Məhkəmə qərarları › İş №2(002)-1596/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1596/2020

31.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1596/2020 31.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı X1, İddiaçının vəkili X7, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, E.Quliyev küçəsi, ev 56D, mənzil 88-də yaşayan Cavabdeh 5.000 manat maddi zərər, 10.000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin yaz aylarında oğlu Əliyev Pərvin Cavabdeh ilə birlikdə yaşadıqları Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 37 ünvanı ilə üzbəüz yerləşən “Medusa Lounge” kafesini icarəyə götürüb işlətmişdilər. Müqavilə Cavabdeh adına bağlanmışdır. Həmin kafeni icarəyə götürərkən zəruri olan invertarları, əşyaları və digər avadanlıqların alınması üçün xeyli miqdarda pul tələb olunduğu üçün oğlu X13 Telman qərara gəlirlər ki, bankdan kreditə pul götürsünlər. Razılaşmaya əsasən, tələb olunan bütün xərcləri onlar bərabər şəkildə həll etməli və qazancı da bərabər bölməliydilər. Əliyev Pərvin öz adına xx xxxxx 2018-ci il tarixdə “Kapital” bankdan 3820 manat məbləğində kreditə pul götürür. Telmanın iş yeri olmadığı üçün onun təklifi ilə Pərvinin tanışı Toğrul Əliyevin adına kreditə pul götürüb Telmana vermişlər. Cavabdeh banka ödəniləcək kreditləri ödəmədiyi üçün bankdan onları narahat edirdilər. Ona görə də, xx xxxx 2019-cu il tarixdə saat 21 radələrində “Medusa Lounge” kafesinə gedib krediti nəyə görə ödəmədiklərini soruşmaq istəmiş, Telmanın atası Fərmanla kafenin qarşısında söhbət edərkən Telman üzərimə hücüm edib onu vurmağa başlamışıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1 (002)-297/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdehin onu yumruqla vurması nəticəsində burnundan və başından travma almışdır. Uzun müddət nəfəs alma çətinliyi çəksə də, müalicə nəticəsində burnunda olan problem aradan qalxmışdır. Lakin, hələdə başında olan səslər getmir. Müalicə etdirməyə pulu olmadığı üçün başında gələn səslərlə yaşamaqda çətinlik çəkir. Bundan başqa, oğlu yaşında birinin onu döyməsi və bunun qəsəbə sakinləri, tanışlarının arasında bilinməsi də onun insanlar arasında olan nüfuzuma da xələl gətirmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsi təqdim etdi və etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdi. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Cavabdeh iddiaçı X3 qarşı xuliqanlıq hərəkətinə yol verərək, onun burun nahiyyəsinə bir yumruq vurmaqla, ona burunun qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi belə təyin edilməyən bədən xəsarəti yetirməsi hazırda tərəfimizdən birmənalı şəkildə mübahisələndirilmir. Belə ki, məhkəmənin artıq qanuni qüvvəsini almış hökmü mövcuddur. Lakin elə məhkəmənin həmin hökmü ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, hadisə vaxtı baş vermiş münaqişənin səbəbkarı bilavasitə iddiaçı X4 özü olmuşdur. Belə ki, Əliyev Bahadur qəsəbədəki «Medusa Loinge» kafesinin qarşısında onun atası, ikinci qrup əlil olan Əliyev Fərmanla mübahisə edərək, onun sinəsindən tutaraq, ona qarşı zorakılıq hərəkətlərinə yol vermiş və bu zaman onun atasına qarşı edilən zorakılıq hərəkətlərinin qarşısını alarkən Əliyev Bahadurun burun nahiyyəsinə bir yumruq vurmuşdur. Yuxanda qeyd edildiyi kimi Əliyev Bahadur burunun qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi belə təyin edilməyən bədən xəsarəti almışdır. Münaqişənin bilavasitə hazırkı iş üzrə X11 tərəfindən törədilməsinə baxmayaraq, nəticə etibarilə o, cəzaya məruz qalmışdır. Hazırda isə məhkəmədə heç bir əsası olmayan iddia qaldırmışdır. X8 hadisədən sonra onun əmək qabiliyyətində hər hansı bir pozğunluq yaranmamış, avtobus sürücüsü kimi əmək fəaliyyətini mütəmadi davam etdirmişdir. Cavabdehin vəkili X6 məhkəmə iclasında cavabdehin etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(002)-297/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli bilinib, 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1118.1-1118.2-ci maddələrində göstərilir, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin; itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə 9 pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2.ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə,hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında göstərilir ki, "zərər" anlayışı aşağıdakı kimi şərh olunur: Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin, müvafiq məhkəmə hökmünün məzmunundan aydın olur ki, həmin cinayət işi ilə bağlı məhkəmə-tibbi ekspertizası keçirilmiş, xx.xx.2019-cu il tarixli, 179 saylı rəyində qeyd olunur ki, İddiaçı bədəni üzərində aşkar edlmiş xəsarət burunun qançırı bərk küt əşya təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə kənar şəxs tərəfindən yumruqla yetirilə bilərdi və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun sağlamlığının pozulduğunu, bunun nəticsində ona 5000 manat məbləğində maddi ziyan vurulduğunu, özünün mənəvi sarsıntılar keçirdiyini əsas gətirərək, cavabdehə qarşı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə hesab edir ki, hazırki iş üzrə sübut etmə yükü məhz bilavasitə iddiaçının üzərinə düşür. Belə ki, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları və faktları sübut etməlidir. Deməli bu halda məhz iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi cavabdehin təqsiri nəticəsində onun sağlamlığının pozulması halını, habelə bununla əlaqədar müalicə xərcinin çəkilməsi halını sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X4 cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun sağlamlığının pozulduğunu, bununla əlaqədar müalicə olunduğunu, nəticədə sağlamlığının bərpa edilməsi ilə bağlı 5000 manat məbləğində müalicə xərci çəkdiyini əsas gətirərək, bununla əlaqədar çəkdiyi xərcin əvəzinin cavabdehdən tutulmasını tələb etsə də, qeyd olunan hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Nəticədə məhkəmə araşdırması zamanı cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının sağlamlığının pozulması, habelə bununla əlaqədar iddiaçının 5000 manat məbləğində müalicə xərcini çəkməsi hallarının müəyyən edilməsi mümkün olmamışdır.Ona görə də, məhkəmə hesab edrir ki, hazırki iş üzrə iddia tələbi iddiaçının sağlamlığının pozulması ilə əlaqədar çəkilmiş müalicə xərcinin əvəzinin ödənilməsinə dair hissədə əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə bununla əlaqədar onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X15 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X14 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X14 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və X14 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mənəvi sarsıntı keçirdiyini, bununla da, ona mənəvi zərər vurulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin dilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə qeyd olunan mülki prosessual qanunvericiliyin normalarını əhbər tutaraq, habelə iddia tələbinin rədd olunmasını əsas götürərək, hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli və iddia tələbi dövlət rüsumunun tutulması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar