Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1551/2025 19.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 43 saylı evib 12 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki,hazırki mülki iş üzrə iddiaçının iddia tələbi məhz iddiaçının öz razılığı əsasında ona məxsus mənzilə formal olaraq qeydiyyata düşmüş tanışı olan cavabdehin həmin mənzilə dair qeydiyyatdan çıxartmaqla əlaqədar olaraq mənzilə dair istifadə hüququna xitam verilməsi tələbi ilə bağlıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, cavabdeh iddiaçının ailə üzvü deyil, məhz iddiaçının öz razılığı əsasında qeydiyyata düşmüşdür, onun müvafiq mənzilə əmlak hüquqları mövcud deyildir. Göründüyü kimi, hazırki mülki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri məhz iddiaçının öz razılıq ərizəsi əsasında ona məxsus yaşayış sahəsinə cavabdeh olan şəxsin qeydiyyata alınması ilə bağlı olan hüquq münasibətləridir. Bu halda, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən müvafiq Qərarın tələbinə əsasən həmin hüquq münasibətlərinə məhz mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Qeyd edilən halları nəzərə alaraq, müvafiq Qərarın tələbini əsas götürərək, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi məhkəmə icraatına qəbul edilə bilməz və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya qeyd edilən məsələnin həlli ilə bağlı ilk növbədə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə müraciət etməli, həmin orqan tərəfindən bundan imtina olduğu halda, yaranmış mübahisənin həlli ilə bağlı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ərizəsi icraata qəbul edilə bilməz və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi, ona əlavə olunmuş sənədlər və 100 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-1551/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1551/2025
19.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver