Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-9329/2021 20.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə, Sabirabad Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə, Beyləqan rayon 1 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı qarşı “vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və Baş X10 İdarəsi tərəfindən aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 mərhum atası X2 vəsiyətnamə üzrə vərəsəsi olması barədə Sabirabad Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 26.07.2015-ci il tarixli, 162 saylı şəhadətnamənin, Cavabdeh2 mərhum atası X1 tam hissədə pay almaq hüququ barədə qanun üzrə vərəsəsi olması haqda Beyləqan rayon Notariat Ofisi tərəfindən verilmiş 25.07.2021-ci il tarixli 162 saylı şəhadətnamənin etibarsız hesab edilməsi, VAZ21120 markalı, 2004-cü il buraxılışlı, 2***-******* mühərrikli, **-ZR-*** i/o dövlət qeydiyyat nişanlı (şəhadətnamə “ AC383764; 04.02.2015-ci il) avtomobilə dair Baş X10 İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğv edilməsi, atasından miras qalmış əmlakların ½ hissəsi üzərində onun, ½ hissəsi üzərində qardaşı Cavabdeh2 vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə, notariuslar X5, X4, icra nümayəndəsi B.Bayramov barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1985-ci il tarixdə Beyləqan rayonunda anadan olmuşdur. Ailədə 2 baxı və 2 qardaş olmuşlar. 1 bacısı, 1 qardaşı və anası vəfat etmişlər. 12.05.2015-ci il tarixdə isə atası Əjdər Abdullayev vəfat etmişdir. Atası vəfat edəndən bu günə kimi o və qardaşı Zaur qeydiyyatda olmaqla onunla yaşamış və atasından miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər. Atası vəfat edəndə onun mülkiyyətində üzərində fərdi yaşayış evi olmaqla torpaq sahəsi və 2 avtomobil qeydiyyatdan keçmişdir. Atasına məxsus mirası qəbul etsə də ötən müddət ərzində onun rəsmiləşdirməsini həyata keçirməmişir. Bir müddət əvvəl eşitmişdir ki, qardaşı Zaur notarius və kənd icma nümayəndəsi ilə əlbir olmaqla saxta sənədlər əsasında atasından qalmış miras əmlakını öz adına qeydiyyata aldırmışdır. Beyləqan rayon 1 saylı Notariat ofisinə sorğu etmiş və sorğuya verilmiş 06.10.2021-ci il tarixli, 1125 saylı cavaba əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, həmin notarius tərəfindən Zaura 25.07.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə göstərilmişdir ki, Zaur atasının vərəsəsidir, miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Beyləqan rayon Torpaq şöbəsi tərəfindən 20.11.1998ci il tarixdə X3 verilmiş, dövlət aktında göstərilən 2,56 ha torpaq sahəsidir. Notariat işində olan Beyləqan rayon Qeydiyyat Şöbəsinin 24.07.2020-ci il tarixli arayışında göstərilmişdir ki, atasının sağ qalan ailə üzvləri o və qardaşı Zaurdur. Eyni zamanda mirasın qəbulu barədə Zaurun 26.07.2015-ci il tarixli, 162 saylın notariat işi üzrə Beyləqan rayon Notariat Ofisinə ünvanladığı ərizədə göstərilmişdir ki, özündən başqa miras qoyanın vərəsəsi- İddiaçıdır. Göründüyü kimi Beyləqan rayon Notariat Ofisi həm Zaurun ərizəsindən, həmdə Beyləqan rayon Qeydiyyat Şöbəsinin 24.07.2020-ci il tarixli arayışında görsə də ki, atasının 2 vərəsəsi var, qərəz nümayiş etdirərək payarın hamısına dair şəhadətnaməni qardaşı Zaurun adına vermişdir. Beyləqan rayon 1 saylı Notariat Ofisinin 06.10.2021-ci il tarixli 1125 saylı cavabına Sabirabad Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 26.07.2015-ci il tarixli şəhadətnamə əlavə edildiyi üçün Sabirabad Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə sorğu verib, 26.07.2015-ci il tarixli şəhadətnamənin verilməsinə əsas olan sənədlərin surətlərini istəmişdir. Sorğuya əsasən verilmiş cavaba əlavə edilən sənədlərdən müəyyən edilir ki, miras qoyan kimi atasından miras qalmış VAZ 21120 markalı, 2004-cü il buraxılışlı 2***-******* mühərikli, **-ZR-*** i/o dövlət qeydiyyat nişanlı və Baş X10 İdarəsinin 04.02.2015-ci il tarixli, AC383764 saylı qeydiyyat şəhadətnaməsində göstərilən avtomobilə dair vəsiyyətnamə üzrə üzrə vərəsəlik hüququ haqqında 26.07.2015-ci il tarixli şəhadətnamə verilmişdir. Atası tərəfindən sağkən qardaşına vəsiyyətnamə verilməsi notariat işindən müəyyən edilmir, ona görə də hesab edir ki, şəhadətnamə saxtakarlıq edilərək verilmişdir. Belə bir vəsiyyətnamə olsaydı atası bu barədə ona məlumat verərdi. Əksinə atasının şifahi vəsiyyəti evinin böyük oğluna qalmasından ibarət olmuşdur. Atasının qeydinə daimi olaraq özü qalmışdır. Zaurun atasına məhəbbəti olmamış, atası ilə maraqlanmamışdır. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi halda necə olur ki, notariat işinin içində vəsiyyətnamə yoxdur. Bununla yanaşı şəhadətnamə qanunvericilikdə nəzərdə tutulan müddət gözlənilmədən, atasının vəfatından 2 ay 14 gün sonra verilmişdir. Həmçinin notariusa atasının yalnız bir vərəsəsinin olması və ya Zaurdan başqa vərəsəsinin olmaması haradan məlum olduğu da müəyyən deyildir. Notariusun və qardaşının saxtakarlıqlarına köməkliyi, həmçinin Beyləqan rayon İHB-nın Tatalılar kəndi inzibati dairəsi üzrə nümayəndəsi etmişdir. Belə ki, Beyləqan rayon İHB-nın Tatalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 316 saylı, 15.06.2015-ci il tarixli arayışında vicdansızcasına göstərilmişdir ki, X2 mirası faktiki qəbul etmiş ailə üzvü Cavabdeh2dur. Arayışda onun mirası faktiki qəbul etməsi gizlədilmişdir. Lakin arayışda Zaurdan başqa vərəsəsinin olmaması göstərilmir. Ola bilərdi ki, ondan savayı atasının başqa vərəsəsi olsun. Buna görə də həmin 15.06.2015-ci il tarixli arayış MM-nin 1322-ci maddəsində nəzərdə tutulmuş qaydada vərəsəlik şəhadətnaməsinin 6 aydan daha tez verilməsi üçün əsas yaratmır. Beyləqan rayon Notariat Ofisinin yuxarıda göstərilənlərdə başqa əmlakla bağlı şəhadətnamə vərəsəlik işinin açıldığı, vərəsəlik şəhadətnaməsinin verildiyi notariat qurumunda verilməli və ya davamı həmin notariat qurumunda aparılmalıdır. Buna baxmayaraq Beyləqan rayon Notariat Ofisi qanunvericiliyin tələbini pozaraq vərəsəlik işinin açıldığı Sabirabad Regional “ASAN Xidmət” mərkəzindəki Notariat Ofisinin vəzifələrini mənimsəmiş və onun nömrəsi ilə öz vərəsəlik şəhadətnaməsini vermişdir. Qardaşı Cavabdeh2 SabirabadRegional “ASAN Xidmət”mərkəzində Notariat Ofisindən vəsiyyətnamə aldıqdan sonra atasından miras qalmış VAZ 21120 markalı, 2004-cü il buraxılışlı, 2***-******* mühərrikli, **-ZR-*** i/0 dövlət qeydiyyat nişanlı və 04.02.2015-ci il tarixli, AC383764 saylı qeydiyyat şəhadətnaməsində göstərilən avtomobili Baş Dövlət Yol Polisi İdarəsində özününküləşdirmişdir. Ona görə də hesab edir ki, vərəsəlik şəhadənamələri etibarsız hesab edilməli, onların əsasında aparılmş qeydlər ləğv edilməli, mirasda vərəsəlik payları müəyyən edilməlidir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi cavabdeh kimi cəlb edilmiş olsa da, iddiaçı tərəfdən ona qarşı hər hansı tələb yönəldilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi hazırki mübahisədə “VAZ 21120” markalı, 2004-cü il buraxılışlı 2***-******* mühərikli, **-ZR-*** i/o dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 vərəsəlik şəhadətnaməsi əsasında əldə etdiyi hüququ qeydə alan orqandır. Həmçinin iş materiallarından və iddia ərizəsindən müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsindən başqa, digər cavabdehlərin heç birinin qeydiyyat və hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonunun ərazisində yerləşmir, halbuki iddiaçı və cavabdehlər müvafiq olaraq Beyləqan və Sabirabad rayonunda qeydiyyatdadırlar. Üstəlik miras əmlak Beyləqan rayonunda yerləşir və vərəsəlik işi Beyləqan rayonunda açılmışdır. Bu isə iddiaçının faktiki olaraq iddia ərizəsi ilə müraciət edən zaman ərazi aidiyyətinin dəyişdirmək məqsədinə nail olmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsini cavabdeh kimi cəlb etdiyini göstərir. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi hüquqları qeydiyyata alaraq şəhadətnamə vermişdir. İddia ərizəsində həmin şəhadətnamənin ləğvi tələbi orqanın qanunsuz hərəkətləri nəticəsi kimi əsaslandırılmamışdır. Yəni faktiki olaraq qeydiyyat şəhadətnaməsinin ləğvi tələbi, vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığının restitusiyasından irəli gəlir. Halbuki bunun üçün ayrıca tələblə məhkəməyə müraciət edilməsinə zərurət yoxdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir və iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. -152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. -152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. -152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci, 263-264cü, maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə, Sabirabad Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə, Beyləqan rayon 1 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı qarşı “vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və Baş X10 İdarəsi tərəfindən aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə, o cümlədən 100(bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-9329/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-9329/2021
20.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver