Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-9100/2021 08.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə) “ünvanlı dövlət sosial yardımın imtina olunmasına dair qərarın ləğvi, sosial yardımın təyin olunması və ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvanlı dövlət sosial yardımın təyin olunması üçün 18 avqust 2021-ci il tarixli **********16003 nömrəli müraciətinə cavab olaraq sosial yardımın təyin olunmasından imtina edilməsinin səbəbinin əsassız hesab edilməsi və 04 oktyabr 2021-ci il tarixdə çıxarılmış qərarın ləğv edilərək ailəsinə sosial yardım təyin olunması və yuxarıda qeyd etdiyi qaydanın 3.5-ci bəndinə əsasən sosial yardım almaq üçün müraciət etdiyi ayın 1-dən (01 avqust 2021) Qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və məbləğdə hesablanaraq 01 avqust 2022-ci ilə qədər ödənilməsi, qanunazidd hərəkət və sosial yardımla bağlı məsul işçilərin qərəzli mövqeyi nəticəsində yekun məhkəmə qərarı çıxarılan günədək ödənilməmiş sosial yardım məbləğinin ödənilməklə cavabdehdən ailəsinin xeyrinə tutulması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini, habelə müvafiq qaydanın 4.10-cu bəndinə əsasən ailəsinə münasibətdə sosial yardımın imtina olunmasından narazı olduğunu nəzərə alınaraq, “Ünvanlı dövlət sosial yardımı haqqında” AR Qanununun tələblərinin pozulmasına görə təqsirkar şəxslərin (N.Bədəlov və N.Güləliyeva) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunmaqlarını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı ailəsinə ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsini və ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Lakin bu kimi tələblərə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən deyil, inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2, 2.2.2, 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya hazırki tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Bunlardan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə) “ünvanlı dövlət sosial yardımın imtina olunmasına dair qərarın ləğvi, sosial yardımın təyin olunması və ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilir ki, o, hazırki iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-9100/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-9100/2021
08.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver