Məhkəmə qərarları › İş №2(002)-1275/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1275/2021

16.07.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1275/2021 16.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum qeydində düzəliş edilməsi tələbinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum qeydində düzəliş edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 ilə birgə nikahlarından olan X4 adlı uşağının doğum haqqında şəhadətnaməsində düzəliş edilərək “06.12.2010-cu il” qeydinin “06.12.2011-ci il” qeydi ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, o, xx xxx 1987-ci il tarixdə Ağdam şəhərində anadan olmuşdur. Ağdam şəhər sakini X3 ilə 19 noyabr 2009-cu il tarixdə nikahları Ağdam rayon Papravənd ərazi nümayəndəliyində 140 nömrəli nikah akt qeydi ilə rəsmiləşdirilməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan X4 adında uşaqları anadan olmuşdur. Lakin uşağın doğum haqqında şəhadətnaməsində səhvə yol verilərək doğum tarixi 06.12.2010cu il kimi qeydə alınmışdır. Belə ki, həmin uşaq 06 dekabr 2010-cu il tarixdə deyil, əslində 06 dekabr 2011-ci il tarixdə anadan olmuşdur. Qeyd etdiyi məsələ ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, orada ona düzəliş üçün əsas olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Bu səbəbdən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək, ərizəyə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsassız hesab edilərək təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 530780 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X1 19 noyabr 2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Ağdam rayonu Papravənd ərazi nümayəndəliyində qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-T seriyalı, 061199 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 06.12.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Əliyev Harunun atası X3, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs 18.05.2021-ci il tarixli məktubundan və 09.03.2011-ci il tarixli doğum haqqında akt qeydinin surətindən görünür ki, X6 ********** saylı 10.12.2010-cu il tarixli tibbi arayışına əsasən X4 06.10.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X3, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə X8 X9 Şəxsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanan 2096 saylı 08.06.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 1987-ci il təvəllüdlü Abdullayeva (Əliyeva) Ülkər Xalid qızı 06.12.2010-cu il tarixdə X6 doğum şöbəsinə 39-40 həftəlik hamiləliklə daxil olmuş, 06.12.2010-cu il tarixdə saat 15:30-da çəkisi 3400,0 qram, boyu 52 sm, cinsi diri-oğlan uşağını dünyaya gətirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən, doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.2-ci bəndinə əsasən, doğum haqqında məlumat (bir qayda olaraq, uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə, yuxarıda qeyd olunan sübutları və hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, doğum haqqında akt qeydinə və doğum haqqında şəhadətnaməyə əsasən 06.12.2010-cu ildə anadan olmuş X2 doğum tarixi qeydiyyatının düzgün olmamasını və onun 06.12.2011-ci il tarixdə anadan olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilmədiyindən, habelə ərizəçinin izahatı Maraqlı şəxs 18.05.2021-ci il tarixli məktubu, 09.03.2011-ci il tarixli doğum haqqında akt qeydinin surəti, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə X8 X9 Şəxsinin 2096 saylı 08.06.2021-ci il tarixli məktubu ilə təkzib olunduğundan, ərizə tələbi əsassız hesab olunmaqla təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 341 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum qeydində düzəliş edilməsi tələbi barədə ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar