Məhkəmə qərarları › İş №2(002)-1345/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1345/2025

17.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1345/2025 17.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5a, 41 nömrəli mənzilin mülkiyyətçisidir. Cavabdeh onun atasının ikinci nikahdan olan arvadı olmaqla mübahisəli mənzildə 2013-2020-ci illər ərzində yaşamışdır və hazıradək qeydiyyatdadır. İddiaçının atası 2015-ci ildə vəfat etmişdir.

İddia tələbi

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus ünvan 1 evin 41 saylı ünvanında yerləşən mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 evin 41 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzil xx.xx.2017-ci il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. Cavabdeh onun mərhum atasının ikinci həyat yoldaşı olmuşdur. Atası xx.xx.2015-ci il tarixdə vəfat edəndən sonra cavabdeh bir müddət onunla birgə yaşasa da sonradan daimi olaraq ona məxsus evdən köçüb getmişdir. Hazırda da ona məxsus mənzillə heç bir əlaqəsi yoxdur. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

4. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 152.5 Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddələrinə, istinad etmişdir.

5. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

6. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, cavabdeh atasının ikinci həyat yoldaşıdır, onunla rəsmi nikahı vardı, atası 2015-ci ildə vəfat edənə qədər cavabdehdən boşanmamışdır. Ev əvvəl atasının adına orderli olub. Orderdə adı olan Əfəndiyev Seymur atası, Xanım isə onun anasıdır. Həmin orderdə cavabdehin adı olmayıb. Cavabdeh mənzilin onun adına özəlləşməsinə razılıq verib və evdən könüllü çıxıb gedib, 5-6 ildir ki, yaşamır. O, ev üçün öz adına çıxarış almışdır. Evin tək övladıdır. Evi satmaq istəyir, cavabdehin mənzildə formal qeydiyyatda qalması buna mane olur. Cavabdehi heç kim evdən qovmamış, özü sakitcə, dava-dalaş olmadan evdən çıxıb getmişdir.

7. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, 2010-cu ildə iddiaçının atası ilə rəsmi nikaha daxil olmuşdur. 2020-ci ilə qədər mənzildə yaşamışdır. X4 vəfat edəndən sonra bir müddət evdə yaşasa da, sonra mənzildən könüllü olaraq 2020-ci ildə çıxmışdır. Hər hansı məcburiyyət olmamış, o öz qərarı ilə mənzildən çıxmışdır.

İş materialları

8. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 10 avqust 2007-ci il tarixli 004019 №-li orderinə əsasən, ünvan 2 X2 istifadəsində verilmişdir: Ailə tərkibi- İddiaçıƏ. 1957-ci ilözü, Əfəndiyeva X.Ə. 1958-ci il-həyat yoldaşı, İddiaçı 1996-cı il-oğlu.

9. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 124 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 351№-li, xx.xx.2017-ci il tarixli Forma-2 arayışına əsasən, ünvan 2 ünvanında İddiaçı xx.xx.1996-cı il və Cavabdeh xx.xx.2013-cü il tarixdən qeydiyyatdadır.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 8 saylı Notariat kontorunun təsdiqi ilə Cavabdeh tərəfindən yazılmış xx.xx.2017-ci il tarixli ərizəyə əsasən, qeydiyyatda olduğu ünvan 2-in X1 adına özəlləşdirilməsinə razılıq vermişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ümumi sahəsi 50.01 m2 olan ünvan 1 evin 41 saylı mənzil xüsusi mülkiyyət formasında İddiaçının adına ********** nömrə ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin **********69-093052 nömrəli xx.xx.2017-ci il tarixli Texniki Pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın hüquqi subyekti İddiaçıdur. Daşınmaz əmlakın ümumi sahəsi 50.01 , yaşayış sahəsi 28.41, dəhliz 8.3, yaşayış otağı 12.63, san. Qovşağı 1.2, hamam 2.9, mətbəx 6.7, yaşayış otağı 15.78 və lociya 2.5 kv. metrdir.

13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-9786 saylı məktubuna əsasən, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh xx.xx.2013-cü il tarixdən hazırkı vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır.

Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli Qərarı: Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz.

b) Əsaslandırma

18. İddia əsaslıdır.

19. Tələb bundan ibarətdir ki, Cavabdeh iddiaçının mülkiyyət hüququ əsasında əldə etdiyi mənzildə cavabdeh yaşayış yeri üzrə qeydiyyatda qalmağa davam edir. İddiaçı bu halın onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırdığını qeyd edərək cavabdehin həmin mənzildə istifadə hüququnu itirilmiş hesab edilməsini xahiş edir.

20. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinə qiymət verilməsi üçün cavabdehin yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olub-olmamasını, mövcuddursa hansı əsasla yaranmasının (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu), hansı əsasla itirilməsini və hansı qanunvericiliyin tətbiq edilməli olmasını aydınlaşdırmaq zəruridir.

21. İşin faktiki halları bundan ibarətdir ki, ünvan 2 2007-ci il tarixli order əsasında iddiaçının mərhum atası X3 ayrılmışdır. Cavabdeh iddiaçının atasının ikinci nikahdan olan arvadı olmaqla 2013-cü ildə mübahisəli mənzildə qeydiyyata düşmüş, 2020-ci il tarixədək orada yaşamışdır. İddiaçının həmin mənzili 2017-ci tarixdə özəlləşdirmiş, cavabdeh buna notarial razılığını bildirmiş və iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh mübahisəli mənzildən 2020-ci ildə könüllü şəkildə çıxıb getdiyini və bu günədək yaşamadığını bildirmişdir.

22. Məhkəmə mənzil və mülki qanunvericiliyin müvafiq normalarını işin hallarına tətbiq edərək hesab edir ki, cavabdeh mərhum ərinin (mübahisəli mənzilin keçmiş mülkiyyətçisi) ailə üzvü qismində mənzilə köçərək 2013-cü ildən Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə əsasən istifadə hüququ əldə etmişdir.

23. Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, yuxarıda adı çəkilə plenum qərarında göstərilən mövqeyə əsasən, özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz.

24. İş materiallarında olan sənədlərdən aktdan, tərəflərin izahatından aydın olur ki, cavabdeh 2020-ci ildən etibarən həmin mənzildən könüllü köçərək, mənzil ehtiyacını başqa yerdə realizə edir.

25. Cavabdehin mübahisəli mənzili tərk etməsi məcburiyyət nəticəsində baş verməmiş, onun yaşayış sahəsindən istifadəsini mümkünsüz edən hallar olmamışdır Bundan əlavə, cavabdeh bu günədək mübahisəli mənzilə köçürülmə barədə tələblə məhkəməyə müraciət etməmiş və ya mənzildə yaşamaq niyyətini hər hansı formada ifadə etməmişdir.

26. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh mübahisəli mənzil üzərində yaşayış sahəsindən istifadə hüququnu 2013-cü il tarixdən (mənzilə qeydiyyata düşən zaman) əldə etsə də, uzun müddət orada yaşamamaqla mənzildə istifadə hüququnu itirmişdir, eləcə də, mənzilin hazırkı mülkiyyətçisinə (iddiaçıya) münasibətdə yaşayış sahəsindən istifadə hüququ əldə etməsi üçün qanuni əsaslar mövcud deyildir.

27. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin istifadə hüququna itirilmiş hesab edilməsi (bunun əsasında mənzildə qeydiyyatına müvafiq icra hakimiyəti orqanı tərəfindən son verilməsi) üçün əsaslar hazırkı işdə tam əksini tapmışdır. Əks yanaşma mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılmasına səbəb olardı.

28. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

30. Göstərilənlərə əsasən, habelə mülkiyyət hüququnun müdafiəsi prinsipini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Cavabdeh ünvan 1 evin 41 saylı mənzilinə dair istifadə hüququnu itirilmiş hesab edilməlidir

31. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5a, 41 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar