Məhkəmə qərarları › İş №2(002)-1458/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1458/2024

02.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1458/2024 02.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı, X1 iştirakı ilə, İddiaçı cavabdeh Qurbanova (Hüseynova) Gülşən Qüvvət qızına qarşı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1998-ci il tarixli 161859 №-li qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 10 saylı evin 43 saylı mənzili xüsusi mülkiyyət formasında İddiaçı adına qeydiyyata alınmışdır.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş MA seriyalı, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, ümumi sahəsi 84.70 m2 olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 10 saylı evin 43 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 22.0.2023-ci il tarixli, 04/13474 nömrəli, “Texniki pasporta” əsasən hüquqi sahibi İddiaçı olan (reyestr nömrəsi **********66-05101-093034) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 10, 43 saylı mənzilin əsas göstəriciləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.

4. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli 47 nömrəli arayışa əsasən, X7 Bakı şəhəri, ünvan 1mədov küçəsi, ev 10, 43 saylı mənzil ünvanında xx.xx.2016-cı il tarixdən qeydiyyata götürülmüşdür.

5. Qaradağ Rayon Məhkəməsinin 2(002)-645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, X10 ilə X7 ilə aralarında 27 aprel 2014-cü il tarixdə Qaradağ Rayon Qeydiyyat Şöbəsində 238 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X2 Gülşən Qüvvət qızının yanında və himayəsində saxlanılması qət edilmişdir. İddia tələbi

6. İddiaçı cavabdeh Qurbanova (Hüseynova) Gülşən Qüvvət qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Qurbanova (Hüseynova) Gülşən Qüvvət qızının və azyaşlı uşağı X5 ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 10 saylı evin 43 saylı mənzilinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə xahiş etmişdir.

7. İşin məhkəmədə baxılmağa hazırlanması ilə bağlı məhkəmə iclasında İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh X4 ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 10 saylı evin, 43 saylı mənzilinə istifadə hüququnu olmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 10 saylı evin 43 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. X7 onun gəlini olmaqla ona məxsus evdə yaşamışdır. 2023-cü ilin sentyabr ayından daimi olaraq həmin mənzildən çıxıb atası evinə getmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Gülşən oğlu Eldarla rəsmi qaydada boşanmışdır. Hazırda mübahisəli mənzillə heç bir əlaqəsi yoxdur. Cavabdeh və nəvəsi Aylin ona məxsus mənzildə qeydiyyatda olsalar da, 1 ildən çoxdur ki, ona məxsus evdə yaşamırlar atası evində yaşayırlar. Cavabdeh ona məxsus evdə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

9. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2-ci maddələrinə, istinad etmişdir.

10. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, cavabdeh keçmiş gəlini olmuşdur, cavabdeh Gülşən Qurbanova iddia tələbində göstərilən mənzildə yaşamamışdır, formal olaraq qeydiyyata düşmüşdür. Hazırda cavabdehlə oğlu arasında nikah münasibətinə xitam verilmişdir və cavabdehin ona məxsus mənzildə istifadə hüququ qalmadığından iddia tələbinin təmin edilməsini xahiş edir.

12. Cavabdeh Qurbanova (Hüseynova) Gülşən Qüvvət qızı məhkəmə hazırlıq iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini, xəstə uşağının olduğunu və mənzildən qeydiyyatdan çıxmayacağını bildirmişdir.

13. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə baxışının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

14. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 29. İ və İİ. hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”si:

16. Maddə 17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası:

17. 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

31. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

32. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

33. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

34. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

34. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

35. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

40. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

43. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

44. Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

45. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 85.1.2. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı:

46. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

47. Odur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. b) Əsaslandırma

48. İddia əsaslıdır.

49. İşin mübahisəsiz halları bundan ibarətdir ki, 1998-ci ildə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə, 2023-cü ildə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 10 saylı evin 43 saylı mənzilin mülkiyyətçisi iddiaçıdır. Cavabdeh keçmiş gəlinidir.. Cavabdehlə iddiaçının oğlu ilə cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikah qurmaqla ailə qurmuş, aralarında olan nikah qeydinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Cavabdeh qeyd edilən mənzilə xx.xx.2016-cı il tarixdə yaşayış yeri üzrə qeydiyyata götürülmüşdür.

50. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli üçün cavabdehin mübahisəli mənzildə istifadə hüququnun yaranmasına və həmin hüququn xitamı əsaslarının olubolmamasına qiymət verilməlidir.

51. İddiaçı cavabdehin onun oğlu ilə nikaha girdiyi vaxtdan (2014-cü il) 2023-cü ilədək həmin mənzildə yaşadığını qəbul etmişdir, cavabdeh mənzilə 2016-cı ildə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Tərəflər arasında münasibətlərin yaranma tarixi və onlar arasında məhdud əşya hüquq mənasında yaşayış sahəsindən istifadə hüququnun cavabdehə verilməsinə dair yazılı notarial bağlanmış müqavilə olmadığı üçün məhkəmə qeyd edir ki, hazırkı mübashisə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin normalarına əsasən tənzimlənməlidir.

52. Mənzil Məcəlləsinin və Plenum Qərarının yuxarıda qeyd edilən tələblərindən aydın olur ki, cavabdeh iddiaçının mənzilə köçürdüyü qohum qismində istifadə hüququ əldə edərək mənzildə yaşamış və həmin dövrdə həmin yaşayış sahəsindən yaşayış sahəsinin mülkiyyətçisi ilə bərabər istifadə etmək hüququna malik olmuşdur.

53. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur.

54. Lakin əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

55. Cavabdeh gəlin kimi həmin evdə yaşadığı müddətdə etibarlı ailə əlaqələri əsasında yaşayış sahəsindən istifadə hüququ əldə etsə də, ailə münasibətlərinə son qoyulduqdan və mənzildən çıxdığı vaxtdan onun istifadə hüququ itirilmişdir.

56. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).

57. Göründüyü kimi, tərəflər arasında məhdud əşya hüququ mənasında yaşayış sahəsindən istifadə hüququna dair mülki hüquqi müqavilə bağlanmamış və ailə münasibətlərinə son verilmişdir və cavabdeh mənzil hüququnu nikahın pozulmasından sonra başqa yaşayış sahəsində həyata keçirdiyini məhkəmə iclasında bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 10 saylı evin 43 saylı mənzildən istifadə hüquqları mövcud deyildir.

58. Məhkəmə bununla bağlı qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006cı il 29 mart tarixli Qərarı, § 93).

59. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

60. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013cü il tarixli Qərarı).

61. Məhkəmə göstərilənləri rəhbər tutmaqla qeyd edir ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə xərcləri

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə

64. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Qurbanova (Hüseynova) Gülşən Qüvvət qızının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 10 saylı evin 43 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar