Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1213/2021 30.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı vəkili X4 Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin əvəzinin və pulun ödənilməsi barədə” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin əvəzinin və pulun ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona qarşı törətmiş olduğu qanunsuz hərəkətlərinə görə ondan yazılı şəkildə təqdim etməklə üzr istəməsi, bu hərəkətlər nəticəsində ona vurduğu mənəvi zərərə görə 10.000 (on min) manat pulun və borc almış olduğu 9.000 (doqquz min) manat pulun tutularaq ona ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma dayısı oğludur. Bakı şəhərində Nəsimi rayonu 28 may metrosu yaxınlığında aptek işlədir. Daşqın və anası təkid edirdilər ki, o, aptek işlərində ona kömək etsin. Deyirdilər ki, aptekdə işlər yaxşı getmir. O da buna razılaşdı və 2019-cu ilin noyabr ayından ona kömək etməyə başladı. Aptekdə işlərin yaxşı getməsi üçün əlindən gələni edirdi. Lakin aptekdə işlər normallaşması üçün maddi vəsaitə ehtiyac vardı.Daşqın ondan xahiş edirdi ki, pul barədə də ona kömək etsin, tezliklə qaytaracaq. O da Daşqının aptekdə işləyən satıcısı X2 iştirakı və şahidliyi ilə Bakı şəhərində Nəsimi rayonu 28 may metrosu yaxınlığında aptekdə 3000 manat, 2000 manat, 500 manat və 300 manat olmaqla, ümumilikdə 5800 manat pulu hissə-hissə Daşqının xahişi ilə aptekə gələn mallar üçün onun əvəzindən ödədi. Lakin Daşqın hər dəfə onu inandırırdıki,tezliklə işləri düzələcək və pulları qaytaracaq, sadəcə bir az daha maddi cəhətdən ona kömək etsinki, işləri daha tez düzəlsin. Onda artıq nəqd pul qalmadığını bildirdikdə,Daşqın qızıllarını lombarda qoymağı təklif etdi. Onlar üçü-yəni, o, Daşqın və onun işçisi Səfa ona məxsus olan təqribən 6000 manat dəyəri olan qızılları 2020-ci ilin iyun ayında "BankRespublika"da girov qoyaraq 3200 manat məbləğində kredit pul götürdülər. Həmin pulu da Daşqına verdi. Beləliklə, onun Daşqına verdiyi pulun ümumi məbləği 9000 manat oldu Daşqın demişdi ki, çox qısa müddətdə pulların hamısını qaytaracaq.Lakin o, görürdüki, Daşqın yenə də kassadakı pulları israf edir və ətrafına işə mane olan dostlarını yığaraq pulları yeyibiçməyə və digər şeylərə xərcləyir. Başa düşdü ki,Daşqın onu aldadır və bu üsulla pullarını qaytaran deyil, nə də işləri qaydasına qoymaq adı ilə ondan aldığı pulları qaytaran deyil.Bu iradlarını ona bildirdikdən və pullarını tələb etdikdən sonra aralarındada mübahisə düşdü və Daşqın aptekin içində onu vurdu və nalayiq söyüşlərlə təhqir etdi. Bunların hamısı onun öz işçisinin yanında baş vermişdir. Sonradan Daşqın ondan üzr istədi və şikayət etməməyi xahiş etdi. O, dələduzluq yolu ilə aldadıb aldığı pulları ona qaytarmasını tələb etdi. O, isə hər dəfə yalvarırdı ki, vaxt versin ki, pulları qaytara bilsin.Sonradan ona məlum olmuşdur ki, Daşqın özünə məxsus olan apteki də satmışdır, lakin ondan aldığı pulları qaytarmamışdır. Bu da onu göstərir ki, onun niyyəti pulları mənimsəmək və dələduzluq idi . Apteki satdıqdan sonra Daşqın onu şantaj etməyə başladı. O, onun bu hərəkətinin mənasını əvvəl anlamasa da, sonradan bunun pullarını qaytarmaqdan yayınmaq səbəbindən olacağını düşündü.Daşqın deyir ki, onun telefonuna gizli yollarla qoşulub və oradan şəxsi nələrisə əldə edib, barəsində rüsvayedici sözlər və materiallar yayacaq və onun başına oyun açaraq, onu biabır edəcək. O, əvvəlcə bu hədələrə inanmasa da və onu blok etsə də xeyri olmadı. Belə ki, X6 ilə (tel: *** *** ** **) onun doğma xalası oğlu ilə görüşərək ona özü barədə olduqca əxlaqsız böhtan xarakterli sözlər demiş, ona özü barədə materiallar olmasını və onun pis yola düşməyi barədə böhtanlar demişdir. O, onda başa düşdü ki, bu adam sözlə deyil, artıq ona qarşı əməldə də hər şey edə bilər və onun şəxsiyyətini alçaltmağa çalışır.Bundan başqa, fasiləsiz olaraq ona müxtəlif hədə-qorxu və şantaj dolu sms və səs yazıları göndərərək onu çıxılmaz vəziyyətə salmışdır. Həmin sms və səs yazıları diskdə və yazılı sübut şəklində iddia ərizəsinə əlavə edəcək. O məsələni belə görüb məcburiyyət qarşısında polisə müraciət etməyi yeganə çıxış yolu gördü. Çünki ailə üzvləri - qardaşlarım bilsə, ortada qan düşər və cinayət hadisəsi baş verər. Bununla bağlı Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin təhqiqatçısı polis mayoru Ələsgər İbrahimov tərəfindən araşdırma aparılmışdır. Həmçinin məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hazırda Daşqın ona müxtəlif yollarla ismarıclar göndərərək onu hədələyərək bildirir ki, hansısa yeni iş yeri tapsa və oraya düzəlsə oraya gələcək və barəsində rüsvayedici faktlar yayaraq onu işdən çıxmağa məcbur edəcək. O bildirir ki, onu bu yolla dilənçi vəziyyətinə salacaq. O deyir ki, onu güdür və telefonuna daimi qoşulur. Pullarını isə qaytarmayacaq. İddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, iddiaçı ilə yalnız qarşılıqlı mübahisələrinin olduğunu bildirmiş, ondan 1740 manat borc pul aldığını və həmin məbləğin qaytarıldığını bildirmişdir. İddianı qəbul etmədiyini və rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. X1 məhkəmə iclasında verdiyi ifadəsinin məzmunundan görünür ki, o, cavabdehin aptekində əczaçı kimi çalışmışdır. iddiaçı ilə cavabdeh qohumdular, bir müddət iddiaçı aptekdə işləmişdir. İddiaçı aptekdə həm təmizlik işləri, həm dərmanların yerləşdirilməsində kömək edirdi. Cavabdeh bir ara işləri genişləndirmək istədiyində iddiaçı da ona kömək təklif edərək, şərik olmaq istəmişdi. Həmçinin, təsdiqlədi ki, aptekin öz gəlirləri aşağı olduğundan iddiaçı ona maddi kömək təklif etmiş, bir dəfə də qızılları banka qoyub əvəzinə pul götürmüşdülər.(amma məbləğin nə qədər olduğunu bilmir) 1000-1200 manat pulolduğunu eşitmişdir. Həmin pulun qaytarılıb qaytarılmaması barədə heç nə bilmir. Daha sonra əlavə etdi ki, pandemiya düşdükdən-2020-ci ilin iyun ayında aptek bağlandıqdan sonra tərəflər arasından söz-söhbət, dava-dalaşlar baş vermişdi . Özü hesabat işləri ilə məşğul olmamış, bu söz-söhbətlərdə iştirak etməmişdi. 01.06.2021-ci il tarixli məhkəmə iclasında dindirilən şahid X5 ifadəsində bildirmişdir ki, o, Daşqının aptekində təmir işləri ilə məşğul olmuşdur, iddiaçını Daşqının qohumu kimi tanıyır. Təsdiqlədi ki, bir dəfə şahidi olub ki, Daşqın Qənirəni təhqir etməyib, sadəcə apteki tərk etməyini tələb edib, Qənirə isə özünü aqressiv aparıb. Qənirə Daşqından pul borcunu tələb edirdi(məbləğin nə qədər olduğunu bilmir). İddiaçının cavabdehlə aralarında olan telefon yazışmaların fotoları (smslərdən çıxarışlar) işin materiallarına əlavə edilmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarından görünür ki, tərəflər arasında mübahisəsiz hal: iddiaçının cavabdehə pul borcunun verilməsi halıdır. Tərəflər arasında mübahisəli hal: borc verilmiş pulun hansı məbləğdə olması və onun geri qaytarılıb-qaytarılmaması hallarıdır, həmçinin iddiaçı cavabdeh tərəfindən onun şəraf və ləyaqətini təhqir edən məlumatları yaydığını bildirir cavabdeh isə iddianı qəbul etməyərək, yalnız qarşılıqlı mübahisə zamanı iddiaçıya xoşagəlməz sözlər dediyini, iddiaçının isə ona təhqir etdiyini bildirir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin və cavabdehin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən 1740 manat pul tələbi hissəsində təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan digər hallara dair məhkəməyə heç bir sübut təqdim edilməmiş, iddia ərizəsində tələb edilən məbləğdə borcunun olması barədə sübutetmə yükünün iddiaçının üzərinə düşməsinə baxmayaraq tələb məhkəmə iclasında iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bununla belə, cavabdehin izahatından və şahid ifadəsindən aydın olur ki, iddiaçı cavabdehə borc pul vermişdir. Cavabdeh izahatında iddiaçıdan 1740 manat borc pul alıb-qaytardığını etiraf etsə də, lakin həmin borcun qaytarılması barədə sübutetmə yükünün cavabdehin üzərinə düşməsinə baxmayaraq məhkəmə iclasında cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, iddia tələbi də yalnız həmin hissədə (1740 manat) təmin edilməlidir. İddiaçı iddia ərizəsində cavabdehin üzərinə üzr istəmək vəzifəsinin qoyulması və Cavabdeh qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi sarsıntı və psixoloji iztirablara görə ona 10000 manat məbləğində zərərin əvəzinin ödənilməsini tələb etsə də, qeyd edilən iddia tələblərini əsaslandırmamış, yalnız telefonda Cavabdeh ona qarşı nalayiq ifadələr işlədərək şərəf və ləyaqətini alçaltdığını qeyd etmişdir. Qeyd edilən hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz əksini tapmamış, iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş “whatsap” yazışmalarının məzmunundan göründüyü kimi, iddiaı ilə cavabdeh bir-birinə qarşı qarşılıqlı surətdə xoşagəlməz ifadələr işlədərək mübahisə etmişlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, İddiaçı tələbində Cavabdeh qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və psixoloji iztirablar keçirdiyini, bu səbəbdən mənəvi zərər tələb etdiyini qeyd etsə də, sarsıntı və iztirabların nədə ifadə olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, ümumiyyətlə onun barəsində cavabdeh tərəfindən hər-hansı həqiqətə uyğun olmayan məlumat yayılması halı məhkəmə iclasında müəyyən edilməmiş, iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə bununla əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliyə görə mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1740 manat məbləğində pul tutulmalıdır. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1740(bir min yeddi yüz qırx) manat məbləğində pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1213/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1213/2021
30.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver