Məhkəmə qərarları › İş №2(001)-962/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-962/2021

28.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-962/2021 28.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5 MMC, Cavabdeh4 MMC və «xxxx» MMC-yə qarşı əmək müqavilələrinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5 MMC, Cavabdeh4 MMC və «xxxx» MMC-yəqarşı əmək müqavilələrinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə Türkiyə Cümhuriyyətində işlədiyi müddətdə onun iştirakı və xəbəri olmadan heç tanımadığı şəxslər xx.xx.2019-cu il tarixdə Cavabdeh5 MMC-nin direktoru Cavabdeh3, xx.xx.2019-cu il tarixdə “xxxx” MMCnin direktoru Cavabdeh2, xx.xx.2019-cu il tarixdə Cavabdeh4 MMC-nin direktoru Cavabdeh1 tərəfindən işə götürülərək adına əmək müqaviləsi açılmışdır. Ona görə də, iddiaçı pandemiya şəraitində dövlət tərəfindən işsiz vətəndaşlar üçün nəzərdə tutulan 190 manat kompensasiya məbləğindən yararlana bilməmişdir. xx.xx.2020-ci il tarixdə “xxxx” QSC-də anbardar vəzifəsi üzrə işə başlamışdır. Əmək müqaviləsi bağlanılan zaman bu hadisələrdən xəbərdar olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, portalda onun aktiv əmək müqavilələri olduğundan, o, rəsmi əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu da ona yetəri qədər problemlər yaradır. Belə ki, onun aliment öhdəlikləri mövcuddur. Ona görə də, onun Cavabdeh5 MMC, Cavabdeh4 MMC və «xxxx» MMC ilə bağlanmış əmək müqavilələrinə xitam verilməsini məhkəmədən xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Sizin “Cavabdeh5" MMC, Cavabdeh4 MMC və “xxxx” MMC-də əmək müqaviləsi bildirişinizə elektron informasiya sistemində xitam verilməsinə köməklik göstərilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyiniz müraciətinizə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-cı hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişi elektron infarmasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar x xxxx 2014-cü ildə Nazirlər Kabinetinin Ne 183 qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı “Qaydalar” təsdiq edilmişdir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökümət" portalının gücləndirilmiş elektron imza ilə daxil olunmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökümət" portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi işəgötürən tərəfindən təmin edilməlidir. Razıaşmadığinız təqdirdə məhkəməyə müraciət etmək hüququnuz vardir”. İş materiallarında olan “AZEMİS” Məhkəmə İdarəetmə Sistemindən çıxarışdan görünür ki, İddiaçı cari əsas iş yeri kimi “Cavabdeh5" MMC göstərilib. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı sonuncu iş yeri olaraq “xxxx” QSC X1 Donanması göstərilmiş, Cavabdeh5 MMC, Cavabdeh4 MMC və “xxxx” MMC haqqında əmək kitabçasında hər hansı məlumat mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Beləliklə, məhkəmə İddiaçı elektron informasiya sistemində formal olaraq Cavabdeh5 MMC, Cavabdeh4 MMC və «xxxx» MMC-nin işçisi kimi qaldığını, buna görə başqa işə düzələ bilməməsini və beləliklə müəyyən məhrumiyyətlərə məruz qaldığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh5 MMC, Cavabdeh4 MMC və «xxxx» MMC arasında bağlanmış fərdi əmək müqaviləsinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azarbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh5 MMC, Cavabdeh4 MMC və «xxxx» MMC arasında bağlanmış əmək müqavilələrinə xitam verilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar