Məhkəmə qərarları › İş №2(002)-1791/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1791/2023

10.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1791/2023 10.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları X2 və X3 ilə birlikdə ona məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Ü.Hacıbəyov küçəsi 20 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları X2 və X3 ilə birlikdə ona məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Ü.Hacıbəyov küçəsi 20 saylı evdən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Ü.Hacıbəyov küçəsi 20 saylı ev onun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Cavabdeh onun oğlu Azərlə xx.xx.2015-ci il tarixdə nikaha daxil olaraq ona məxsus evə qeydiyyata düşmüşdür. Lakin cavabdeh onun oğlu Azərlə yola getməmiş, daim narazılıq, söz-söhbət yaratmış və xx.xx.2021-ci il tarixdən nəvələrini də götürüb evdən daimi olaraq çıxıb getmişdir və hal-hazırda onlarla yaşamır. Hazırda oğlu ilə cavabdeh arasında nikah pozulmuş və xx.xx.2022-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədə öz əksini tapmışdır. Cavabdeh ona məxsus evdə qeydiyyatda olsa da, hazırda onlarla yaşamır. O, cavabdehi qeydiyyata saldırsa da, aralarında heç bir notariat qaydasında bağlanmış müqavilə və başqa razılaşma olmamışdır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra çətinliklər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqları pozulur. Həmçinin əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı keçmiş qayınatası olmuşdur. Mübahisəli mənzilə 2005-ci ildə gəlin köçmüşdür, 2014-cü ildə isə onun xəbəri olmadan həyat yoldaşı tərəfindən boşanmışdır. Sonra həyat yoldaşı barışmaq üçün israr etmiş, o da, atasının məsləhəti ilə barışmışdır. Bir müddət bir yerdə yaşadıqdan sonra 2021-ci ildə həyat yoldaşından ayrılmışdır. Hazırda mübahisəli mənzildə yaşamır. Polisin köməkliyi ilə əşyalarını həmin mənzildən çıxarmışdır. «Gilan»ın binalarında aylıq 250 manata kirayə qalır. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Ağali Əliyevin mülkiyyətində olmuşdur. Ağali Əliyev oğlu həmin evi İddiaçı vəsiyyət etmişdir. A.Əliyev xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 8 saylı dövlət notariat kontoru tərəfindən İddiaçı adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, 1/2 pay açıq saxlanılmışdır. Həmin şəhadətnaməyə əsasən evin 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına həmin reyestrdən çıxarış verilmişdir. Evin açıq saxlanılan 1/2 hissəsi üzərində isə xx.xx.2017-ci il tarixdə X1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına həmin reyestrdən çıxarış verilmişdir. Eləcə də, təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə İddiaçı oğlu X4 faktiki olaraq 2005-ci ildə ailə quraraq, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin ünvanda yaşadığı dövrdə bu münasibətlərdən onun iki övladı doğulmuşdur. Cavabdeh ilə Azər Əlizadə nikahlarını xx.xx.2015-ci il tarixdə rəsmiləşdirmişlər. Sonradan Cavabdeh ilə A.Əlizadə arasında olan münasibətlər pozulmuş, Cavabdeh yetkinlik yaşına çatmamış övladlarını da götürərək, 2005-ci ildən yaşadığı evi tərk etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdən daimi olaraq başqa ünvanda yaşayır. 2005-ci ildən həmin dövrədək yaşadığı evdən özünə məxsus əşyaları polis əməkdaşlarının iştirakı ilə götürərək, evin yaşayış sahəsini boşaltmışdır. İşin qeyd olunan faktiki halları istər tərəflərin izahatları, istərsə də qonşuların məhkəməyə ünvanladıqları ərizələri ilə təsdiq olunur. Məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, əgər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edirdisə, 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə istinad etməyi zəruri hesab edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin qeyd olunan evə qeydiyyata alınması «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin evdən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq qayınatası tərəfindən ünvan 2 ünvana qeydiyyata alınsa da, cavabdehlə mülkiyyətçi arasında notarial qaydada müqavilə bağlanmamışdır və yuxarıda qeyd olunan evdən istifadə hüququ yoxdur. Bu səbəbdən, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən göründüyü kimi məhkəməyə iddia ərizəsi təqdim olunması üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları X2 və X3 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Ü.Hacıbəyov küçəsi 20 saylı evdən istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları X2 və X3 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Ü.Hacıbəyov küçəsi 20 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları X2 və X3 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Ü.Hacıbəyov küçəsi 20 saylı evdən istifadə hüquqlarının olmaması müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar