməmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etməlidir. Bu isə o halda mümkündür ki, iddiaçı hər bir cavabdehə qarşı öz tələbini konkret olaraq iddia ərizəsində göstərsin və öz tələblərinin əsası kimi istinad etdiyi faktı və halları təsdiq edən sübutlar iddia ərizəsinə əlavə etsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Binəqədi rayonu Enerji Təchizatı və Satış İdarəsinə qarşı “elektrik dirəyinin yerinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar