Məhkəmə qərarları › İş №2(001)-902/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-902/2023

17.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-902/2023 17.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi (oğlu) X16, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisinin vəkili X19 iştirakı ilə İddiaçı Cavabdeh1 və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, 4 saylı evin 78 saylı mənzilinə dair X23 tərəfindən Bakı şəhəri 11 saylı notariat ofisində 12 sentyabr 2020-ci il tarixdə verilmiş, 2V-83 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi ev 4, 78 saylı mənzil iddiaçının atası X13 mülkiyyətində olmuşdur. Bakı şəhər 11 saylı Notariat Ofisi tərəfindən 12 sentyabr 2020-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən X23 bütün əmlakını nəvəsi Cavabdeh1 bağışlamışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 16 mart 1929-cu il təvəllüdlü mərhum atası X23 24 iyul 2022-ci il tarixdə 93 yaşında, anası isə 04 avqust 1980-cı ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra atasına iddiaçı qulluq etmiş, sağlamlığının qayğısında dayanmışdır. Lakin, atası yaşı olduğundan artıq yaddaşı itmiş, demək olar ki öz hərəkətlərinin tam olaraq mənasını başa düşə bilməmişdir. Hətta, ara-sıra qonşuların qapısını döyərək öz evi sanmış, qonşular atasını evə gətirərək iddiaçıya təhvil vermişlər. 2020-ci ildə iddiaçı işdə olarkən, onun mərhum bacısı Rənanın yoldaşı Fərrux onların evinə gəlmiş, atası ilə notariusa getmək lazım olduğunu, Rənanın vərəsələrindən biri atası olduğundan, onun həmin paydan imtina etməsinə dair ərizəyə imza etməli olduğunu demiş, iddiaçının atasını notariusa aparmışdır. İddiaçı evə gəldikdə Fərruxla atasının gəldiyini görmüş, məsələ ilə maraqlandıqda Fərrux eyni məzmunlu cavab vermişdir. İddiaçı atasının səhhətinin nasaz olması ilə əlaqədar kömək üçün özünün də notariusa getməli olduğunu desə də, Fərrux notarius ilə razılaşdığını, atasının yalnız imza atmalı olduğunu demişdir. İddiaçının atası son 5 ildə görmə qabiliyyətini demək olar ki itirmişdir, qulaqları çox zəif eşidir. Atasının vəfatından sonra iddiaçı 27 noyabr 2022-ci il tarixdə ərazi üzrə 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə rəsmi qaydada vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı müraciət etdikdə ona məlum olmuşdur ki, 12 sentyabr 2022-ci il tarixdə atası yaşadıqları evi Fərruxun qızı Cavabdeh1 vəsiyyət etmişdir. Vəsiyyətnamə ilə tanış olarkən atasının imza etdiyini, ad, soyad, ata adını yazdığını müəyyən etmişdir. Halbuki, atasının əlləri o dərəcədə əsirdi ki, yemək qaşığını tuta bilmirdi, bu səbəbdən ölümündən 3 il əvvəldən onu iddiaçı yedizdirmişdir. Vəsiyyətnamədə adları şahid kimi göstərilən şəxslərin heç birini iddiaçı tanımır, onlardan yalnız birinin Fərrux ilə bir binada yaşamağı məlumdur. Bu isə sübut edir ki, atası iradəsinin ziddinə aldadılma yolu ilə başqa sənəd adı ilə notariat ofisinə aparılmışdır. Bundan başqa, notariat ofisinə iddiaçının atasının vəsiyyətnamə verilərkən fəaliyyət qabiliyyətinin yoxlanıldığı qeyd edilsə də, orada hər hansı müayinə edilməmiş, fəaliyyət qabiliyyətinin olub-olmaması, öz hərəkətlərinin mənasını başa düşüb-düşməməsi yoxlanılmamışdır. Əks halda atasının öz hərəkətlərini başa düşmədiyi, gözünün demək olar ki görmədiyi, qulağının isə eşitmədiyi aşkarlanardı. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, sözügedən evdə o, atası, səhhətində problem olan qardaşı və oğlu yaşayırlar. 1971-ci ildən həmin evdə qeydiyyatdadırlar. Evi o özü 2009-cu ildə atasına bağışlamışdır. Atası ilə aralarında heç vaxt söz-söhbət olmamış, vəfat etdiyi günədək şəxsə o atasının qulluğunda dayanmışdır. Heç vaxt ağlına gəlməzdi ki, atası evi digər nəvəsinə vəsiyyət edər. Vəsiyyətnamənin tərtib eidlməsində mərhum bacısının əri Fərrux İsgəndərovun əli olmuşdur. Belə ki, Fərrux atasını notariusa aparmış, sonra geri gətirmişdir. Atası nə üçün notariusa getdiyini başa düşməmiş, Fərrux Rənadan miras qalmış evlə bağlı notariusa getdiklərini bildirmişdir. Atası vəfat etdikdən təxminən 7 gün sonra o, evlərinin yaxınlığında yerləşdiyi üçün 11 saylı notariat ofisinə getmiş, atası tərəfindən vəziyyətnamə verilib-verilmədiyini maraqlanmış, notariusdan vəsiyyətnamə verilmədiyi cavabını almışdır. Nə müraciəti, nə də aldığı cavabı rəsmiləşdirə bilməmişdir, çünki evin çıxarışı onda olmamışdır. Çıxarışı atası sağ olarkən də xeyli müddət axtarmış, tapa bilməmişdir. Atasının vəfatından sonra o, notariusa müraciət edərək, vərəsəlik haqqında şəhadətnamə almaq istədikdə hazırki vəsiyyətnamədən xəbər tutmuşdur və müəyyənləşdirmişdir ki, elə evin çıxarışı da Fərrux İsgəndərovdaymış. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianı müdafiə etdiyini bildirib, izahatında göstərdi ki, iddiaçının atasının yaşı çox olduğundan səhhətində ciddi problemlər olmuş, gözləri demək olar ki görməmiş, yaddaşı tamamilə pozulmuşdur. Fərrux İsgəndərov X36i notariusa apararkən Qədir Quliyev onun daim qulluğunda duran qızı İddiaçı heç bir məlumat verməmiş, notariusdan gəldindən sonra hansı səbəblə ora getdiyini xatırlamamışdır. Hesab edirlər ki, vəsiyyətnaməni Qədir Qasımov özü imzalamamışdır. Həmçinin, ahıl yaşda olan Qədir Quliyev öz hərəkətlərinin mənasını dərk etmədiyi halda, notarius buna göz yummaqla qanunsuzluq etmişdir. Digər tərəfdən, notarius vəfat etmiş şəxsin digər vərəsələrini də müəyyənləşdirməli, onlara bu barədə məlumat verməli idi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (oğlu) X26 iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, babası daim deyirdi ki, bu evin qızına, yəni onun anasına verəcək. Çünki babasına və xəstə dayısına daim anası qulluq etmişdir. Cavabdeh və atası babasının yaşlı, ahıl olmasından istifadə edərək onu aldadıb, notariusa aparmışlar. Könülün atası Fərrux tez-tez onların evinə gəlib-getmiş, babası ilə münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin sentyabr ayında Fərrux babasını notariusdan gətirdikdən sonra babası niyə getdiyini xatırlamamış, Fərrux mərhum arvadı Rənadan miras qalmış evlə bağlı getdiklərini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, X36in yaddaşının, beyninin pozulmasına dair heç bir sübut, tibbi sənəd yoxdur. Digər tərəfdən, Qədir Quliyev mərhum qızı Rəna İsgəndərovadan miras qalmış əmlakdan özünə düşən paydan nəvəsi X6 xeyrinə 18 fevral 2020-ci il tarixdə imtina etmişdir. İddia ərizəsində Qədir Quliyevin notairat ofisinə məhz bu bəhanə ilə aparıldığı göstərilsə də, sübut olunur ki, Qədir Quliyevin mərhum qızından miras qalmış əmlakdan imtina etməsi ilə hazırki mübahisələndirilən vəsiyyətnamənin yazıldığı tarix arasında təxminən 7 ay fərq var. Bu isə iddia dəlillərinin əsassız olduğunu göstərir. X36 notariusda öz iradəsi ilə vəsiyyətnani imzalamışdır. Əksini təsdiq edən hər hansı sübut mövcud deyil. Eyni zamanda, iddiaçı tərəfindən əqdlərin etibarsızlığı üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürülmüşdür. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı notariat ofisinin vəkili X31 iddianı qəbul etmədiklərini, notarius tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyini bildirib, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X36 onların qonşuluğunda yaşamışdır. O, Qədir Quliyevi çox vaxt həyətdə nəvəsi Natiqlə birlikdə gəzərkən görmüş, salamlaşdıqda Qədir Quliyev çox vaxt onu tanımamışdır. 2018ci ildə evlərindən oğurluq olmuş, bu hadisədən sonra Qədir Quliyevin səhhətindəki problemlər daha da qabarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər şahid X10 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, X36in qardaşı oğludur. Qədir Quliyevlə münasibətləri çox yaxın olmuşdur. Notarius məsələsi ilə bağlı Q.Quliyev ona bildirmişdir ki, qızı Rənanın evindən özünə düşən paydan nəvəsinin xeyrinə imtina yazmağa getmişdir. İddiaçı daim öz xəstə qardaşına qulluq etdiyindən, onun atası ilə münasibəti çox yaxşı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 ifadəsinə uyğun ifadə verdi. Sübutlar: - Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində istifadədə olan 0,12348 ha. torpaq sahəsində yerləşən 4 nömrəli, 9 mərtəbəli binada 81,02 kv.metr ümumi, 63,32 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 78 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə 07 may 2009-cu il tarixdə X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - X23 ilə X24 01 mart 1960-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bağırova (Quliyeva) Püstə Ələs qızı 04 avqust 1980-cı il tarixdə, X23 isə 24 iyul 2022-ci il tarixdə vəfat etmişdir. - İddiaçı mərhum X13 övladıdır. - X2 Qədir Qasım oğlunun övladı, X3 İsgəndərovanın əri, X9 isə Rəna İsgəndərovanın qızıdır. X9 18 avqust 2014-cü il tarixdə X17 ilə rəsmi nikaha daxil olmuş, “Fətəliyeva” soyadını götürmüşdür. - 31 mart 2009-cu il tarixli “mənzilin bağışlama müqaviləsi”nə əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili atası X18 bağışlamışdır. - 18 fevral 2020-ci il tarixdə X23 notariat ofisinə ərizə ilə müraciət edərək, vəfat etmiş qızı X5 miras qalmış əmlakdan ona düşən paydan nəvəsi X6 xeyrinə imtina etdiyini göstərmişdir. - 12 sentyabr 2020-ci il tarixdə X23 Bakı şəhəri 11 saylı notariat ofisində ölən gününədək ona məxsus olan bütün əmlakını Cavabdeh1 vəsiyyət etməsinə dair vəsiyyətnamə vermiş, vəsiyyətnamənin tərtib edilməsində şahid kimi X20 və X21 iştirak etmişlər. - Cavabdeh1 06 avqust 2022-ci il tarixdə ərizə ilə 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək, mərhum babası X11 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, X34 küçəsi, ev 4 ünvanında yerləşən 78 saylı mənzildən ona çatası hissəyə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, digər vərəsələr kimi mərhumun oğlu X8 və mərhumun qızı İddiaçı adlarını göstərmişdir. - X22 27 noyabr 2022-ci il tarixdə ərizə ilə 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək, mərhum atası X11 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, X34 küçəsi, ev 4 ünvanında yerləşən 78 saylı mənzildən ona çatası hissəyə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, digər vərəsələr kimi mərhumun oğlu X8 və mərhumun nəvəsi Cavabdeh1 adlarını göstərmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. - 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. - 346.2-ci maddəsinə əsasən, sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. - 346.3-cü maddəsinə əsasən, şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. - 346.4-cü maddəsinə əsasən, ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır. - 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. - 1167-ci maddəsinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. - 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. - 1179.2-ci maddəsinə əsasən, notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. - 1180.1-ci maddəsinə əsasən, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. - 1225.1-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. - 1225.2-ci maddəsinə əsasən, qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. - 1225.3-cü maddəsinə əsasən, əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci bəndinə əsasən notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir. Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin, o cümlədən vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks etdirən əqdlərə əsaslanır. Vəsiyyətnamə yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. Vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. İş üzrə şahid qismində dindirilmiş şəxslərin izahatlarına münasibətdə məhkəmə qeyd edir ki, bu izahtlarda Qədir Quliyevin yaşlı və xəstə olduğu, yaddaş pozğunluğunun tez-tez baş verməsi qeyd olunsa da, bu ifadələrlə də həmin dövrdə onun anlaqlılığının öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi səviyyədə olmasına dəlalət etmir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 2V-83 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə iki nəfər şahidin iştirakı texniki vasitədən istifadə olmaqla və X13 özü tərəfindən imzalanmaqla notarial qaydada təsdiq olunmuşdur. Məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir.”. Yenə həmin Qərarda göstərilmişdir ki, “Mülki Məcəllənin 342-ci maddəsinə əsasən, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər. Müraciətdə şərh edilməsi xahiş olunan Mülki Məcəllənin 346.1-ci maddəsi isə fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Beləliklə, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər.” Yuxarıda qeyd olunan Qərarda təsbit edilmiş hüquqi mövqeyə görə əqdi bağlayan şəxsin məhz həmin anda anlaqlı olmaması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edə bilməməsi, yəni əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır. Məhkəmə qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Hazırkı iddia tələbində iddiaçı X13 yaşlı və xəstə olduğundan öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edə bilməməsinə əsaslanaraq vəsiyyətnamənin etibarsı olduğunu iddia edir və bu mənada yuxarıda qeyd olunan prinsipə görə həmin vəsiyyətnamənin mülki qanunvericiliyin tələblərinə uyğun olmasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Yuxarıda da qeyd olunduğu ki, fəaliyyət qabiliyyətli şəxsin iradə ifadəsinin sərbəst şəkildə bəyan edilməsi əqdin ümumi etibarlılıq şərtlərindən biridir. Hazırkı halda isə iddiaçı X13 vəsiyyətnamə üzrə iradəsini ifadə edən zaman fəaliyyət qabiliyyətinin qüsurlu olmasını iddia edirsə sübutetmə yükü baxımından bu halları bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər X13 vəsiyyətnamə tərtib edilərkən və ya ondan əvvəl yaxud sonra öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyinə dair iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilməməsi ilə yanaşı belə halların mövcudluğu işin məhkəmə araşdırılması ilə də müəyyən edilmir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, X13 vəsiyyətnaməni imzalayan zaman öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməməsi, öz iradəsini aydın ifadə edə bilməsəi, bu hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi halları işin məhkəmə araşdırılması ilə ilə sübuta yetirilmədiyindən həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas mövcud deyil. İddiaçının digər arqumenti vəsiyyətnamə təsdiq olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 71-ci bəndinin tələblərinin pozulması ilə bağlıdır. Bununla əlaqədar məhkəmə ilk növbədə qeyd edir ki, sözügedən Təlimatın 71-ci bəndinə əsasən vəsiyyətnamə təsdiq olunarkən vəsiyyət edəndən vəsiyyət etdiyi əmlak üzərində mülkiyyət hüququnu, eləcə də onun xeyrinə vəsiyyət olunan şəxslə qohumluq əlaqəsini təsdiq edən sənəd tələb olunmur. Vəsiyyətnamə kənar şəxsin xeyrinə də təsdiq oluna bilər. Əgər vəsiyyət edən özəlləşdirilmiş mənzili vəsiyyət edirsə, o zaman notarius bu mənzildə qeydiyyatda olan ailə üzvləri haqqında məlumatı müvafiq informasiya sistemləri vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin yazılı razılığını tələb edir. Notariuslar təsdiq elədikləri vəsiyyətnamələrin uçotunun əlifba kitabını aparmalıdır. Normanın məzmununda da göründüyü kimi burada söhbət məhz “özəlləşdirilmiş” mənzilin vəsiyyət edilməsindən gedir ki, bu halı da hazırkı işə tətbiq etmək olmaz. Belə ki, sözügedən mənzillə bağlı vəsiyyətnamə tərtib edilərkən mənzil artıq X13 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Ümumiyyətlə məhkəmə nəzərə çatdırır ki, Mülki Məcəllənin normalarında hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. X1 tərəfindən şəxsən vəsiyyət olunmasının, onun tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən olmasının əksi sübuta yetmir, vəsiyyətnamə yazılı formada tərtib edilmiş, orada aydın olmayan və ya bir-birinə zidd olan şərtlər mövcud deyil, vəsiyyətnamə notariat formasında tərtib edilərək təsdiq edilmişdir. Göründüyü kimi iddiaçının vəsiyyətnamə təsdiq edilərkən Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın pozulması ilə bağlı dəlili vəsiyyətnamənin etibarlılıq şərtlərinə təsir etmədiyindən iddia bu əsasla da təmin oluna bilməz. Qeyd olunmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində və ya fəaliyyət qabiliyyəti zədəli olan şəxs tərəfindən bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Beləliklə məhkəmə hesab edir ki, vəsiyyətnamə qanunericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun tərtib edildiyindən, onu verən şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilməsi iş üzrə sübut olunmadığından iddia təmin edilə bilməz. Məhkəmə Cavabdeh1 Fərrux qızının nümayəndəsi Vəkil2 Aftandil oğlunun 1 illik iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. - 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Məhkəmə hesab edir ki, hazırkı halda vəsiyyətnaməyə əhəmiyyətsiz əqd kimi qiymət verilmədiyindən onun etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia müddətinin tətbiqindən söhbət gedə bilməz. Bununla yanaşı yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan vəsiyyətnamə birtərəfli əqd olduğundan, və iddiaçı hazırki iddia tələbi ilə 07 dekabr 2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, iddianın ümumi verilmə müddəti də buraxılmış hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin, məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar