Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-9256/2021 17.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin yaşadığı yer kimi “Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, M.Kazımovski küç, ev 16A, mənzil 38” kimi qeyd edilərək, iddia ərizəsi Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Lakin, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh yaşayış yeri “Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi, Məmməd Araz küçəsi, ev 24A” (şəxsiyyət vəsiqəsinin verilmə tarixi 29.03.2019-cu il) ünvanıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə də, cavabdehin ünvanı Abşeron rayonu ərazisində yerləşdiyindən həmin işə ərazi aidiyyəti üzrə Bakı şəhər Binəqədi Rayon məhkəməsində deyil, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun olaraq ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, cavabdehin yaşayış yerinin Binəqədi rayonunun ərazisində olmadığına görə iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməli, habelə iddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 50 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırkı iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu ərazi üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etmək hüququ var. İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-9256/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-9256/2021
17.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver