Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-120/2024 20.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi və öhdəliyin icrası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4.000 manat məbləğində, mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi; su axımının səbəbinin müəyyən edilərək həlli üçün zəruri təmir işlərinin Cavabdeh şəxsi vəsaitləri hesabına həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin verilməsinin əsaslarının məhkəmə baxışında yarandığını nəzərə alıb cavabdehdən 4.403 manat 90 qəpik məbləğində vurulmuş maddi ziyanın, 500 manat məbləğində mənəvi ziyanın, ödənilmiş 66 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsindəki 13 saylı evin 25-cı mənzili ona məxsusdur. Ona bu barədə ÖM seriyalı, 194806 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Həmin evdə qızı Nümayəndə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023cü il tarixdə ona məxsus mənzilə bir mərtəbə yuxarıda yerləşən 28 saylı mənzildən suyun axmasının nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Onların mənzilini demək olar ki, bütünlüklə su basmışdır. Su basması bütün mənzili əhatə etmiş, otaqların tavanı, divar kağızları və otaqda yerləşdirilmiş əşyalar yararsız hala düşmüş, döşəməyə, elektrik sisteminə, evin bütün avadanlığına zərər dəymişdir. Əvvəllər də, cavabdehgilin diqqətsizliyi nəticəsində onun mənzilinə bir neçə dəfə su axıdılmışdır. Qonşuluq münasibətlərini nəzərə alaraq bu günədək hər hansı bir formada məhkəməyə və digər orqanlara müraciət etməsə də, artıq cavabdehin əməllərindən təngə gələrək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonuncu hadisə zamanı suyun axıntısının qarşısını almaq məqsədi ilə qonşunun evinə yaxınlaşdıqda onlara qapını açan olmamış, nəticədə suyu blokdan-mərkəzi idarə etmə sistemindən özləri bağlamışlar. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə – günorta saatlarına kimi su axıntısı davam etmişdir. Baş vermiş hadisə ilə bağlı səhəri gün 22 saylı MKİS-ə müraciət etmişlər. MKİS-in əməkdaşları dəymiş zərərlə əyani tanış olmuşlar və müvafiq akt tərtib etmişlər. Daha sonra baş vermiş hadisə ilə əlaqədar qızının həyat yoldaşı – evdə yaşayan şəxs olaraq X7 rayon 28-ci Polis Bölməsinə, "xxxx" ASC-yə və "xxxx" ASC-nin müvafiq bölmələrinə məlumat vermişdir. Dəymiş zərərlə bağlı mənzilin sahibi – cavabdeh ilə əlaqə yaradaraq işin razılaşma qaydasında həllinə cəhd etsələr də, cavabdeh bundan yayınmışdır. Hətta onların telefon zənglərini də öz telefonundan əngəlləmişdir. Daha sonra tanışlar vasitəsi ilə cavabdehlə əlaqə yaratmağa çalışdıqda, sonuncu işə etinasız yanaşaraq mənzilə baxış üçün özü deyil, vasitəsi makleri göndərmişdir. Bir neçə gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə özü mənzilə baxış üçün gəlmiş və dəymiş zərərin bir qismini qarşılayacağına söz versə də, sonradan sözünün üzərində durmamış və evin təmiri üçün gətirdiyi usta da cavabdehin sövdələşməsinə rəğmən ödənişi olunmadığından işi yarımçıq saxlamış və usta ödənişi onların etməsini tələb etmişdir. Nəticə etibarı ilə evin təmir olunması üçün təmirə görə zəruri olan materiallar alınmamışdır və onlar bu günədək evsiz yaşamağa – qohum-qonşu evində yaşamağa məcbur qalmışlar. Ev yararsız vəziyyətdə olduğundan və onların həmin evdə yaşamaları zəruri olduğundan məcburi şəkildə borc-xərc edərək hazırda həmin evi təmir etdirirlər. Lakin bu günədək cavabdeh tərəfindən onlara vurulmuş zərər heç bir formada ödənilməmişdir. Dəfələrlə cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb etsələr də, sonuncu onların müraciətlərinə əhəmiyyət verməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi .O, əlavə olaraq bildirdi ki, 27 fevral tarixdə verilmiş ekspert rəyi ilə razıdır. Sonrakı subasmanın ziyanını sığorta ödəmişdir. İyun ayında təmirləri etdirmişlər. Dekabrdakı rəy oktyabr ayında olan subasma ilə bağlıdır. Evi təmir etdirdikdən sonra məhkəməyə müraciət etmişlər, lakin ondan əvvəl təmir gedə-gedə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. Orada bildirmişlər ki, cavabdehin qeydiyyatı Bakı şəhəri Qaradağ rayonunadır, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etməlidirlər. Ekspert evlərinə gələndə evləri artıq təmirli idi. Fevralda olan su sızması ziyanını sığorta ödəmişdir, amma əvvəlki ziyanlara görə sığorta ödəniş etməmişdir. Cavabdehin təklif etdiyi 1.000 manatla razı deyil. Çünki, su bütün mənzilə axmışdır və təmirə çox xərcləri çıxmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş məhkəmənin hakimi Günay Həşimovanın icraatında olarkən 31 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, onun evindən iddiaçının evinə su axıdılmasını etiraf edir. Lakin vurulmuş ziyan məbləği ilə razılaşmır. Onun evindən iddiaçının evinə su sızması olmuşdur, buna görə həmin evə usta da göndərmişdir. Lakin iddiaçıya məxsus evin divarları uçub-tökülür. Su sızması ilə bağlı birinci hadisə paltaryuyan maşının xortumu səbəbli olmuşdur, ikinci hadisə tavandan axmışdır. Hazırda o razıdır ki, usta gəlib iddiaçının evinə onun evindən dəymiş zərəri təmir edib ödəsin. Lakin iddiaçının tələb etdiyi məbləğlə razı deyil. Onun evindən su sızması nəticəsində iddiaçının evinə 500-600 manat ziyan dəymişdir. İddiaçının evi 50 il əvvəlin evidir, divarları zatən öz-özünə uçulub-tökülür. O, evlə bağlı materiala 600-700 manat pul vermişdir. Öncəki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, ekspert rəyi ilə razı deyil. Ekspert orada bütün evin təmirinin məbləğini qeyd etmişdir. Orada 1.600 manatlıq iş yoxdur. Su sızmasına görə iddiaçıya 800-900 manat ziyan vurulmuşdur. Bəli, iyun, oktyabr, fevral aylarında mənzilindən iddiaçının mənzilinə su sızması olmuşdur. Su sızması ilə bağlı qarşı tərəfə heç bir pul verməmişdir. İddiaçı evini tam təmir edib, həmin pulu ondan istəyir, həmin təmirin ona aidiyyəti yoxdur. İddiaçıya hissə-hissə 1.000 manat pul ödəyə bilər. Evində qohumları yaşamışlar. Mətbəxdə suyu açıq qoymuşdular deyə fevral ayında onun mənzilindən iddiaçının mənzilinə su axmışdır. O, su sızmasına görə iddiaçının evini təmir etdirib 600 manat xərc çəkmişdir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçının nümayəndəsinin vəsatətinə əsasən məhkəmə iclasına dəvət edilən şahid X1 ifadəsində bnildirdi ki , keçən ilin yay aylarında Nümayəndə həyat yoldaşı onu evlərini təmir etməyə çağırmışdır. Qarşı tərəfin ustası da orada idi, usta suvaq işlərini görürdü. Qarşı tərəfin ustasından sonra təmirə başlamışdır. Bir ay yarım ərzində evin iki otağı, mətbəx və dəhlizində laminat, divar kağızı və elektrik işi görmüşdür. İş bitdikdən sonra ona 2.000 manat ödəniş edilmişdir. Cavabdeh tərəfin materiallarından istifadə etməmişdir. Cavabdehin vəsatətinə əsasən məhkəmə iclasına dəvət edilən şahid X2 ifadəsində bildirdi ki, keçən il Elnur müəllim zəng vuraraq onu iddiaçı tərəfin evini təmir etməyə dəvət etmişdir. Sağ-sol divarlarda, tavanda nəmişlik var idi, üzlük, emulsiya və bir otağın divar kağızını vurmalı idi. Üzlüyü vurmuşdur, emulsiya vurmaq istəyəndə ev sahibi gəlmiş və işi dayandırmışdır. Xidmət haqqı olaraq ona 250 manat pul verilmişdir. Evin tavanı əyri olmuşdur. Məhkəmə iclasında dinlənilən ekspert X4 ifadəsində bildirdi ki, o, mənzilə yerində baxış keçirərkən mənzilə artıq təmirli olduğu vəziyyətdə ziyan vurulduğunu müəyyən etmişdir. Mənzil sahibi mənzili öncələr təmir etdirmiş, təmir ediləndən sonra yenidən su sızması halı təkrarlanmışdır. Həmin su sızma nəticəsində mənzilin bəzi hissələrinə ziyan dəymişdir. Bu səbəbdən, vurulan ziyanın məbləği 1.634 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş Yasamal rayonu 22 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş və möhürlə təsdiq edilmiş 24 iyun 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı həmin MKİS-nəmüraciət edərək, mənzilinə su sızdığını bildirmişdir. Yerində baxış keçirilərkən məlum olmuşdur ki, ünvan 1 saylı evin 28 saylı mənzilindən su axması nəticəsində 25 saylı mənzilin dəhlizinin, mətbəxinin divar və tavanına, yataq otağının tavanına ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2024-cü il tarixli, 10/8605 saylı ekspert rəyində Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsindəki 13 saylı evin 25 -ci mənzilinin kostruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya xarakterik olduğu, tədqiq olunan mənzillərin planda yerləşmə vəziyyəti, cavabdehin mənzilinin iddiaçının mənzilinin üstündə yerləşdiyi, cavabdehin mənzilinin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olmadığı nəzərə alınaraq 25 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 28 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün deyildir. Su sızma hallarının baş vermə səbəbinə dair göstərilən amilləri nəzərə alaraq, 25 saylı mənzilə su sızması 28 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 28 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər ünvan 1 ünvanda yerləşən yaşayış binasının 25 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.634 manat məbləğində müəyyən edilir. Rəyə tədqiq olunan mənzildə aparılmalı təmir-bərpa işlərinin dəyərinin müəyyən olunmasına dair smeta əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən və hesabfakturalardan göründüyü kimi, iddiaçı tərəf: - 06 iyul 2023-cü il tarixdə adı qeyd olunmamış satıcıdan 4 manat dəyərində; - 02 avqust 2023-cü il tarixdə kartla ödəməni təsdiq edən çek üzrə 8 manat 50 qəpik dəyərində; - 02 avqust 2023-cü il tarixdə kartla ödəməni təsdiq edən çek üzrə 4 manat dəyərində; - 04 avqust 2023-cü il tarixdə kartla ödəməni təsdiq edən çek üzrə 20 manat dəyərində; - 2023-cü ilin avqust ayında 2754 saylı satış çeki üzrə 8 manat 50 qəpik dəyərində; - 2023-cü ilin avqust ayında 2755 saylı satış çeki üzrə 4 manat dəyərində; - 02 avqust 2023-cü il tarixdə Art İnşaat mağazasından 150 manat 50 qəpik dəyərində; - 03 avqust 2023-cü il tarixdə E.İ.Vəliyevdən 72 manat dəyərində; - 03 avqust 2023-cü il tarixdə Art İnşaat mağazasından 153 manat 50 qəpik dəyərində; - 04 avqust 2023-cü il tarixdə Art İnşaat mağazasından 60 manat dəyərində; - 2023-cü ilin avqust ayında 2771 saylı satış çeki üzrə 20 manat dəyərində; - 06 avqust 2023-cü il tarixdə 2774 saylı satış çeki üzrə 11 manat dəyərində; - 11 avqust 2023-cü il tarixdə Art İnşaat mağazasından 74 manat 60 qəpik dəyərində; - 13 avqust 2023-cü il tarixdə Art İnşaat mağazasından 56 manat dəyərində; - 13 avqust 2023-cü il tarixdə adı qeyd olunmamış satıcıdan 55 manat 30 qəpik dəyərində; - 18 avqust 2023-cü il tarixdə adı qeyd olunmamış satıcıdan 179 manat 70 qəpik dəyərində; - 18 avqust 2023-cü il tarixdə adı qeyd olunmamış satıcıdan 7 manat dəyərində; - 18 avqust 2023-cü il tarixdə İtaliano Parati divar kağızları mağazasından 530 manat dəyərində; - 03 sentyabr 2023-cü il tarixdə X9 Evi № 1 mağazasından 890 manat dəyərində; - 21 dekabr 2023-cü il tarixdə 007216 saylı qaimə üzrə 9 manat 80 qəpik dəyərində mənzilin təmiri üçün zəruri olan mal-materiallar və s. almışdır. Alınmış malların adı, neçə ədəd alınması, bir ədədinin qiyməti və ümumi dəyəri qeyd olunmuşdur. Həmin mal-materialların ümumi dəyəri 2318,4 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş Pink Doors mağazasından 2 ədəd qapının alınmasını təsdiq edən 000128 saylı, 26 fevral 2024-cü il tarixli qaimə-fakturadan görünür ki, iddiaçının aldığı 2 ədəd qapının dəyəri 610 manat təşkil edir. Məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən qapılar 2 ədəd olsa da, cavabdehdən yalnız bir qapının dəyəri tutulmalı olduğundan və həmin qapının dəyəri akresuarları da daxil olmaqla 340 manat təşkil etdiyindən, qalan 1 ədəd qapının dəyəri olan 270 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdehə məxsus olan mənzildən müxtəlif səbəblərdən (mətbəxin suyunun açıq qalması, paltaryuyan maşının xortumundan su axması və s.) iddiaçının mənzilinə 3 dəfə su sızması halları baş vermişdir. Birinci su sızma halı ilə ikinci su sızması halının, ikinci su sızması halı ilə üçüncü su sızması halının arasında bir neçə ay fərq olmuşdur. Su sızması nəticəsində iddiaçının mənzilinə hər dəfə müxtəlif məbləğlərdə ziyan vurulmuşdur. Cavabdehin mənzilindən iddiaçının mənzilinə 3 dəfə müxtəlif vaxtlarda su sızması halının baş verməsi və hər dəfə iddiaçının mənzilinə maddi ziyan vurulması işin mübahisə edilməyən hallarıdır. Cavabdeh öz izahatında su sızması hallarının baş verməsini və bu səbəbdən, iddiaçının mənzilinə maddi ziyan vurulmasını etiraf edir. İşin mübahisə edilən halları vurulmuş maddi ziyanın həcmi ilə bağlıdır. Belə ki, iddiaçı mənzilinə ümumilikdə 4.408 manat 40 qəpik həcmində maddi ziyan vurulduğunu, cavabdeh isə bundan bir neçə dəfə az həddə ziyan vurulduğunu bildirir. Məhkəmə işin qeyd edilən hallarını dəqiq müəyyən etmək, işə tam, hərtərəfli, obyektiv şəkildə baxılması üçün təqdim edilmiş sübutları diqqətli şəkildə nəzərdən keçirməklə yanaşı, iş üzrə müvafiq ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə ekspert tərəfindən təqdim edilmiş rəylə razılaşmayaraq qeyd edir ki, həmin rəy verilməmişdən öncə iddiaçı mənzilində böyük ölçüdə təmir işləri aparmış, ekspert mənzilə baxış keçirənədən mənzilə yenidən su sızma halı baş vermiş və artıq təmirli olan mənzilə yenidən maddi ziyan vurulmuşdur. Bu səbəbdən, ekspert yalnız sonradan vurulmuş maddi zərəri hesablaya bilmişdir. Məhkəmə ekspertin öz peşəkar bacarıqlarına görə deyil, zamanlama baxımından rəylə razılaşmır. Yuxarıda qeyd edildiyi kimi, ekspert tərəfindən rəy verilərkən mənzil artıq təmir edilmişdi və ekspert öncəki su sızması hallarında mənzilə vurulmuş ziyanın həcmini obyektiv olaraq təyin etmək imkanına malik olmamışdır. Belə ki, mənzilə sonuncu dəfə deyil, bundan əvvəl su sızması nəticəsində dəymiş zərərin müəyyən edilməsi üçün metodologiya mövcud olmadığından, ekspert tərəfindən bu cür təhqiqatın aparılması və əvvəlki dövrlərdə vurulmuş ziyanın müəyyən edilməsi imkan xaricindədir. Məhkəmə haşiyə çıxaraq qeyd edir ki, ekspert rəyi o baxımdan əhəmiyyətlidir ki, iddiaçının mənzilinə hər dəfə su sızması halı baş verdikdə mənzilə vurulan zərərin məbləği kifayət qədər böyük ola bilər. Bu, mənzilə axıdılan suyun həcminə, davam etmə müddətinə görə fərqli (az və ya daha da çox) ola bilər. Son su sızması halında tam təmirli mənzilə vurulmuş ziyanın 1.634 manat təşkil etməsi buna aşkar misaldır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi su sızması halı ilə bağlı vurulmuş maddi ziyanın həcminin müəyyən edilməsi məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, təqdim olunmuş nəzarət kassa aparatına vurulmuş çeklər və qaimə fakturalar üzrə aparılmış ödənişlər (cəmi 2318,4 manat), su sızması nəticəsində yararsız hala düşmüş bir qapının alınmasına sərf edilən vəsait (610 – 270 = 340 manat) və ustaya ödənilmiş vəsait (2.000 manat) nəzərə alınmaqla, iddiaçıya vurulmuş ziyanın ümumi məbləği 4658,4 manat təşkil edir. Məhkəmə iclasında tərəflərin izahatları, şahid ifadələri ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəf iddiaçının mənzilində təmir işlərinin aparılmasına 250 manat vəsait sərf etmişdir. Bu səbəbdən, həmin məbləğ nəzərə alındıqda, vurulmuş maddi zərərin həcmi 4.408 manat 40 qəpik təşkil edir. Göründüyü kimi, iddiaçının mənzilinə maddi zərər cavabdehin mənzilindən su axıdılması nəticəsində vurulduğundan, vurulmuş maddi zərər məhc cavabdehdən tutulmalıdır. Vurulmuş mənəvi zərərin cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia qismən əsaslıdır. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin mənzilindən vaxtaşırı (3 dəfə) olaraq suyun axıdılması, nəticəsində, iddiaçının mənzili yararsız hala düşmüş, hər dəfə ona maddi ziyan vurulmuş, mənzildə yaşayış mümkünsüz olmuş, mənzilin təmir edilməsinə vaxt və maddi vəsait sərf etmiş, suyun axıdıldığı və mənzilin yararsız hala düşdüyü, həmçinin ustaların işlədiyi dövr ərzində rahat həyat axarı pozulmuş, bu hallar onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, diskomfort hisslər keçirmiş, mahiyyət etibarı ilə mənəvi əzab (iztirab) çəkmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia mənəvi zərərin tutulmasına dair hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərə görə 100 manat tutulmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 66 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 4.408 manat 40 qəpik, mənəvi zərərə görə 100 manat və ödənilmiş 66 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 4.408 manat 40 qəpik, mənəvi zərərə görə 100 manat və ödənilmiş 66 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-120/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-120/2024
20.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver