Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-983/2022 01.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 75000 manat məbləğində pulun, habelə, mənəvi zərərin əvəzi kimi 2000 manatın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş pul vəsaitinin əvəzi kimi isə 321 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək cavabdehlərdən əsas borcun əvəzi kimi 50000 manat pulun tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci ildən Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Son işi Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 11-ci tağı komandiri vəzifəsi olmuş, 2021-ci ilin fevral ayında son yaş həddi ilə təqaüdə çıxmışdır. 2018-ci ilin yay aylarında cavabdehlər Cəlilabad rayonunun Göytəpə qəsəbəsi ərazisində yerləşən 726 saylı posta gəlib iddiaçı ilə görüşmüşlər. Həmin vaxt Cavabdeh2 Cavabdeh1 bibisioğlu kimi təqdim etmişdir. Bir neçə ay keçdikdən sonra Elşən iddiaçıya zəng vuraraq onunla görüşmək istəsiyini, ona şad xəbərinin olduğunu demişdir. Səhəri gün Xırdalan şəhərində yerləşən “Amazonka” adlı kafedə iddiaçı ilə cavabdehlər görüşmüş, Cavabdeh1 yüksək vəzifəli tanışının olmasını, Bakı şəhərində “Port Baku” adlanan yerdə işləyən bir xanımın vasitəsi ilə iddiaçını alay komandiri vəzifəsinə düzəldə biləcəklərini bildirmişdir. Təxminən 2 gün sonra iddiaçı cavabdehlərlə Xırdalan şəhərində görüşüb şəxsi məlumatlarından ibarət CV-ni onlara təqdim etmişdir. 2 gün sonra cavabdehlər iddiaçıya zəng vuraraq sözügedən vəzifəli şəxsin onun CV-sini bəyəndiyini bildirib görüşmək təklif etmişlər. Səhəri gün iddiaçı cavabdehlərlə Xırdalan şəhərində görüşmüş, cavabdehlər iddiaçıya yeni işə keçməsi ilə əlaqədar 200000 manat pul lazım olduğunu bildirmişlər. Aralarında razılığa əsasən, iddiaçı ilkin olaraq 50000 manat, bir neçə gündən sonra 25000 manat, yeni işlə bağlı əmri verildikdən sonra isə qalan 125000 manat pulu verməyi öhdəsinə götürmüşdür. 11 dekabr 2018-ci il tarixdə saat 19 radələrində Xırdalan şəhərində çörək zavodunun yaxınlığından olan avtoyuma məntəqəsinin qarşısında iddiaçı cavabdehlərlə görüşmüş, öz avtomobilində 50000 manat pulu sayaraq cavabdehlərə təqdim etmişdir. Bir neçə gün sonra iddiaçı “Toyota Lanc-Cruiser 200” markalı avtomobilini satmış, 16 dekabr 2018-ci il tarixdə saat 16 radələrində Xırdalan şəhərində “Neapol” restoranının yanında cavabdehlərlə görüşərək 25000 manat pulu onlara vermişdir. Həmin vaxt cavabdehlər həmin ilin dekabr ayının sonunadək iddiaçıya yeni işi ilə bağlı əmrin veriləcəyini demişlər. Deyilən vaxtda əmrin verilmədiyini görən iddiaçı cavabdehlərlə əlaqə saxlamış, cavabdehlər ona narahat olmamasını, əmrin 2019-cu ilin yanvar ayının 15-nə kimi veriləcəyini demişlər. Sonradan bu vaxt cavabdehlərin deməsinə görə yanvar ayının sonunadək uzanmışdır. Lakin, müvafiq əmr verilmədiyindən iddiaçı dəfələrlə cavabdehlərlə əlaqə saxlamış, cavabdehlər hər dəfə müxtəlif bəhanələrlə tezliklə əmrin veriləcəyini demişlər. İddiaçı işin həll olunmadığını müəyyən etdikdə cavabdehlərdən pulunu tələb etmiş, cavabdehlər ona narahat olmamasını, pulun onlarda olduğunu, bir-iki günə qaytaracaqlarını bildirsələr də, pulu qaytarmamışdırlar. İddiaçı 21 avqust 2021-ci il tarixdə bununla bağlı Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, 10 sentyabr 2021-ci il tarixdə istintaq şöbəsi tərəfindən “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş, tərəflər arasındakı mübahisənin mülki qaydada həll edilməli olduğu göstərilmişdir. İddiaçı tərəfindən cavabdehlərə 75000 manat pulun verilməsi ilə bağlı SMS və “Whatsapp” tətbiqi vasitəsi ilə yazışmalar mövcuddur. Həmçinin, 50000 manatın verilməsi ilə bağlı videogörüntü də mövcuddur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda da cavabdehlər iddiaçıdan 75000 manat pulu aldıqlarını etiraf etmişlər. Eyni zamanda, cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçı mənəvi iztirab, sarsıntı keçirmişdir. Dəfələrlə cavabdehlərin ünvanına gedib-gəlmiş, əsəb, stress keçirmişdir. Buna görə də, iddiaçı cavabdehlərdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat pul tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib iddianı müdafiə etdiyini bildirərək əlavə olaraq izahatında göstərdi ki, o, 75000 manat pulu cavabdehlərə vermiş, cavabdehlərin həmin pulu başqa kiməsə verməsinin şəxsən şahidi olmamışdır. Cavabdeh1 onu Ziyafətdin adlı şəxslə görüşdürmüş, güyə həmin şəxsin onun işinin düzəlməsində köməklik edəcəyini bildirmişdir. Lakin o, Ziyafətdin adlı şəxsə pul vermədiyindən, işi düzəlməyincə aldandığını anlayıb pulunu cavabdehlərdən tələb edir. Həmçinin, məhkəməyə iddia ərizəsi verildikdən sonra Cavabdeh2 tərəfindən ona 25000 manat ödəniş edimişdir. Buna görə də o, iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim etmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil1 iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, Cavabdeh1 iddiaçının işə düzəlməsi ilə bağlı kimə nə qədər pul verməsindən məlumatı olmamışdır. Belə ki, İddiaçı ilə düzəlməsi adı ilə Cavabdeh1 75000 manat pulun verilməsi, sonuncunun isə onu aldatması barədə ərizə ilə Abşeron rayon Polis İdarəsinə müraciət etsə də, cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma zamanı İddiaçı işə düzəlməsi üçün rüşvət qismində 75000 manatı Cavabdeh1 verdiyini, Aydının onu Ziyafətdin adlı şəxslə tanış etdiyini və sonuncunun vasitəsi ilə İddiaçı yeni işə düzəldiləcəyini bildirsə də, əslində Cavabdeh1 İddiaçıla Ziyafətdin adlı şəxs arasında olan söhbətlərə, pul haqq-hesabına qarışmamışdır. Əks halda onun barəsində cinayət işi açılardı. İndiki halda isə, İddiaçı özü barəsində rüşvət vermə faktı üzrə cinayət işi başlanmalıdır. Bundan başqa, iddiaçı güyə cavabdehlərdən Cavabdeh2 tərəfindən 25000 manat pulun ödənilməsi ilə bağlı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim etməklə, məhkəmədə digər cavabdehin iddianı qəbul etməsi təsəvvürü yaratmağa çalışır. Halbuki, həmin pulun ödənilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir, beləliklə, iddianın heç bir əsası yoxdur. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Cavabdeh2 yaşayış ünvanı üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş, habelə mobil telefonuna SMS xəbərdarlıq göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rahil Alıyev tərəfindən qəbul edilmiş 10 sentyabr 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı ərizə ilə polisə müraciət edərək 2019-cu il tarixdə Aydın axlı şəxsin onu işə düzəltmək adı ilə aldadaraq 75000 manat pulunu ələ keçirməsini bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı tanışı Cavabdeh1 ilk dəfə 11 dekabr 2018-ci il tarixdə, saat təxminən 19 radələrində Xırdalan şəhərində yerləşən çörək zavodunun yaxınlığında olan avtoyuma məntəqəsinin qarşısında avtomobilində yaxın tanışı Cavabdeh2 iştirakı ilə Baş X6 İdarəsinin alay komandiri vəzifəsinə təyin olunmasında köməklik edilməsi məqsədi ilə 50000 manat, ikinci dəfə 16 dekabr 2018-ci il tarixdə saat təxminən 16 radələrində Xırdalan şəhərində “Vazın dairəsi” adlanan yerin yaxınlığında yerləşən “Neapol” restoranının yanında Aydına Elşənin yanında 25000 manat pulu həmin işi görməsi üçün vermişdir. Hikmət ümumiyyətlə Cavabdeh1 Baş X6 İdarəsinin alay komandiri vəzifəsinə təyin edilməsinə köməklik göstərilməsi üçün 75000 manat pul vermişdir. Cavabdeh2 və Cavabdeh1 izahatlarında həmin məbləğdə pulu Aydının aldığını, lakin Aydının həmin pulu X1 verdiyini, hətta pulu verdikdən sonra Ziyafətdinlə Hikmərin telefon əlaqəsi saxlayaraq pulu Ziyafətdinin təhvil aldığını təsdiq etmişlər. İddiaçı Baş X6 İdarəsinin alay komandiri vəzifəsinə təyin olunmasında köməklik etməsi məqsədi ilə verdiyi 75000 manat pulu Ziyafətdin Cəlilov götürdüyündən, əməli törətmiş şəxs, yəni Ziyafətdin Cəlilov sonradan vəfat etdiyi üçün cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin edilməsinə dair əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, araşdırma zamanı Cavabdeh2 qeyd olunan məzmunda izahat vermişdir: “ O, İddiaçı 10 ildir ki tanıyır. 2018-ci ilin yay aylarında bibisioğlu Cavabdeh1 ilə Cəlilabad rayonunun Göytəpə qəsəbəsi ərazisində olan 726 saylı DYP postundan keçərkən həmin postun komandiri olan Hikmətlə görüşmüşlər, bu əsnada Hikmətin Aydını tanımışdır. Həmin ilin noyabr ayında Aydın ona zəng vuraraq Ziyafətdin adlı geniş əlaqələri olan tanışının olduğunu, həmin şəxsin bu yaxınlarda təqaüdə göndəriləcək Baş X6 İdarəsinin alay komandirinin yerinə yeni birinin düzəldilməsində kömək edə biləcəyini demiş və bu barədə Hikmətə təklif etməyi bildirmişdir. O, Hikmətə bu təklifi etdikdə Hikmət onunla görüşmək istəmiş, beləliklə bir neçə saat sonra o, Aydınla birlikdə Xırdalan şəhərində Hikmətlə görüşmüşlər. Məsələ barəsində Aydın Hikmətə məlumat vermiş, sonradan eşitdiyinə görə Aydın Hikmətlə birlikdə Ziyafətdin adlı şəxslə kafedə görüşüb iş barəsində söhbət etmişlər. 11 dekabr 2018-ci il tarixdə saat 19 radələrində o, Hikmətlə Xırdalan şəhərində çörək zavodunun yaxınlığında olan avtoyuma məntəqəsinin qarşısında görüşmüş, Hikmətin avtomobilinin sağ-arxa oturacağında əyləşmişdir. Bir qədər keçdikdən sonra Aydın da ora gəlmiş, avtomobilin qabaq-sağ oturacağında əyləşmişdir. Bir qədər söhbət etdikdən sonra Hikmət ilkin olaraq 50000 manat pulu sayaraq Aydına vermiş, qalan 25000 manat pulu isə bir neçə günə düzəldib verəcəyini demişdir. 16 dekabr 2018-ci il tarixdə saat 16 radələrində o, Hikmət və Aydınla Xırdalan şəhərində “Neapol” restoranının yanında görüşmüşlər. Həmin yerdə yolun kənarında Hikmət 25000 manat pulu sayaraq Aydına onun yanında vermişdir. Sonradan Ziyafətdin vəfat etdiyindən Hikmət Aydına verdiyi pulu tələb etməyə başlamışdır. Hikmət Aydına pulu alay komandiri vəzifəsinə təyin olunmasınd aköməklik edilməsi üçün vermişdir. Həmin pulu Aydın Ziyafətdinə çatdırmışdır. X5 gördüyü işdən çox da məlumatı olmamışdır, Ziyafətdin adlı şəxsi tanımır.” Araşdırma zamanı Cavabdeh1 qeyd olunan məzmunda izahat vermişdir: “ O, Hikməti təxminən 3 ildir ki tanıyır. 2018-ci ilin yay aylarında dayısıoğlu Cavabdeh2lə birlikdə Lənkəran şəhərinə gedərkən Hikmətlə görüşmüşlər, beləliklə tanışlıqları yaranmışdır. 2018-ci ilin noyabr ayında tanışı Ziyafətdin onunla görüşərək yaxın vaxtlarda Baş X6 İdarəsinin rəhbər heyətinin təqaüdə göndəriləcəyini, hər hansı yaxın tanışının olub-olmamasını, həmin şəxsin alay komandiri vəzifəsinə təyin etdirilməsinə köməklik edə biləcəyini demişdir. O da Elşənə zəng vuraraq məsələ barəsində Hikmətə bildirməsini demişdir. Sonradan onlar Hikmətlə görüşmüşlər, o, Hikmətə Ziyafətdinlə görüşmək lazım olduğunu bildirmişdir. Bir neçə gün sonra o, Hikmətlə birlikdə Ziyafətdinlə görüşmüşlər. Söhbət əsnasında Ziyafətdin eyni təklifi Hikmətə etmiş, bu iş üçün ilkin olaraq 200000 manat verməli olduğunu demişdir. 11 dekabr 2018-ci il tarixdə o, Elşənlə birlikdə Hikmətlə görüşmüş, o, Hikmətin avtomobilinin sağ-qabaq oturacağında, Elşən isə sağ-arxa oturacağında əyləşmişdir. Bir qədər söhbət etdikdən sonra Hikmət 50000 manat pulu sayaraq Elşənin yanında ona vermiş, o da həmin pulu Ziyafətdinə çatdırmışdır. 16 dekabr 2018-ci il tarixdə o, Elşənlə birlikdə Hikmətlə görüşmüş, Hikmət daha 25000 manat pulu sayaraq Elşənin yanında ona vermiş, o da həmin pulu Ziyafətdinə çatdırmışdır. Beləliklə, iş materialları ilə İddiaçı ümumilikdə 75000 manat pulu Cavabdeh1 verdiyi, həmin pulun verilməsində Cavabdeh2 da Cavabdeh1lə birlikdə iştirakı sübut olunur. Baxmayaraq ki, cavabdehin nümayəndəsi məhkəmə iclasındakı izahatında pulun alınıb-verilməsində Cavabdeh1 iştirak etmədiyini göstərmişdir. Pulun Cavabdeh1 tərəfindən Ziyafətdin adlı şəxsə verilməsinə dair isə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı 2018-ci ilin yay aylarından Cavabdeh2 vasitəsi ilə tanımışdır. Cavabdeh2 istintaqa verdiyi izahatında Hikmətlə Aydının gördükləri işdən çox da məlumatının olmamasını qeyd etsə də, həm 50000 manatın, həm də bundan bir müddət sonra 25000 manatın İddiaçı alınmasında şəxsən iştirak etmişdir. Bu fakta görə məhkəmə hesab edir ki, pulun İddiaçı tərəfindən məhz Cavabdeh1 verilməsi iddianın Cavabdeh2 münasibətdə rədd edilməsinə əsas hesab edilə bilməz. Belə ki, müəyyən edilmişdir ki, İddiaçı yeni vəzifəyə düzəldilməsi adı ilə müəyyən edilmiş miqdarda pul vəsaitini verməyi öz öhdəsinə götürmüşdür və belə olan halda həmin pulun eyni anda bir miqdarının Cavabdeh2, bir miqdarının isə Cavabdeh1 verilməsi tamamilə absurd yanaşmadır. Eyni hal Cavabdeh2 hadisələrdən tam məlumatlı olmadığı halda həm 50000, həm də 25000 manatın alınması prosesində Cavabdeh1lə birlikdə iştirak etməsinə də şamil olunur. Cavabdeh2 İddiaçı şəxsən pul almasına dair sübut mövcud olmasa da, pulun alınmasında özünün istintaq şöbəsindəki izahatına görə hadisələrdən çox xəbərdar olmadığı halda iki dəfə iştirakı onun da həmin pul məbləğində maraqlı olduğu ifadə edir. Məhkəmə bir daha vurğulayır ki, 2018-ci ilin yay aylarında Cavabdeh2 Cavabdeh1lə İddiaçı tanış etmiş, sonradan Aydının yeni işlə bağlı təklifini Hikmətə çatdırmış və güyə hadisələrdən ətraflı xəbərdar olmadığı halda 2 dəfə ayrı-ayrı vaxtlarda Hikmətin Aydına məhz bu işlə bağlı pulun verilməsi prosesində iştirak etmişdir. Ziyafət adlı şəxsin ölümü ilə əlaqədar kifayət qədər istintaq araşdırması aparıla bilmədiyindən cinayət işinə xitam verildiyindən Cavabdeh2 pulun alınması prosesində hansı əsasla Cavabdeh1lə birlikdə olması araşdırılmamışdır, hazırki məhkəmə iclasında da Cavabdeh2 bu proseslərdə heç bir marağı olmadan iştirak etməsi ilə bağlı sübut təqdim edilməmişdir. Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, iddiaçı tərəfindən ümumilikdə 75000 manat məbləğində pul vəsaiti bilavasitə məhz hər iki cavabdehə təqdim edilmişdir. Daha öncə də qeyd edildiyi kimi, Ziyafət adlı şəxsin ölməsi nəticəsində istintaq orqanı tərəfindən əməldə cinayət tərkibi müəyyən edilmədiyindən, həmin şəxsin izahatı alına bilmədiyindən, beləliklə, pulun cavabdehlər tərəfindən Ziyafət adlı şəxsə təqdim edilməsinə dair heç bir sübut mövcud olmadığından məhkəmə hesab edir ki, iddia 50000 manat pulun tutulması hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddi hüquq normalarının mənasına görə əsassız varlanmanın baş verməsi üçün ilk aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: varlanmaya haqq qazandıran qanuni əsasın və ya müqavilə əsasının mövcud olmaması. İşin hallarından görünür ki, cavabdehlər tərəfindən iddiaçıdan 75000 manat məbləğində pulun alınması üçün hər hansı qanuni və müqavilə əsası mövcud olmamışdır. Buna görə də iddia tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 50000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı tələbində cavabdehlərdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat pulun tutulmasını xahiş etsə də, mənəvi zərərin nədə ifadə olunması və əgər zərər vurulmuşdursa, həmin zərərin hansı əsasla 2000 manat həcmində müəyyən edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mənəvi zərərin vurulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumu 246 manat müəyyən edilməli və həmin məbləğin 200 manat hissəsi müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50000 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 200 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-983/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-983/2022
01.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver