Məhkəmə qərarları › İş №2(002)-163/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-163/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-163/2023 23.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi Alakhverdiev Arazın iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Opel Astra” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1076 AZN (bir min yetmiş altı manat) sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 31.20 AZN (otuz bir manat iyirmi qəpik) dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “Hyundai TG” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Opel Astra” markalı ** OS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir.Baş vermiş yol nəqliyyat hadisəsində “Opel Astra” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir.xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini müvafiq etibarnamə olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Opel Astra” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1076 AZN (bir min yetmiş altı manat) ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 093611 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Opel Astra” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1076 AZN (bir min yetmiş altı manat) məbləğində ödəniş həyata keçirilmişdir. xx.xx.2021 -ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır.Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 1076 AZN (bir min yetmiş altı manat) zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Alakhverdiev Araz məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC sığortanın predmeti qismində “Hyundai TG” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, habelə sığorta ödənişi və əmlaka dəymiş zərər 1076 manat məbləğində göstərilməklə, X2 faydalanan şəxs qismində həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın və xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında İXP ******* seriyalı protokolun surətindən görünür ki, Cavabdeh barəsində AR İXM-nin 327.1 vı 332.1-cı maddəsi ilə protokol tərtib edilmiş, daha sonra həmin maddələr ilə Cavabdeh yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünə əqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AD-N 359703 nömrəli nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai TG” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Ekolizinq MMC-dir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli 827 nömrəli ödəniş tapşırığından görünür ki, X1 hesabına 1076 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “dəymiş zərərin hesablanmasına dair akt”-dan görünür ki, Opel Astra” markalı, **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1076 manat ziyan dəymişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2021-ci il tarixində Cavabdeh etibarnaməsiz idarə etdiyi Hyundai TG” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə “Opel Astra” markalı, **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş, “Opel Astra” markalı, **-OS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1076 manat müəyyən edilmiş, İddiaçı Sığorta Şirkəti ASCnin xx.xx.2021-ci il tarixli sığorta aktına və xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanması aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən dəymiş ziyana görə ümumilikdə 1076 manat məbləğ zərərçəkənin hesabına köçürülmüşdür. Hazırda «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən iddiaçı subroqasiya hüququ yarandığı üçün həmin ödənişi cavabdehdən geri tələb edir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinin məzmunundan görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh X3 təqsiri, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq digər avtomobilə maddi ziyan vurması qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərar və protokol ilə sübuta yetirildiyindən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yarandığından,həmçinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 093611 saylı sığorta aktı və 01 fevral 2021-ci il tarixli ödəniş tapşırığından göründüyü kimi, ödənilən 1076 manat məbləğində sığorta odənişi subroqasiya qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələb təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 31,20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymət verərək hesab edir ki, Cavabdeh 1076 manat məbləğində maddi ziyan və ödənilmiş 31,20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1076(bir min yetmiş altı)manat məbləğində maddi ziyan və ödənilmiş 31(otuz bir) manat, 20(iyirmi) qəpik məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar