Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-920/2024 29.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “paylı mülkiyyətdə olan əmlakın paya uyğun naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən evin İddiaçı mülkiyyətində olan 1 otaq (yaşayış sahəsi 14.6 kv.metr, köməkçi sahəsi 6.8 kv.metr) hissəsinə dair payı naturada ayrılmaqla, paylara uyğun daşınmaz əmlakın dövlət reyestridən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən evin 2 otaq (yaşayış sahəsi 32.6 kv.metr, köməkçi sahəsi 13.8 kv.metr) Cavabdeh və 1 otaq ( yaşayış sahəsi 14.6 kv.metr, köməkçi sahəsi 6.8 kv.metr) hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə xx.xx.2015-ci il tarixdə çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən evin digər paylı hissəsi digər şəxsin adına qeydiyyatdan keçirildiyindən, müstəqil surətdə mülkiyyətində olan evə dair müstəqil sərəncam verə bilmir. Mülkiyyətində olan əmlaka dair müstəqil sərəncam vermək hüququ məhdudlaşdırır. Bu səbəbdən, ünvan 1 ünvanında yerləşən evin onun xüsusi mülkiyyətində olan 1 otaq ( yaşayış sahəsi 14.6 kv.metr, köməkçi sahəsi 6.8 kv.metr) hissəsinə dair yeni ünvan göstərilməklə, yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Lakin, mülkiyyətidə olan hissəyə dair yeni ünvan göstərilməklə çıxarış ala bilməyi üçün ona məxsus payının naturada ayrılması zəruridir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etmək istəyir ki, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən evin mükiyyətçiləri birgə paylı mülkiyyətdə olan əmlaka dair birgə sərəncam verə bilmədiyindən, o, xüsusi mülkiyyətində olan evə yeni ünvan verilməklə, yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün bölgü sxeminin alınması zəruridir. Cavabdeh isə könüllü olaraq bölgü sxemini tərtib etməyə razı olmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən, məhkəmədən paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən evin İddiaçı mülkiyyətində olan 1 otaq (yaşayış sahəsi 14.6 kv.metr, köməkçi sahəsi 6.8 kv.metr) hissəsinə dair payı naturada ayrılmaqla, paylara uyğun daşınmaz əmlakın dövlət reyestridən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, mübahisəli mənzilə daoir onun giriş çıxışı ayrıdır. Onun tələbi sadəcə çıxarışın ayrı olmasıdır. O, mülkiyyətinə düşən hissəni satmaq istəyir. Çünki cavabdeh onu hədələyir, ona bıçaqla hücum edir. Göstərdiklərini nəzərə alaraq paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən evin İddiaçı mülkiyyətində olan 1 otaq (yaşayış sahəsi 14.6 kv.metr, köməkçi sahəsi 6.8 kv.metr) hissəsinə dair payı naturada ayrılmaqla, paylara uyğun daşınmaz əmlakın dövlət reyestridən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişir ki, mübahisə predmeti olan evin giriş-çıxışı ayrıdır. İddiaçının mənzili onun evinə bitişikdir. Alqı-satqıya isə onun razılığı olmamışdır. Hazırda məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayv küçəsi, ev 19 saylı fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmiş və həmin fərdi yaşayış evinin hüquq sahibləri; 2 otaq y/s, 32.6 kv/metr, 5/s 13.8 kv/metr sahəsi Cavabdeh, 1 otaq y/s 14.6 kv.m, k/s 6.8 kv.m sahəsi isə İddiaçı (payları) xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayv küçəsi, ev 19 saylı fərdi yaşayış evinin hüquq sahibləri 2 otaq y/s, 32.6 kv/metr, 5/s 13.8 kv/metr sahəsi xx.xx.2015-ci il tarixdən Cavabdeh, 1 otaq y/s 14.6 kv.m, k/s 6.8 kv.m sahəsi isə İddiaçı xx.xx.2006-cı il tarixən (payları) xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/715 saylı rəyində göstərilmişdir ki, rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67,8 kv.metrdən texniki pasport göstəricilərinə əsasən Cavabdeh 2 otaq (y/s 32,6 kv.metr, k/s 13,8 kv.metr) hissədə İddiaçı 1 otaq (y/s 14,6 kv.metr, k/s 6,8 kv.metr) hissəsinə küçə tərəfdən açılmış giriş-çıxış qapısından istifadə etməklə İnşaat Norma və Qaydalarının 2,08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-Texniki Ekspertizasının- Həlli Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində texniki cəhətdən ayrılmasının mümkün olduğu müəyyən edilir. - İşə əlavə edilmiş 21 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/715 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə- tikinti-texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayv küçəsi, ev 19 saylı fərdi yaşayış evi 2 otaq y/s, 32.6 kv/metr, 5/s 13.8 kv/metr sahəsi xx.xx.2015-ci il tarixdən Cavabdeh, 1 otaq y/s 14.6 kv.m, k/s 6.8 kv.m sahəsi isə İddiaçı xx.xx.2006-cı il tarixən (payları) xüsusi mülkiyyəti kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Qanunun mənasından göründüyü kimi, əşyanın naturada ayrılmasının ilkin şərti, həmin əşyanın paylı mülkiyyətdə olmasıdır. Hazırkı halda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayv küçəsi, ev 19 saylı fərdi yaşayış evinin 2 otaq y/s, 32.6 kv/metr, 5/s 13.8 kv/metr sahəsi Cavabdeh, 1 otaq y/s 14.6 kv.m, k/s 6.8 kv.m sahəsi isə İddiaçı (payları) xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır. Bununla yanaşı, paylı mülkiyyətdə olan evin mülkiyyətçiləri arasında ümumi evin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərinə görə paylı mülkiyyətin mülkiyyətçisi olan iddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. İşin hallarından mübahisəsiz şəkildə görünür ki, tərəflər arasında əmlaka sahiblik və ondan istifadədə razılaşma yoxdur, həmçinin onlar ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilməmişlər, tərəflər əmlakla bağlı biribirlərinə kompensasiya ödəmək niyyətində də deyildirlər. Paylı mülkiyyətində olan əmlakın paylara mütənasib olaraq naturada bölgüsünün mümkünlüyü barədə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/715 saylı rəyi ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67,8 kv.metrdən texniki pasport göstəricilərinə əsasən Cavabdeh 2 otaq (y/s 32,6 kv.metr, k/s 13,8 kv.metr) hissədə İddiaçı 1 otaq (y/s 14,6 kv.metr, k/s 6,8 kv.metr) hissəsinə küçə tərəfdən açılmış giriş-çıxış qapısından istifadə etməklə İnşaat Norma və Qaydalarının 2,08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-Texniki Ekspertizasının- Həlli Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində texniki cəhətdən ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə verilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67,8 kv.metrdən texniki pasport göstəricilərinə əsasən Cavabdeh 2 otaq (y/s 32,6 kv.metr, k/s 13,8 kv.metr) hissədə İddiaçı 1 otaq (y/s 14,6 kv.metr, k/s 6,8 kv.metr) hissəsinə küçə tərəfdən açılmış giriş-çıxış qapısından istifadə etməklə texniki cəhətdən ayrılmasının mümkün olduğunu mötəbər sübut kimi qiymətləndirir və belə qənaətə gəlir ki, iddia tələbi payların naturada ayrılması hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, mübahisəli evə münasibətdə iddiaçı və cavabdeh paylı mülkiyyətçilərdir və onların bir birinə münasibətdə hər hansı üstünlüyü yoxdur. Əksinə işdən görünür ki, cavabdeh iddiaçının hüquqları ilə bir araya sığmayan dərəcədə əşyaya sahiblik etməkdədir. Təsadüfi deyil ki, Mülki Məcəllənin 215.4-cü maddəsi sözügedən tarazlığı təmin etmək üçün “Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir” qaydasını nəzərdə tutmuşdur. Belə ki, iş üzrə müəyyən edilmişdir ki, cavabdeh çıxarışda qeyd olunan evin arxasında texniki pasportda qeyd olunmayan əlavə otaqlar inşa etmiş, inşa edilmiş tikiliiərin bir hissəsi iddiaçının texniki pasportda göstərilən hissədə bağlanmış qapısı tərəfdə yerləşir (işdə olan 3-16-16/2-10/715 saylı ekspert rəyinin 2-ci səhifəsi). Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67,8 kv.metrdən texniki pasport göstəricilərinə əsasən Cavabdeh 2 otaq (y/s 32,6 kv.metr, k/s 13,8 kv.metr) hissədə, İddiaçı 1 otaq (y/s 14,6 kv.metr, k/s 6,8 kv.metr) hissəsinə küçə tərəfdən açılmış giriş-çıxış qapısından istifadə etməklə (İnşaat Norma və Qaydalarının 2,08.01.89*-cu bəndlərinin və Məhkəmə Tikinti-Texniki Ekspertizasının- Həlli Metodlarının tələbləri nəzərə alınmaqla) naturada ayrılmalı və iddiaçıya payına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Habelə, iddia təmin edildiyindən 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67,8 kv.metrdən texniki pasport göstəricilərinə əsasən Cavabdeh 2 otaq (y/s 32,6 kv.metr, k/s 13,8 kv.metr) hissədə, İddiaçı 1 otaq (y/s 14,6 kv.metr, k/s 6,8 kv.metr) hissəsinə küçə tərəfdən açılmış giriş-çıxış qapısından istifadə etməklə (İnşaat Norma və Qaydalarının 2,08.01.89-cu bəndlərinin və Məhkəmə Tikinti-Texniki Ekspertizasının- Həlli Metodlarının tələbləri nəzərə alınmaqla) naturada ayrılsın. İddiaçıya payına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-920/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-920/2024
29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver