Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-919/2021 10.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdeh İddiaçı qının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona olan 2475 manat borcunun, həmçinin 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildən 2019-cu ilədək Bakı şəhərində yerləşən “Qorqud Otel və SPA” oteldə menecer vəzifəsində işləmişdir. Həmin vaxt oteldə Cavabdeh xadimə vəzifəsində işləmişdir. O, İrandan qızı üçün və yaxın qohumları üçün cehizlik əşyalar almışdır. Sonradan maddi sıxıntıları olduğundan həmin əşyaları satmaq məcburiyyətində qalmışdır. Cehiz əşyalarını iş yoldaşları Cavabdeh, Rauf və Bənövşə onda almaq istədikləri üçün onlara satmışdır. Ondan aldıqları cehiz əşyalarına görə Cavabdeh ona 3300 manat, Rauf 300 manat, Bənövşə isə 800 manat pul verilməli idi. Cavabdeh 3300 manat olan borcundan ona hissə-hissə olaraq 825 manat pul vermiş, 2475 manat isə borclu qalmışdır. Rauf ondan 300 manatlıq əşya almış, 100 manat pulu 6 ay əvvəl hissə-hissə vermiş, 200 manat isə borclu qalmışdır. Cavabdeh sonuncu dəfə borcundan hissə-hissə olmaqla 825 manatını, ən sonuncu dəfə isə avqust ayında qayatrmış, lakin 2020ci ilin avqust ayından sonra qalan borcunu verməkdən imtina edərək, pulunun olmadığınıı bildirmişdir. O, dəfələrlə borcludan ona olan borclarını qaytarmalarını xahiş etsə də, onlar tezliklə borclarını qaytaracaqlarını bildirmiş, lakin sözlərinə əməl etməmişlər. Hər dəfə bəhanələr gətirərək, hətta telefon zənglərinə belə cavab verməmişlər. Ona ən çox borclu qalan Cavabdeh artıq ona pul vermək istəmədiyini, bundan boyun qaçırdığını görüb, onun barəsində Abşeron Rayon Pİ-nə şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Polis idarəsinə dəvət olunmuş Esmiralda izahat yazaraq, ona olan borcunu etiraf etmişdir. O, özü artıq 1 ilə yaxındır ki, işsizdir. Kürəkəni hal-hazırda cəbhədə döyüşlərdə iştirak etdiyindən qızı və onun 2 uşaqlarının da qayğıları onun üzərindədir. Hal-hazırda maddi sıxıntı içərisindədir. Esmiraldanın ona olan borcuna çox ehtiyacı vardır. Cavabdehin ona olan borcu qaytarmaması onun dahada pis vəziyyətə düşməsinə, qohumlardan və tanışlardan borc almasına səbəb olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh polis idarəsində yazdığı izahatında həqiqəti qeyd edib.Cavabdeh yazmağı bacarmasa belə ən azından qol çəkdiyi izhatın mətnini oxuya bilərdi. İddiaçının ondan artıq pul tələbi yoxdur. Polisdə izahat veriləndən bu günə kimi borcdan iddiaçıya heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ondan satdığı malın pulunu istəyir. Ona olan borcundan müəyyən hissəni qaytarsa da, müəyyən məbləğdə borcu qalmışdır. Axırıncı dəfə 850 manat ödəniş etdikdən sonra onun cəmi 1750 manat borcu qalmışdır. O, polis idarəsində izahat yazmamışdır. Sadəcə olaraq qol çəkmişdir. O sadəcə yazılı izahata qol çəkmişdir. Həmin izahatda borc məbləği 1750 manat göstərilməli idi. O iddiaçıdan pul alanda və ya ona pul veriləndədə şahid olmayıb. İddiaçı qızı ilə evinə gəlmişdir. Təxminən 2800 manatlıq mal götürdüyünü etiraf edir. Amma həmin məbləğdən ödənişlər edilmişdir. O, 2450 manatı borc məbləği kimi qəbul etmir. Onun cəmi 1750 manat borcu vardır. İddiaçıya olan borcunu hissə-hissə hər ay 50 manat olmaqla ödəyə biləcəyini bildirsə də, iddiaçı bununla razılaşmamışdır. 2 oğlu bir qızı evlidir. Digər qızı isə nişanlı. Özü hal-hazırda kirayədə yaşayır. İşləmədiyi üçün borcunu qaytarmaqda çətinlik çəkir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixində Abşeron RPŞ-nin rəisi polis polkovniki Şəhriyar Şəmşirliyə yazılan və Cavabdeh imzası ilə təsdiq edilən izhatından görünür ki, o, “Qorqud Otel və SPA” oteldə xadimə vəzifəsində işləyərkən nişanlı qızı üçün Gülbəniz adlı şəxsdən cehizlik avadanlıqlar almışdır. Aldığı əşyaların 700 manat dəyərində hissəsini ödəmişdir. Pandemiya ilə əlaqədar işləmədiyindən borcunu ödəyə bilmir. Ona olan borcunu hissə-hissə hər ay 50 manat olmaqla ödəyə biləcəyini bildirsə də, Gülbəniz bununla razılaşmamışdır. 2475 manat qalan pulun hamısını istəyir, o isə həmin pulu hissə-hissə ödəyəcəyinə söz verir. İşin halları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, tərəflər arasında yazılı müqavilə olmasa da, faktiki olaraq alğı-satqı münasibətləri mövcud olmuşdur. Cavabdeh həm məhkəmə iclasında həmdə polis şöbəsində verdiyi izahatında həqiqətən İddiaçı müxtəlif cehiz əşyaları aldığını təsdiq etmişdir. Cavabdeh aldığı əşyaların dəyərinin bir qismini ödədiyini, ondan tələb edilən borc məbləği ilə razılaşmadığını bildirmişdir. Lakin izahatında 2475 manat borcu olduğunu qəbul etmişdir. Cavabdeh borc məbləği ilə razılaşmaması və borcunun daha az olduğu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Odur ki, iddiaçı ilə cavabdeh arasında şifahi şəkildə bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin olduğu işin mübahisələndiriməyən halıdır. Belə ki, cavabdeh həm məhkəmə iclasında verdiyi izahatında, həm də mübahisə ilə bağlı polis orqanında araşdırma zamanı verdiyi izahatında iddiaçı tərəfindən satılmış əşyaları qəbul etdiyini etiraf edir. Cavabdeh borc məbləğini mübahisələndirsə də, polis orqanında verdiyi ilkin izahatından daha mötəbər sübut təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh şifahi şəkildə bağlanan alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2475 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2475 (iki min dörd yüz yetmiş beş) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-919/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-919/2021
10.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver