Məhkəmə qərarları › İş №2(002)-1165/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1165/2025

03.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1165/2025 03.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, iddiaçı, eyni zamanda digər İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi İddiaçı2 və Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 10235 manat pulun tutularaq İddiaçı2, mənəvi zərərə görə 3000 manat pulun və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı, eyni zamanda digər İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 17 avqust 2024-cü il tarixdə saat 13:15 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən keçən 38,2-ci kilometrində Cavabdeh idarə etdiyi “Mirsubishi Pajero” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşıda hərəkətdə olan “Mercedes Benz C200” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil və digər iddiaçı qismində çıxış edən oğlu İddiaçı1 idarə etdiyi “Opel Astra” minik markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə cavabdeh yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq onun mülkiyyətində olan “Opel Astra” minik markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə xeyli dərəcədə maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış, 05 dekabr 2024-cü il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmiş, cavabdehin barəsində inzibati tənbehin görülməsi qərara alınmışdır. Bundan sonra onun mülkiyyətində olan avtomobilə dəyən ziyanın məbləği hesablanmış və bu məbləğ 10235 manat təşkil etmişdir. Sığorta şirkəti tərəfindən cəmi 3000 manat ödənilmişdir. Qalan məbləğin ödənilməsi barədə dəfələrlə cavabdehə müraciət etsə də, o, qeyd edilən məbləğin ödənilməsindən imtina etmişdir. İddia ərizəsinə əlavə etdiyi “X2” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktının surətindən də görünür ki, "Opel Astra” minik markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10235 manat məbləğində maddi ziyan dəymişdir. Bir daha qeyd etməyi zəruri hesab edir ki, həmin avtomobil onun mülkiyyətindədir, lakin hadisə zamanı avtomobili etibarnaməyə əsasən oğlu İddiaçı1 idarə etmişdir. Hadisə zamanı oğlu İddiaçı1 bədən xəsarəti almışdır, “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, İddiaçı1 boynun hər iki çiyin nahiyyəsinin əzilməsi diaqnozu qoyulmuşdur. Hadisədən sonra təqribən 20 gün müddətində oğlu şiddətli ağrı və iztirab keçirmiş, müvəqqəti işsiz qalmış, müalicələr almış, mənəvi sarsıntıya məruz qalmışdır. İddia ərizəsi üzrə dövlət rüsumu oğlu tərəfindən ödənilmişdir. Əlavə olaraq qeyd edir ki, ekspert rəyi ilə razıdır, ekspertiza xərcinin cavabdehdən tutulmasını xahiş edir. Hazırda məhkəmədən iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə qismən etiraz edir. Belə ki, avtomobilə dəymiş ziyan barədə ekspert rəyində göstərilən məbləğ ilə razıdır, qalan hissədə iddia tələblərinə etiraz edir. Lakin tutulacaq məbləği birdəfəyə ödəmək imkanı yoxdur, gələcəkdə hissə-hissə ödəyə bilər. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbləri aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Opel Astra K minik" markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı2dur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ƏN-Vİİ № 865617 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı2 xüsusi mülkiyyətində olan "Opel Astra K minik" markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün İddiaçı1 xx.xx.2024-cü il tarixədək etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh barəsində inzibati tənbehin görülməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun və qərarın surətlərindən görünür ki, “MİTSUBİSHİ PAJERO” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilmişdir. İş materiallarında olan “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 boynun hər iki çiyin nahiyyəsinin əzilməsi diaqnozu qoyulmuş, ambulator müalicə təyin edilmişdir. İş materiallarında olan “X2” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktının surətindən görünür ki, "Opel Astra K minik" markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 10235 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı2 hesabına 3065,29 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 423/E nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 2018-ci il buraxılışlı, “OPEL ASTRA minik” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 8700 (səkkiz min yeddi yüz) manat maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edilmişdir ki, qiymətləndirmə xərci olan 300 manat İddiaçı2 tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillər məhkəmə baxışı zamanı tədqiq edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, 17 avqust 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 məxsus avtomobilə maddi ziyan dəymiş, baş vermiş hadisədə cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Dəymiş maddi ziyanın məbləğini dəqiq müəyyən etmək üçün ekspertiza keçirilmiş və ekspert rəyi alınmış, tərəflər də həmin ekspert rəyi ilə razı olduqlarını bildirmişlər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı2 məxsus avtomobilə dəymiş maddi ziyan barədə iddia tələbi ekspert rəyi əsas götürülərək, eyni zamanda "xxxx" ASC tərəfindən İddiaçı2 hesabına 3065,29 manat sığorta ödənişinin köçürülməsi nəzərə alınaraq qismən, yəni 5634,71 (8700- 3065,29=5634,71) manat həddində əsaslı hesab olunaraq təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı1 mənəvi zərərin ödənilməsi hissəsində də qismən əsaslı hesab olunmalı, cavabdehin təqsiri səbəbindən İddiaçı1 sağlamlığına zərərin vurulması, onun ambulator müalicəsi alması, fiziki və mənəvi sarsıntılar keçirməsi nəzərə alınaraq, cavabdehdən mənəvi zərərin əvəzi kimi 300 manat məbləğində pulun tutulması qanuni və ədalətli hesab olunmalıdır. Belə ki, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 8-ci bəndində izah olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 7-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10-cu bəndinə əsasən, Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ekspertiza xərci İddiaçı2 tərəfindən ödənildiyindən və iddia qismən təmin olunduğundan, ekspertiza xərci ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq cavabdehdən tutularaq İddiaçı2 xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 5634,71 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2, habelə mənəvi zərərin əvəzi kimi 300 manat məbləğində pul vəsaiti və 58,29 manat dövlət rüsumu tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə Cavabdeh 135 manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar