Məhkəmə qərarları › İş №2(001)-99/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-99/2021

27.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-99/2021 27.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh1 vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağ sahəsinə yolun açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 334a saylı bağın torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi məqsədilə yolun bərpa edilərək ümumi istifadəyə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, bacısı Cavabdeh2 ilə 2010-cu il tarixində Bakı şəhəri Göradil qəsəbəsindən ümumilikdə 24 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin 12 sotunu X2, özünün istifadəsi üçün 5 sot torpaq saxlamışdır. F.Əhmədova satılan torpaq sahəsinə və özünə qalan sahəyə giriş-çıxışı təmin etmək üçün 3 sot torpaq sahəsi ayrılmışdır. Bu barədə F.Əhmədovla razılıq əldə edilmişdir. Lakin F.Əhmədovla bu barədə razılığa gəlsək də, onun israr etməsinə görə o, yol üçün ayrılmış 3 sot torpaq sahəsinin dəyəri ödənilmədən F.Əhmədovun adına keçirmişdir. Onuda qeyd edir ki, 3 sot torpaq sahəsini onun adına keçirdikdən sonra həmin sahə yol kimi ümumi istifadə edilməli idi. Lakin razılaşdırdıqları kimi tələblərə əməl edilməmişdir. Belə ki, sonradan ona məlum olmuşdur ki F.Əhmədov həmin torpaq sahəsini başqasına satmışdır. Özünü həmin torpaq sahəsinin sahibi kimi göstərən X10 həmin torpaq sahəsində özünə ev tikmişdir. Özünə ev tikdirməsinə rəğmən sözü gedən 3 sot torpaq sahəsini də zəbt edərək onun torpaq sahəsinə gedən yolu tamamilə bağlamışdır. Bununla əlaqədar olaraq dəfələrlə İ.Seyidova və F.Əhmədova müarciət etsədə, onun müraciətlərinin əhəmiyyəti olmamışdır. Həmin ərəfələrdə torpağın mülkiyyətçisi kimi İ.Seyidovu tanımışdır. Lakin Əmlak məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan məlum olmuşdur ki, mübahisələndirilən torpaq sahəsi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İdarənin 1 saylı məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 334a nömrəli bağ sahəsinin üzərindəki tikililərlə istifadəyə verilməsinə dair keçmiş X3 və İstismarı Birliyi ilə İddiaçı arasında 16.04.2004-cü il tarixli 24506 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında 334a nömrəli bağ evi 08.02.2006-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra İddiaçı ********* qeydiyyat nömrəli, 06.05.2006-cı il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz etmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 1200 kv.metr sahəsi ilan 334a nömərli bağ sahəsinə dair 02.06.2010-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən sözügedən bağ ev vahid mülkiyyət hüququ üzrə 02.07.2010-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 334a nömrəli bağ evinin 0,12 ha torpaq sahəsindən 0.03 ha torpaq sahəsi 4Ə/1-48 reyestr nömrəli, 14.10.2010-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən 24.11.2010-cu il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 19.05.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Məhərrəmova Fərəh Əli qızının adına qeydiyyata alınmışdır. Daha sonra Cavabdeh1 mülkiyyətində olan 334a nömrəli bağın 0.03 ha hissəsi, 334 nömrəli bağ sahəsinin 0,06 hissəsi ilə birləşdirilmiş, hazırda 334c nömrəli bağ evi kimi Cavabdeh1 mülkiyyətindədir. İddiaçı Göradil qəsəbəsi 334a ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 24 kv.m olan yaşayış sahəsi 14,1 kv.metr olan, 1 otaqdan ibarət bağ evini 0,04 ha torpaq sahəsi ilə birlikdə 4Ə/1-59 reyestr nömrəli, 29.10.2010-cu il tarixli bağışlanma müqaviləsinə əsasən 24.11.2010-cu il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda Cavabdeh2 mülkiyyətindədir. Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 334a nömrəli bağ evinin (yerdə qalan 0.05 ha) 23.11.2010-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O doqquz ildir ki, özünəməxsus mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir.Səbəb isə torpaq sahəsinə gedən yolun bağlanmasıdır. Həmin torpaq sahəsinə başqa yerlərdən getmək mümkün deyildir. Onun adına verilən torpaq sahəsinin plan və ölçüsü sənədlərdə də görünür ki, mübahisə etdiyi torpaq sahə yol olmaqla ümumi istifadədədir. Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, onun torpağında tikili yoxdur, lakin mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparması üçün, ona əvvəlki yolun bərpa edilməsi lazəmdır. Belə ki, ona məxsus olan torpaq sahəsinə başqa hissədən avtomobillə daxil olmaq mümkün deyildir. Onun anası ilə faktiki yaşadığı və bacısına məxsus olan qonşu sahədə yerləşən evdən ona məxsus torpaq sahəsinə avtomobillə keçid mümkün deyildir. Belə ki, bacısı Cavabdeh2 məxsus torpaq sahəsinin ön hissələrində müxtəlif yardımçı tikililər mövcuddur. Bacısı ilə münasibətləri yaxşı olmasa da, o anası ilə bacısının evində yaşayır. Əvvəl həmin ərazi 24 sot olmuşdur, 24 sotdan 12 sotunu satmış özü üçün 9 sot və hər ikisinin istifadəsi üçün torpaqların yuxarı hissəsindən ensiz 3 sot torpaq sahəsi saxlamışdır. Daha sona özünə aid torpaq sahəsindən yola çıxışı olan 4 sot hissəsini bacısına bağışlamışdır. Onun faktiki mülkiyyətində 5 sot torpaq sahəsi və qonşu ilə ümumi istifadədə olan 3 sot torpaq sahəsi qalmışdır. Lakin qonşu ilə formal olaraq həmin 3 sota dair alqı-satqı müqaviləsi bağlansa da, qonşu həmin torpaq sahəsini özəlləşdirərək hazırki cavabdehə satmışdır. Hal-hazırda o, özünə məxsus torpaq sahəsindən istifadə edə bilmir. Ekspert rəyində bacısının torpaq sahəsindən piyada keçidin mümkünlüyü təsbit olunsa da, onun öz torpaq sahəsindən lazimi istifadəsi üçün həm tikinti-təmir mərhələsində, həm də sonradan yaşayış üçün avtomobil yolunun olması vacibdir. Bu səbəbdən o piyada keçidi olan yol deyil, avtomobillə keçilməsi mümkün olan yol istəyir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili izahatında bildirmişdir ki, iddiaçı özünə məxsus olan torpaq sahəsini yola düşən hissə ilə birlikdə cavabdeh Fərəhə satmışdır. İddiaçının özünə qalan torpaq sahəsi isə ortada yerləşdiyindən həmin əraziyə hazırda nəqliyyat vasitəsi ilə daxil olmağa imkan yoxdur. Satanda iddiaçı elə düşünüb ki, həmin hissə ümumi istifadədə qalacaq. Mülki iş üzrə ekspert rəyində Sevincin ərazisindən giriş çıxış göstərilsə də, həmin formada keçid ancaq cığır formasında ola bilər. Yolun açılması üçün qarşıdan torpaq almaq istəsə də, iddiaçı buna nail ola bilməmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil1 izahatında bildirmişdir ki, ekspert rəyində göstərilir ki, yol Sevincin ərazisindən olmalıdır. Odur ki, iddiaçı hazırki mübahisənin həllini Sevinclə razılaşdırmalıdır.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən olan MA seriyalı, №0135140 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi 334a saylı bağ evinin torpaq sahəsinin bir hissəsi 0,05 ha sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 21.05.2019-cu il tarixində 2 saylı Vəkil Bürosuna göndərilən məktubun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 334a nömrəli bağ sahəsinin üzərindəki tikililərlə istifadəyə verilməsinə dair keçmiş X3 və İstismarı Birliyi ilə X6 arasında 16.04.2004-cü il tarixli, 24506 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında 334a nömrəli evi 08.02.2006-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra İddiaçı ********* qeydiyyat nömrəli, 06.05.2006-cı il tarixli ərizəsinə əsasən sözügedən bağ evinin qeydiyyat vəsiqəsini 13.05.2006-cı il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi 1200 kv.m sahəsi ola 334A nömrəli bağ sahəsinə dair 02.06.2010-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən sözügedən bağ evi vahid mülkiyyət hüququ üzrə 02.07.2010-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 334a nömrəli bağ evinin 0,12 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsi 4Ə/1-48 reyestr nömrəli 14.10.2010-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən 24.11.2010-cu il tarixdə X4 adına daşınmaz əmlaın dövlət reyestrində qeydiyyata alınmışdır. 19.05.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Daha sonra Cavabdeh1 mülkiyyətində olan 334a nömrəli bağın 0,03 ha hissəsi, 334 nömrəli bağ sahəsinin 0,06 hissəsi ilə birləşdirilmiş, hazırda 334c nömrəli bağ evi kimi Cavabdeh1 mülkiyyətindədir. İddiaçı Göradil qəsəbəsi 334a ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 24 kv.m olan yaşayış sahəsi 14,1 kv.metr olan, 1 otaqdan ibarət bağ evini 0,04 ha torpaq sahəsi ilə birlikdə 4Ə/1-59 reyestr nömrəli, 29.10.2010-cu il tarixli bağışlanma müqaviləsinə əsasən 24.11.2010-cu il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda Cavabdeh2 mülkiyyətindədir. Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 334a nömrəli bağ evinin (yerdə qalan 0.05 ha) 23.11.2010-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

9. Satıcı İddiaçı ilə alıcı X4 adından çıxış edən X11 arasında bağlanan 14.10.2010-cu il tarixli, A-İ seriyalı, ******* saylı Daşınmaz Əmlakın Alğı-Satqı müqaviləsinin surətindən görünür ki, satıcı Azərbaycan Respublikası Əmlak X8 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08.10.2010-cu il tarixli, 11/24709 nömrəli arayışına əsasən öz mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 12 ha torpaq sahəsinin 0,03 ha torpaq sahəsini qonşuluqda olan 334 saylı bağ evinin yerləşdiyi torpaq sahəsi ilə qonşu hissədə mərz xətti boyu X4 mülkiyyətinə verir. Satıcı torpaq sahəsini 3600 manata satmış, alıcı isə həmin qiymətə almışdır.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi 334c saylı bağ evi öölçüsü 0,09 ha olmaqla xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Mülkiyyət hüququ 20.05.2015-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 120 nömrəli reyestr kitabının 12042 nömrəli vərəqində qeydiyyata alınmışdır.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 21.09.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 334a saylı bağ evinin digər sahə ilə bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Bölünmə zamanı sözügedən sahəyə yol nəzərə alınmamışdır. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən cənub hissədə yerləşən yol qonşunun mülkiyyətindədir

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.11.2020-ci il tarixli 10/1779 saylı ekspert rəyindən görünür ki, hazırki iş üzrə ekspertiza tədqiqatı Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən torpaq sahəsi üzrə mütəxəssis rəyi əsasında aparılmışdır. Tədqiqatın nəticəsi üzrə mütəxəssis rəyinə əsaslanmaqla qeyd edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 334a saylı bağ evinin digər sahə ilə bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Bölünmə zamanı sözügedən sahəyə yol nəzərə alınmamışdır. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən cənub hissədə yerləşən yol qonşunun mülkiyyətindədir. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.10.2021-ci il tarixli 10/3180 saylı ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin bütün istiqamətlərdən mülkiyyətdə olan qonşu torpaq sahələri həmsərhəd olduğunu nəzərə alaraq həmin torpaq sahəsindən ictimai yola girişçıxışın mümkün olmadığı müəyyən olunur. Faktiki vəziyyətdə İddiaçı ilə Cavabdeh2 arasında sərhəd hasarı mövcud olmadığından, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə Cavabdeh2 istifadəsində olan sahəyə daxil olmaqla piyada keçid mümkündür. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

14. İddiaçı Binəqədi rayonu, Goradil kəndində sahəsi 24 sot olan torpaq sahəsi mövcud olmuşdur. Sonradan iddiaçı həmin torpaq sahəsindən 12 sotunu və 3 sotunu X1. Yerdə qalan 9 sotdan 4 sotunu digər cavabdeh və bacısı Cavabdeh2 29.10.2010-cu il tarixli müqavilə əsasında bağışlamışdır. X12 isə öz növbəsində 19.05.2012-ci il tarixli alqısatqı müqaviləsinə əsasən həmin torpaq sahəsini Cavabdeh1 satmışdır. Qalan 5 sot torpaq sahəsi hal-hazırda iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi qeyd olunan cavabdehlərə məxsus torpaq sahələrinin ortasında yerləşir. Cavabdeh2 birbaşa ümumi yola çıxışı vardır. Belə ki, ümumi yol Cavabdeh2 torpaq sahəsinə paralel yerləşir. Digər Cavabdeh1 ümumi yola çıxışı iddiaçının və Cavabdeh2 torpaq sahəsinin yuxarı hissəsindən 3 sot torpaq sahəsi vasitəsi ilə təmin edilmişdir. İddiaçı iddia edir ki, həmin 3 sot torpaq sahəsi həm onun, həm də ondan sağda (yola münasibətdə) yerləşən qonşu üçün nəzərdə tutulmuşdu, lakin Faiq adlı şəxs onu aldadaraq formal olaraq bağladıqları alqı-satqı müqaviləsinə əsaslanaraq, həmin torpaq sahəsini öz adına keçirtmiş və hazırki Cavabdeh1 satmışdır. Faktiki olaraq o, torpaq sahəsinə giriş-çıxışdan məhrum olmuşdur. Eyni zamanda iddiaçı iddia edir ki, digər cavabdeh olan bacısı Cavabdeh2 ilə də münasibətləri pozulduğundan onun torpaq sahəsindən öz torpaq sahəsinə avtomobil keçidi əldə edə bilməmişdir.

15. Mübahisənin həlli ilə bağlı məhkəmə tərəfindən tikinti-texniki espertiza təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.1) Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 334a saylı bağ evinin 0.05 ha sahəsinə mülkiyyət hüququ olan İddiaçı özünə məxsus torpaq sahəsindən ictimai yola giriş-çıxışı mümkündürmü, mümkündürsə Torpaq sahələrinin planı və ölçüsü nəzərə alınmaqla hansı qaydada mümkündür və hansı qaydada daha yolveriləndir(xərclərin müqayisəsi)?,2) Əgər mümkündürsə hansı ölçüdə, hansı istiqamətdə, hansı qaydada həyata keçirilməlidir(sxem və ya plan tərtib edilməklə)?.

16. Ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin bütün istiqamətlərdən mülkiyyətdə olan qonşu torpaq sahələri həmsərhəd olduğunu nəzərə alaraq həmin torpaq sahəsindən ictimai yola giriş-çıxışın mümkün olmadığı müəyyən olunur. Faktiki vəziyyətdə İddiaçı ilə Cavabdeh2 arasında sərhəd hasarı mövcud olmadığından, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə Cavabdeh2 istifadəsində olan sahəyə daxil olmaqla piyada keçid mümkündür. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

17. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

19. Həmin Məcəllənin 175-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.

20. Həmin Məcəllənin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.

21. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.

22. Təqdiq edilən normaların məzmunundan və iddiaçının tələbinin faktiki əsasından müəyyən edildiyi kimi iddiaçı mülkiyyətində olan torpaq sahəsinə avtomobillə keçidin verilməsi üçün qonşu torpaq sahələrindən servitut tələb edir.

23. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından göründüyü kimi, qonşu torpaq sahələrindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə avtomobillə keçidin müəyyən edilməsi mümkün deyildir. Ekspertiza tədqiqatı ilə müəyyən edilən piyada keçidin mümkünlüyü isə iddiaçının tələbi ilə uzlaşmır və məhkəmədən müəyyən edilməsi xahiş eedilən hal deyildir. Belə ki, onun cavabdehlərə qarşı yönələn tələbi faktiki olaraq təmir-tikinti işlərinin aparılması və bundan sonra da öz torpaq sahəsinə avtomobillə keçidin verilməsindən ibarətdir.

24. Bu səbəbdən iddiaçının tələbi əsaslı hesab edilə bilməz.

25. Belə ki, iddiaçının mülkiyyət hüququndan tam istifadə edə bilməsinin mümkünlüyü faktiki olaraq cavabdehlərin mülkiyyət hüquqlarını məhdudlaşdırılması ilə şərtlənir. Təsadüfi deyilki, qanunvericilik zəruri yol və keçidin verilməsini mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi təsbit etmişdir. Bu cür iddialarda hüquqların həyata keçirilməsi və hüquqların müdafiəsi arasında ədalətli tarazlılıq təmin edilməlidir.

26. Bununla bağlı Mülki Məcəllənin 152.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı özünə məxsus torpaq sahəsini satanda və bağışlayanda onun ümumi yola çıxışının bağlanmasını görməli və bilməli idi. Lakin hazırki vəziyyətdə qonşuların hüquqlarının pozulmadan iddiaçının hüquqlarının bərpası mümkün deyildir. Eyni zamanda iddiaçı öz təqsirli hərəkətləri nəticəsində zəruri yola keçidi mümkünsüz etmişdir və bu səbəbdən onun bu cür tələbi hüquqdan sui istifadə hesab edilməli(MM 560) və qonşuların zəruri keçidə dözmək vəzifəsi istisna edilməlidir. Tətbiq edilən prosessual normalar:

28. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi) Nəticə:

29. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağ sahəsinə yolun açılması” tələbinə dair iddiası rədd edilməlidir.

30. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

31. İddia rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).

32. İş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 86,98 manat məbləğində vəsait İddiaçı tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilməlidir. ("xxxx" ASC-nin Xətai filialı, filialın kodu 200071, VÖEN **********, SWİFT kod: AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, Benefisiarın adı KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı: AZ23AİİB********************, VÖEN **********)

33. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağ sahəsinə yolun açılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 86,98 (səksən altı manat, doxsan səkkiz qəpik) manat məbləğində vəsait İddiaçı tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilsin. ("xxxx" ASC-nin Xətai filialı, filialın kodu 200071, VÖEN **********, SWİFT kod: AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, Benefisiarın adı KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı: AZ23AİİB********************, VÖEN **********) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar