Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-994/2025 19.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3035 manat maddi, vurulmuş mənəvi zərər görə isə 5000 manat olmaqla, cəmi 8035 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixindən Cavabdeh1 etibarnamə verməklə, digər Cavabdeh2 ona məxsus olan “Vaz 21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili ayda 375 manat ödəməklə, 4500 manat pula satmışdır. Cavabdeh2 onu aldadaraq avtomobilin pulundan ona 1 manat da, verməmişdir. O, aldadıldığını görüb, avtomobilin sürülməsi üçün verdiyi etibarnaməni notariusda ləğv edib, Baş Dövlət Yol Polisinə müraciət edərək, avtomobilə axtarış verdirməklə, üzərinə həbs qoydurmuşdur. Baş Dövlət Yol Polisi üzərinə həbs qoyulan avtomobili 7 ay müddətində tapıb, ona vermədiyini gördükdə, 20 yanvar Metrosunun yaxınlığında yerləşən körpünün üstünə çıxaraq, qollarını kəsmiş və intihara cəhd etmişdir. Sonra Baş Dövlət Yol Polisinin əməkdaşları Fövqəladə Hallar Nazirliyinə, həm də, 22 saylı Polis bölməsinə zəng vurmuşlar. Bundan sonra onu Abşeron rayon Polis İdarəsinə aparmışlar. Həmin günün səhəri Vaz 21074 markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 fərdi yaşayış evinin həyətində yararsız vəziyyətdə aşkar olunmuş və yararsız vəziyyətdə ona təhvil verilmişdir. Cavabdeh ona məxsus avtomobilə 2500 manat ziyan vurmuş, həmçinin avtomobili sürərkən inzibati xəta törədərək, 535 manat avtomobilinə cərimə gəlmişdir. Həmin cərimələri də, özü ödəmişdir. Cavabdeh2 avtomobilə vurduğu ziyana və pulu ödəməməsinə görə aylardı əsəb və stress keçirmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edən iddiaçı əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, İqrar adlı şəxsin vasitəçiliyi ilə cavabdehlərlə tanış olmuşdur. Avtomobilini Cavabdeh2 aylıq 375 manata icarəyə vermək istəsə də, sonuncunun sənədləşməsində yaranan problemə görə etibarnamə digər Cavabdeh1 verilmişdir. Avtomobil İmişli rayonunda olmuş və mülkiyyət hüququ ilə anasına məxsus olmuşdur. Anasından aldığı etibarnamə ilə cavabdehə idarəetməsi üçün etibarnamə vermişdir. Sənədləşmə zamanı cavabdehlərə, avtomobilin icbari sığortasının olmaması barədə məlumat vermişdir. Sığortanı cavabdehlər həll etməli idilər. Cavabdeh2 cəmi 2 ay ona vəd edilən aylıq ödənişi etmişdir. Daha sonra anasının pensiya kartını ona vermiş və daxil olan pensiyanı çıxara biləcəyini demişdir. Həmin pensiya kartından bir müddət sonra pul çıxara bilməmişdir. Dərhal “ASAN Xidmət” Mərkəzində verilmiş etibarnaməni ləğv etdirərək, polisə şikayət etmişdir. Polis avtomobili axtarışa veriləcəyini bildirsə də, avtomobilindən aylarla məlumat ala bilmədiyindən iddia ərizəsində göstərildiyi kimi özünə xəsarət yetirmişdir. Onun bu hərəkətindən sonra avtomobil cavabdehin evindən götürülüb, cərimə meydançasına yerləşdirilmişdir. Lakin avtomobil saz vəziyyətdə olmamışdır. Avtomobili iddia ərizəsi verilməmişdən 2 gün əvvəl, təxminən xx.xx.2024-cü il tarixində təhvil almışdır. Avtomobilin cərimələrini cavabdehlər ödəməmişdir və bununla bağlı ona hər hansı pul vəsaiti verilməmişdir, əgər bununla bağlı hər hansı sübutları varsa təqdim etsinlər.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişdirlər.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, maşını alan zaman iddiaçı maşını icbari sığorta etdirməmiş, texniki baxışdan keçirməmişdir. Avtomobili öz vəsaiti hesabına sığorta etdirmiş, iddiaçıya texniki baxışla bağlı məlumat verəndə iddiaçı avtomobili daha ucuz qiymətə texniki baxışdan keçirə biləcəyini demişdir. Həm də, avtomobili satan şəxs onu texniki baxışdan keçirtməli idi. Avtomobili Masazıra qədər iddiaçı özü sürüb gətirmişdir. Lakin nə qədər xəbərdarlıq etsə də, iddiaçı avtomobili texniki baxışdan keçirməmiş və nəticədə müvafiq cərimələr yazılmışdır. Hansı ki, iddia ərizəsində göstərilən cərimə iddiaçı tərəfindən ödənilsə də, vəsaiti özləri vermişlər. İddiaçıya avtomobildən istifadəyə görə iki aylıq ödəniş edilib. Avtomobildən istifadə etmək onun marağında olmuşdur. Ona görə də, avtomobildən kosmetik düzəlişlər etmişdir. Hətta avtomobilin akkumlyatorunu özləri alıb qoymuşlar. İddiaçı maşını onun istifadəsinə versə, aylıq ödənişləri edə bilər. Avtomobil yüngül sürtülmə izləri var. Maşını aprel ayında etibarnamə alandan bəri idarə etmiş, lakin təxminən noyabr ayında təhvil vermişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçının rəftarından onun problemli biri olduğun bildiyindən hətta cərimələrin Çingizin özü tərəfindən ödənilməsini təkidlə bildirmişdir. Nəticədə cərimə iddiaçının yox, onların vəsaiti hesabına ödənilir. Həmin avtomobilə dəymiş zərər üçün tələb edilən məbləği əsaslı hesab etmir. Bu saat həmin zərəri Bakıda istənilən usta maksimum 800 manata təmir edər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
8. ƏN-Vİ seriyalı, 985619 saylı nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamədən görünür ki, X1 21074 minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh1 xx.xx.2022-ci il tarixində 1 il müddətinə xx.xx.2025-ci il tarixindək etibarnamə vermişdir. Etibarnamədə göstərilir ki, savadsız olması səbəbindən X3 tapşırığı ilə etibarnaməni İddiaçı İmişli Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X5 iştirakı ilə imzalayıb. Etibar edənin şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanıb. Etibarnaməni imzalayan şəxsin şəxsiyyəti müəyyən edilib.
9. İddiaçı ilə Cavabdeh2 arasında müqavilə başlığı ilə imzalanan sənəddən görünür ki, İddiaçı anasının mülkiyyətində olan Vaz 21074 minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili 1 illik ayda 375 manat müqabilində Cavabdeh2 arendaya verdiyini bildirmişdir.
10. 11 iyul 2024-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarda göstərilir: Abşeron rayonu Masazır qəsəbəsi, N.Əsədov küçəsində yaşayan Cavabdeh2 xx.xx.2024-cü il tarixdə DİN-in «102» xidməti zəng mərkəzinə müraciət edərək İddiaçı 1000 manat pul ödəyərək etibarnamə əsasında aldığı avtomobilin etibarnaməsini ləğv edərək əlindən almaq istəməsi ve onu öldürməklə hədələməsi barədə məlumat vermiş, həmçinin eyni məzmunlu şikayət ərizəsi ilə Abşeron RPİ-nə müraciət edərək, bununla əlaqədar qanuni tədbir görülməsini xahiş etmişdir. İzahatı alınmış Cavabdeh2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı aylıq 375 manat pul ödəmək şərti ilə 4500 manata VAZ 2107 markalı avtomobil almışdır. Həmin vaxt onun sürücülük vəsiqəsi olmadığına görə tanışı X2 adına etibarnamə almışdır. xx.xx.2024-cü il tarixdə Nizami yaşadığı evə gələrək hədə-qorxu gəlmiş və anasının təqaüd kartını əlindən almışdır. Sonradan isə Nizami avtomboilin etibarnaməsini ləğv edərək axtarışa vermiş, bu səbbədən polis əməkdaşları zəng edərək avtomobili qaytarmasını tələb etmişdir. Buna görə də o, şikayət etmək qərarına gəlmişdir. O, əlavə olaraq avtomobilin təmirinə xərcinni çıxdığını, İddiaçı ona hədə-qorxu gələrək avtomobili tələb etdiyini qeyd etmişdir. İzahatı alınmış İddiaçı bildirmişdir ki, barəsində şikayət edən Cavabdeh2 2024-cü ildə İlqar adlı şəxsin vasitəsilə tanımışdır. O, özünə məxsus VAZ 2107 markalı avtomobili aylıq 375 manat ödəmək şərtilə ümumilikdə 4500 manata Cavabdeh2 satmışdır. Bundan sonra Çingiz iki aylıq ödəniş etməsinə baxmayaraq sonradan aylıq ödənişləri vaxtında etməmiş, bu səbəbdən etibarnaməni ləğv etdirmişdir. O, əlavə olaraq Cavabdeh2 hər hansı bir formada hədələmədiyini, sonuncunun anasına məxsus təqaüd kartını almadığını qeyd etmişdir.
11. "xxxx" MMC tərəfindən təqdim edilən 11 fevral 2025-ci il tarixli, 0154 saylı nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata görə Vaz 21074 minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərər 2552 manat, usta işləri 1770 manat, yuvarlaq hesabla 4320 manat zərər müəyyən edilmişdir.
12. "xxxx" MMC tərəfindən təqdim edilən zərər aktına görə, Vaz 21074 minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 4592 manatdır. Akta görə: qabaq faralar, sağ sol, abrisovka 210 manat, qabaq kapot 145 manat, avtomobilin beli 250 manat, arxa bamper 48 manat, arxa panel 70 manat, qanadlar 4 ədəd 212 manat, bak altı, təkər altı 14 manat, qabaq sol qapı 180 manat, qabaq sağ qapı 160 manat, sağ karniz 20 manat, salon şiti 130 manat, qapı abivkaları, abivka üstü 44 manat, rul 45 manat, qabaq bamper nikeli 30 manat, mühərrik qalofkası 240 manat, kolsa kledişesi 68 manat, klapanlar, klapan salnikləri 52 manat, təkər 4 ədəd 280 manat, boya və sürtkü materialları 500 manat, dəmirçi 800 manat, malyar 800 manat, elektrik 120 manat, mühərrik ustası 150 manat.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yazılan cərimələrin ödənilməsinə dair Respublika Mərkəzi Bankının Hökümət portalından olan mədaxil qəbzlərinin surətinə görə yol hərəkəti qaydalarının pozulmasına görə təyin edilmiş cərimələrə görə 534,20 manat pul vəsaiti ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
14. Vaz 21074 minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 məxsusdur. İddiaçı anasına məxsus avtomobili etibarnamə əsasında Cavabdeh2 1 illik aylıq 375 manata icarəyə vermək istəyir və bu barədə aralarında müqavilə adı altında sənəd imzalanır. Tərəflərin razılığı ilə etibarnamə Cavabdeh2 tanışı olan digər Cavabdeh1 verilsə də, avtomobil Cavabdeh2 təhvil verilir. Avtomobil Cavabdeh2 istifadəsində və sahibliyində olur.
15. Hazırda iddiaçı iddia edir ki, avtomobil cavabdehlərin istifadəsində olan dövrdə ona 2500 manat maddi ziyan vurulmuş, cavabdehlər tərəfindən ödənilməyən 535 manat isə cərimə hesablanmışdır.
16. Cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasında avtomobilin həqiqətən öz istifadəsində olduğunu, avtomobilin icbari sığortasının əslində iddiaçı tərəfindən ediləcəyinə dair aralarında razılıq olduğunu, lakin hesablanan cərimələrin onun vəsaiti hesabına iddiaçı tərəfindən ödənildiyini bildirmişdir. Bundan əlavə avtomobildə yüngül zədələr olduğunu bildirərək tələb edilən məbləğlə razılaşmır.
17. Avtomobilə ziyan vurulması halı işin mübahisəsiz halı olsa da, vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən 1 fevral 2025-ci il tarixli, 0154 saylı nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata görə Vaz 21074 minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərər 2552 manat, usta işləri 1770 manat, yuvarlaq hesabla 4320 manat zərər müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
18. Əvvəla hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
21. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
22. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
23. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
24. 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır.
25. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixdə lizinq müqaviləsinin xarakterinə uyğun nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, iddiaçı anasının mülkiyyətində olan və özünün istifadə və sahibliyində olan nəqliyyat vasitəsini 4500 manata Cavabdeh2 satmağı, hər ay 375 manat ödənilməklə 1 ilin sonunda nəqliyyat vasitəsinə mülkiyyət hüququnu alıcıya verməyi, alıcı isə hər ay 375 manat olmaqla 1 il ödəniş etməyi öhdəsinə götürmüşdür. Nəqliyyat vasitəsinə dair idarə etmək hüququ səlahiyyəti verən etibarnamə tərəflərin razılığı ilə Cavabdeh1 verilsə də, nəqliyyat vasitəsi faktiki olaraq Cavabdeh2 faktiki sahiblik və istifadəsinə verilmişdir. Müqavilə bağlanan vaxtdan nəqliyyat vasitəsi 6 ay Cavabdeh2 sahiblik və istifadəsində olsa da, cəmi 2 ay ödəniş etmiş və nəqliyyat vasitəsi 2024-cü ilin noyabr ayında cavabdeh ödəniş etsə də, daha sonra ödənişləri etməmiş, nəticədə 2024-cü ilin noyabr ayında avtomobil Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmışdır. Avtomobilə Cavabdeh2 istifadəsində olduğu vaxt zərər dəymiş və üzərində yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati cərimələri olmuşdur. Cavabdeh həmin cərimələrin iddiaçının hərəkətləri ilə bağlı yarandığını(icbari sığorta edilməməsinə görə) və avtomobilə tələb edilən məbləğdə ziyan vurulmadığını bildirərək iddiaya etiraz edir. Zərərin digər Cavabdeh1 da müştərək qaydada tutulması tələb edilsə də, ona münasibətdə hər hansı əsaslandırma aparılmamış, məhkəmə icraatı zamanı da onun müqavilə münasibətlərinin iştirakçısı kimi məsuliyyətinin olmaması işin mübahisəsiz halı kimi müəyyən edilmişdir.
26. Məhkəmənin qənaətinə görə iddiaçının tələbinin hüquqi əsasını mülkiyyət hüququnun özündə saxlanılması şərti ilə bağlanmış nisyə alqı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulan zərərin əvəzinin ödənilməsi təşkil edir. Hansı ki, alıcı Cavabdeh2 müqavilə üzrə öhdəliyini icra etmədiyindən satıcı müqavilədən imtina edərək, müqavilənin ləğvi ilə vurulan zərəri tələb edir. Məhkəmə tərəfindən işin mübahisəsiz halı kimi də müəyyən edilmişdir ki, müqavilənin predmeti qaytarılan zaman ona normal amortizasiyası ilə bağlı olmayan zərər dəymişdir.
27. Zərərin məbləğinə münasibətdə isə məhkəmə hesab edir ki, tərtib edilən qüsur aktı məhz cavabdehin istifadəsi nəticəsində avtomobilə dəyən zərərlə bağlı olmamışdır. Belə ki, qüsur aktı tamamilə avtomobildə olan nasazlığın aradan qaldırılması, köhnə detalların yenilənməsi, avtomobilin həm daxili, həm xarici hissəsinin bütünlüklə təmiri üçün zəruri olan xərclə bağlı olmuşdur. Bundan əlavə 2003-cü il buraxılışlı avtomobilin dəmirçi işinə 800 manat, rəng işinə 800 manat qeyd edilməsinə baxmayaraq, eyni zamanda həmin detalların əvəzlənməsi ilə bağlı da xərclər göstərilmişdir.
28. Beləliklə məhkəmə təqdim edilmiş fotoşəkillərin müqayisəsini, avtomobilin 6 ay istifadə edildiyini, daxilində və motorunda hər hansı qüsurların olması ilə bağlı sübutların olmamasını, 22 il istismar olunan avtomobilin detallarının təmirinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, vurulmuş zərərin həcmi 2112 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmin məbləği müəyyən edərkən arxa bamperə 48 manat, arxa panelə 70 manat, bak altı, təkər altı 14 manat, sağ karnizə 20 manat, qabaq bamper nikelinə 30 manat, dəmirçi işinə 800 manat, malyar işinə 800 manat, elektrik işinə 120 manat vəsaitin tələb olunduğu barədə qüsur aktı ilə razılaşır.
29. Bundan əlavə işin halları ilə sübut edilir ki, avtomobilin Cavabdeh2 istifadə və sahibliyində olan dövrdə inzibati xətalara görə 535 manat cəriməsini iddiaçı ödəmişdir, cavabdeh tərəf isə həmin vəsaitin onlar tərəfindən verildiyini sübut edə bilmir.
30. Məhkəmə mənəvi zərərin əvəzi qismində pul kompensasiyasının ödənilməsi barədə iddia tələbini də əsassız hesab edir. Belə ki, müqavilənin ləğvindən irəli gələn münasibətlərə görə iddiaçıya hər hansı mənəvi zərərin dəyməsi işin halları ilə sübut edilmir. Tətbiq edilən prosessual normalar:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
34. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
35. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 maddi ziyanın əvəzi qismində 2112 manat, ödənilmiş cərimələrə görə 535 manat olmaqla, ümumilikdə 2647 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə və digər cavabdehə münasibətdə təmin edilməməlidir.
36. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 maddi ziyanın əvəzi qismində 2112 manat, ödənilmiş cərimələrə görə 535 manat olmaqla, ümumilikdə 2647 (iki min altı yüz qırx yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə və digər cavabdehə münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev