Məhkəmə qərarları › İş №2(002)-1752/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1752/2025

04.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1752/2025 04.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı, mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qaradağ XDS İK tərəfindən verilmiş, xx.xx.1989-ci il tarixli 026233 №-li daimi orderə əsasən, X2 və 8 nəfərdən ibarət ailə tərkibinə (yoldaşı Hüseynova R.N.; qızı Hüseynova R.K; qızı İddiaçıK, qızı Aslanov İ.Y; nəvəsi Cavabdeh1; nəvəsi Cavabdeh1İ; nəvəsi Aslanova N.İ 38.3 kv.metr yaşayış sahəsi olan 10 №-li 3 otaqlı mənzil verilmişdir. Orderə daxil edilmişdir:

2. Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 254 saylı sərəncamına əsasən, Qızıldaş qəsəbəsi, ev 38, 8 və 10 saylı mənzilərin kirayə müqaviləsi dəyişdirilməsi və 8 və 10 saylı mənzil kirayə müqaviləsi X1 adına, 10 saylı mənzil isə kirayə müqaviləsi İddiaçı adına verilməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 66 m2 olan Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 38 saylı evin 10 saylı mənzil xüsusi mülkiyyət formasında İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə Qeydiyyat haqqında 07 aprel 2025ci il tarixli, ******* nömrəli arayışa əsasən, X9, Cavabdeh3, Cavabdeh5, X10, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, X6, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, X5 Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 38 saylı evin 10 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatındadırlar.

5. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələrə əsasən, Cavabdeh5, X10, Cavabdeh2, X7, X5, Cavabdeh4, X8, Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 38 saylı evin 10 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-14890 saylı xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Cavabdeh1 xx.xx.2005-ci ildən, Cavabdeh2 xx.xx.2004-cü ildən, Cavabdeh3 xx.xx.2016-cı ildən, Cavabdeh4 xx.xx.2016-cı ildən, Cavabdeh5 xx.xx.2018-ci ildən, Cavabdeh7 xx.xx.2023-cü ildən, Cavabdeh8 xx.xx.2024-cü ildən, Cavabdeh6 xx.xx.2017-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 38 saylı evin 10 saylı mənzildə qeydiyyatdadırlar.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3-21-3-02/2- 8995/2025 saylı xx.xx.2025-ci il tarixli məktubuna əsasən, mövcud arxiv materiallarına əsasən, Cavabdeh5 adına ünvan 1 ünvanında yerləşən 45 saylı mənzilə dair xx.xx.1994-cü il tarixli, 10766 nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Cavabdeh1 adına ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2024-cü il tarixli, 002533 qeydiyyat nömrəli şəhadətnamə tərtib edilmişdir. Cavabdeh6 (arxiv qovluğunda təvəllüd və FİN barədə məlumat aşkar edilməmişdir) adına ümumi birgə mülkiyyət hüququ ilə Gədəbəy rayonu, Talakənd kəndində yerləşən 2.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.1999cu il tarixli, JN-22 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir.

8. Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 126 saylı Mənzil-Kommunal İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Akta əsasən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Məsimli X4 qəsəbəsi ev 38, mənzil 10 ünvanında 2000-ci ildən yaşamırlar.

İddia tələbi:

9. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 38 saylı evin 10 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəyiştirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 38 saylı evin 10 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi (kompensasiya ödənilmədən) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 38 saylı evin 10 saylı mənzili xüsusi mülkiyyət kimi onun adına qeydiyyata alınmışdır. Cavabdehlərdən Cavabdeh1 onun oğlu, Cavabdeh2 onun arvadı, Cavabdeh3 və Cavabdeh4 uşaqları, Cavabdeh5 onun qızı, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 isə onun övladlarıdır. Cavabdeh1 ailəsi ilə birlikdə 2003-cü ildən ona məxsus mənzildən daimi olaraq köçüb getmişdir və ailəsi ilə birlikdə özünə məxsus evdə yaşayır. Qızı Nailə isə 1995-ci ildən ailə quraraq daima olaraq ona məxsus evlə heç bir əlaqələri yoxdur, ona məxsus mənzildə formal qeydiyyatdadırlar. Onların ona məxsus evdə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qaldı. Cavabdehlərin ona məxsus evdə yaşamaması onların mübahisəli mənzilə istifadə hüquqlarının olmaması əsas olmaqla həm də mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

12. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2-ci maddələrinə, istinad etmişdir.

13. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, evin əvvəlki mülkiyyətçisi atası olub, evin mülkiyyəti atasından ona keçib. Əri 2017-ci ildə vəfat edib, onunla 1973-cü ildə evlənmişdir. Ev ona 1988 və ya 1989-cu ildə verilib. Ruslan və Nailə uşaqlarıdır, digər cavabdehlər nəvələridir, cavabdehlərdən heç biri onunla yaşamır. Nailə 30 il, Ruslan isə 25 ildir mübahisəli evdə yaşamır.

15. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ və İİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

17. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».

18. Azərbaycan SSR xx.xx.1982-ci il tarixli Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

20. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı:

2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarı:

Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Belə ki, bu qərarda Mülki Məcəllənin 7.1-ci maddəsinin müddəalarını nəzərə alaraq Konstitusiya Məhkəməsi öz mövqeyini aşağıdakı kimi ifadə etmişdir: «Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir». Göründüyü kimi Konstitusiya Məhkəməsi mübahisələrin həlli üçün məhz müvafiq maddələrin qaydalarının əsas götülürlməsini zəruri hesab etmişdir. Bununla bağlı isə bir daha qeyd etmək lazımdır ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi xx.xx.1982-ci il tarixli Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmiş və hər iki tərəfin hüquqları üçün qeyrimüəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna—xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər;

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli Qərarı: Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı:

Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.

28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı:

Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Odur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

b) Əsaslandırma

29. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinə qiymət verilməsi üçün cavabdehlərin yaşayış sahəsindən istifadə etmək hüququnun olub-olmamasını, hansı əsasla yaranmasının (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu) və hansı qanunvericiliyin tətbiq edilməli olmasını aydınlaşdırmaq zəruridir.

30. İşin faktiki halları bundan ibarətdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 38 saylı evin 10 saylı mənzil Qaradağ XDS İK-in xx.xx.1989-ci il tarixli 026233 №-li daimi orderi ilə iddiaçının atası Kamal Hüseynovun istifadəsinə verilmiş, daha sonra Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 254 saylı sərəncamı ilə kirayə müqaviləsi İddiaçı adına verilmişdir. İddiaçının həmin mənzil üzərində mülkiyyət hüququ 2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

31. Cavabdehlərdən Cavabdeh5 iddiaçının qızı, Cavabdeh1 iddiaçının oğlu, digərləri isə həmin cavabdehlərin ailə üzvləridir. Cavabdeh5 və Cavabdeh1 yuxarıda adı çəkilən orderdə ailə üzvü kimi qeyd edilmişlər və Cavabdeh5 2018-ci ildən, X11 2005-ci ildən, digər cavabdehlərdən - Cavabdeh2 2004-cü ildən, Cavabdeh3 2016-cı ildən, Cavabdeh4 2016-cı ildən, Cavabdeh7 2023-cü ildən, Cavabdeh8 2024-cü ildən, Cavabdeh6 2017-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 38 saylı evin 10 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar.

32. Cavabdehlər xx.xx.2020-ci il tarixdə mənzilin iddiaçının adına özəlləşdirilməsinə notarial qaydada yazılı razılıq vermişlər (Cavabdeh3 və Cavabdeh6 həmin tarixdə yetkinlik yaşına çatmadıqlarından razılıqları alınmamışdır).

33. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 mübahisəli mənzil üzərində istifadə hüquqları 1989-cu il tarixdən (orderdə ailə üzvü kimi qeyd edilməklə) yaranmışdır və onlarla bağlı hüquq münasibətlərinə xx.xx.1982-ci il tarixli Mənzil Məcəlləsinin normalarına əsasən onlar yaşayış sahəsi kirayəçisinin ailə üzvü kimi köçdükləri gündən qeyd şərtsiz istifadə hüququ əldə etmişlər. Cavabdeh2 isə iddiaçının oğlu Cavabdeh1 həyat yoldaşı olmaqla xx.xx.2004-cü ildən mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla ona münasibətdə yaşayış sahəsindən istifadə hüququ Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən tənzimlənməlidir.

34. Qeyd edilən cavabdehlər 2020-ci ildə mənzilin iddiaçının adına özəlləşdirilməsinə notarial qaydada razılıq vermişlər. Lakin, yuxarıda qeyd edilən Ali Məhkəmə Plenumunun xx.xx.2012-ci il tarixli Qərarındakı mövqeyə əsasən, özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz.

35. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 mənzilə dair istifadə hüquqları mövcud olduğundan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarına əsasən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi institutunun xx.xx.1982ci il tarixli Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə tənzimlənən münasibətlərə də tətbiqi mümkün hesab edildiyindən, həmin cavabdehlərin istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinin mümkünlüyü barədə məsələyə hüquqi qiymət verilməlidir.

36. Məhkəmə bununla bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarına əsasən mülkiyyət hüququ mütləq hüquq deyil və məhdudlaşdırıla bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

37. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı).

38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

39. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır.

40. Həmin Qərarda eyni zamanda qeyd edilmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

41. Məhkəmə qeyd edilən halları araşdıraraq müəyyən etmişdir ki, cavabdehlər cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 38 saylı evin 10 saylı mənzildə uzun müddətdir (2000-ci ildən) yaşamamaqla mənzil ehtiyaclarını başqa ünvanda realizə edirlər.

42. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdehlər Cavabdeh5, Cavabdeh1 adlarına yaşayış və qeyir-yaşayış sahələrinə hüquqlara dair şəhadətnamələr mövcuddur.

43. Bununla yanaşı həmincavabdehlər məhkəmənin çoxsaylı çağırışlarına gəlməməklə iddiaya etirazlarını və etirazlarının əsaslarına dair sübutları tətbiq etməmişdirlər. Eləcə də həmin cavabdehlərin mübahisəli mənzili tərk etməsi məcburiyyət nəticəsində baş verməmiş, onun yaşayış sahəsindən istifadəsini mümkünsüz edən hallar olmamışdır Bundan əlavə, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Nailə Aslanova bu günədək mübahisəli mənzilə köçürülmə barədə tələblə məhkəməyə müraciət etməmiş və ya mənzildə yaşamaq niyyətini hər hansı formada ifadə etməmişdirlər.

44. Digər cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqlarının mövcud olubolmamasına gəldikdə məhkəmə qeyd edir ki, cavabdehlərdən Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 iddiaçının nəvələridir.

45. Həmin cavabdehlərin 2000-ci illərdən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 38 saylı evin 10 saylı mənzildə yaşamamaları işin müəyyən edilmiş halı olduğudan və iddiaçı tərəfindən Cavabdeh3 xx.xx.2016-cı ildən, Cavabdeh4 xx.xx.2016-cı ildən, Cavabdeh7 xx.xx.2023-cü ildən, Cavabdeh8 xx.xx.2024-cü ildən, Cavabdeh6 xx.xx.2017-ci ildən mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyata düşdüklərindən məhkəmə qeyd edir ki, onlara münasibətdə mübahisə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin normalarına əsasən tənzimlənməlidir.

46. Mülki Məcəllədən fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

47. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur.

48. Hazırkı mülki iş üzrə də tərəflər arasında məhdud əşya hüququ mənasında yaşayış sahəsindən istifadə hüququ mövcud olmamışdır. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü olan cavabdehin qeyd edilən mənzildən istifadə hüququ Mənzil Məcəlləsinin tələblərinə əsasən onun hüquqlarının sosial təminatı kimi çıxış edir.

49. Lakin məhkəmə qeyd edir ki, mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasının hədləri ilə bağlı beynəlxalq və dövlətdaxili hüquq normalarında qeyd edilmiş məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları müəyyən etmək vacibdir.

50. Yuxarıda adı çəkilən Plenum Qərarına əsasən, ailə qanunvericiliyində hansı hallarda nənənin nəvələrini saxlamaq vəzifəsi daşıdığı müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsi). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

51. Göründüyü kimi, hazırkı işdə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 iddiaçının nəvələri, Cavabdeh7, Cavabdeh8 yetkinlik yaşına çatmış şəxslərdir və Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq, hazırkı iş üzrə iddiaçı onları saxlamaq vəzifəsi daşımır. Eyni zamanda, həmin cavabdehlərdən heç biri sözügedən mənzildə yaşamaq hüququnu realizə etmirlər.

52. Məhkəmə yuxarıda qeyd edilənləri və mülkiyyət hüququnun insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biri kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunmasını nəzərə alaraq hesab edir ki, cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 38 saylı evin 10 saylı mənzildə istifadə hüquqlarına xitam verilməsi barədə iddia təmin edilməlidir.

53. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, habelə mülkiyyət hüququnun müdafiəsi prinsipini rəhbər tutaraq hesab edir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehlər formal olaraq həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaqla orada on beş ildən artıq müddət ərzində yaşamamaları, cavabdehlərin yaşayış sahəsinə ehtiyacının aradan qalxması ilə bağlı işin faktiki halları məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən, onların istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi barədə iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə xərcləri

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə

56. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 38 saylı evin, 10 saylı mənzilinə istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar