Məhkəmə qərarları › İş №2(001)-895/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-895/2021

10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-895/2021 10.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh “Cavabdeh” MMC-nin etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh” MMC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” MMC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətindən ona dəymiş maddi zərərin əvəzi olaraq 2040 (iki min qırx) manat, mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu – cəmi 4070 (dörd min yetmiş) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təərfindən “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1 ədəd noutbukun gətirilməsini sifariş vermişdir. Lakin həmin sifariş indiyədək gətirilməmişdir. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən öz öhdəliklərinə əməl edilməmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində ona 2040 manat maddi ziyan dəymişdir. Cavabdehin bu hərəkətləri nəticəsində ona mənəvi zərər də dəymiş, nəticədə onda həyəcan baş vermiş, mənəvi sarsıntılar keçirtmişdir. Ona görə də hesab edir ki, cavabdehdən dəymiş zərərə görə 2000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Qeyd olunanlara əsasən cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətindən ona dəymiş maddi zərərin əvəzi olaraq 2040 (iki min qırx) manat, mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu – cəmi 4070 (dörd min yetmiş) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçı malı sifariş etdikdən sonra “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə bəyan etmiş, mal gəlmədiyinə görə həmin bəyanı silmişdir. Malın çatdırıldığı ünvan “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanıdır. Orada müxtəlif işçilər var və onlar dəyişir. Malı təhvil alan şəxsin adı Poedir. Məhkəmə iclasında cavabdeh “Cavabdeh” MMC-in etibarnamə əsasında nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının sifariş verdiyi noutbuk onların şirkətinin əməkdaşına təqdim edilməmişdir. Sənədlərdən görünür ki həmin sifariş Poe adlı şəxsə təqdim edilir, onların isə Poe adlı əməkdaşları yoxdur. Cavabdeh kuryer xidməti göstərən şəxsdir və iddiaçıya məhsul satmamışdır. Alınmış məhsulun cavabdehin anbarına çatdırılması üçün məsliyyəti satıcı firma daşıyır. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdeh “Cavabdeh” MMC müvafiq lisenziya əsasında poçt daşıma xidməti həyata keçirən şəxsdir, yəni daşıyıcıdır. İddiaçı isə onlayn qaydada fəaliyyət göstərən satıcı şirkətlərin göstərdiyi xidmətlərdən yararlanan fiziki şəxsdir, yəni istifadəçidir (alıcıdır). Təqdim edilmiş veb portaldan çıxarışlara əsasən göndərici şirkət (satıcı firma) qismində isə “Amazon.com” onlayn satış platforması çıxış etmişdir. Satın alınmış məhsul isə bir ədəd notebookdan ibarət olmuşdur. İddiaçı bildirir ki, göndərici şirkətdən satın aldığı bir ədəd notebookun çatdırılmamasına görə məsuliyyəti cavabdeh “Cavabdeh” MMC, yəni poçt daşıma xidməti həyata keçirən daşıyıcı daşıyır və ona dəymiş ziyan daşıyıcıdan tutulmalıdır. Cavabdehin nümayəndəsi isə iddianı qəbul etmir və bildirir ki, satın alınmış bir ədəd notebook göndərici şirkətdən onlara təqdim edilməmişdir. Məhsulun anbara təqdim edilməməsinə görə isə cavabdeh məsuliyyət daşımır. İşin mübahisəsiz digər hallarına əsasən daşıyıcı “Cavabdeh” MMC satıcı firma deyil və heç bir satış xidməti göstərmir. Göndərici Şirkətdən sifariş xidmətinin çatdırılma prosesi üçün komissiya alır, habelə göndərən şirkət (satıcı firma) tərəfindən malın onun anbarına çatdırılması vaxtına görə heç bir məsuliyyət daşımır. Məhkəmə baxılan işlə bağlı, ilk növbədə, iddiaçı tərəfindən Mülki Məcəllənin istinad edilmiş öhdəlik və öhdəliklərin icrası ilə bağlı normalarına nəzər salınmasını zəruri hesab edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. İşin təsvir edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, iddiaçı ilə cavabdeh arasında bir ədəd notebookun alınmasına dair nə müqavilədən əmələ gələn, nədə ki, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklər əsasında heç bir öhdəlik münasibətləri yaranmamışdır. İddiaçı sözügedən əşyanı cavabdehə aid olmayan satıcı firmadan almış, satıcı firma tərəfindən mal poçt daşıma xidməti həyata keçirən cavabdehin anbarına çatdırılmadığından onun iddiaçıya təhvil verilməsi mümkün olmamışdır. İddiaçı isə mövcud vəziyyətdə, yəni məhsul göndərilmədiyindən ödədiyi məbləğin geri qaytarılmasını göndərici şirkətdən (satıcı firmadan) tələb etmək əvəzinə, daşıma xidməti həyata keçirən cavabdehdən tələb etmişdir. Məhkəmə iddiaçının bu mövqeyini əsaslı hesab etmir və qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması sübut olunmadığından iddiaçının cavabdehdən ona dəymiş maddi və bununla bağlı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da yaranmamışdır. Məhkəmə həmçinin nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” MMC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik еdən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar