Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1541/2025 08.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Rövşən Rzayev küçəsində yerləşən 20 saylı evin 4 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Rövşən Rzayev küçəsində yerləşən 20 saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh onun qardaşının keçmiş həyat yoldaşıdır. Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində atası Bəhrəm Vəliyevin evində yaşayır. Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Rövşən Rzayev küçəsində yerləşən 20 saylı evin 4 saylı mənzilinə pasport qeydiyyatına alınsa da, qardaşı Nümayəndəla nikahı pozulduğu üçün artıq 9 aydan çoxdur ki, qeydiyyatda olduğu ünvanda yaşamır. O, mənzili qardaşı Nümayəndə bağışlamaq istəmiş, lakin mənzildə pasport qeydiyyatında olanların razılığı tələb edildiyindən bunu həyata keçirə bilməmişdir. Qardaşı cavabdehə müraciət edərək, ondan bağışlama müqaviləsinin təsdiq edilməsi üçün yazılı razılıq verməsini xahiş etmişdir. Lakin cavabdeh bundan imtina etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh də həmin mənzildə faktiki pasport qeydiyyatındadır. Cavabdehin mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, o, cavabdehin razılığı olmadan mənzil üzərində hüquqlarını tam həyata keçirə bilmir, mənzillə bağlı sərəncam vermək hüquqları məhdudlaşır. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq başqa yerdə yaşaması, amma onun mənzilində pasport qeydiyyatında olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh ona məxsus olan mənzildə pasport qeydiyyatında olsa da, həmin mənzildə indiyə qədər heç zaman yaşamayıb. Cavabdehin mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. Buna görə də, cavabdehin ona məxsus olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi X4 küçəsində yerləşən 20 saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 11 fevral 2025-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi X4 küçəsi ev 20 mənzil 4 ünvanda qeydiyyatdadır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2(002)- 2325/2024 saylı qətnaməsindən görünür ki, Nümayəndə Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, Nümayəndə və Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi 438 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Toplanmış və tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir ki, yuxarıda qeyd olunan mənzil iddiaçının mülkiyyətindədir. İş üzrə cavabdeh həmin mənzildə pasport qeydiyyatında olsa da, faktiki olaraq həmin ünvanda yaşamır. Cavabdeh iddiaçının qardaşının keçmiş ailə üzvüdür, hazırda atası ilə birlikdə başqa ünvanda yaşayır. İddiaçının mülkiyyətində olan yaşayış sahəsinə ehtiyacı yoxdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, mülkiyyətçinin qardaşının keçmiş ailə üzvü olan cavabdehin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Rövşən Rzayev küçəsində yerləşən 20 saylı evin 4 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Hazırkı qətnamə cavabdehin yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Rövşən Rzayev küçəsində yerləşən 20 saylı evin 4 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Hazırkı qətnamə cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1541/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1541/2025
08.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver