Məhkəmə qərarları › İş №2(002)-1264/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1264/2023

16.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1264/2023 16.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, 51A saylı evə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev, ev 51A evə istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi 51A saylı evə mülkiyyət hüququ əsasında onun xüsusi mülkiyyətindədir və ona məxsusdur. Hal-hazırda mənzildə o və ailə üzvləri yaşamaqla istifadə edirlər. Onlar Asan xidmətə arayış üçün müraciət etdikdə xəbər tutmuşlar ki, hazırda yaşadığı evdə sözü gedən cavabdeh qeydiyyatdadır. Bu barədə o araşdırma aparmış və cavabdehi tapmış və qeydiyyata necə düşdüyünü soruşduqda o vaxtlar qeydiyyata kənd soveti tərəfindən salındığını bildirmişdir. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bır sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki,iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, 51 A saylı ev İddiaçı mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə xx.xx.2018-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in məlumat bazasına əsasən ASAN Xidmət (2 saylı ASAN) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, 51 A saylı evdə rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iş üzrə sübutlara əsasən müəyyən edir ki, Cavabdeh ünvan 1 ünvanında yaşamadığı halda o, İddiaçı razılığı olmadan sonuncuya məxsus fərdi yaşayış evinə qeydiyyata düşmüş, bu vaxtadək formal olaraq həmin evdə qeydiyyatda qaldığından, iddiaçı onun əvəzinə kommunal xidmətlərə görə əlavə xərc çəkmiş, eyni zamanda mülkiyyətçi kimi hüquqları məhdudlaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, iş üzrə sübutlara məcmu halıda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, 51 A saylı evə istifadə hüququnun olmaması müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar