Məhkəmə qərarları › İş №2(002)-1393/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1393/2024

30.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1393/2024 30.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21, 3 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21 saylı evin 3 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzil atası tərəfindən təqribən 1994-cü ildə alınmış, atası vəfat etdikdən sonra bütün vərəsələrin, o cümlədən cavabdehin razılığı ilə onun adına rəsmiləşdirilmişdir. Cavabdeh onun qardaşı olmaqla iki uşağı ilə birlikdə formal olaraq həmin mənzildə qeydiyyatda qalmışdır. Halbuki, o, 2008-ci ildə əsgərlikdən gələndə qardaşı Vüqar artıq mənzildən köçüb getmişdi. Qardaşı Vüqar 15 ildən çoxdur ki, həmin mənzildə yaşamır. Vüqar ailəsi ilə birlikdə Sahil qəsəbəsində Asfalt zavod küçəsində yerləşən evlərində daimi olaraq yaşayırlar. Cavabdehin həyat yoldaşı və üçüncü uşağı da başqa ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh isə iki uşağı ilə birlikdə ona məxsus mənzildə formal qeydiyyatda qalmışdır, halbuki cavabdehin həmin mənzillə heç bir əlaqəsi yoxdur. Cavabdehin ona məxsus mənzildə formal olaraq qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Bundan başqa, ailəsi böyük olduğu üçün maddi durumu ailəsini saxlamağa imkan vermir, bu səbəbdən sosial yardım üçün müraciət etdikdə, başqa şəxslərin qeydiyyatda olması səbəbindən sosial yardım verməkdən imtina edirlər. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddia ərizəsinə yazılı münasibət bildirməmiş və səbəbləri barədə məhkəmə baxışına qədər hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, o, iddiaçının uzun müddətdir ki, qonşusudur. Tərəfləri uşaqlıqdan tanıyır. Mübahisəli mənzildə hazırda iddiaçı və ailəsi yaşayır. Cavabdeh 15 ildən çoxdur ki, sözügedən ünvanda yaşamır. Cavabdeh Sahil qəsəbəsində Asfaltzavodun yaxınlığında yerləşən həyət evində yaşayır. Məhkəmə, izahatları və şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X2, X3, Cavabdeh 45 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi 2V-90 olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.83 kv.m olan mənzildəki miras paylarını İddiaçı mülkiyyətini verirlər. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21, 3 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21, 3 saylı mənzildə İddiaçı qeydiyyatdadır. Həmin mənzildə həmçinin Cavabdeh, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və digər şəxslər də qeydiyyatdadırlar. İş materiallarında olan X9, X1 və X4 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh və onun uşaqları X5, X6 yaxından tanıyırlar. Onlar Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21, 3 saylı mənzildə qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. Beləliklə, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21, 3 saylı mənzilin mülkiyyətçisi, cavabdeh isə həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan, lakin faktiki olaraq uzun müddətdən bəri həmin mənzildə yaşamayan qardaşıdır. Qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mülki işin hallarından göründüyü kimi, cavabdehin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququ qeydə alınmadığından, habelə o, mülkiyyətçi olan iddiaçının qanunda nəzərdə tutulan ailə üzvü olmamaqla onunla birgə yaşamadığından, onun hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir. Ona görə də faktiki olaraq uzun müddətdən bəri iddiaçıya məxsus evdə yaşamayan və daimi yaşayışını başqa yaşayış yerində təmin edən cavabdehin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələbi əsaslı hesab olunmalıdır. Bundan əlavə, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87.2-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 aprel 2018-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə əsasən, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövrdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər. Digər tərəfdən, cavabdehin iddiaçıya məxsus evdə qeydiyyatda qalmasə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21, 3 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar