Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-942/2025 25.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı X6 De Courcynin Cavabdeh qarşı “pul” tələbinə dair (açar sözlər: borc tələbi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı X6 de Courcy nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən Vəkil1 Cavabdehin nümayəndəsi və Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Vəkil2, X1 iştirakları ilə, İddiaçı X6 De Courcynin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı X6 De Courcy Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5720 manat məbləğində pulun alınaraq X6 De Courcyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Böyük Britaniya və Birləşmiş Krallığın vətəndaşı iddiaçı X6 De Courcy 2023-cü ilin fevral ayında Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən məkanı cavabdehin həyat yoldaşı Fərhadla razılaşaraq icarəyə götürmək barədə razılığa gəlirlər. İddiaçı həmin məkanı “YAVAŞ YAVAŞ” adlı mədəniyyət mərkəzinin fəaliyyət göstərməsi üçün icarəyə götürmüşdür. Həmin məkanın ilk 6 ayının icarə haqqı 500 manat 50 faiz, yəni 250 manat şəklində ödənilməsi, sonralar isə 8 aya qədər uzadılması (təmirlə əlaqədar) barədə razılığa gəlmişlər. Həmin vaxt tərəflər icarə müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlasalar da, bu mümkün olmadı.Çünki yuxarıda göstərilən daşınmaz əmlak yaşayış sahəsi olduğundan orada hər hansı biznes fəaliyyəti ilə məşğul olmaq qanunla mümkün olmamışdır. Bütün bu müddət ərzində həmin məkanın təmiri də iddiaçı tərəfindən aparılmışdır. Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlik, yəni ünvan 1-in iddiaçıya icarəyə verilməsini müqavilə ilə rəsmiləşdirmək mümkün olmamışdır. Belə ki,icarəyə götürülən yerin qeyri-yaşayış sahəsi olmaması, üstəlik bunu bilə-bilə cavabdehin iddiaçı Mister Jonesə bu barədə məlumat verməməsi, onun işlərinin pozulmasına, ziyana düşməsinə, ümumilikdə 5720 (beş min yeddi yüz iyirmi) manat məbləğində ziyana düşməsinə səbəb olmuşdur. Dəfələrlə mister Jones cavabdehə çəkilmiş xərclərin ona qaytarılmasını söyləsə də, cavabdeh tərəfdən heç bir hərəkət olmamışdır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Bundan əlavə bildirdi ki, cavabdeh X3 mülkiyyətində olan yaşayış sahəsini “Yavaş-yavaş” adlanan mədəniyyət mərkəzinin fəaliyyət göstərməsi üçün icarəyə götürülməsini istəyir. İlkin razılıq olur. İddiaçı tərəf mülkiyyətin qeyri-yaşayış sahəsinə keçirilməsini və bunun vergi ödənişinin həyata keçirilməsi zamanı problem yaradacağını başa düşür, qarşı tərəfə icarə müqaviləsinin bağlanması barədə təklif irəli sürür. Lakin iddiaçı tərəf bu sahənin vergi orqanlarında qeydiyyatdan keçiriləcəyini və oranın qeyri-yaşayış sahəsi hesab edilməyəcəyini anlayır, icarə müqaviləsinin bağlanmasından imtina edir. İcarə müqaviləsinin bağlanılması barədə danışıqlar olsa da, müqavilə imzalanmır. Müqaviləyə qədər iddiaçı tərəf həmin sahədə bir neçə yaxşılaşdırma işləri aparır, həmçinin tərəflər arasındakı razılığa əsasən 500 manat məbləğində kirayə haqqı ödənilir. Qalan məbləğ isə təmir xərclərinə sərf edilir. Təqdim edilən bank ödənişlərindən də göründüyü kimi, onun 5720 manat məbləğində xərci yaranmışdır. Sonradan icarə müqaviləsinin bağlanılmaması səbəbindən o, heç bir fəaliyyət aparmadan sahəni geri təhvil vermişdir. Bütün ödənişlər bank əməliyyatları vasitəsilə həyata keçirilmişdir. Tələb həmin xərcin geri ödənilməsi ilə bağlıdır. Müraciət edilən zaman bu Mədəniyyət Mərkəzi artıq qeydiyyatdan keçmişdi, müraciət hüquqi şəxsin həmin sahədə qeydiyyata alınması ilə bağlı deyil. Vergi orqanlara müraciət edilir ki, bu fəaliyyəti göstərmək istəyirik, ondan yaşayış sahəsini soruşurlar. Əmlakı iddiaçıya vasitəçi şəxs təqdim edir, həmçinin iddiaçıya bildirilir ki, burada həmin fəaliyyətin keçirilməsi qonşulara mane olur, bu fəaliyyəti həyata keçirmək üçün qeyri yaşayış sahəsi lazımdır. Bunu iddaçı tərəfə cavabdeh deyil, vasitəçi bildirir. Həmçinin cavabdehin nümayəndəsi qeyd edir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməyi üçün müraciət ediblər. Deməli cavabdeh tərəf həmin əmlakın qeyri-yaşayış sahəsinə keçirilməli olduğunu bilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 verdiyi izahatında bildirdi ki, iddiaçının cavablarından aydın olur ki, ona bu əmlakda müvafiq fəaliyyətlə bağlı icazə verilməsindən imtina edilmişdir. Vergi ödəyicilərin və təsərrüfat subyektlərin qeydə alınması ilə bağlı müvafiq qaydalarda imtina verilməsi üçün hallar müəyyən edilmişdir. Həmin hallarda təsərrüfat subyektinin əmlakının qeyri-yaşayış sahəsinə aid olması imtina əsası kimi müəyyən edilməmişdir, yəni onun əmlakının hansısa formaya aid olmasından asılı deyil. O, həmin orqana sual ünvanladım, həmin orqandan bildirdilər ki, icazə ilə bağlı rəsmi heç bir müraciət edilməyib, rəsmi imtina ilə bağlı heç bir cavab verilməmişdir. İddia hüquqi əsası kimi bu məsələ irəli sürülmüşdür. Ümumiyyətlə elanda həmin əmlak mənzil kimi qeyd olunub və çıxarış təqdim edilmişdir, yəni iddiaçı bu məsələ ilə bağlı məlumatlı olmuşdur. İddiaçı tərəf qeyd edir ki, əmlakda təmir işləri aparılmışdır. İşgüzar adətlərə əsasən bu iddiaçı tərəfin üzərinə düşür. Həmçinin əmlakda müvafiq söküntü işləri aparılmış, cavabdehə 2000 manat məbləğində əlavə zərər dəymişdir, lakin cavabdeh bu tələblə bağlı heç bir iddia verməmişdir. İcazənin verilməsi ilə bağlı heç bir rəsmi tələb olmadığına və bu barədə heç bir qadağanın olmaması iddianın əsassızlığına gətirir. Sahibkarlıq subyekti vergi uçotuna alınması ilə bağlı müraciətinə baxılan zaman, əgər həqiqətən bu fəaliyyəti həyata keçirirsə, fəaliyyət üçün lazımi şəraiti vardırsa, aktlaşdırılma aparılır və uçota alınır. Həmin əmlak 1-ci mərtəbədə yerləşir və ətrafında bir çox əmlaklarda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sərginin keçirilməsi zamanı səs-küy və s. məsələləri ilə bağlı qeydiyyata alınmasına maneə ola bilməz.Bu səbəbdən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 80, 1 saylı mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. - Cədvəldə qeyd olunmuşdur ki, X6 de Courcy tərəfindən Əlimərdan Topçubaşov 80 ünvana 5770,15 manat təmir xərcləri çəkilmişdir. - Ödəniş qəbzlərindən çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 520 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 42 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 9 manat, xx.xx.2024-cü ildə 47 manat, xx.xx.2024-cü il tarixdə 24 manat, xx.xx.2024-cü il tarixdə 750 manat və xx.xx.2024-cü il tarixdə 102,8 manat olmaqla, ümumilikdə 2944,8 manat ödəniş edilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 701.2.4. İcarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Maddə 9.5. İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ … Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; - məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Bununla yanaşı, qanunverici bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı)”. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iddianın dəlillərini və işin araşdırılan halları ilə müəyyən edir ki, tərəflər arasında icarə münasibətlərinin yaranması üçün müqavilə bağlananadək işgüzar münasibətlər yaranmış, nəticədə cavabdehə məxsus ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi faktiki olaraq iddiaçının istifadəsinə verilmiş, nəticədə iddiaçı tərəfindən təmir işləri aparılmaqla yaşayış sahəsi yaxşılaşdırılmış, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək yaşayış sahəsi iddiaçının faktiki istifadəsində olmaqla razılşaıdırlmış məbləğdə icarə haqqı qismində ödənişlər edilmiş, icarə obyektinin təyinatı səbəbindən müqavilə münasibətlərinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında cavabdeh təqdim etdiyi sənədlər və izahatı ilə iddiaçının icarə obyektinin təyinatından məlumatlı olmasını və bu halı təsdiq edən sms yazışmalarının olmasını irəli sürsə də, bu barədə sübutları məhkəməyə təqdim etməmiş, icarə haqqının ödənilməsini etiraf etsə də, çəkilmiş xərclərlə bağlı razı olmadığını, mülkiyyətçiyə təmir nəticəsində ziyan dəyilməsini irəli sürmüş, lakin sübutetmə vəifəsini yerinə yetirməmişdir. Bundan başqa cavabdehin nümayəndəsi icarə obyektinin təyinatının iddiaçıya fəaliyyətinin həyata keçirilməsinə maneə olmadığını, qanunvericilikdə belə qadağananın olmamasını irəli sürsə də, məhkəmə iclasında verdiyi izahatla həmin yaşayış sahəsində yaranan səs-küylə bağlı bina sakinlərinin polis orqanlarına şikayət edildiyini etiraf etmişdir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, lakin öhdəlik tam yerinə yetirilməmişdir. Hazırda iddiaçı tərəfindən cavabdehdən 5720 manat tələb edilsə də, iddia tələbi təqdim edilmiş çıxarışlara əsasən təmir bərpa xərcləri- 2944,8 manat hissəsində pulun ödənilməsi öz təsdiqini tapmış, iddia tələbi qalan hissədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 2944,8 manat məbləğində pul və 60 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq X6 De Courcy ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2944,8 (iki min doqquz yüz qırx dörd manat səksən qəpik) manat məbləğində dəymiş zərər və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu tutularaq iddiaçı X6 De Courcy ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-942/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-942/2025
25.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver