Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-990/2024 11.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4704 manat borcun, 200 manat cərimənin və 70 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, 134 №-li kredit müqaviləsinə əsasən kreditor, borcalana kredit yolu ilə 4854 manat məbləğində məişət avadanlığı verir. Borcalan isə ilkin ödəniş olaraq, 150 manat ödəniş etməklə, qalan məbləği 12 ay müddətində aylıq ödənişi 392 manat olmaqla, kreditora verməyi öhdəsinə götürür. Borclu tərəfindən ödənişləri sözü gedən müqavilənin bağlandığı ayın eyni günündə, sonradan gələn aylarda kreditora ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Müqavilənin digər bəndinə əsasən borcalan tərəfindən borc məbləğinin ödənilməsi müddətləri pozulduqda borcalan kreditora 200 manat məbləğində cərimə ödəyəcəyi barədə də öhdəlik götürmüşdür. Lakin cavabdehlər üzərilərinə götürdükləri öhdəlikləri icra etməyərək, ilkin ödəniş kimi 150 manat ödəniş etməklə kifayətlənmiş, bundan sonra heeç bir ödəniş etməmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edillmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, faktiki olaraq fiziki şəxs kimi fəaliyyət göstərirlər. Müştəri ödəniş etdikdən sonra qəbz tələb edir və ona ödənişinə görə qəbz təqdim edilir. Cavabdeh borcundan ödəniş etmiş olsaydı, məhkəməyə qəbzləri təqdim edə bilərdi. 2 ildən artıqdır ki, kredit götürülmüş, lakin ödəniş edilməmişdir. Bundan başqa ödəniş edildikdə onlara məxsus kitabda hər iki tərəf qeydiyyat aparır. Hazırda həmin kitabı təqdim edə bilmir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, mağazada olan əşyaların satışı kassa aparatı ilə həyata keçirilir. Eyni zamanda ödəniş olunan zaman mağazada olan kitaba satıcı və müştəri tərəfindən imza edilir və imza olunan kağızın bir nüsxəsi onlarda, bir nüsxəsi isə müştəridə qalır. Cavabdeh1 oğlu kart hesabına 100 manat və 150 manat olmaqla, cəmi 250 manat ödəniş etmişdir. Həmin ödənişlər kassa aparatına vurulmuşdur. Cavabdeh1 barəsində onun yaşadığı evin yaxınlığında yerləşən mağazadan, işlədiyi məktəbdən maraqlanmış, cavabdehin başqa şəxslərə də borcunun olmasını müəyyən etmişdir. Cavabdeh1 barəsində Binəqədi rayon icra şöbəsində də çox saylı işlər var. Cavabdeh tərəfindən 4704 manatdan 250 manat ödəniş olub. Cavabdeh tərəf ödənişi karta etdiyi üçün kassa aparatında çek yoxdur.
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 4854 manat təşkil edən bir ədəd kombi, bir ədəd soyuducu və bir ədəd paltaryuyan verilmişdir. Cavabdeh həmin əşyalara görə ilkin olaraq 150 manat pul ödəmiş və bu müddət ərzində cavabdehin oğlu cəmi bir dəfə 100 manat ödəniş etmişdir. O, cavabdehin oğlunun ödədiyi 100 manat ödənişi cəriməyə çıxmışam. Belə ki, əşyaları aldığı şirkətlər də, pulu gecikdirdiyi üçün ona cərimə hesablayırlar. Kredit müqaviləsini mağazada olmadığından işçi hazırlayıb, özü gəlib imzalamışdır. Cavabdeh hər kredit ödənişi etdikdə ona krediti ödəməsinə dair tərəflərindən imzalanmış kağız verilmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, ümumilikdə 4 dəfə aylıq ödənişini etmişdir. Belə ki, aylıq ödənişi 392 manat olub. İki dəfə yəni, mart-aprel aylarında tam həcmdə 392 manat ödəniş etsə də, may-iyun aylarının ödənişi isə hissə-hissə ödəmişdir. Hətta iddiaçının əri keçən məhkəmə iclasının çıxışında ona bildirmişdir “axı siz iki ay tam ödəniş etmisiz nə üçün 4 ay ödəniş etdiyinizi deyirsiz” bu ifadə özü təsdiq edir ki, o tam həcmi ən azından iki dəfə ödəniş etmişdir. Ödəniş etməsini iddiaçının kitabındakı qeydlər təsdiq edə bilər. Ona ödənişindən sonra verilən kağızları məhkəməyə təqdim edə bilmir. Bundan əlavə o, ödəniş etməsəydi iddiaçı malları ondan bu vaxta qədər geri alardı.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatlarında bildirmişdir ki aldığı əşyalara görə iddiaçıya ilkin olaraq 150 manat ödəniş etmiş, qalan məbləği isə 12 müddətinə aylıq 392 manat olmaqla ödəməli idi. Lakin kredit müqaviləsi üzrə 4 ay ödəniş etmişdir. 4 ay ödənişdən başqa oğlu iddiaçının kart hesabına million terminalı vasitəsilə iki dəfə 100 manat, özü isə 150 manat iddiaçının kart hesabına pul ödəmişdir. O, iddiaçıya ödəniş edən zaman mağazada olan kitaba hər iki tərəf imza edir, ödənişlə bağlı isə özünün imzası ilə adi A4 kağız onda qalırdı. Bundan başqa keçən məhkəmə iclasında sonra iddiaçının əri ona iki ay ödəniş etməyini bildirmiş, lakin həmin ödənişləri cəriməyə çıxdığını bildirmişdir. Qalan borcunu iddiaçıya ödəməyə razıdır. Ödənişlə bağlı sübutlarını məhkəməyə təqdim edə bilmir, onun ödənişinə dair iddiaçıda kitabça var.
8. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh1 isə Cavabdeh2 onun gəlini olduğunu və məhkəmə iclaslarından xəbərdar olduğunu bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
9. İddiaçı (VÖEN **********) ilə Cavabdeh1 arasında bağlanmış 01 fevral 2022ci il tarixli, №134 saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana kredit yolu ilə 4854 manat məbləğində məişət avadanlığı verməyi, borcalan isə 150 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətində aylıq ödənişi 392 manat olmaqla, kreditora verməyi öz öhdəsinə götürür. Borclu tərəfindən ödənişlər sözügedən müqavilənin bağlandığı ayın eyni günündə, sonradan gələn aylarda kreditora ödənilir.
10. 01 fevral 2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh1 dəyəri 4854 manat olan soyuducu, kombi, paltaryuayn kimi məhsulları İddiaçı (VÖEN **********) təhvil almışdır.
11. İddiaçı (VÖEN **********) ilə zamin Cavabdeh2 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 134 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 01 fevral 2022-ci il tarixli, №134 saylı kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında öhdəliklərini tam icra edənədək, kreditor qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.
12. İddiaçı (VÖEN **********) tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən 4704 manat borc məbləğindən xx.xx.2022-xx.xx.2023-cü illər intervalında 250 manat ödəniş edilmişdir.
13. İddiaçı tərəfindən məhkəməyə hesabdan çıxarış məzmunlu imzasız, möhürsüz kağız təqdim edilmiş və həmin kağızda cavabdeh tərəfindən №134 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixində 150 manat və xx.xx.2023-cü il tarixində 100 manat olmaqla kart vasitəsilə ödəniş edildiyi göstərilmişdir.
14. İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
15. İddiaçı (VÖEN **********) ilə Cavabdeh1 arasında bağlanmış 01 fevral 2022ci il tarixli, №134 saylı kredit müqaviləsi bağlanmışdır. Lakin faktiki olaraq həmin müqavilə tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına səbəb olmuşdur.
16. Belə ki, İddiaçı dəyəri 4854 manat olan məhsulları (kombi, paltaryuyan, soyuducu) 150 manat ilkin ödəniş edilməsi və qalan məbləği 12 ay müddətində aylıq ödənişi 392 manat olmaqla qaytarılması şərtilə Cavabdeh1 nisyə satmışdır.
17. Zamin Cavabdeh2 isə 01 fevral 2022-ci il tarixli, №134 saylı zaminlik müqaviləsinə əsasən alıcının öhdəlikləri barədə kreditor qarşısından alıcı ilə bərabər məsuliyyət daşıyacağına dair öhdəlik götürmüşdür.
18. İddiaçı həmin borc məbləğinin cavabdeh tərəfindən ona qaytarılmadığını iddia edir, həmin borc məbləğini cavabdehlərdən müştərək qaydada istəyir. Borcun mövcudluğuna dair tərtib edilmiş maliyyə arayışı təqdim edilmişdir.
19. Cavabdeh1 isə müqaviləni və onun şərtlərinin qəbul etdiyini bildirsə də, tələb edilən qalıq borc məbləği ilə razılaşmamışdır. Belə ki, cavabdeh 4 dəfə 392 manat olmaqla ödəniş etdiyini bildirməklə tələb edilən məbləğlə razı deyildir.
20. Bununla belə iddiaçı iddia tələbini azaltmasa da cavabdehin ilkin ödənişdən əlavə cəmi 250 manat ödəniş etdiyini qəbul edir. Tətbiq edilən maddi hüquq normaları:
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
23. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;
24. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
25. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;
26. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
27. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
28. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
29. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;
30. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir;
31. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür;
32. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;
33. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;
34. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;
35. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;
36. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmənin mövqeyi
37. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə(müqavilənin başlığında kredit yazılsa belə) əsasən iddiaçı müqavilənin predmeti olan əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu iddiaçıya ödəməli, digər Cavabdeh2 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, onunla birlikdə eyni həcmdə və birgə məsuliyyət daşımalıdır.
38. Lakin tələb edilən borc məbləğinə münasibətdə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, iddiaçı tələbini azaltmasa da işi müəyyən edilən hallarından göründüyü kimi cavabdeh tərəfindən müqavilə üzrə 4854 manatlıq məhsula görə 150 manat ilkin ödəniş, xx.xx.2023-cü il tarixində 150 manat və xx.xx.2023-cü il tarixində 100 manat olmaqla, cəmi 400 manat ödəniş edilmişdir. Odur ki, edilmiş ödənişlər nəzərə alındıqda müqavilə üzrə alıcının 4454 manat borcunun olduğu müəyyən edilir. Bu səbəbdən də cavabdehlərdən müqavilə üzrə əsas borca görə 4454 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
39. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etirazına münasibətdə isə qeyd edilməlidir ki, həmin məsələ sübutetmə ilə bağlıdır. Yəni cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
40. Nəzərə alınmalıdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.Eyni zamanda mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər.
41. Lakin cavabdeh etirazının əsası kimi istinad etdiyi halları, yəni onun müqavilə üzrə ilkin ödənişdən əlavə 1568(392x4) manat ödəniş etdiyini sübut edə bilməmişdir.
42. Məhkəmə cavabdehdən tələb edilən xx.xx.2022-ci il tarixli, 134 №-li kredit müqaviləsi üzrə 200 manat cərimə məbləğinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir.
43. Belə ki, qeyd edilən müqavilədə borc məbləğinin ödənilməsi müddətləri pozulduqda borcalan tərəfindən kreditora 200 manat məbləğində cərimə ödəniləcəyi nəzərdə tutulsa da, məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır.
44. Yuxarıda qeyd edilən norma (28 və 29-cu bənd) məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir.
45. İşin hallarından göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixli, 134 №-li müqavilə üzrə 4704 manat əsas borca görə 200 manat cərimə məbləği hesablamış və hazırda həmin məbləğin cavabdehdən tutulmasını tələb edir.
46. Odur ki, məhkəmə iddia tələbinin cərimə məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən müqavilə üzrə hesablanmış cərimə məbləği endirilməli və 20 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
48. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
49. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
50. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır;
51. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
52. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
53. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, 134 №-li müqavilə üzrə əsas borca görə 4454 manat, cərimə borcuna görə 20 manat olmaqla, cəmi 4474 manat məbləğində pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə münasibətdə 63 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı (VÖEN **********) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
54. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, 134 №-li müqavilə üzrə əsas borca görə 4454 manat, cərimə borcuna görə 20 manat olmaqla, cəmi 4474 (dörd min dörd yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti və 63 (altmış üç) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı (VÖEN **********) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev