Məhkəmə qərarları › İş №2(001)-940/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-940/2024

13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-940/2024 13.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 11700 manat məbləğində pulun, habelə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, fərdi qaydada paltar satışı ilə məşğul olur. Cavabdeh ilə ilk tanışlığı 2019-cu ilin avqust ayından etibarən yaranmışdır. Özü ona Bakı şəhəri 100 nömrəli məktəbdə müəllimə kimi fəaliyyət göstərdiyini bildirmişdir. 2019-cu ilin sonlarına yaxın ümumi dəyəri 23000 manat dəyərində qızıl aksessuarlarını alıb yaxın bir müddət ərzində, yəni satış etdikdən sonra qızılların ümumi dəyərini ona ödəyəcəyini bildirmişdir. O da öz növbəsində həmin insanın söylədiyi məktəbdə işlədiyini nəzərə alaraq və yaxın münasibətlərinin olmasını nəzərə alaraq həmin məbləğ dəyərindəki qızılları satdıqdan sonra ona ödənişlər edəcəyinə güvənərək vermişdir. Lakin bir müddət keçdikdən sonra cavabdeh onunla heç bir əlaqə saxlamamış və verdiyi qızılları satdıqdan sonra qızılların ümumi dəyərindəki pulu, yəni 23000 manatı ona ödəməkdən boyun qaçırmışdır. Daha sonra özünə bu barədə gələcəkdə şikayət verəcəyini bildirdikdə 2020-ci ilin avqust ayına kimi hissə-hissə ödəməklə 5000 manat ödəmişdir. 2021-ci ilin may ayına kimi ödənişlər yenidən etmədikdə Binəqədi BRİ-yə şikayət ərizəsi ilə müraciət etdikdən sonra 2 il ərzində hissə-hissə ödənişlər həyata keçirmiş və bugünə kimi 23000 manat puldan bugünə kimi 11700 manat dəyərində ödəniş dəyərində ödəniş hələ də qalmaqdadır. Özünə yenidən ödənişlə bağlı müraciət etdikdə müxtəlif bəhanələrlə yenidən ödəniş etməkdən yayınmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək məhkəmədən iddia ərizəsində göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, cavabdehin ona 1850 manat dəyərində mebel aldığını etiraf etmiş və o kreditə alındığı üçün 3200 manata başa gəldiyindən məlumatı olduğunu bildirmişdir. Lakin bu o demək deyil ki, onun borcundan 3200 manat silinməlidir. Bütün ödəniş qəbzləri nəzərə alaraq, cavabdehin ona 11700 manat məbləğində borcunun ödənilmədiyini bildirmişdir. Digər təqdim edilmiş qəbzlər isə, iddiaçının deyil bacılarına olan borc ödənilmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçıdan 23000 manat pul götürdüyünü, iddiaçının ondan polisə şikayət etdiyini, polisdə 18000 manat borcunun olduğunu etiraf etdiyini, daha sonra borcundan bir qismini qaytardığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçıya 2000 manat dəyərində qızıl qaytarmasına baxmayaraq, iddiaçı həmin qızılı 1000 manat dəyərində qiymətləndirərək geri götürmüşdür. Həmçinin, mebel mağazasından 1850 manat dəyərində mebel almış, lakin həmin mebelin ümumi dəyəri kreditlə birlikdə ona 3200 manata başa gəlmişdir. Qeyd olunanları nəzərə alınmasını xahiş etdi. Hazırda iddiaçıya 8300 manat məbləğində borcu qalmışdır. Mülki iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı ərizə ilə polisə müraciət edərək Cavabdeh onun 18000 manat pulunu mənimsədiyini bildirmiş, araşdırma zamanı Qafarova X2 Elnarə Məmməd qızına borclu olduğunu etiraf etmiş, maddi çətinliyi olduğundan 11700 manat borcunu qaytara bilmədiyini göstərmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 31633 saylı qəbzdən görünür ki, 4****3206 nömrəli İddiaçı məxsus karta 505 manat məbləğində pul vəsaiti daxil edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 106319 saylı qəbzdən görünür ki, 4****3206 nömrəli İddiaçı məxsus karta 505 manat məbləğində pul vəsaiti daxil edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 326 saylı qəbzdən görünür ki, 416973******3206 nömrəli İddiaçı məxsus karta 2020 manat məbləğində pul vəsaiti daxil edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 4****3206 nömrəli İddiaçı məxsus karta 505 manat məbləğində pul vəsaiti daxil edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 56912 saylı qəbzdən görünür ki, 4****3206 nömrəli İddiaçı məxsus karta 505 manat məbləğində pul vəsaiti daxil edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 4****3206 nömrəli İddiaçı məxsus karta 505 manat məbləğində pul vəsaiti daxil edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında şifahi qaydada bağlanan nisyə alğı-satqı müqaviləsindən irəli gələn münasibətlər nəticəsində iddiaçı cavabdehə hissə-hissə olmaqla ümumilikdə 23000 manat dəyərində qızıl-zinət əşyaları vermişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavabdeh tərəfindən həmin məbləğdən müxtəlif vaxtlarda 11300 manat qaytardığını bildirir, cavabdeh isə pulun çox hissəsini ödədiyini və hazırda 8300 manat borcu olduğunu bildirir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə qənaətə gəlir ki, hüquqi nəticə etibarı ilə tərəflər arasında şifahi qaydada bağlanan nisyə alğı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Bu münasibətlər çərçivəsində də iddiaçı cavabdehə 23000 manat dəyərində qızıl-zinət əşyaları verdiyini və həmin pulun 11700 manat hissəsinin bügünədək qaytarılmadığını iddia edən iddiaçı bu halları sübut etməlidir. İşin məhkəmə araşdırılması və cavabdehin Binəqədi Rayon Polis İdarəsində (Binəqədi Rayon Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı) verdiyi izahatı ilə cavabdehin iddiaçıdan qızıl-zinət əşyalarının nisyə aldığı və ümumi dəyərdən 18000 manat məbləğində pulun qaytarmadığıı müəyyən olunur. Lakin cavabdeh hazırda 8300 manat borcu olduğu mövqeydən çıxış edir. Belə olan halda cavabdeh etirazının əsası kimi istinad etdiyi, yəni iddiaçıya məhz 8300 manat borcu olduğunun sübutetmə yükü baxımından cavabdehin üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Cavabdehin təqdim etdiyi bank qəbzlərindən belə müəyyən olunur ki, o, iddiaçıya ümumilikdə 4545 manat məbləğində pul vəsaiti ödənilmiş, onun 1515 manatı Binəqədi Rayon Polis İdarəsinə müraciət olunduqdan əvvəl, 3030 manat məbləği isə ondan sonra, yəni cavabdehin 18000 manat məbləğində borcunun olduğunu etiraf etdikdən sonra ödənilmişdir. Cavabdehin təqdim etdiyi digər bank qəbzərinin surətindən pul vəsaitlərinin iş üzrə tərəf olmayan şəxslərə və başqa bank hesablarına ödənildiyi müəyyən olunur. Bununla yanaşı cavabdehin iddiaçıya 3200 manat dəyərində mebel verdiyinə dair dəlili də əsassızdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona 1850 manat dəyərində mebel aldığını etiraf etmiş və o kreditə alındığı üçün 3200 manata başa gəldiyində görə məhz həmin məbləği onun borcundan silinməsini məhkəmə əsaslı saya bilməz, çünki mebelin faktiki dəyərinin 3200 manat olması da sübuta yetmir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Pul vəsaitlərinin hesablanması buna dair yazılı və təkzibedilməz sübutların mövcudluğunu tələb edir, cavabdehlik sübuta yetirildiyi təqdirdə belə, məhz pul vəsaitlərinin təyinatı üzrə məbləğının müəyyən edilməsi üçün bunu sübut edəcək təkzibedilməz sübutlar təqdim edilməlidir. Hazırki halda tərəflər arasında borcun verilməsi ilə bağlı yazılı müqavilə olmasa da, cavabdeh təhqiqat orqanında veridiyi izahatında iddiaçıya 18000 manat borcu olduğunu etiraf etmiş, hazırda isə borcunun 8300 manat olduğunu sübuta yetirə bilməmişdir. Beləliklə, cavabdehin iddiaçı qarşısında borcun qaytarılması ilə bağlı icra edilməmiş öhdəliyinin mövcud olduğu öz təsdiqini tapmışdır. İşin məhkəmə araşdırılması ilə bu etirafın əksi sübut olunmadığından məhkəmə həmin sənədi mötəbər sübut kimi qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, 11700 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilsin. 11700 (on bir min yeddi yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar