Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-900/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanuni sahibliyin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanuni sahibliyin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 2002-ci il tarixdə Vergilər Nazirliyinin yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır. xx xxxxxx 2004-cü il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamədə vergi ödəyicisi qrafasında İddiaçı MMC qeyd olunmuşdur. İddiaçı MMC-nin təsisçisi X3 və xx xxxx 2013-cü il tarixdən etibarən direktor vəzifəsində X1 fəaliyyət göstərir. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında yerləşən İddiaçı MMC-nin mülkiyyətində olan 8 bloklu, 291 mənzildən ibarət olan çoxmərtəbəli yaşayış binaları 2011-ci il tarixdə tikilmiş və bir müddətdən sonra mənzillərin satışına başlanmışdır. Həmin vaxtda mənzillərin bütün kommunal məsələləri həll olunmuş və daxili xəttləri çəkilmişdir. 2015-ci ildə İddiaçı MMC-nin təsisçisi X3 məhkəmənin müvafiq hökmü ilə həbs edilmiş və cavabdehlər bundan fürsət taparaq MMC-nin idarəetməsini qanunsuz olaraq (zorakılıqla) ələ keçirmişlər. Həmçinin cavabdehlər qeyri-qanuni olaraq “İddiaçı-A” MMC yaratmış və həmin vaxtdan günü bü günə qədər qeyri-qanuni fəaliyyət göstərirlər. Binanın sakinlərindən qanunsuz olaraq kommunal ödənişlər cavabdehlər tərəfindən yığılmışdır. Cavabdehlər iddia ərizəsinə yazılı etirazlarını Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində İddiaçı MMC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı “əmlakın qanunsuz sahiblikdən alınması və qanunsuz müdaxilənin qadağan olunması” tələbinə dair iddiasına artıq bir dəfə baxılaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(001)-6475/2019 saylı qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanda yerləşən həmin mənzilə dair iddiaçı MMC-nin iddiası rədd edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının nümayəndəsi heç bir məhkəmə iclasına gəlməmiş, lakin Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh1 vəkili Vəkil2 işə mahiyyəti üzrə baxılaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə görə, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında qərarında göstərilmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır”. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehlər tərəfindən qanuni sahibliyinin pozulmasını iddia etdiyi halda, bunu sübut etməli idi. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6475/2019 saylı qətnaməsində də göstərilmişdir ki, “ ... iddiaçı cavabdehlərin şirkət yaradaraq, binanın idarəçiliyini ələ keçirdiklərini, onlara məxsus əmlakı mənimsədiklərini, iddiaçının əməkdaşlarını təhdid və təhqir etdiklərini, iddiaçıya külli miqdarda zərər vurduqlarını, iddiaçının qanuni fəaliyyətinə maneəçilik göstərdiklərini, binada qanunsuz olaraq tikinti-quraşdırma işləri apardıqlarını sübut etməli idi. Lakin iddiaçı bu halları təsdiq edən nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut məhkəməyə təqdim edə bilməmiş, hansı formada həyata keçirilən idarəçiliyin hansı qaydada ələ keçirilməsi, habelə hansı qanuni fəaliyyətə və nə formada maneəçilik göstərilməsi, ümumiyyətlə cavabdehlərin bu istiqamətdə hərəkətlərinin nədən ibarət olması, habelə maddi ziyanın hansı əmlaka, hansı formada və məbləğdə vurulması, cavabdehlər tərəfindən hansı növ tikinti-quraşdırma işlərinin aparıldığı- barədə məlumat verə bilməmişdir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanuni sahibliyin bərpa edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-900/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-900/2021
06.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver