Məhkəmə qərarları › İş №2(001)-91/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-91/2021

16.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-91/2021 16.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı ödənişlərin iddiaçılara aid edilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı ödənişlərin iddiaçılara aid edilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Cavabdeh2 ASC-nin Binəqədi filialı arasında xx xxxxxxxx 2014-cü il tarixdə 24 ay müddətinə, illik 18% ödənilməsi şərti ilə kredit müqaviləsi bağlanmış və 11000 ABŞ dolları məbləğində kredit verilməsi razılaşdırılmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh1 arasında xx xxxxxxxx 2014-cü il tarixdə ipoteka müqaviləsi imzalanmış və Cavabdeh1 məxsus ** TD *** dövlət qeydiyyat nişanlı, "TOYOTA CAMRY MİNİK" markalı avtomobil bank qarşısında yüklü edilmişdir. Cavabdeh1 ** TD *** dövlət qeydiyyat nişanlı, "TOYOTA CAMRY MİNİK" markalı avtomobili xx.xx.2014-cü il tarixdə faktiki olaraq İddiaçı2 satmış, avtomaşının idarə edilməsi ilə bağlı etibarnamə vermiş və qarşılıqlı razılaşmaya əsasən bankdakı kredit aylıq olaraq İddiaçı2 tərəfindən ödənilməli idi və həmin tarixdən də başlayaraq İddiaçı2 banka hər ay ödənişlər etmiş və ödənişlər 2015-ci ilin avqust ayına kimi tərəfindən ödənilmişdir. Həmçinin xx xxxxxx 2016-cı il tarixdə faktiki olaraq avtomaşın İddiaçı1 satılmış və avtomobilin idarə edilməsi ilə bağlı xx xxxxxx 2016-cı il tarixdə 2023cü ilədək etibarnamə verilmişdir. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə banka heç bir ödəniş edilməmiş, ödənişlər iddiaçılar tərəfindən həyata keçirilmişdir. İddiaçılar avtomaşını cavabdehdən alarkən şifahi razılaşmaya əsasən banka olan borc məbləğləri üzrə ödənişlərin edilməsini öz üzərlərinə götürmüş və yerinə yetirmişlər. Banka kredit müqaviləsi üzrə ödənişlər tam şəkildə həyata keçirilmiş və banka olan kredit borcu tam şəkildə ödənilmişdir. İddiaçı2 tərəfindən 10 ay müddətində 550 ABŞ dolları olmaqla 5.500 ABŞ dolları məbləğində banka ödəniş edilmişdir. Həmçinin İddiaçı1 tərəfindən ümumilikdə 4100 ABŞ dolları banka ödəniş edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən kredit borcları ilə bağlı güzəşt və imtiyazlarla bağlı olaraq 5005 manat kompensasiya məbləği Cavabdeh1 tərəfindən alınmışdır. Halbuki cavabdeh banka heç bir ödəniş etməmiş və həmin kompensasiya əslində iddiaçılara verilməli idi, güzəşt və imtiyazlar onlara şamil edilməli idi. Belə ki, kredit üzrə öhdəliklər faktiki olaraq onlar tərəfindən həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda İddiaçı1 məhkəməyə bildirdi ki, o, avtomobilə görə borcu dolların məzənnəsi ən yüksək olan dövrdə ödəyib. 4110 ABŞ dollarına dair qəbzləri var, bir ödənişi də onun əvəzinə Zaur Bədurayev ödəmişdir. Bankda ona hesablayıb demişdirlər ki, onun ödədiyi məbləği 0,64-a vuraraq ona ödənilməli olan kompensasiyanın məbləğini müəyyən etmək olar. Cavabdeh1 cəmi 5005 manat kompensasiya ödənilib və həmin pul kreditin real ödəyicilərinə verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda İddiaçı2 məhkəməyə bildrdi ki, bankda ona hesablayıb demişdirlər ki, o, kredit ödənişlərini devalvasiyanın birinci dalğası müddətində etdiyindən, onun ödədiyi məbləği 0,27-ə vuraraq ona ödənilməli olan kompensasiyanın məbləğini müəyyən etmək olar. Cavabdeh1 cəmi 5005 manat kompensasiya ödənilib və həmin pul kreditin real ödəyicilərinə verilməlidir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında göstərmişdir ki, iddia tələbini qismən qəbul edir, Cavabdeh2 ASC-dən 5005 manat məbləğində kompensasiya almış, lakin həmin məbləğin 2000 manatını artıq X1 vermişdir. Cavabdeh həmin tarixdə iddiaçılarla razılaşmaq üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin tərəflər bu müddət ərzində razılığa gələb bilməmişlər. Cavabdeh2 ASC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə arayış ünvanlamış və həmin arayışda qeyd olunmuşdur ki, Cavabdeh2 ASC-nin Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 bankdan 11000 ABŞ dolları kredit götürmüş və bu kreditin əsas və faiz borcu xx.xx.2016-cı il tarixdə tam şəkildə ödənilmişdir. Bank tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh1 Cavabdeh2 ASC-nin Binəqədi filialındakı cari hesabına 5005,05 manat məbləğində kompensasiya ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2 xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, “Toyota Camry” minik markalı, 90TD632 dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2014-cü il tarixdə İddiaçı2, xx.xx.2016-cı il tarixdə isə İddiaçı1 etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... rəyin tədqiqat hissəsində göstərilənlərə, təqdim edilmiş hesabdan çıxarış məlumatlarından əsasən xx xxxxxxxx 2014-cü il tarixli 500/f-14 saylı kredit müqaviləsi üzrə 13.459.0 ABŞ dolları məbləğində ödəniş aparıldığı müəyyən edildi. Təqdim edilmiş ödəniş qəbzləri məlumatlarına əsasən 6050,0 ABŞ dolları məbləğində vəsaitin İddiaçı2, 1650.0 ABŞ dolları məbləğində vəsaitin Cavabdeh1, 550,0 ABŞ məbləğində vəsaitin Bədurayev Zaur, 4110,0 ABŞ dolları məbləğində vəsaitin İddiaçı1 tərəfindən aparıldığı müəyyən edildi. xx.xx.2015-ci il tarixdə aparılmış 549,0 ABŞ dollan və xx.xx.2015-ci il tarixdə aparılmış 550,0 ABŞ dolları məbləğində ödənişi əks etdirən mədaxil qəbzi təqdim edilmədiyindən, ümumilikdə 1099,0 ABŞ dollan məbləğində ödənişin kim tərəfindən aparıldığını müəyyən etmək mümkün olmadı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləlilklə, məhkəmə Cavabdeh1 tərəfindən “Toyota Camry” minik markalı, 90TD632 dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2014-cü il tarixdə İddiaçı2, xx.xx.2016-cı il tarixdə isə İddiaçı1 etibarnamə verilməsini, həmin avtomobilə görə kredit ödənişlərinin xx.xx.2014-xx.xx.2015-ci il tarixlərində İddiaçı2 tərəfindən, xx.xx.2016-cı il tarixdən isə İddiaçı1 tərəfindən edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanına əsasən həmin kredit üzrə Cavabdeh1 ayrılmış və onun tərəfindən alınmış kompensasiyanın iddiaçılara aid hissəsi cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Belə ki, yuxarıda qeyd olunan Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə qəbul edilmişdir. İş materiallarından göründüyü kimi, devalvasiya baş verən zaman kredit üzrə öhdəlikləri cavabdeh deyil, artıq iddiaçılar icra etmiş və devalvasiya nəticəsində maliyyə itkiləri ilə məhz iddiaçılar üzləşmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 2671,50 manat məbləğində pul tutularaq İddiaçı1, 1633,50 manat məbləğində pul tutularaq İddiaçı2 ödənilməlidir. Məhkəmə iddia tələbinin 500 manat maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslandırılmadığından, təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-ci maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi 78.27% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 23,48 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçılara ödənilməlidir. Mülki Prosessual Məcəllənin 117.1-ci maddəsinə müvafiq olaraq, ... ekspertlərə ... verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2671,50 (iki min altı yüz yetmiş bir manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı1, 1633,50 (min altı yüz otuz üç manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. Ödənilmiş dövlət rüsumunun 23,48 (iyirmi üç manat qırx səkkiz qəpik) manat hissəsi Cavabdeh1 tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumunun 6,52 manat hissəsi iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar