Məhkəmə qərarları › İş №2(001)-908/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-908/2021

27.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-908/2021 27.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı xx oğlunun cavabdeh "Cavabdeh" Mənzı̇ l Tı̇ kı̇ ntı̇ Kooperatı̇ vı̇ nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) qanunsuz sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə qeyri-yaşayış sahəsinin verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı xx oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış sahəsinin əvəzində, eynilə olduğu kimi yeni inşa edilən yaşayış binasının birinci mərtəbəsində, söküntüdən əvvəlki yerləşmə qaydasına uyğun giriş və çıxışı Səttar Bəhlulzadə küçəsinə-magitral yola olmaqla üç otaq, mətbəx, ayrı-ayrı sanitar qovşaqlardan, dəhlizdən, işıq, su, qaz sayğacları ilə təmin olunmuş, təmirli, mövcud sahəyə 25 % əlavə sahə verilməklə (53+25%=66,25) 66,25 kv.m-dən az olmayan qeyri-yaşayış sahəsinin verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması, sənət nümunələrini və təxliyyə edə bildiyi əşyaların saxlanılması üçün 2017-ci ilin noyabr ayından 2020-ci ilin mart ayının sonunadək müddətdə, yəni 29 ay ərzində ödədiyi 13.050 manat pulun, 36.520 manat məbləğində ödənilməmiş kirayə haqqının, vəkil bürosu ilə müqavilə bağlamağa görə ödənilmiş 210 manat xidmət haqqının, 30 manat dövlət rüsumunun, mənəvi zərərə görə 50.000 manat məbləğində pulun, ümumilikdə 99.810 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, 30 iyul 2016-cı il tarixli dövlət reyesrtrindən çıxarışına əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən, dörd mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən sahəsi 27,5 kv metr ona bitişik 20 ildən artıq müddətdə mübahisəsiz qaydada istifadəsində olan sahəsi 25,5 kv.metr olan artırma ilə birlikdə ümumi sahəsi 53,0 kv.metr olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. O, və həyat yoldaşı - Mehriban Əliyeva-Xəlilzadə uzun müddətdir ki, bədii tikmələr üzrə xalq tətbiqi sənətinin təkalduz, məxmərtel, güləbətin və sair tikmə növlərinin elmi araşdırılması və praktiki tətbiqi ilə məşğul olan tikməçi - rəssam olaraq bu sahədə çox zəngin mədəni irsi, qədim el sənətini yaşatmaq üçün yorulmadan çalışır və demək olar ki, bütün cisimləri və ruhları bu sahəyə bağlıdır. O, və həyat yoldaşı Azərbaycanda təkalduz, məxmərtel, güləbətin və sair qədim tikmə növlərini yaşadıb-inkişaf etdirməklə məşğul olan yeganə sənətkarlardır. Çalışdıqları sahənin həddindən artıq məsuliyyətli və çətin olduğunu yaxşı bilirlər. Bu fəaliyyətə bütün fiziki sağlamlıqlarını sərf etmişlər. Belə ki, yuxanda qeyd etdiyi ünvanda bədii tikmə qədim el sənətinin çox çətin və mürəkkəb növlərinin elmi tədqiqi ilə məşğul olmaqla yanaşı, praktiki olaraq həmin sənətin yaşadılması üçün ağır və əməktutumlu fəaliyyətlə məşğul idilər. Eyni zamanda qeyri-yaşayış sahəsinin kiçik olmasına baxmayaraq buradan sərgi-qalereya, studiya və emalatxana kimi istifadə etmişlər. Bu illər ərzində onlarla tələbə yetişdirməyə müvəffəq olmuşlar. Cavabdeh MTK 17 may 2017-ci il tarixli, 15 saylı məktub ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısına müraciət edərək, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında yerləşən binada sakinlərə Cavabdeh MTK-nın hesabına hər ay kirayə haqqı ödənilməklə kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli sahələrlə təmin olunması şərtilə binanın sökülməsini və həmin binanın yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə razılıq verilməsini xahiş etmişdir. Bundan sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-ci il tarixli 8 saylı Qərarına əsasən, Binəqədi RİH-ilə Cavabdeh MTK arasında 14 iyul 2017-ci il tarixində Müqavilə imzalanmış və daha sonra Binəqədi RİH başçısı 20 iyul 2017ci il tarixli, 174 saylı Sərəncamı imzalamışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin sabiq başçısı tərəfindən 20 iyul 2017-ci il tarixdə imzalanmış 174 nömrəli sərəncama əsasən ona məxsus və fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinin də yerləşdiyi Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında yerləşən binanın sökülərək yerində çoxmərtəbəli müasir görünüşlü binanın tikiləcəyini biləndə bəlkə də ən çox sevinənlərdən biri o idi. Həmin sərəncama, eyni zamanda AR Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 22 yanvar 2016-cı il tarixli, 8 saylı Qərarına əsasən sakinlərin Konstitusyon hüquqları qorunmaqla həmin yerdə tikiləcək binada mövcud sahəyə 25% əlavə sahə verilməklə, tikinti başa çatıb istismara qəbul edilənədək hər ay kirayə haqqı ödənilmək şərti ilə həmin əraziyə yaxın başqa yerə köçürülməyi qeyd olunurdu. MTK tərəfindən bu ünvanda çoxmərtəbəli yaşayış binasının tikilməsinə əsas olmuş, Cavabdeh MTK 17 may 2017-ci il tarixli, 15 saylı məktub ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısına etdiyi müraciətinə, Binəqədi rayonu İcra Hakimiyyəti ilə aralarında bağlanılmış 14 iyul 2017-ci il tarixli Müqavilənin 1.2, 2.1-ci maddələrinin və Binəqədi RİH başçısının 20 iyul 2017-ci il tarixli, 174 saylı Sərəncamının 2-ci bəndinin tələblərinə məhəl qoymadan 10 noyabr 2017-ci il tarixdə Cavabdeh MTK-nın rəhbəri Elvin Rəhimovun birbaşa göstərişi və iştirakı ilə onunla nəinki qanunvericilikdə nəzərdə tutulmuş qaydada, hətta heç bir müqavilə imzalamadan, ona güc tətbiq etməklə qeyri-yaşayış sahəsinin qapılarını sındırmaq yolu ilə içəri daxil olmaqla daşınmaz əmlakın içərisini tamamilə söküb, məhv edib və əşyaların bir qismini (təxliyyə edə bilmədiyi əşyaları) oğurlayıb və istifadəyə yararsız hala salmışlar. Özü təhqir olunmuş və çox çətinliklə 150-dək sənət nümunəsini həyatı, sağlamlığını itirmək bahasına xilas edə bilmişdir. Həmin sənət nümunələrini və təxliyyə edə bildiyi əşyalarını 2017-ci ilin noyabr ayından 2020-ci ilin mart ayının sonunadək müddətdə, yəni 29 ay idi ki, şəxsi vəsaiti hesabına aylıq kirayə haqqı 450 manat olmaqla, ümumilikdə 13.050,00 manat pulu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 105, mənzil 81-də yaşayan Quliyev Elçin Cəmiyyət oğluna məxsus və ünvan 2 ünvanında kirayə tutduğu üç otaqlı şəraitsiz və havasız bir mənzildə saxlamaq məcburiyyətində qalmışdır. Həmin faktı mənzil sahibi Quliyev Elçin Cəmiyyət oğlu da təsdiq edə bilər. Sonradan maddi vəsati çatmadığı üçün cari ilin aprel ayından həmin əşyaların bir hissəsini qohumugilə məxsus evə, bir hissəsini isə yaşadığı mənzilə yığmaq məcburiyyətində qalmışdır. O, sənət adamıdır, geniş, şəraitli qeyri-yaşayış sahəsi tutmaq istəsə də buna maddi imkanı yoxdur. Dəfələrlə haqsızlığa yol verilməməsi və ədalətli münasibət tələbi ilə Cavabdeh Mənzil Tikinti Kooperativinin rəhbərliyinə müraciətlər etsə də buna heç məhəl qoyulmadı. Qeyri-yaşayış sahəsi üçün yaşayış sahəsinə verdikləri kirayə haqqı təklif etməklə, ona məxsus sahə 1-ci mərtəbədə yerləşməsinə baxmayaraq yuxarı mərtəbələrdən mənzil təklif etməyə başladılar. O, onlardan haqqını tələb edərək əmlakının 1-ci mərtəbədə yerləşdiyini və buranın mənzil olmadığını, emalatxana, studiya, sərgi qalereyası olaraq faktiki iş yeri olduğunu bildirsə də, bu günə qədər hüquqlarını pozmaqda davam edirlər. Demək olar ki, ona məxsus əmlak söküləndən işsizdir, hazırda nadir bədii sənət nümunələri məhv olmaqdadır. Səhhəti tam pozulmuşdur. Elvin Rəhimov və digər orada iştirak etmiş şəxslərin əməllərində Azərbaycan Respublikası cinayət Məcəlləsinin 186.2, 308.1 və 322.2-ci maddələrinin tərkibi olmuş və bununla əlaqədar olaraq prokurorluq orqanlarına şikayət etmişdir. Şikayəti ilə əlaqədar olaraq Bakı şəhəri Binəqədi rayon prokurorunun stajoru V.Məmmədzadənin 18 yanvar 2019-cu il tarixli qərarı ilə Cavabdeh MTK-nın rəhbəri Elvin Rəhimov və onun tərəfindən şahid kimi təqdim edilmiş şəxslərin ifadələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli, 8 saylı Qərarına, RİH-nin 20 iyul 2017-ci il tarixli 174 saylı Sərəncamına və 22 dekabr 2017-ci il və 18 aprel 2018-ci il tarixli birtərəfli qaydada imzalanmış müqavilələrə istinad edərək, bu mübahisənin mülki xarakterli olmasını qeyd edərək, cinayət işinin başlanmasını rədd etmişdir. Şikayəti ilə Prokurorluğun qeyd edilən qərarı ləğv edilsə də təkrar araşdırma ilə Binəqədi rayon Prokurorunun köməkçisi Elvin Həsənovun 28 iyun 2019-cu il tarixli qərarı ilə bu mübahisənin mülki xarakterli olması səbəbindən cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd edilməlidir ki, istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı Qərarında, istərsə də RİH-nin 20 iyul 2017-ci il tarixli 174 saylı Sərəncamında nəinki onun, hətta hər hansı vətəndaşın mülkiyyətinin razılaşdırılmadan və dəyəri əvvəlcədən ödənilmədən sökülməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Hüquqlarının qanun müstəvisində qorunması məqsədilə Vəkil Bürosu ilə müqavilə bağlamış və 12 iyul 2018-ci il tarixdə MTK-ya vəkil sorğusunu şəxsən təqdim etmişdir. Bundan bir gün sonra, yəni 13 iyul 2018-ci il tarixlə MTK-nın rəhbərliyi ona bildiriş yazır (bildiriş və imzalanmalı olan müqavilənin surətləri 11 Oktyabr 2018-ci il tarixinə» Binəqədi rayonu İcra Hakimiyyətinin şikayətini araşdırmaq məqsədi ilə MTK-ya göndərdiyi nümayəndə vasitəsi ilə əldə edilərək, ona təqdim olunmuşdur) və qeyri-yaşayış sahəsi ilə deyil mənzil sahəsi ilə müqavilə bağlamağı təklif etməklə, onu təhdid edir. Guya o, müqavilə bağlamaq istəmir və s. Qeyd elədiyi kimi, həmin binanın birinci mərtəbəsində ona məxsus qeyri-yaşayış sahəsi onunla heç bir müqavilə bağlanılmadan 10 noyabr 2017-ci il tarixində MTK tərəfindən dağıdılmışdır. Sonradan qeyri-yaşayış sahəsinin əvəzinə ona mənzil təklif olunur. O da bu təkliflə razı deyil. Məhz bu səbəbdən ona kirayə haqqı verilmir və hüquqları daim pozulur. Bütün problemlər də buradan qaynaqlanır. O, Cavabdeh MTK-dan xüsusi mülkiyyət hüququ olan qeyri-yaşayış sahəsinin əvəzində, eyni ilə olduğu kimi yeni inşa edilən yaşayış binasının birinci mərtəbəsində, söküntüdən əvvəlki yerləşmə qaydasına uyğun giriş və çıxışı Səttar Bəhlulzadə küçəsinə olmaqla üç otaq, mətbəx, ayrı-ayrı sanitar qovşaqlardan, dəhlizdən, işıq, su, qaz sayğacları ilə təmin olunmuş, təmirli, xüsusi mülkiyyət hüququ olan və mövcud sahəyə 25 % əlavə sahə verilməklə (53+25%=66,25) 66,25 kv.m-dən az olmayan qeyri- yaşayış sahəsinin verilməsini və qeyri-yaşayış sahəsinin söküldüyü gündən, 10 noyabr 2017-ci il tarixdən, yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək, həmin əraziyə yaxın yerdə, qeyri-yaşayış sahənin və onun sahəsinin kirayə qiymətinə uyğun kirayə haqqının ödənilməsini istəməklə, MTK-dan fərqli olaraq heç kimin də hüququna toxunmur. Vəkil Bürosu tərəfindən sökülmüş əmlakının dəyəri, aylıq kirayə haqqı və sair suallar üzrə Azərbaycan Respublikası Qiymətləndiricilər Cəmiyyəti tərəfindən verilmiş 048 saylı Vəsiqə, 12 mart 2014-cü il tarixli Sertifikat əsasında fəaliyyət göstərən “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin 03 oktyabr 2019-cu il tarixli, MB 12/838 nömrəli rəyinə əsasən 18-ci Dağlıq (hazırda Səttar Bəhlulzadə) küçəsinə olan, ümumi sahəsi 50-60 kv.metr olan qeyri-yaşayış sahəsinin orta aylıq icarə bazar qiyməti 1.000-1.100 manat arasında dəyişir. Cavabdeh MTK tərəfindən ona AR NK-nin müvafiq qərarına və Binəqədi rayon İcra Hakimiyyətinin 20 iyul 2017-ci il tarixli 174 nömrəli sərəncamına əsasən analoji sahə və yaxın ərazidən 50-60 kv.metr qeyri-yaşayış sahəsinin icarə haqqı ücün 36 ay müddətində (noyabr 2017- oktyabr 2020-ci illər) orta hesabla (36 ay x 1.050,00) 37.800,00 manat kirayə haqqı ödənilməli idi. Cavabdeh isə ona “xxxx” ASC-nin Şuşa şöbəsi vasitəsilə 1.280,00 manat kirayə haqqı ödənişi etmişdir. Faktiki vəziyyətə 36.520,00 manat ödənilməmiş kirayə haqqı vardır. Hazırda sağlamlıq vəziyyəti Cavabdeh MTK ilə mübarizə aparmağa imkan vermir. Cavabdeh MTK-dan hüquqlarının müdafiə edilməsi üçün vəkillə müqavilə bağlamağa 210,00 manat xidmət haqqı, 30,00 manat dövlət rüsumu, cəmi 240,00 manat pul ödəmək məcburiyyəti qarşısında qoymuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, öhdəlik müqaviləsində olan imza ona məxsusdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, hazırki mübahisənin məhkəmədən kənar həll edilməsinə kifayət qədər cəhdlər edilsə də, cavabdeh tərəfindən bununla bağlı hər hansı tədbir görülməmiş, bu səbəbdən də məhkəməyə müraciət edilmişdir. Məhkəmə prosesinin uzun çəkdiyi nəzərə alınaraq iddiaçıya bü günədək olan kirayə borcu ödənilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin əvəzinə iddiaçıya rəsmi sənədlərdə qeyd olunan qeyri-yaşayış sahəsinin ölçülərinə görə 25% əlavə sahə verməklə giriş-çıxışı inşa edilmiş binanın həyətinə olan başqa qeyri-yaşayış sahəsi verə bilər. Eyni zamanda, cavabdeh qeyri-yaşayış sahəsi üçün kirayə haqqı ödənilməsinə etiraz etmir, lakin iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan kirayə haqqının məbləği ilə razı deyil. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi sökülərkən Cavabdeh MTK-nın rəhbərliyi iddiaçıya həmin sahənin əvəzinə başqa qeyri-yaşayış sahəsi və ya mənzil təklif etmişdir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qonşuluğunda iddiaçının qayını X4 da qeyri-yaşayış sahəsi olmuşdur. Müqavilənin gec bağlanmasının əsas səbəbi iddiaçının qayını Əliyev Cavanşirin Cavabdeh MTK-ya müraciət edərək həmin qeyri-yaşayış sahələri üzrə məhkəmə proseslərinin olmasını bildirməsidir. Bununla bağlı Cavabdeh MTK-ya məhkəmə qərardadı da təqdim edilmişdir. Daha sonra iddiaçı ilə qayını arasında notariusda öhdəlik müqaviləsi bağlanmışdır. Buna görə də iddiaçı ilə müqavilə bağlanmışdır. Qeyri-yaşayış sahəsində söküntü işləri aparılarkən iddiaçıya məxsus əmlaklar həmin sahədən çıxarılmışdır. Cavabdeh MTK iddiaçıya 65 kv.m sahəsi olan mənzil təklif etmişdir. İddiaçı əvvəl buna razı olsa da, sonradan fikrindən imtina etmişdir. İddiaçı Cavabdeh MTK-ya müqavilə təqdim edərək qeyri-yaşayış sahəsinin əvəzinə pul istəmişdir. Lakin bununla bağlı Cavabdeh MTK-nın rəhbərliyi razı olmamışdır. Həmçinin, iddiaçının iddia ərizəsində qeyri-yaşayış sahəsinin 53 kv.m olmasını qeyd etməsi fikri ilə də razı deyildir. Çünki, həmin qeyri-yaşayış sahəsi rəsmi sənəddə 27.5 kv.m qeyd olunmuşdur. Digər sahələrə aid rəsmi sənəd yoxdur. İddiaçıya Cavabdeh MTK tərəfindən 2017-ci ilin noyabr ayından başlayaraq üç ay üçün ümümilikdə 1.280 manat kirayə haqqı ödənişi edilmişdir. Bununla bağlı iddiaçı özü “öhdəlik müqaviləsi” tərtib edərək imzalamış və həmin müqavilədə 450 manat məbləğində kirayə haqqı göstərmiş, həmin məbləği aldıqdan sonra da etiraz etməmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əliyev Cavanşir Cavabdeh MTK-ya müraciət edərkən məhkəmə qərardadı təqdim etmişdir. Qeyri-yaşayış sahəsinə dair çıxarışın ləğv olunub-olunmaması barədə məlumatı yoxdur. Tikinti başa çatıb istismara qəbul edilənədək hər ay kirayə haqqı kimi Cavabdeh MTK tərəfindən iddiaçıya təklif olunan 450 manat məbləğində kirayə haqqına iddiaçı tərəfindən etiraz edilməmişdir. Həmin qeyri-yaşayış sahəsinin giriş və çıxışı Səttar Bəhlulzadə küçəsinə olmamışdır. İddiaçıya məxsus sahədə işıq, su, qaz sayğacları mövcud olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, iddiaçının tələbə yoldaşı olmuşdur. Qeyd olunan mübahisəli sahədə iddiaçıya məxsus emalatxana yerləşirdi. Həmin qeyri-yaşayış sahəsinin giriş tərəfi küçədən idi. Eyni zamanda emalatxanın arxa tərəfində əlavə sahələr də var idi. Həmin sahəyə arxa tərəfdən daxil olmuşdur. Əlavə sahə iki otaqdan ibarət idi. Əlavə sahədə mətbəx, sanitar qovşağı yerləşirdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyri-yaşayış sahəsinin ümumi ölçüsü təxminən 50-60 kv metr olardı. Həmin sahə emalatxana kimi fəaliyyət göstərirdi. Əlavə sahələr digər otaqlarla əlaqəli olub. Qeyri-yaşayış sahəsinə ön və arxa tərəfdən giriş var idi. Sonuncu dəfə həmin qeyriyaşayış sahəsində təxminən 2013-2015-ci illərdə olmuşdur. Binaya hansı tərəfdən daxil olmağını xatırlamır. O, tikinti üzrə mütəxəssis deyildir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Quliyev Azər Cəmiyyət oğlu ifadəsində bildirmişdir ki, o, iddiaçının dostu və qonşusudur. Qeyriyaşayış sahəsinin giriş tərəfi “Prins” şadlıq sarayı tərəfindən, yəni küçədən idi. Əlavə sahə binanın arxa tərəfində olmuşdur. Qeyri-yaşayış sahəsi emalatxana kimi fəaliyyət göstərirdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçını uzun müddət olar tanıyır. Sonuncu dəfə qeyri-yaşayış sahəsində 4-5 il bundan öncə olmuşdur. O, sürücüdür. Həmin bina ikibloklu bina idi, giriş binanın ortasında yerləşirdi. Əlavə sahələr təmirli olmuşdur. Blok ümumi idi, həmin sahəyə daxil olmaq üçün bloka girib 5-6 pilləkan qalxmaq lazım idi. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 27,5 kv/m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmiş və bu barədə 30 iyul 2016-cı il tarixdə qeydiyyat aparılmışdır. Həmin qeyri-yaşayış sahəsinin texniki pasportundan müəyyən olnunur ki, həmin sahədə iki iş otaqları mövcud olmuşdur; 14 iyul 2017-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən şirkət tərəfindən ünvan 4 ünvanında yerləşən binaların (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və Rayon İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış və qeyri-yaşayış sahələrinin) layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istimarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilənin imzalanması hazırki müqavilənin predmetini təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən ünvan 4 ünvanında yerləşən binaların (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) RİH tərəfindən layihələrinə razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaq sahələrinin daimi istifadəyə və icarəyə verilməsi, həmin ərazidəki sakinlərlə Şirkət arasında razılaşmalar əldə olunduqdan və müqavilələr imzalandıqdan sonra veriləcək. Müqavilənin 2-ci bəndinə əsasən Şirkət binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilənin tarixindən 3 ay müddətindən gec olmayaraq tam razılıq əldə edərək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilələri imzalamaq; yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqını ödəmək, binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsinsən 15-25% artıq sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin etmək və digər öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür; Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 20 iyul 2017-ci il tarixli “çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair” sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında mövcud yataqxananın ətrafında yerləşən 2314,66 m2 torpaq sahəsi Cavabdeh MTK-nın daimi istifadəsinə verilməsi, Cavabdeh MTK ona ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, ayrılmış torpaq sahəsinə Cavabdeh MTK tərəfindən qanunla nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi, ərazinin və obyektin memarlıq-planlaşdırmasının həllinin layihələndirmə ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyəti ilə razılaşdırılması, layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsi Binəqədi Rayon İcra Hakimiyyəti və əlaqədar təşkilatlarla razılaşdırılmaqla Cavabdeh MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmış, habelə Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında yeni çoxmənzilli yaşayış binalarının tikintisinin başlanması məqsədi ilə Cavabdeh MTK-ya Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında yerləşən yataqxananın sakinləri ilə qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı ödənilməsilə başqa yerə köçürülmələri, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında yerləşən yataqxanın sökülməsi, aparılacaq söküntü işləri nəticəsində yaranmış bərk məişət tullatılarının xüsusi poliqona daşınması Cavabdeh MTK tərəfindən təmin edilməsi həvalə edilmişdir; Bakı şəhəri 27 saylı Notariat Kontorunda, X6 ilə X5 arasında bağlanmış 17 noyabr 2017-ci il tarixli öhdəlik müqaviləsinin 1.1-ci bəndinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, b.1 ünvanında yerləşən ümumi sahəsi 27,5 kv.m olan daşınmaz əmlak onun mülkiyyətində saxlanılır. Müqavilənin 1.2-ci bəndinə əsasən X1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 41.1 kv.m olan daşınmaz əmlakı Xəlilzadə M.Ə, X4 adına bağışlanma qaydasında özgəninkiləşdirməyi öhdəsinə götürür; Cavabdeh MTK ilə İddiaçı arasında tərtib edilmiş, lakin yalnız sonuncu tərəfindən imzalanmış 22 dekabr 2017-ci il tarixli öhdəlik müqaviləsinə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi ünvan 3 ünvanında tərəfindən tikintisi nəzərdə tutulmuş çoxmərtəbəli yaşayış binası tam hazır olduqdan sonra yaşayış binasının üç otaqlı (dörd pəncərəli), mətbəx, ayrı-ayrı sanitar qovşaqlardan, dəhlizdən və sair ibarət daşınmaz əmlakı keyfiyyətli, tam təmirli, işıq, su və qaz sayğacları ilə təmin olunmuş şəkildə İddiaçı mülkiyyətinə verməyi (3 ildən sonra) və müvəqqəti istifadə edəcəyi yer üzrə aylıq 450 manat kirayə haqqı ödənilməsini öhdəsinə götürür. İddiaçı isə öz növbəsində özünə məxsus Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, b.1 ünvanında dörd mərtəbəli, yaşayış binasının, birinci mərtəbəsində ümumi sahəsi faktiki (artırma ilə birlikdə) 53 kv.m, üç otaq, mətbəx, ayrı-ayrı sanitar qovşaqlardan və dəhlizdən ibarət olan daşınmaz əmlakını, işıq, su və qaz sayğacları ilə birlikdə həmin ünvanda çoxmərtəbəli yaşayış binası tikmək üçün Cavabdeh MTK-nın mülkiyyətinə əvəzləmə yolu ilə verməyi öz öhdəsinə götürür. Cavabdeh MTK İddiaçı əvəzləmə yolu ilə verdiyi daşınmaz əmlakın əvəzinə pul vəsaiti təklif edir və 2018-ci ilin yanvar ayının ikinci ongünlüyündə, daşınmaz əmlakın sahəsinin böyüklüyündən, dəyərinin yüksək olmağından asılı olmayaraq digər xərclərdə daxil olmamaq şərti ilə ona 126.000 manat ödəməyi öhdəsinə götürür. İddiaçı 2018-ci ilin yanvar ayının ikinci ongünlüyündə digər xərclər daxil olmamaq şərti ilə ona veriləcək 126.000 manat pul vəsaitini tam kəsirsiz qəbul etdikdən dərhal sonra Cavabdeh MTK tərəfindən əvəzləmə qaydasında ona verilmiş daşınmaz əmlakdan imtina etməyi öz öhdəsinə götürür; 24 noyabr 2017-ci il tarixli, 21 dekabr 2017-ci il tarixli və 24 yanvar 2018-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı hesabına 460, 410 və 410 manat olmaqla, cəmi 1.280 manat məbləğində vəsait köçürülmüşdür; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı qarşı Binəqədi Rayon Məhkəməsində Cavabdeh MTK tərəfindən ünvan 6 ünvanında dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı 2017-2018-ci illərdə mülki işə baxılmamışdır; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 03 oktyabr 2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Dağlıq küçəsi, b.1 (Əcəmi Naxçıvani küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində), “Prins” şadlıq sarayının qarşısında hazırda tikintisi aparılan 4 bloklu, hündürmərtəbəli yaşayış binasının yerində yerləşmiş və artıq sökülmüş 4 mərtəbəli, 2 bloklu binanın 1-ci mərtəbəsində yerləşmiş 27,5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi köhnə binada 2 blokun arasında, 2-ci bloka yaxın yerləşmiş, yaşayış binasının ortasında olmaqla, hər iki tərəfdən blokların divarları (1-ci və 2-ci blok) ilə məhdudlanmışdır (ortaq divar). “Google Earth” da ölçmələr və yerinə baxış zamanı aparılmış müqayisə və ölçü nəticəsi olaraq bildirilir ki, vətəndaş İddiaçı məxsus qeyriyaşayış sahəsinin giriş və çıxışı hazırda Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində Cavabdeh MTK tərəfindən tikintisi aparılan çoxmənzilli yaşayış binasının “B” Blokunun girişinin əks tərəfinə olmaqla, A blokuna yaxın Səttar Bəhlulzadə küçəsinə düşür. Həmin ərazidə, yol kənarında təmirli, giriş-çıxışı 18-ci Dağlıq küçəsinə (hazırda Səttar Bəhlulzadə) küçəsinə olan qeyri-yaşayış sahəsinin 1 kv.m-nin orta bazar qiyməti 4.000-5.000 manat arasında dəyişir. Həmin ərazidə, yol kənarında təmirli, giriş-çıxışı 18-ci Dağlıq küçəsinə (hazırda Səttar Bəhlulzadə) küçəsində olan ümumi sahəsi 25-30 kv.m olan qeyri-yaşayış sahəsinin orta aylıq icarə bazar qiyməti 550-600 manat arasında dəyişir. Həmin ərazidə, yol kənarında təmirli, giriş-çıxışı 18-ci Dağlıq küçəsinə (hazırda Səttar Bəhlulzadə) küçəsində olan ümumi sahəsi 50-60 kv.m olan qeyri-yaşayış sahəsinin orta aylıq icarə bazar qiyməti 1.000-1.100 manat arasında dəyişir. Həmin ərazidə yol kənarında köhnə tikilidə, daş binada 1-ci mərtəbədə ümumi sahəsi 37 kv.m olan, təmirli 1 otaqlı mənzilin orta bazar qiyməti 70.000-75.000 manat arasında dəyişir. Həmin ərazidə yol kənarında köhnə tikilidə daş binada 1-ci mərtəbədə ümumi sahəsi 37 kv.m olan təmirli, 1 otaqlı mənzilin orta aylıq kirayə bazar qiyməti 350-400 manat arasında dəyişir. Həmin ərazidə yol kənarında köhnə tikilidə daş binada 1-ci mərtəbədə ümumi sahəsi 52 kv.m olan təmirli, 2 otaqlı mənzilin orta bazar qiyməti 80.000-85.000 manat arasında dəyişir. Həmin ərazidə yol kənarında köhnə tikilidə daş binada 1-ci mərtəbədə ümumi sahəsi 52 kv.m olan təmirli, 2 otaqlı mənzilin orta aylıq kirayə bazar qiyməti 400-450 manat arasında dəyişir. Həmin ərazidə yol kənarında köhnə tikilidə daş binada 1-ci mərtəbədə ümumi sahəsi 74 kv.m olan təmirli, 3 otaqlı mənzilin orta bazar qiyməti 110.000-120.000 manat arasında dəyişir. Həmin ərazidə yol kənarında köhnə tikilidə daş binada 1-ci mərtəbədə ümumi sahəsi 74 kv.m olan təmirli, 3 otaqlı mənzilin orta aylıq kirayə bazar qiyməti 450-500 manat arasında dəyişir; “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 000328 nömrəli arayışdan görünür ki, ünvan 7 ünvanında yaşayan **********00000 kodlu abonent Mehriban Xəlilzadənin 15 fevral 2021-ci il tarixə elektrik enerjisindən borcu yoxdur; “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 18 fevral 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 8 ünvanında yaşamış X5 ilə “xxxx” ASC arasında 21 aprel 2016-cı il tarixində müqavilə bağlanmışdır. (abonent **********021) Lakin, aidiyyəti ünvanda yeni bina inşa edildiyi və mənzil söküldüyü üçün 11 noyabr 2017-ci il tarixində abonentlə bağlanmış müqavilə ləğv edilmişdir. Uyğun olaraq həmin ünvana aid kod tərəflərindən passiv edilmişdir; “Azəriqaz” İstehsalat Birliyinin Bakı X12 Departamentinin 22 fevral 2021-ci il tarixli məktubundan görünür ki, 25 dekabr 2015-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yaşayan X3 məxsus **********00239 nömrəli istehlakçı hesabı açılaraq X2 Sistemində qeydiyyata alınmışdır. 01 yanvar 2016-cı il tarixli ******* nömrəli akta əsasən G-4 markalı smart tipli 1402AZ**********30 nömrəli qaz sayğacı quraşdırılmışdır. 14 noyabr 2017-ci il tarixli ******* nömrəli akta əsasən mənzil söküldüyündən sayğac çıxarılmışdır. 22 yanvar 2021-ci il tarixə qədər X2 Sistemində borc mövcud deyil; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 mart 2021-ci il tarixli və 15 aprel 2021-ci il tarixli məktubularından görünür ki, ünvan 9 ünvanındakı qeyri-yaşayış sahəsinin Səttar Bəhlulzadə küçəsinə çıxışı yoxdur. Həmin qeyri-yaşayış sahəsinə giriş-çıxış qonşu qeyriyaşayış sahələrindən keçir; Məhkəmə iclasında iddiaçı tərəfindən iş materiallarına sübut kimi əlavə edilmiş video yazılara baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinin iki giriş-çıxışı olmuşdur; 12 oktyabr 2020-ci il tarixli, 63454 nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 4 saylı Vəkil Bürosunun hesabına 210 manat məblğində pul vəsaiti ödənilmişdir. 12 oktyabr 2020-ci il tarixli, 63456 nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 27,5 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində olmuşdur. İddiaçı tərəfindən həmin sahəyə bitişik 25,5 kv.metr sahəsi olan artırma inşa edilmiş, lakin həmin sahə dövlət reyestrində qeydiyyata alınmamışdır. 14 iyul 2017-ci il tarixdə cavabdehlə Binəqədi Rayon İcra Hakimiyyəti arasında müqavilə imzalanaraq mübahisəli ünvanda yerləşən binanın (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün Rayon İcra Hakimiyyəti tərəfindən tikiləcək bina (yaşayış və qeyriyaşayış sahələrinin) layihələrinə razılıq, tikintiyə və tikinti obyektinin istimarına icazə verilmiş, Şirkət binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilənin tarixindən 3 ay müddətindən gec olmayaraq tam razılıq əldə edərək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilələri imzalamaq; yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqını ödəmək, binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsinsən 15-25% artıq sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin etmək və digər öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi yerləşən bina cavabdeh tərəfindən sökülərək yerində yeni bina inşa edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş öhdəlik müqaviləsinə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi ünvan 3 ünvanında tərəfindən tikintisi nəzərdə tutulmuş çoxmərtəbəli yaşayış binası tam hazır olduqdan sonra yaşayış binasının üç otaqlı (dörd pəncərəli), mətbəx, ayrı-ayrı sanitar qovşaqlardan, dəhlizdən və sair ibarət daşınmaz əmlakı keyfiyyətli, tam təmirli, işıq, su və qaz sayğacları ilə təmin olunmuş şəkildə İddiaçı mülkiyyətinə verməyi (3 ildən sonra) və müvəqqəti istifadə edəcəyi yer üzrə aylıq 450 manat kirayə haqqı ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı isə öz növbəsində özünə məxsus Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, b.1 ünvanında dörd mərtəbəli, yaşayış binasının, birinci mərtəbəsində ümumi sahəsi faktiki (artırma ilə birlikdə) 53 kv.m, üç otaq, mətbəx, ayrı-ayrı sanitar qovşaqlardan və dəhlizdən ibarət olan daşınmaz əmlakını, işıq, su və qaz sayğacları ilə birlikdə həmin ünvanda çoxmərtəbəli yaşayış binası tikmək üçün Cavabdeh MTK-nın mülkiyyətinə əvəzləmə yolu ilə verməyi öz öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə iddiaçı tərəfindən imzalansa da, cavabdeh tərəfindən imzalanmamışdır. Lakin, həmin müqavilənin kirayə haqqı ilə bağlı şərtinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçıya üç ay ardıcıl şəkildə kirayə haqqları ödəməklə, cəmi 1.280 manat məbləğində vəsait ödənilmişdir. İş materiallarından həmçinin o da müəyyən olunur ki, mübahisəli mənzilin iki tərəfdən giriş-çıxışı olmuş, habelə mənzil qaz, su və işıq sayğacları ilə təchiz olunmuş vəziyyətdə olunmuşdur. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş məktublara əsasən iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinin giriş-çıxışı rəsmi sənədlərə əsasən qonşu qeyri-yaşayış sahələrindən keçdiyi müəyyən olunmuşdur. Hazırda iddiaçının tələbləri aşağıdakılardır: -xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış sahəsinin əvəzində, eynilə olduğu kimi yeni inşa edilən yaşayış binasının birinci mərtəbəsində, söküntüdən əvvəlki yerləşmə qaydasına uyğun giriş və çıxışı Səttar Bəhlulzadə küçəsinə-magitral yola olmaqla üç otaq, mətbəx, ayrı-ayrı sanitar qovşaqlardan, dəhlizdən, işıq, su, qaz sayğacları ilə təmin olunmuş, təmirli, mövcud sahəyə 25 % əlavə sahə verilməklə (53+25%=66,25) 66,25 kv.m-dən az olmayan qeyri-yaşayış sahəsinin verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması; -sənət nümunələrini və təxliyyə edə bildiyi əşyaların saxlanılması üçün 2017-ci ilin noyabr ayından 2020-ci ilin mart ayının sonunadək müddətdə, yəni 29 ay ərzində ödədiyi 13.050 manat pulun, 36.520 manat məbləğində ödənilməmiş kirayə haqqının cavabdeh tərəfindən ödənilməsi; -vəkil bürosu ilə müqavilə bağlamağa görə ödənilmiş 210 manat xidmət haqqının, 30 manat dövlət rüsumunun ödənilməsi; -mənəvi zərərə görə 50.000 manat məbləğində pulun, ümumilikdə 99.810 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin: 403.1-ci maddəsinə əsasən üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. 403.2-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından göründüyü kimi, cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti ilə bağladığı 14 iyul 2017-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, iddiaçını həmin müqaviləyə əsasən qeyri-yaşayış sahəsi ilə təmin etməmiş, bununla da həmin müqavilənin şərtlərini pozmuşdur. İstinad edilən Mülki Məcəllənin normalarından görünür ki, üçüncü şəxsin xeyrinə müqavilə bağlanılmasına yol verilir və bu halda üçüncü şəxs, yəni hazırki iş üzrə iddiaçı onun xeyrinə bağlanmış müqavilənin icrasını tələb edə bilər. Bununla belə məhkəmə hesab edir ki, iddia tələbi qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi hissəsində qismən təmin edilməli, ünvan 11 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasının birinci mərtəbəsində, giriş-çıxışı binanın həyət tərəfinə olan iki otaqdan ibarət, ümumi sahəsi 34,375 kv.metrdən (27,5 kv.metr+25%) az olmamaqla orta təmirli, qaz, işıq, su sayğacları ilə təchiz edilmiş qeyriyaşayış sahəsinin iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən də müəyyən olunur ki, ona məxsus olmuş qeyri-yaşayış sahəsinin 27,5 kv.metrdən ibarətdir və cavabdeh də həmin sahəyə əlavə olaraq 25% təqdim etməyə razılığını bildirir. Həmin sənədlərdən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş məktublardan müəyyən olunur ki, həmin sahə iki otaqdan ibarət olmuş və giriş-çıxışı iddiaçının iddia etdiyi kimi Səttar Bəhlulzadə küçəsinə olmamış, qonşu qeyri-yaşayış sahələrindən keçmişdir. Cavabdeh isə iddiaçıya giriş-çıxışı binanın həyət tərəfinə olan qeyri-yaşayış sahəsinin verilməsinə razılığını bildirir. Bundan əlavə, 14 iyul 2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh orta təmirli qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsini öhdəsinə götürmüşdür. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən inşa edilmiş 25,5 kv.metr artırma özbaşına tikinti sayıldığından həmin sahəyə görə cavabdehin üzərinə öhdəlik qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İddiaçı sənət nümunələrini və təxliyyə edə bildiyi əşyaların saxlanılması üçün 2017-ci ilin noyabr ayından 2020-ci ilin mart ayının sonunadək müddətdə, yəni 29 ay ərzində ödədiyi 13.050 manat pulun, 36.520 manat məbləğində ödənilməmiş kirayə haqqının cavabdeh tərəfindən ödənilməsini tələb etsə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır; 409.4-cü maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. İş materiallarından görünür ki, iddiaçı özü tərəfindən tərtib edilmiş müqaviləni cavabdehə təqdim etmiş və həmin müqavilədə kirayə haqqı 450 manat məbləğində göstərilmiş, bundan sonra cavabdeh tərəfindən iddiaçıya ardıcıl olaraq üç ay müddətində cəmi 1.280 manat olmaqla kirayə haqqı ödənilmiş və iddiaçı da həmin məbləği qəbul etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdehndən kirayə haqqına görə 11.770 (29 ay x 450 manat – 1.280 manat = 11.770 manat) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehdən vurulmuş mənəvi zərərə görə 3.000 manat məbləğində vəsait tutulataq iddiaçıya ödənilməlidir. Belə ki, məhkəmə, iddiaça məxsus qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən onunla hər hansı müqavilə bağlamadan sökülməsi, onu uzun müddət başqa sahə ilə təmin etməməsi və ya kirayə haqqının ödənilməsi iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb ola biləcəyi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin göstərilən hüquqi xidmətlərə görə çəkilən xərcin əvəzi olaraq 210 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən cavabdehdən iddiaçının xeyrinə 105 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manatı da bu əsasla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 11 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasının birinci mərtəbəsində, giriş-çıxışı binanın həyət tərəfinə olan iki otaqdan ibarət, ümumi sahəsi 34,375 kv.metrdən (27,5 kv.metr+25%) az olmamaqla orta təmirli, qaz, işıq, su sayğacları ilə təchiz edilmiş qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, Cavabdehndən kirayə haqqına görə 11.770 manat və dəymiş mənəvi ziyana görə 3.000 (üç min) manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməli, iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 210 (iki yüz on) manatın 105 (bir yüz beş) manatı Cavabdehndən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 11 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasının birinci mərtəbəsində, giriş-çıxışı binanın həyət tərəfinə olan iki otaqdan ibarət, ümumi sahəsi 34,375 kv.metrdən (27,5 kv.metr+25%) az olmamaqla orta təmirli, qaz, işıq, su sayğacları ilə təchiz edilmiş qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdehndən kirayə haqqına görə 11.770 (on bir min yeddi yüz yetmiş) manat və dəymiş mənəvi ziyana görə 3.000 (üç min) manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 210 (iki yüz on) manatın 105 (bir yüz beş) manatı Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar