Məhkəmə qərarları › İş №2(001)-991/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-991/2024

06.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-991/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli 139 N-li kredit müqaviləsinə əsasən kreditor borcalana kredit yolu ilə 1020 manat məbləgində məişət avadanlığı vermiş, borcalan isə ilkin ödəniş etməməklə qalan məbləgi 12 ay müddətidə aylıq ödənişi 85 manat olmaqla, kreditora verməyi öz öhdəsinə götürmüşdür. Borclu tərəfindən ödənişləri sözü gedən müqavilənin bağlandığı ayın eyni günündə, sonradan gələn aylarda kreditora ödəyir kimi öhdəlik götürmüşdür. Müqavilənin digər bəndinə əsasən borcalan tərəfindən borc məbləğinin ödənilməsi müddətləri pozulduqda borcalan kreditora 100 manat məbləğində cərimə ödəyir kimi öhdəlik götürmüşdür. Bundan basqa xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə 139 №-li zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin 3-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə kreditora olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və kreditalanın öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və ya yarana biləcək hər cür zərər üçün borclu həcmində məsuliyyət daşıyır kimi öhdəlik götürmüşdür. Lakin cavabdehlər üzərilərinə düşən öhdəliyi vaxtında icra etməmiş və borcdan heç bir ödəniş etməməklə 1020 manat məbləğini qaytarmamışlar. İddiaçı cavabdehlərdən ona olan borcun qaytarılmasını tələb etsə də cavabdehlər borcu qaytarmaqdan bu günə kimi boyun qaçırırlar. Bu səbəbdən iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Ona görə də cavabdehlərdən borca görə 1020 manat, cəriməyə görə 100 manat məbləğində cərimənin və ödənilən dövlət rüsumuna görə 32 manat olmaqla cəmi 1152 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia ərizəsini müdafiə edib, izahatında göstərmişdir ki, hər bir mağazanın kassa aparatı vardır. Təhvil-təslim aktına əsasən, soyuducu Kəmalə xanıma verilmişdir. Soyuducunun dəyəri 1020 manat təşkil etmiş, müqavilənin şərtlərinə əsasən, 1020 manat 12 aya bölünərək, hər aya nə qədər pul vəsaiti düşürsə, o qədər ödənilməli idi. Müqavilənin müddəti 2023-cü ilin iyun ayında bitmişdir. Müqavilə şərtinə görə alıcı hər ay 85 manat ödəməyi öhdəsinə götürsə də heç bir ödəniş etməmişdir. Mağazada 2004-cü ildən kassa aparatı quraşdırılmış, bütün ödənişlər kassaya vurulmuşdur. Xurmayə xanın iddiaçıdan 6000 manatlıq mal almışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddia ərizəsini qismən qəbul edib izahatında göstərmişdir ki, iddiaçı tərəfindən sənədlər düzgün tərtib edilməmişdir. İddiaçı və onun həyat yoldaşı deyil, mağazada başqa xanım işləyir. Mağazada ilkin ödəniş edilmədən heç bir əşya satılmır. Müqavilə bağlanarkən mağazada kassa aparatı olmamış, ödənişlər kitabçada qeyd olunmuşdur. Ödəniş aparmasaydı iddiaçı bir ay sonra onun qapısına gələr, özlərinin gətirdikləri soyuducunu geri götürərdilər. O, ödənişi mağazada işləyən başqa xanıma vermiş, bu barədə kitabçada qeydiyyat aparılmışdır. Bacısının bağladığı müqavilə üzrə o, ilkin ödəniş olaraq 100 manat, daha sonra 4 dəfə, mart, aprel, may və iyun aylarında 340 manat olmaqla cəmi 440 manat ödəniş etmiş, 580 manat iddiaçıya borc qalmışdır. Apardığı ödənişlərə görə o, heç bir qeydiyyat aparmamışdır. Bacısında əlavə o, özü də, iddiaçıdan əşyalar almış və ödənişlər etmişdir. Ona görə də iddia ərizəsinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Kreditor İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 139 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana kredit yolu ilə 1020 manat məbləğində məişət avadanlığı verməyi, borcalan isə ilkin ödəniş etmədən həmin məbləği 12 ay müddətində aylıq 85 manat olmaqla borcverənə ödəməyi, borc məbləğinin qaytarılması müddətlərini pozduqda 100 manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. Kreditor İddiaçı ilə zamin X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 139 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin xx.xx.2022-ci il tarixli 139 saylı kredit müqaviləsindən borcalanın irəli gələn 1020 manat məbləğində kreditin, ona hesablanacaq faizlərin, məhkəmə xərclərinin, kreditora dəyən zərərin (cərimənin ...) icrasına kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən, zaminlik müqaviləsi borcalanın kreditor qarşısında xx.xx.2022-ci il tarixli 139 saylı kredit müqaviləsi və həmin müqaviləyə ediləcək əlavələrdən irəli gələn öhdəlikləri tam yerinə yetirilənədək qüvvədədir. Kreditor İddiaçı ilə borcalan Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2022-c il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, borclu Cavabdeh1 kreditor İddiaçı İndesit markalı soyuducunu təhvil almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi deyil, faktiki olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən, satıcı alıcıya İndezit markalı soyuducunu 1020 manata satmış, alıcı həmin məbləği 12 ay müddətinə hər ay 85 manat olmaqla hissə-həssə ödəməyi, satıcı ilə zaminlik müqaviləsi bağlayan Cavabdeh2 isə alıcının nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərinin satıcı qarşısında tam icrasına təminat vermişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, birgə borclular olan cavabdehlər müqavilə öhdəliklərini icra etmədiklərindən iddiaçıya 1020 manat borcları yaranmışdır. Məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 müqavilə üzrə alınmış İndezit markalı soyuducunun dəyərinə görə 440 manat ödəniş etdiyini bildirsə də, bu halı təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı birgə borclular olan cavabdehlərin iddiaçıya 1020 manat borclarının yaranması öz təsdiqini tapdığından iddiaçının 1020 manat borc tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehlərin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə birgə borclulardan 10 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 1020 manat, cəriməyə görə 10 manat, dövlət rüsumuna görə 32 manat olmaqla cəmi 1062 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar