Məhkəmə qərarları › İş №2(002)-1167/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1167/2025

26.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1167/2025 26.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin materialları

1. Nizami rayon ZAQS orqanı tərəfindən verilmiş, Vİ-Ж nömrəli, xx.xx.1993-cü il tarixli Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X9 ilə X11 arasında inkah 20 noyabr 1993-cü il tarixdə bağlanmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 106.9 m2 olan ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi çıxarışı və iş materiallarına əlavə edilmiş Etibarnamənin surətindən görünür ki, Cavabdeh ünvan 2i satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı... buna dair müqavilə imzalamğı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar icazə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir.

4. Cavabdeh etibarnamə əsasında nümayəndəsi X4 D/N 296 №-li xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********53 nömrəli reyestr və ********** qeydiyyat nömrəli çıxarış (qeydiyyat vəsiqəsi, şəhadətnamə və sair) əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.017522 ha torpaq sahəsini və üzərində yerləşən 106.90 kv.m fərdi yaşayış evini bağışlamaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağan olanolmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrində əldə edilməsini təmin etməyini xahiş edir. Qeyd olunan məlumatın əldə edilməsi ilə bağlı dövlət rüsumunun və xidmət haqqının ödənilməsinə dair qəbzləri ərizəyə əlavə edir.

5. Cavabdeh nümayəndəsi X6 (hədiyyə edən) ilə İddiaçı nümayəndəsi X5 (hədiyyə alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, ünvan 2 tam mülkiyyət hüququ üzrə hədiyyə alanın mülkiyyətinə verilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 106.9 m2 olan ünvan 2 (Yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 49-cu Lökbatan küçəsi, giriş 14) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-ci il tarixdə qeydiyyata alınmışdır.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)- 1920/2024 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 20 noyabr 1993-cü il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 899 saylı akt qeydi ilə bağlanmış nikah pozulması qət edilmişdir.

8. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, İddiaçı ilə X9 arasında xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.

9. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə Qeydiyyat haqqında ******* nömrəli arayışın məzmunundan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatındadır.

10. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 nömrəli xx.xx.2025-ci il tarixli arayışına əsasən, İddiaçı və Cavabdeh ünvan 2 ünvanında pasport qeydiyyatındadırlar.

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-12584 nömrəli xx.xx.2025-ci il tarixli məktubuna əsasən, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi (keçmiş Bakı prospekti) E.Quliyev ev 66, mənzil 12-də, xx.xx.2005-ci il tarixdən hazırkı vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadır.

12. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 54 nömrəli xx.xx.2025-ci il tarixli məktubuna əsasən, vətəndaş Calalov X7 qəsəbəsi, R.Salmanov küçəsi, ev 1A (yeni qaydalarla: ünvan 5 ünvanda qeydiyyatdadır. Vətəndaş Cavabdeh keçmiş həyat yoldaşı İddiaçı dediyinə əsasən adı çəkilən çəkilən vətəndaş uzun müddətdir ki, xarici ölkədə yaşayır. Vətəndaş Cavabdeh harada yaşaması barədə Lökbatan qəsəbə inzibati ərazi nümayəndəliyində heç bir məlumat yoxdur.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinın xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Cavabdeh ölümünün qeydə alınmasına dair məlumat aşkar edilmədiyi müəyyən edilmişdir.

14. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 3-38-33/2- 2247/25 nömrəli xx.xx.2025-ci il tarixli məktubuna əsasən, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh dövlət sərhəddindən xx.xx.2010-cu ildə çıxış etmişdir.

15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-20864 nömrəli xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Cavabdeh xx.xx.2005-ci il tarixdən ünvan 3 (yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 49-cu Lökbatan küçəsi, giriş 14) ünvanına qeydiyyata alınmasına əsas olan sənədlər saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.

İddia tələbi

16. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus ünvan 2ə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 2 mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzilə dair adına çıxarış verilmişdir. Cavabdeh X10 onun keçmiş həyat yoldaşı olmaqla həmin mənzildə, yuxarıda qeyd olunmuş ünvanda qeydiyyatdadır. Cavabdeh həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin mənzildə hal-hazırda da yaşamır. Cavabdehin ona məxsus evdə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Onların mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

18. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 152.5 Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddələrinə, istinad etmişdir.

19. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, bildirdi ki cavabdeh xaricdədir, 2010-cu ildən xarici ölkəyə gedib, xaricdə ailə qurub və xarici ölkədən qayıtmayıb, evdə qeydiyyatda olmasına baxmayaraq evdə yaşamır. Cavabdeh ilə nikahı pozulub. Ev onun mülkiyyətindədir, evi satmaq istəyir, lakin cavabdehin əsassız qeydiyyatda qalması ona mane olur.

21. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə..

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

b) Əsaslandırma

24. İddia əsaslıdır.

25. Tələb bundan ibarətdir ki, Cavabdeh iddiaçının mülkiyyət hüququ əsasında əldə etdiyi mənzildə cavabdeh yaşayış yeri üzrə qeydiyyatda qalmağa davam edir. İddiaçı bu halın onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırdığını qeyd edərək cavabdehin həmin mənzildə istifadə hüququnu itirilməsini xahiş edir.

26. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinə qiymət verilməsi üçün cavabdehin yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olub-olmamasını, mövcuddursa hansı əsasla yaranmasının (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu), hansı əsasla itirilməsini və hansı qanunvericiliyin tətbiq edilməli olmasını aydınlaşdırmaq zəruridir.

27. İşin faktiki halları bundan ibarətdir ki, ünvan 2 2022-ci il tarixli bağışlama müqaviləsi əsasında cavabdeh tərəfindən ona bağışlanmışdır. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşı olmaqla, 2005-ci ildə mənzilə qeydiyyata düşmüş, 2010-cu ildə Natalya Vasilyevnanın adına sözügedən mənilə dair alqı-satqı, bağışlama və s hüquqlara dair etibarnamə vermiş, xx.xx.2022-ci ildə mənzil Tofiq Calalovun adına dövlət reyestrində qeydiyyata alınmış, daha sonra xx.xx.2022-ci ildə isə Cavabdeh nümayəndəsi X6 Bakı şəhər 35 saylı notariat ofisində ərizə yazaraq və notarial müqavilə bağlayaraq mənzili İddiaçı bağışlamışdır.

28. Məhkəmə mənzil və mülki qanunvericiliyin müvafiq normalarını işin hallarına tətbiq edərək hesab edir ki, cavabdeh mübahisəli mənzilin keçmiş mülkiyyətçisi olmuş, mənzilin bağışlama müqaviləsinin bağlandığı andan istifadə hüququnu da itirmişdir.

29. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh mübahisəli mənzil üzərində yaşayış sahəsindən istifadə hüququnu 2022-ci il tarixdən itirmişdir.

30. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin istifadə hüququna itirilmiş hesab edilməsi (bunun əsasında mənzildə qeydiyyatına müvafiq icra hakimiyəti orqanı tərəfindən son verilməsi) üçün əsaslar hazırkı işdə tam təsdiqini tapmışdır. Əks yanaşma mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılmasına səbəb olardı.

31. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

33. Göstərilənlərə əsasən, habelə mülkiyyət hüququnun müdafiəsi prinsipini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Cavabdehnın ünvan 2ə dair istifadə hüququnu itirilməlidir

34. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh ünvan 2ə istifadə hüququ itirilmiş hesab edilsin. Bu qətnamə Cavabdeh ünvan 2ə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar