Məhkəmə qərarları › İş №2(001)-895/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-895/2025

27.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-895/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “özəlləşdirmə üçün zəruri sənədlərin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “özəlləşdirmə üçün zəruri sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 174 (yeni ünvan 610-624) ünvanında yerləşən çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 2 otaqlı ümumi sahəsi oxdan oxa 69,3 kv.m olan 199 saylı təmirli mənzilə dair maliyyə arayışının və yaşayış sahəsi üçün bağlanmış müqavilənin və qarajın üst mərtəbəsində girişi-çıxışı A.M.Şərifzadə küçəsinə baxan hissədən 30,0 kv.m olan qeyri-yaşayış sahəsinə (8 və 9 oxlarının kəsişməsində olan 30,0 kv.m sahə) dair maliyyə arayışının, qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilənin və layihənin təsdiqlənmiş surətinin (mərtəbəlilik planı) verilməsi vəzifəsinin Cavabdeh MMCnin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, (“Əmlak mülkiyyətçisi”) Cavabdeh MMC ("xxxx") ilə həmin MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsindən sahəsi oxdan oxa 69,3 kv.m olan 2 otaqlı 199 saylı mənzilin tikilərək təmirli halda istifadə və sahibliyinə verilməsi haqqında 17 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunda təsdiqlənmiş yazılı müqavilə bağlamışdır. Müqavilənin 1.1.1-ci bəndinə əsasən, o, mülkiyyətində olan və yaşadığı xx.xx.2012-ci il tarixində ********** qeydiyyat və **********77 reyestr nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX №0035931 saylı Çıxarış”la ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 174 (yeni ünvan 610-624) saylı evin 4-cü girişindəki ümumi sahəsi 65,0 kv.m olan 3 otaqlı 43cü mənzilini sökmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "xxxx" tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün 20% əlavə olmaqla 3 otaqlı, ümumi sahəsi 78,0 kv.m olan təmirli mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1.2-ci bəndinə əsasən, Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 174 (yeni ünvan 610-624) ünvanında yerləşən ona məxsus olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada hər iki tərəfin qarşılıqlı razılaşmasına əsasən 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 2 otaqlı ümumi sahəsi oxdan oxa 69,3 kv.m olan 199 saylı təmirli mənzili və qarajın üst mərtəbəsində girişi-çıxışı A.M.Şərifzadə küçəsinə baxan hissədən 30,0 kv.m olan qeyri-yaşayış sahəsini (8 və 9 oxlarının kəsişməsində olan 30,0 kv.m sahə) onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 174 (yeni ünvan 610-624) ünvanında müqavilədə nəzərdə tutulan bina inşa edilmiş və sakinlərin istifadə və sahibliyinə verilmişdir. O, mənzilini özəlləşdirmək istəyir, müqavilədə nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələri onun sahiblik və istifadəsinə verilsə də, həmin yaşayış və qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üçün zəruri sənədləri ona verməkdən qəti imtina edir. Bununla da Cavabdeh MMC müqavilə öhdəliklərini birtərəfli qaydada yerinə yetirmir. İmtinanın səbəbini onunla izah edir ki, mənzillər istifadəyə verildikdən sonra tərəfindən kommunal xərclər "xxxx" MMC-yə ödənilməmişdir, həmin kommunal xərclər ödənildikdən sonra maliyyə arayışı veriləcəkdir. Yaşayış binasının sakinlərinin Cavabdeh MMC ilə kommunal xidmətlər göstərilməsi barədə müqavilələri yoxdur, Cavabdeh MMC-nin əməkdaşları özbaşına olaraq binanı onların inşa etdiyini səbəb gətirərək kommunal xidmətlərin də onlara ödənilməsini tələb edirlər. O, aralarında belə bir müqavilə olmadığı üçün kommunal xidmətlərə görə haqq ödəmir. Cavabdeh MMC-nin müqavilədə nəzərdə tulmuş yaşayış və qeyri-yaşayış sahələrinə dair maliyyə arayışını ona verməkdən imtina etməsi mülkiyyət hüquqlarını pozur. Cavabdehdən bu hərəkətlərə son qoyulmasını tələb etsə də, oavabdeh hərəkətsizlik nümayiş etdirərək maliyyə arayışını təqdim etməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin öhdəsinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra etmiş, lakin həmin müqavilədə nəzərdə tutulmuş Cavabdeh MMC tərəfindən üzərinə götürdüyü vəzifələri birtərəfli qaydada yerinə yetirməmiş və yerinə yetirməkdən imtina edir. Cavabdeh MMC müqavilə öhdəliklərini birtəfərli qaydada yerinə yetirməkdən imtina etdiyi üçün cəmiyyətin həmin hərəkətləri qanunsuz sayılmaslı və onun sahiblik və istifadəsinə verilmiş yaşayış və qeyri-yaşayış sahələrinə dair hər hansı borcunun olmaması barədə maliyyə arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddiaçının cavabdehə 1500 manat məbləğində kommunal xərclərə görə borcu vardır. Həmin borcu ödədiyi halda sənədlər ona təqdim olunacaq. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı (“Əmlak iştifadəçisi”) ilə Cavabdeh ("xxxx") arasında bağlanmış xx.xx.2017ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilənin 1.1.1-ci bəndinə əsasən “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən xx.xx.2012-ci il tarixində, ********** qeydiyyat və **********77 reyestr nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №0035931 saylı Çıxarış” ilə öz mülkiyyətində olan ünvan 3 ünvanında 4-cü blokda ümumi sahəsi 65.0 kv.m olan 3 otaqlı 43 saylı mənzilini sökmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "xxxx" tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün 20% əlavə olmaqla 3 otaqlı, ümumi sahəsi 78.0 kv.m olan təmirli mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1.2-ci bəndinə əsasən "xxxx" Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 (yeni ünvan 610-624) ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada hər iki tərəfin qarşılıqlı razılaşmasına əsasən 3-cü blok, 11-ci mərtəbədə yerləşən 2 otaqlı ümumi sahəsi oxdan oxa 69.3 kv.m olan 199 saylı təmirli mənzili və qarajın üst mərtəbəsində girişi-çıxışı A.M.Şərifzadə küçəsinə baxan hissədən 30.0 kv.m olan qeyri-yaşayış sahəsini (8 və 9 oxları ilə A və B oxlarının kəsişməsində olan 30.0 kv.m sahə) “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 43 saylı mənzil xüsusi mülkiyyət kimi xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2-ci maddəsinə əsasən bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı və cavabdeh arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh tərəfindən öhdəliklər qismən yerinə yetirilmişdir. Belə ki, müqavilə üzrə cavabdeh tərəfindən mənzil və qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilsə də, həmin əmlaklarla bağlı sənədlər iddiaçıya təqdim olunmamışdır. Belə olan halda da, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməyə haqlı olmuşdur. Həmçinin məhkəmə iddianın yaşayış sahəsi üçün bağlanmış müqavilənin və qeyriyaşayış sahəsinə dair bağlanmış müqavilənin və layihənin təsdiqlənmiş surətinin (mərtəbəlilik planı) verilməsi hissəsində hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən hazırkı mülki iş üzrə iddia ərizəsinə qeyd olunan müqavilənin surəti əlavə edilmişdir. Bundan da görünür ki, iddiaçı tərəfindən tələb etdiyi müqavilə iddiaçının özündə məxsusdur, yəni müqavilə ona təqdim olunmuşdur. Belə olan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 174 (yeni ünvan 610-624) ünvanında yerləşən çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 2 otaqlı ümumi sahəsi oxdan oxa 69.3 kv.m olan 199 saylı təmirli mənzilə dair və qarajın üst mərtəbəsində girişi-çıxışı A.M.Şərifzadə küçəsinə baxan hissədən 30,0 kv.m olan qeyri-yaşayış sahəsinə (8 və 9 oxlarının kəsişməsində olan 30,0 kv.m sahə) dair maliyyə arayışlarının və həmin qeyri-yaşayış sahəsinə dair layihənin təsdiqlənmiş surətinin (mərtəbəlilik planı) verilməsi iddiaçıya təqdim edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 174 (yeni ünvan 610-624) ünvanında yerləşən çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 2 otaqlı ümumi sahəsi oxdan oxa 69.3 kv.m olan 199 saylı təmirli mənzilə dair və qarajın üst mərtəbəsində girişi-çıxışı A.M.Şərifzadə küçəsinə baxan hissədən 30,0 kv.m olan qeyri-yaşayış sahəsinə (8 və 9 oxlarının kəsişməsində olan 30,0 kv.m sahə) dair maliyyə arayışlarının və həmin qeyri-yaşayış sahəsinə dair layihənin təsdiqlənmiş surətinin (mərtəbəlilik planı) verilməsi İddiaçı təqdim edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar