Məhkəmə qərarları › İş №2(001)-901/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-901/2023

09.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-901/2023 09.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçılar İddiaçı2 (həm də digər İddiaçı1 nümayəndəsi – oğlu) və İddiaçı3 iştirakı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 09 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə iddiaçılar kimi Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin onların paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, 4a saylı evin 4 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, iddia ərizəsində göstərilən mənzil paylı mülkiyyət hüququ əsasında 2/4 hissədə anası İddiaçı1, ¼ hissədə ona və ¼ hissədə qardaşı İddiaçı3 məxsusdur. Mənzil əvvəllər atası Səfər İsgəndərovun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, sonradan atası vəfat etmiş, mənzil vərəsəlik yolu ilə iddiaçıların mülkiyyətinə keçmişdir. Cavabdeh onun bacısıdır. Cavabdeh onlarla birlikdə həmin mənzildə doğulmuş, orada yaşamışdır. 09 mart 2015-ci il tarixdən Zöhrə həyat yoldaşı ilə Almaniya Federativ Respublikasına köçmüş, həmin vaxtdan iddia ərizəsində göstərilən mənzildə yaşamamış, istifadə etməmişdir. Mənzildə cavabdehə aid heç bir əşya yoxdur. Atasının vəfat etməsi ilə açılmış vərəsəlik işində Zöhrə miras payın özünə çatan hissəsindən anasının, yəni hazırki iş üzrə İddiaçı1 xeyrinə imtina etmişdir. Artıq uzun müddətdir ki, cavabdeh bu mənzildə yaşamır, o, əlavə kommunal ödənişlər etməli olur. Sonda İddiaçı2 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 digər İddiaçı2 izahatına uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin qeydiyyat ünvanı üzrə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 8-ci mkr., 4a saylı evin 4 saylı mənzili 28 mart 2022-ci il tarixdə 2/4 hissədə İddiaçı1, ¼ hissədə İddiaçı3, ¼ hissədə İddiaçı2 paylı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 26 aprel 2022-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 8-ci mkr., 4a saylı evin 4 saylı mənzilində qeydiyyatdadır. - 18 mart 2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 04 aprel 2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri – arvadı İddiaçı1, oğlu İddiaçı2, oğlu İddiaçı3 və qızı Cavabdeh hər biri miras əmlakdan ¼ hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,8 kv.metr, yaşayış sahəsi 38,78 kv.metr, yardımçı sahəsi 30,02 kv.metr olan 3 otaqlı mənzildən ibarətdir. - 18 mart 2022-ci il tarixli “miras payın bağışlanması müqaviləsi”ndən görünür ki, Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, 4a saylı evin 4 saylı mənzilindən vərəsəlik yolu ilə ona çatan payını anası İddiaçı1 bağışlamış, müqavilənin bağlanmasında Cavabdeh tərəfindən Almaniya Federativ Respublikasından göndərilmiş etibarnamə əsasında X3 iştirak etmişdir. - Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 106 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş 20 dekabr 2022-ci il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh 03 sentyabr 2015-ci il tarixdən 8-ci kmr., S.S.Axundov küçəsi, ev 4a, mənzil 4 ünvanında yaşamır. - “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh 03 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasını hava sərhəddi ilə tərk etmişdir. Geri qayıtmasına dair qeyd müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən edilən hallarına görə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, 4a saylı evin 4 saylı mənzil əvvəllər Səfər İsgəndərovun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, sonradan onun ölümündən sonra mənzil vərəsəlik yolu ilə paylı mülkiyyət hüququ əsasında 2/4 hissədə İddiaçı1, ¼ hissədə İddiaçı2 və ¼ hissədə İddiaçı3 məxsusdur. Cavabdeh 2015-ci ilədək həmin mənzildə yaşamış, ailə qurduqdan sonra oradan kömüşdür. Eyni zamanda həmin mənzildən ona çatası miras payının ¼ hissəsini anası İddiaçı1 bağışlamışdır. Göründüyü kimi cavabdehin sözügedən mənzilə dair istifadə hüququ mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, qeyd olunan müddəaların tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququ 2000-ci ildən əvvəl yarandığından 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Cavabdehin 2015-ci ildən yəni altı aydan artıq mübahisəli mənzildə yaşamaması, habelə artıq yeni mülkiyyətçilərlə mənzildən istifadəyə dair heç bir yazılı razılaşmanın olmaması işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, 4a saylı evin 4 saylı mənzilindən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar