Məhkəmə qərarları › İş №2(001)-928/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-928/2022

03.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-928/2022 03.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərlə bağlı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərlə bağlı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyan olaraq 8.500 manat, mənəvi ziyana görə 1.500 manat, ümumilikdə 10.000 manat pulun, habelə ödədiyi 120 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Yasamal Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən digər epizodlarla yanaşı, cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin mart ayında istintaqa dəqiq məlum olmayan vaxtda və tarixdə ünvan 1 ünvanında yerləşən ünvan 2rini əvvəlcədən rezervasiya etmək məqsədi ilə ona müraciət etmişdir. X3 və 01 saylı Dağüstü qəbirstanlığında hər hansı vəzifə tutmadığı halda, özünü həmin qəbirstanlığın müdürü kimi təqdim edərək ona həmin ünvanda başqasına məxsus torpaq sahəsini göstərib 7.500 manat qiymətində satacağını yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra ondan 2020-ci ilin mart ayında həmin ünvanda vahid niyyətlə ayrı-ayrı vaxtlarda hissə-hissə 4.500 və 3.000 manat olmaqla, ümumilikdə 7.500 manat pulunu alıb ələ keçirməklə ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Həmin hökmdən verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılaraq, məhkəmə kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, cavabdehin onun 7.500 manat pulunu ələ keçirməsi Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 iyul 2021-ci il tarixli hökmü ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Bundan başqa, hökmdə qeyd olunduğu kimi qəbirstanlıqda qəbir yerinin alınması ilə bağlı cavabdehə 7.500 manat ödəməklə torpaq sahəsini aldıqdan sonra həmin yerə gedib orada abadlıq işləri aparmış, 2020-ci ilin təxminən aprel ayının sonu may ayının əvvəllərində aldığı həmin yeri dəmir hasara almış, bununla bağlı 1.000 manat xərci çıxmışdır. Həmçinin, cavabdehin onu aldadaraq yaşlı valideyni üçün qəbir yerinin alınması üçün Yasamal Bələdiyyəsində və 01 saylı Dağüstü qəbiristanlığında başqasına məxsus torpaq sahəsini göstərib illərlə zəhmətlə qazandığı pullarını dələduzluq yolu ilə ələ keçirməsi, 1 ildən artıq müddət ərzində gedən ibtidai istintaq və məhkəmə iclasları ilə bağlı dəfələrlə dövlət orqanlarına getməklə əsəb və sarsıntı keçirməyi, buna baxmayaraq hər dəfəsində onu aldadaraq pulunu qaytaracağını vəd etsə də ələ, keçirdiyi puldan heç bir ödəniş etməməsi, həmin müddət ərzində keçirdiyi izdirablar ona vurulmuş mənəvi ziyan kimi qiymətləndirilməli və mənəvi ziyanla bağlı cavabdehdən 1.500 manat pul tutulmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Beləliklə, cinayət mühakimə icraatı zamanı mülki iddia qaldırmadığından və cavabdeh dələlərlə vəd versə də onun pulunu qaytarmadığından, məhkəmənin müvafiq hökmü qanuni qüvvəyə mindikdən sonra mülki iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, o, iddianı qəbul etmir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olsa da, onun hökmdən apellyasiya və kassasiya şikayətləri vermək hüququ qalmışdır. O, yaxınlarda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sözügedən hökmündən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəkdir. Hazırda kəskin ürək çatışmazlığı, beldə yırtıq və İİ tip şəkərli diabet kimi sağlamlığa real təhlükə yaradan xəstəliklərdən əziyyət çəkir. Ona görə də sağlamlığı ilə əlaqədar məhkəmə prosesində iştirak etmək istəmir. Qeyd edilənlərə əsasən məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi xahişini nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 1(004)-170/2021 nömrəli hökmündən görünür ki, Cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin mart ayında istintaqa dəqiq məlum olmayan vaxtda və tarixdə ünvan 1 ünvanında yerləşən ünvan 3ərini əvvəlcədən rezervasiya etmək məqsədi ilə ona müraciət etmiş İddiaçı Yasamal bələdiyyəsində və 01 saylı Dağüstü qəbiristanlığında hər hansı vəzifə tutmadığı halda, özünü həmin qəbirstanlığın müdürü kimi təqdim edərək ona həmin ünvanda başqasına məxsus torpaq sahəsini göstərib 7.500 manat qiymətində satacağını yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra İddiaçı 2020-ci ilin mart ayında həmin ünvanda vahid niyyətlə ayrıayrı vaxtlarda hissə-hissə 4.500 və 3.000 manat olmaqla, ümumilikdə 7500 manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Qeyd olunan hökmə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, onun 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu andan, yəni 09 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddianın qismən təmin edilməsi, təqsirləndirilən şəxs Cavabdeh maddi ziyana görə 3.500 manat, mənəvi zərərə görə 500 manat və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 4.030 manat tutulub zərər çəkmiş şəxs X1 verilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli, 1(103)-1407/2021 nömrəli qərarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 1(004)-170/2021 saylı hökmü məhkum Cavabdeh barəsində zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. 08 dekabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 121 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən cinayət əməli törədilərək qəbirstanlıqda boş torpaq sahəsini satmaq vədi ilə iddiaçıya məxsus 7.500 manat məbləğində vəsait ələ keçirilmiş, bununla bağlı cavabdeh cinayət məsuliyyətinə cəlb olunmuş və barəsində məhkəmə hökmü çıxarılmışdır. İddiaçı həmin hökmü mübahisələdirsə də, həmin hökm apellyasiya instansiyası məhkəməsinin qərarı ilə onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı cavabdehdən qəbirstanlıqda boş torpaq sahəsi almaq üçün ödədiyi 7.500 manat məbləğində vəsaitin, həmin torpaq sahəsinin hasara alınması üçün çəkdiyi 1.000 manat məbləğində xərcin və 1.500 manat məbləğində mənəvi zərərin tutulmasını xahiş edir, cavabdeh isə iddianı qəbul etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə iddia tələbinin “8.500 manat məbləğində maddi ziyanın tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, 7.500 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Belə ki, cavabdeh tərəfindən təqsirli, hüquqa zidd əməl nəticəsində iddiaçıya 7.500 manat məbləğində ziyanın vurulması işdə olan məhkəmə aktları ilə öz təsdiqini tapsa da, iddiaçı tərəfindən qəbirstanlıqda boş torpaq sahəsinin hasara alınması üçün çəkdiyi 1.000 manat məbləğində xərc iş materialları ilə sübut olunmur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddia tələbinin “1.500 manat məbləğində mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehdən iddiaçıya vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində vəsait tutulmalıdır. Belə ki, məhkəmə, cavabdehin cinayət əməli nəticəsində iddiaçının ümid etdiklərindən məhrum olmasının onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb ola biləcəyi qənaətinə gəlir. Bununla yanaşı, məhkəmə mənəvi zərərin 500 manat məbləğində tutulması qənaətinə gələrkən nəzərə almışdır ki, cavabdehin barəsində olan məhkəmənin hökmü ilə onun eyni cinayət əməli nəticəsində digər zərərçəkmiş şəxsə vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində vəsait tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 121 manat məbləğində dövlət rüsumunun 97 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməldir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 7.500 manat, mənəvi zərərə görə 500 manat məbləğində vəsait və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 97 (doxsan yeddi) manatı tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 7.500 (yeddi min beş yüz) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində vəsait və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 97 (doxsan yeddi) manatı tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar