Məhkəmə qərarları › İş №2(002)-1427/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1427/2023

18.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1427/2023 18.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Yolu, ev 30, 24 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, mənzili xx.xx.2008-ci il tarixdə notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almışdır. Adına həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixdə çıxarış verilmişdir. Hazırda həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlər evin köhnə sakinləridir və mənzili alarkən mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Cavabdehlər əvvəldən həmin mənzildə qeydiyyatda olmuş və onları mənzilə qeydiyyata iddiaçı salmamışdır. Neçə illərdir ki, onlara qeydiyyatdan çıxmağı tələb edir, hər dəfə cavabdehlər vaxt istəyir, söz verirlər. Artıq gözləmək istəmir, çünki ağır xəstədir. Cavabdehlərin həmin mənzildə formal olaraq qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır və mülkiyyət hüququnu məhdudlaşdırır, eyni zamanda əlavə kommunal xərc çəkməli olur. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından və onların məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AN-İ seriyalı, ******* saylı xx.xx.2008-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X3 özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Yolu, ev 30, 24 saylı mənzili İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Yolu küçəsində istifadədə olan 0.0628 ha torpaq sahəsində yerləşən 30 nömrəli, 5 mərtəbəli binada 60 kv.m ümumi, 43.62 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 24 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 691 nömrəli reyestr kitabının 65101 nömrəli vərəqində xx.xx.2008-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Yolu, ev 30, 24 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X2, X5, X1 və başqa şəxslər qeydiyyatdadırlar. İş materiallarında olan X4 göndərişi üzrə TSEK-in xx.xx.2019-cu il tarixli arayışından görünür ki, 2-ci qrup əlil İddiaçı ağır görmə pozğunluğu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Məhkəmə, iş üzrə sübutlara əsasən müəyyən edir ki, mənzilin əvvəlki sakinləri olan cavabdehlər hazırda iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatdadırlar, faktiki olaraq orada yaşamırlar. Cavabdehlər mənzildə formal olaraq qeydiyyatda qaldıqlarından, iddiaçı onların əvəzinə kommunal xidmətlərə görə əlavə xərc çəkir, eyni zamanda mülkiyyətçi kimi hüquqları məhdudlaşdırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Ona görə də məhkəmə, mülki iş üzrə sübutlara əsasən müəyyən edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yeni mülkiyyətçiyə keçmiş və cavabdehlər mənzildən istifadə hüququnu itirmişdir. Ona görə də cavabdehlərin mənzilə istifadə hüquqları itirilmiş hesab edilməli və onlar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə müvafiq olaraq qeydiyyatdan çıxarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Yolu, ev 30, 24 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar