Məhkəmə qərarları › İş №2(002)-150/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-150/2025

13.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-150/2025 13.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 3a, 3 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 3a, 3 saylı mənzil xx.xx.2017-ci il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin mənzil 1957-ci ildə atası tərəfindən iş yerindən orderlə alınmış, 1994-cü ildə özəlləşdirilmiş, atası 2005-ci ildə vəfat etdikdən sonra 2012-ci ildə bacısı Tamillanın adına keçirilmiş, 2017-ci ildə isə Tamilla tərəfindən ona bağışlanmışdır. Bağışlama vaxtı cavabdeh də notarial qaydada etiraz etmədiyini bildirmişdir. Bacısı Tamilla 2018-ci ildə vəfat etmişdir. Cavabdeh olan bacısı Cavabdeh 1971-ci ildə sözügedən mənzildə doğulmuş, 2002-ci ildə ailə qurduqdan sonra həmin mənzildən köçmüşdür və o vaxtdan bu mənzildə yaşamır. Cavabdeh ailəsi ilə birlikdə Xətai rayonunda öz evlərində yaşayır. Cavabdehin faktiki olaraq öz mülkiyyətində iki mənzili (biri Lökbatan qəsəbəsində fərqli ünvanda, biri isə Xətai rayonunda), habelə Tovuz rayonunda bir yaşayış evi vardır. Tovuz rayonunda olan mülk atasından miras qalmış, həmin evdəki payını cavabdehə bağışlamışdır. Lakin bu qədər yaşayış evinin olmasına baxmayaraq, cavabdeh hələ də ona məxsus mənzildən qeydiyyatdan çıxmır. Halbuki, cavabdehin ona məxsus mənzillə heç bir əlaqəsi yoxdur. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır, belə ki, bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər çəkməli olur. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh faktiki olduğu yer məlum olmadığından və onun məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan, habelə dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə smsbildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlmədiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 135.7, 147, 185.5-ci maddələrinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, iddiaçı onun 2001-ci ildən qonşusudur. Cavabdeh 2002-ci ildə həmin mənzildən gəlin köçüb getmişdir, həmin vaxtdan orada yaşamır, hazırda Xətai rayonunda yaşayır. Məhkəmə, izahatları və şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon MKTB 150 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6cı S.Orucov döngəsi, ev 3a, 3 saylı mənzildə yaşayır. Həmin mənzildə onun özü, həyat yoldaşı, qızı, bacısı Cavabdeh qeydiyyatdadır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X2 ünvan 2 ünvanında yerləşən üç otaqlı mənzili İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan Cavabdeh notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, X1 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin bağışlanmasına razıdır, etirazı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin verdiyi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6cı S.Orucov döngəsi, ev 3a, 3 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2017-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan qonşular X8, X5 və X4 tərəfindən tərtib edilmiş və 150 saylı MKİS tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həqiqətən Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 3a, 3 saylı mənzildə qeydiyyatda olmasına baxmayaraq ailə qurması ilə əlaqədar 2002-ci ildən hal-hazıradək həmin mənzildə yaşamır. İş materiallarında olan AZ-İİ seriyalı, 471610 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2005-ci ildə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 471611 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci ildə vəfat etmişdir. İş materiallarında olan 05 mart 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu təsdiq edir ki, xx.xx.2005-ci il tarixdə ölmüş X3 vərəsələri ünvan 2-də qeydiyyat olan oğlu İddiaçı və qızı Cavabdehdır, onlar miras əmlakdan 2/6 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Tovuz rayonu, Aran Yanıxlı kəndində yerləşən ümumi sahəsi 216.2 kv.m olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı Tovuz rayonu, Aran Yanıxlı kəndində yerləşən ümumi sahəsi 216.2 kv.m, yaşayış sahəsi 123.6 kv.m, yardımçı sahəsi 92.6 kv.m olan, 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini (2/6 hissədə payını) Cavabdeh mülkiyyətinə vermişdir. İş materiallarında olan Cavabdeh məxsus daşınmaz əmlaklar barədə “Elektron məhkəmə” informasiya sistemindən çıxarışın surətindən görünür ki, cavabdehin mülkiyyətində iki mənzil və bir yaşayış evi vardır. Beləliklə, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 3a, 3 saylı mənzilin mülkiyyətçisi, cavabdeh isə həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan, lakin faktiki olaraq uzun müddətdən bəri orada yaşamayan və daimi yaşayışını başqa ünvanda təmin edən bacısıdır. Qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mülki işin hallarından göründüyü kimi, cavabdehin daşınmaz əmlakın dövlət reyestrində həmin mənzilə dair hər hansı hüququ qeydə alınmadığından, habelə o, mülkiyyətçi olan iddiaçının qanunda nəzərdə tutulan ailə üzvü olmamaqla onunla birgə yaşamadığından, onun hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1-ci və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir. Ona görə də faktiki olaraq uzun müddətdən bəri iddiaçıya məxsus mənzildə yaşamayan və daimi yaşayışını özünə məxsus başqa yaşayış yerində təmin edən cavabdehin həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbi əsaslı hesab olunmalıdır. Bundan əlavə, cavabdehin mübahisəli mənzildə yaşamış olduğu dövrü nəzərə almaqla məhkəmə qeyd edir ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87.2-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 aprel 2018-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə əsasən, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövrdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər. Digər tərəfdən, cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 3a, 3 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar