Məhkəmə qərarları › İş №2(001)-927/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-927/2021

17.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-927/2021 17.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Fitat Eldar qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10000 manat məbləğində pulun geri qaytarılması və əlavə olaraq bütün məhkəmə xərclərinin ödənilməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 2019-cu ilin yanvar ayında podrat müqaviləsi bağlanmış və müqaviləni şərtlərinə görə cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilinə mətbəx, qarderob, yataq otağının şkaflarının sifarişi və köhnə otaq qapılarının restavrasiya olunmasını öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən ikinci tərəf mebelləri 2 ay müddətinə təhvil verməyi öhdəsinə götürmüşdür. Podratçı tərəfindən görüləcək işin ümumi dəyəri 11000 manat müəyyən edilmiş və sifarişçi tərəfindən həmin məbləğin 5000 manat hissəsi müqavilə bağlandığı gün podratçıya ödənilmiş və qalan hissəsi də işlər başa çatdıqdan sonra ödənilməli idi. O, mənzildə təmir işləri gecikdiyi üçün cavabdehlə mebelləri 2019-cu ilin sentyabr ayında təhvil verilməsi ilə bağlı razılaşmış, oktyabr ayında cavabdeh sözü gedən mebellərin bütün karkaslarını və restavrasiya olunmuş otaq qapılarını gətirib mənzilə quraşdırmış, yaxın zamanda mebelin qalan hissəsini gətirəcəyini bildirmiş, lakin cavabdeh tərəf müqavilənin şərtlərini pozaraq şərtləşdirilmiş işləri yerinə yetirməmiş, mebellərin qalan hissəsini təhvil verməmiş, üzərinə düşən öhdəliyi yerinə yetirməyərək öhdəlikdən yayınmağa başlamış və ödənilmiş pulu geri qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə qabaqcadan qanuna müvafiq qaydada məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməni əvvəlcədən hər hansı bir formada məlumatlandırmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - DİN Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhəri Binəqədi Rayon polis İdarəsinin 5ci Polis Bölməsi tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı müraciətlərinə baxılmış və ərizədə göstərilən xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Məhkəməyə təqdim edilmiş fotoşəkillər və diskə baxış keçirələn zaman müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzilə cavabdeh tərəfindən quraşdırılmış mebel vəqapılar natamamdır. - Məhkəmə Ekspertiza Mərkəzinin 17.03.2021-ci il tarixli 9/6057 nömrəli rəyindən görünür ki, mebel və qapıların təmir-bərpa xərci ilə ümumi dəyəri təxminən 7550 manat məbləğində müəyyən olunur. - "xxxx" MTK tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı "xxxx" MTK-nın ünvan 2 ünvanında qeydiyyatdadır. - DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında bildirdi ki, hazırda İddiaçı natamam qalmış mebel və qapılarının təmir-bərpa işləri ilə o məşğul olur. Həmin mənzilə gedərkən mebellərin və qapıların natamam olduğunu müəyyən etmişdir. Şəxsi hesablamalarına görə hesab edir ki, Cavabdeh tərəfindən görülmüş işlərin dəyəri təxminən 2000-3000 manat təşkil edir. Həmçinin qeyd etmişdir ki, həmin mebellərin və qapıların təmir bərpası üçün 12 000 manat əlavə xərc çəkilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. -759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. -762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məhkəmə qanunvericiliklə qeyd olunan tələbləri, iddiaçının izahatı və şahid ifadəsi ilə müəyyən edilən hallar baxımından belə qənaətə gəlir ki, hazırkı mübahisəli hüquq münasibətləri podrat müqaviləsindən irəli gələn münasibətlərdir. Məhkəmə qeyd edir ki, müqavilənin elementlərindən biri sayılan podrat müqaviləsinin forması Mülki Məcəllə ilə xüsusi olaraq tənzimlənmir. Ona görə də podrat müqaviləsinin forması əqdlərin forması haqqında müddəalar əsasında müəyyən edilir. Belə ki, podrat müqaviləsi həm şifahi, həm də sadə yazılı formada bağlana bilər. Podrat müqaviləsinin müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Qanun müqavilə üzrə müddəti də xüsusi olaraq nizama salınır. Podrat müqaviləsində müddətin müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Bu onunla izah olunur ki, sifarişçinin öz tapşırığı işin müəyyən bir müddət ərzində icra edilməsində marağı vardır (MM-in 427.2-ci maddəsi). Beləliklə, işin qeyd olunan halları və iş materiallarına əlavə edilmiş sənədlər ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında xidmətlər göstərilməsi (podrat işləri görülməsi) ilə bağlı şifahi razılaşma mövcud olmuş, həmin razılaşmaya əsasən də cavabdeh iddiaçı tərəfindən verilmiş sifarişi (işin görülməsi) yerinə yetirməkdən yayınmışdır. Belə olan halda isə Mülki Məcəllənin 441.4-cü maddəsinin tələbinə görə əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyini həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilmişdirsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Məcəllənin qeyd olunan müddəasının mənası baxımından iddiaçı üzərində düşən öhdəliyini yerinə yetirdiyi halda, cavabdeh də üzərinə düşən qarşılıqlı öhdəliyini yerinə yetirməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh podrat müqaviləsi əsasında müəyyən edilmiş işin görülməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh vəzifəsini lazımınca icra etməyərək, razılaşmanın şərtlərini həyata keçirməmişdir. Odur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçı mebellərin tam təhvil verilməməsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün mebellərin tamamlanmasına əlavə 10000-15000 manat pul lazım olduğunu bildirir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh podrat müqaviləsi üzrə öhdəliyi lazımınca yerinə yetirmədiyindən, sifarişçi tərəfindən ödənilmiş 10 000 manat pul məbləğinin 7550 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iddiaçının izahatı və şahid ifadəsindən müəyyən edilir ki, cavabdeh tərəfindən görülmüş işlərin dəyəri cəmi 2000-3000 manat məbləğində olduğundan, iddiaçı mebel və qapıların təmir-bərpa xərci ilə ümumi dəyəri təxminən 7550 manat məbləğində qiymətləndirilmişdir(ekspert rəyinə əsasən). Odur ki, Cavabdeh 7550 manat pul məbləği tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7550 (yeddi min beş yüz əlli ) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə iqtisadi ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar